Məhkəmə qərarları › İş №1(3-7)-243/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-243/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-243/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Kamil Rzayev) hökmü ilə ## ###### 1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddətinin sonu ilə cəza çəkmə müəssisindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Tərtər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-***)-*/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Gəncə * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəza çəkməsinin əvvəlinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsə alındığı tarixdən, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində cəkməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd 7,62 mm kalibrli zavod üsulu ilə 1970-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş İX-5248 nömrəli “Kalaşnikov” konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 03 ədəd 1973cü ildə istehsal olunmuş atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronlarını qanunsuz olaraq əldə edib daşımaqla gələcəkdə satıb pul əldə etmək məqsədi ilə yaşadığı mənzilin yataq otağındakı paltar dolabının içərisində gizlətməklə saxlamış, həmçinin qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd sellofan torbaya bükülmüş xeyli miqdarda, ümumi təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəklərin arasında gizlətməklə saxlamış, ## ###### 2026-cı il tarixdə saat 13 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı həmin mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəklərin arasından 01 ədəd sellofan torbaya bükülmüş xeyli miqdarda, ümumi təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana, həmin otaqdakı paltar dolabının sağ gözündən qara rəngli sellofan torbaya bükülmüş 01 ədəd İX-5248 nömrəli 7,62 mm kalibrli zavod üsulu ilə 1970-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 03 ədəd 1973-cü ildə istehsal olunmuş atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1 ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi, narkotik vasitə və silahın ona məxsus olmadığını bildirdi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini bildirdi. Eyni zamanda təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivin olması nəzərə alınmaqla ədalətli həddə cəza təyin edildiyini bildirdi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, həmçinin dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətində və məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar sübuta yetirilmədiyindən, ümumiyyətlə cinayət hadisəsinin Təqsirləndirilən şəxs aidiyyatı olmadığından, ona bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2026 cı il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən ** nömrəli evindən 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə 1970-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, İX-**** №-li Kalaşnikov konstruksiyalı, 01 (bir) ədəd AKM modelli yivli odlu silah, zavod üsulu ilə 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı 03 (üç) ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsinə aid 01 (bir) ədəd daraq və 1 (bir) ədəd sellofan paketin içərisində olan 480 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin görüntülər 01 (bir) ədəd “DVD” diskə köçürülməklə baxış protokoluna əlavə edilmişdir. ( Bax iş vərəqə 12-18).; ## ###### 2026 cı il tarixli «baxış keçirilməsi haqqında» protokola əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən ** nömrəli evinə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilə baxış keçirilməsinin səbəbini izah edir. Baxışda Təqsirləndirilən şəxs, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, R Məhhərrəmov İbrahim Arif oğlu, Tərtər RPŞ-nin Kiber Cinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, R şahid1 iştirak edir. Həmin videogörüntünü Tərtər RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, R Əlizadə İsrafil Rafiq oğlu smartfon modelli mobil telefonla qeyd alır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının üzərinə yığılmış döşəklərin arasından 01 (bir) ədəd sellofan paketin içərisində olan 480 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunur. Təhqiqatçı, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, haradan aldığını, nə məqsədlə evdə saxladığını, satış məqsədinin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni Ağdərə rayonu ərazisindən əldə etdiyini, gələcəkdə istifadə etmək məqsədi ilə saxladığını, satış məqsədinin olmadığını bildirir. Daha sonra aşkar olunmuş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilir və sellofan torba ilə birlikdə çəkisinin 480 qram olduğu müəyyən edilir. Həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Ardınca evə baxış keçirən zaman həmin otaqdakı paltar şkafının sağ gözündən 01 (bir) ədəd İX-5248 nömrəli, AK-74 markalı yivli odlu silah, 01 ədəd avtomat darağı və 03 (üç) ədəd patron aşkar edilərək götürülür. Təhqiqatçı, Qorxamaz Əhmədovdan həmin odlu silahı haradan aldığını, nə məqsədlə evdə saxladığını, satış məqsədinin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs isə həmin odlu silahı Ağdərə rayonu ərazisindən tapdığını, gələcəkdə pula ehtiyacı olduğu zaman satmaq məqsədi ilə evdə saxladığını bildirir. Həmin odlu silah təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. (Bax iş vərəqə 68) ## #### 2026-cı il tarixdə Tərtər rayonu, Çaylı kəndi ərazisində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Bax iş vərəqə 164-167). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin ## ###### 2026-cı il tarixli, **/* nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Tərtər şəhəri Nizami küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki (1 (bir) ədəd sellofan paketdəki təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) ## #### 2005-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisi 465 qram, tədqiqata sərf edilmiş 0,01 qram, qalıq hissəsinin 464,9 qram olması qeyd edilmişdir. (Bax: İş vərəqə: 44-47). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ## ###### 2026-cı il tarixli **/** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd İX-**** №-li silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1970-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmlərinin üzərindəki sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalbirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Rəyin qeyd hissəsində tədqiqata təqdim edilmiş 03 ədəd 7,62x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Eksperimental atəşlərdən sonra əldə edilmiş 01 ədəd atılmış güllə və 01 ədəd atılmış giliz DİN-nin KTİ-nin gülləgiliz kartotekasında saxlanılması göstərilmişdir. (Bax iş vərəqə 48-53). Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığının cavabında qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş 01 ədəd İX- 5248 nömrəli, “Kalaşnikov” konstruksiyalı yivli odlu silahı, 01 ədəd avtomat darağını və 03 ədəd döyüş sursatı hesab olunan ştat patronlarını, həmçinin təmiz çəkisi 465 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs evində yivli odlu silah, onun komplekt hissəsi olan daraq və patronlar, həmçinin narkotik vasitə saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs odlu silahların və ya onların kompelkt hissələrinin, döyüş sursatının, narkotik vasitələrin, psixotrop maddələrin alğı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən başqa digər cinayətlərin törədilməsində iştirakı, həmçinin üzərindən aşkar edilərək götürülmüş İX-5248 nömrəli, “Kalaşnikov” markalı avtomat ilə hər hansı cinayət hadisəsi törətməsi əməliyyat yolu ilə müəyyən edilməmişdir.(Bax iş vərəqə 117). Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır .Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməllərinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Xalq Məhkəməsinin ##.##.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin 23-1-ci bəndi ilə təqsirli bilinərək 02 il müddətinə əməyə cəlb olunmaqla şərti olaraq cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1992-ci il tarixli “Amnistiya qərarının 1-ci maddəsinin B bəndinə əsasən cəzadan azad edilmiş, Tərtər rayon Xalq Məhkəməsinin ##.##.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Xalq Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 ilə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin ##.##.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 221.3 və 66-cı maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 305, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2012-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddətinin sonu ilə cəza çəkmə müəssisindən azad edilmişdir. (Bax iş vərəqə 136-139). Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini və şəxsi əvvəlki məhkumluqlarını nəzərə alaraq təhlükəli residivə görə Qorxmaz Həsənovun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəza təyin etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı Tərtər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilənərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlıqdan məhrumetmə cəzası növündə cəzanın 1 gününə bərabər tutulmaqla üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bununla da,məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar