Məhkəmə qərarları › İş №1(3-7)-244/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-244/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-244/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Müzəffər oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (sədrlik edən Zaur Hünmətov) hökmü ilə ##.##.1984-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Gəncə * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, narkoloji kabinetdə qeydiyyata alınması və ona narkomaniyadan məcburi müalicə təyin edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs özgənin xeyli miqdar təşkil edən əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Müzəffər oğlunun Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində yol kənarında saxladığı özünə məxsus “Ford-Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapı kilidinin açıq vəziyyətdə olmasından istifadə edərək qanunsuz olaraq avtomobilin salonuna daxil olub qoltuqaltı hissədə olan kilidi açıq vəziyyətdəki taxta qutunun içərisindən Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 9860 (doqquz min səkkiz yüz altmış) manat təşkil edən 5800 (beş min səkkiz yüz) ABŞ dolları və 4000 (dörd min) manatı gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Müzəffər oğluna xeyli miqdarda, yəni ümumilikdə 13860 (on üç min səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 45,65 qram təmiz çəkidə olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib üzərində saxlamış, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ## ######## 2025-ci il tarixdə, saat 17:46-da Tovuz rayonu, Aşağı Öysüzlü kəndində, yolun kənarında piyada hərəkətdə olan zaman saxlanılıb həmin tarixdə, saat 17:46-dan 18:00-dək olan vaxt ərzində saxlanıldığı yerdə üstü yoxlanılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olmaqla 45,65 qram təmiz çəkidə, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi, narkotik vasitənin ona məxsus olmadığını bildirərək ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsini, həmçinin dəymiş ziyanın aradan qaldırılması, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın əvəzində avotmobil verildiyini nəzərə alınaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsilə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsini, həmçinin dəymiş ziyanın aradan qaldırılması nəzərə alınaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsilə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ona dəymiş ziyanın sadəcə bir hissəsi- 8000 manat müqabilində ona avtomobil verilib, üstəlik də həmin avtomobilin 1400 manat məbləğində cərimə məbləğini ödəməli olub, geri qalan məbləğ hələ də ödənilməyib, bu səbəbdən şikayətçidir və qalan məbləğin ödənilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini bildirdi. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ədalətli həddə cəza təyin edildiyini bildirdi və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət hökmü çıxarılması, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə isə yüngül cəza təyin edilməsi iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, həmçinin dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətində və məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar sübuta yetirilmədiyindən, ümumiyyətlə CM-in 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət hadisəsinin Təqsirləndirilən şəxs aidiyyatı olmadığından, ona bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - ## ######## 2025-ci il tarixli «baxış və götürmə aparılması barədə » protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "Chevrolet-Malibu"markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs razılığı və özünün təqdim etməsi əsasında etibarnamə əsasında idarə etdiyi "Chevrolet-Malibu"markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerini açaraq avtomobilin yük yerində olan ehtiyat təkər qoyulan yerdəki ehtiyat təkərin yanına qoyduğu bir ədəd folqa kağıza bükülü vəziyyətdə kütlə aşkar edilmiş, aşkar edilmiş həmin bir büküm açılaraq baxış keçirilmiş, baxış zamanı onun içərisində qara rəngli və yapışqan halda olan kütlə aşkar olunmuş, həmin kütlənin qara rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyi müəyyən edildiyindən elektron tərəzidə çəkilmiş və folqa kağızı ilə birlikdə ümumi çəkisi 0.44 qram təşkil etmişdir. Həmin kütlə içərisində olduğu folqa kağızı ilə birlikdə bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin *** saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "Chevrolet-Malibu" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş bir ədəd folqa kağızında olan kütlənin narkotik vasitə olan tiryək olduğunu və həmin tiryəki də ## ###### 2025-ci il tarixdə tanımadığı və adını bilmədiyi İran vətəndaşından 300 (üç yüz) manat məbləğində pul vəsaitinə öz istifadəsi üçün aldığını və həmin tarixdə İran vətəndaşının Xırdalan şəhəri ərazisində qoyduğu yerdən götürdüyünü bildirmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "Chevrolet-Malibu"markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli **/*** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet-Malibu"markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş kütlə yazılan folqa kağızın bükümdə təmiz çəkisi 42,426 qram olan maddə xaşxaş bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin ## ###### 2025-ci il tarixli **** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildən nakoloji kabinetdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır və həkim psixiatrın qeydiyyatında dayanmır. - Təqsirləndirilən şəxs ibtidai araşdırma gedişində verdiyi ifadədə bildirmişdir ki, ## ###### 2025ci il tarixdə Bakı şəhərində olduğum zaman oğurladığı pulun 9250 (doqquz min iki yüz əlli) manatına özünə "Chevrolet-Malibu" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb Bakı şəhəri ərazisində taksilik etməyə başlamışdır. Həmin avtomobilin pulunun qalan hissəsini də avtomobilin icarədarına vermişdir. Ondan sonra "Ford-Transit" markalı avtomobildən oğurladığım pul vəsaitinin bir qisminə də özü üçün paltarlar və zəruri əşyalar almış, ## ###### 2025-ci il tarixdə Bakı şəhəri ərazisində +98 937 102 2564 İran İslam Respublikasına məxsus mobil nömrəni işlədən şəxslə danışmış və ondan 300 (üç yüz) manatlıq təxminən 40 qram çəkidə olan tiryək sifariş etmişdir. Həmin nömrəni telefonunda "Qqqq" adi ilə qeyd etmiş və həmin şəxslə telefonunda olan “Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Onunla danışan şəxs İranlı olduğunu bildirib bank kartı nömrəsi göndərmiş,o, sonradan həmin bank kartı nömrəsini telefonundan silmişdir. ## ###### 2025-ci il tarixdə adını bilmədiyi və üzünü görüb tanımadığı şəxsin ona göndərdiyi bank kartı hesabına Bakı şəhəri ərazisində olan ödəmə terminalı vasitəsi ilə 300 (üç yüz) manat pul göndərmiş, həmin şəxs ona satmış olduğu tiryəki Xırdalan şəhəri ərazisində yerləşən işıq dirəyinin dibinə qoyduğunu demişdir. O da onun göndərmiş olduğu naviqasiya üzrə Xırdalan şəhərinə getmiş və orada yerləşən işıq dirəyinin dibinə, orada olan siqaret qutusuna qoyulmuş tiryəki götürmüş və yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin tiryək siqaret folqasına bükülmüş şəkildə olmuşdur. O isə həmin tiryəki sonra özü üçün istifadə edər deyə sürdüyü "Chevrolet-Malibu" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyyat təkərin yanına qoymuşdur. ## ###### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə keçən gecə Sumqayıt şəhəri ərazisində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən cinayət yolu ilə ələ keçirmiş olduğu pul vəsaitinə aldığı və etibarnamə əsasında idarə etdiyi "Chevrolet-Malibu" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanaraq ## ######## 2025ci il tarixdə Tovuz RPŞ-yə gətirilmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır .Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməllərinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət əməli məhkumluğu ödənilməyən dövrdə törədilmiş, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş və dəymiş ziyan tam olaraq ödənilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini və şəxsi əvvəlki məhkumluqlarını nəzərə alaraq residivə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəza təyin etmişdir. Bununla da,məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar