Məhkəmə qərarları › İş №1(3-7)-246/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-246/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-246/2026 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, M Ü Ə Y Y Ə N E T D İ: Ağstafa Rayon Məhkəməsinin (hakim Natiq Abbasov) ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə ##.##.1991-ci ildə Ağstafa rayonunun Marksovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay müddət ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, ##.##.2025-ci il tarixdə saat 15:00 radələrində ictimai yer olan X2 peronunda yerləşən sanitar qovşağının yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, əvvəllər aralarında olan borc mübahisəsini bəhanə edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan silah qismində istifadə olunan əşyalardan, yəni bıçaqdan istfadə etməklə qəsdən vurmaqla Döş qəfəsinin sağ yuxarı səthində kəsilmiş və sağ əlin göstərici barmağın iç səthində səthi kəsilmiş yaraları yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum apellyasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini, məhkumun müdafiəçisi isə apellyasiya şikayətində məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilən əsaslara görə Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ləğv edilməli. Belə ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs ilkin istintaq zamanı mərhum Zərərçəkmiş şəxs ilə barışmış, mərhum Zərərçəkmiş şəxs onun barəsində barışıdığı barədə notariat qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir. Sonradan onun vəfatından sonra isə onun atası hüquqi varisi olan Hüquqi varis da Təqsirləndirilən şəxs barəsində şikayətçi olmamasını və barışdıqlarını və Təqsirləndirilən şəxs tutulmamasını məhkəmədən xahiş etməsi barədə ərizəsini təqdim etmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində verdiyi cəza ilə razı deyillər, ona görə ki, onun əvvəllər heç bir məhkumluğu olmamışdır. Evin tək oğludur, atası yataq xəstəsidir, evə tək qazanc gətirən şəxs odur. Yaşayış yeri üzrə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Amma heç bir şikayətin olmaması, mərhumun hüquqi varisinin də onu bağışlamasını məhkəmə nəzərə almamışdır. Ona görə də hesab edir, ki bu hallar nəzərə alınmalı və müdafiəçisi olduğu şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli və o, məhkəmə iclas zalından sərbəst buraxılmalıdır. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, barəsində cinayət işi üzrə təyin edilmiş hökmün cəza hissəsi ilə razı deyildir. Ona görə də, barəsində təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi, şikayətlərin təmin edilərək məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətlərinin təmin edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu bildirdi və göstərdi ki, məhkumun əməli birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş və məhkuma təyin edilmiş cəza həm həddi, həm də növü baxımından şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət əməlinin məhkum tərəfindən törədilməsi özünün və şahidlərin birinci instansiya məhkəməsində, zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəməpsixatrik, psixoloji ekspertizalarının rəyləri, eləcə də iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayətin törədilməsi inkar edilmir və əməlin tövsifi mübahisələndirilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və cəzanı ağırlaşdıran halların mövcud olmamasını kifayət qədər nəzərə almamışdır. Müdafiə tərəfi qeyd edilənləri nəzərə almaqla məhkuma təyin edilmiş cəzanın yüngülləşdirməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkumun təqsirləndirildiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə isə məhkuma həmin maddənin sanksiyası daxilində ən aşağı həddə, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi müdafiə tərəfinin hökmlə məhkuma təyin edilmiş cəzasının yüngülləşdirilməsi tələbi sonuncuya münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqini ehtiva edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsində isə nəzərdə tutulur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə müəyyən edilmiş məhkumun cəzasını yüngülləşdirən halların həm ayrı-ayrılıqda, həm də məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi üçün Qanunda göstərilən əsaslar mövcud olmadığından Təqsirləndirilən şəxs məhkum edildiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, bu qanunun mənasına görə, CM-nin 62-ci maddəsinin tətbiqi üçün nəzərə alınan halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması sübut edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə belə halların, yəni cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğunu sübut edən hallar və dəlillər yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən edilmiş cəzanı yüngülləşdirən halların, eləcə də təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi prinsiplərindən olsa da, cəza təyin etmənin müstəsna forması olaraq qanunda nəzərdə tutulmuş sanksiyasının aşağı həddindən də az cəzanın və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi üçün CM-nin 62-ci maddəsində təsbit edilən konkret müstəsna hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan məhkuma daha yüngül cəza, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı olan dəlillər əsassızdır və apellyasiya şikayətlərinin təmin edilərək məhkumun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi üçün qanunvercilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və onun hüquqi varisinin ondan şikayətçi olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş DIN BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Iş materiallarında olan mərhum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı istintaq orqanına verdiyi notarial qaydada təsdiqlənmiş ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, sonuncunun ona vurduğu maddi və mənəvi zərəri ödədiyini bildirmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxrışdan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən atası Hüquqi varis onun hüquq varisi kimi tanınmışdır. Iş materillarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis notarial qaydada təsdiqlənmiş ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məhkum Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. CM-nin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59.1.1-59.1.14-cü maddələrində sadalanan, eləcə də CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-nin 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. CM-nin 61.2-ci maddəsinə əsasən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların dairəsini müəyyən edərkən düzgün nəticəyə gəlmiş, məhkumun cəzasını yüngülləşdirən halları doğru olaraq nəzərə almış və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra hərəkətlərindən səmimi peşmançılıq hissi keçirmiş, zərər çəkmiş şəxslə və onun hüquqi varisi ilə barışıq əldə etmişdir. O, göstərilən hadisədən sonra hər hansı qanun pozuntusuna yol verməmişdir və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hər hansı bir halın olması da müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəli nəticələrini, habelə məhkumun şəxsiyyəti ilə bağlı halları nəzərə alıb əməlin tövsifi və ona təyin edilmiş cəzanın növü ilə bağlı düzgün nəticəyə gəlsə də, təyin edilmiş cəza ilə onun tətbiqi qaydası arasındakı ədalətli tarazlığa riayət edə bilməmiş, məhkumun cəzanı real olaraq çəkmədən də islah oluna bilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayət hadisəsindən sonrakı davranışı, xüsusən də sonrakı müddət ərzində onun tərəfindən ictimai və hüquq qaydalarını pozması hallarının mövcud olmaması, əməlini səmimi etiraf etməsi, həmçinin əməlindən səmimi peşiman olması, öz əməlinə tənqidi münasibəti, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxslə və məhkəmə baxışında onun hüquqi varisi ilə barışıq əldə etməsi onun islah yoluna qədəm qoyduğuna dəlalət edir. Məhkəmə kollegiyasının iclasında məhkumun sərgilədiyi davranışı da bu qənaətə gəlməyə əsas verir. Məhkəmə kollegiyası həm məhkəmə iclasında, həm də müşavirə otağında müzakirə edilən işin hallarını, o cümlədən məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını və onun ilk dəfə məhkum olunmasını nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu, o, cümlədən törətdiyi əməldən səmimi peşman olması, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti ilə bağlı yuxarıda göstərilən hallar onun barəsində CM-nin 70ci maddəsinin tətbiqinə əsas verir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi məhkumun cəza çəkmədən islah olunmasının mümkün olması cəzanın şərti olaraq tətbiq edilməsi üçün cinayət qanunu ilə müəyyən edilmiş mühüm şərtdir. Eyni zamanda CM-nin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə zamanı həm də cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə almalıdır. CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanununun sadalanan normalarının, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hüquqi mövqelərinin əlaqəli təhlilinə görə cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa və bunları cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə cinayətinin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət hərəkətləri ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Bu da öz növbəsində cəzanın məqsədlərindən bəhs edən CM-nin 41.2-ci maddəsində göstərilən nəticələrin əldə olunmasına yönəlmiş addım kimi qiymətləndirilə və onun barəsində cəzanın şərti hesab edilməsinə əsas da sayıla bilər. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, eləcə də, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, sınaq müddəti ərzində məhkumun üzərinə müəyyən vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökmün icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-nin 399.1 və 399.1.4-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə görə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 397, 398, 399, 403, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, hazırki hökmlə ona təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, ictimai qaydaya əməl etmək, ictimai faydalı işlə məşğul olmaq, ictimai-təhlükəli əməlləri törətməkdən çəkinmək, özünü cəmiyyətə və ailəsinə faydalı bir insan kimi yetişdirmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli ##.##.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağstafa rayonu Icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar