Məhkəmə qərarları › İş №1(3-7)-252/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-252/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-252/2026 15.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Imanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; X3 və X1 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ## #### 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu andan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, ## ###### 2024-cü il tarixdə, gecə saat 23:30 dəqiqədə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən küçəyə çıxıb evlərinin yaxınlığında yerləşən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «Implant» diş klinikasının yaxınlığına gəlib həmin yerdə piyada səkisinin üzərində tanışı şahid2 və sonuncunun əmisi oğlu Zərərçəkmiş şəxs ilə görüşüb şahid2 və Zərərçəkmiş şəxs guya onun yaşadığı fərdi yaşayış evinə gəlib evlərinin işıq sayğacından evə daxil olan elektriki sayğacdan söndürməsini, evin giriş qapısını döymələrini və həmçinin bundan yarım saat əvvəl Bərdə şəhəri, H.Əliyev prosektində yerləşən Bərdə Elektrik şəbəkəsi binasının yaxınlığında aralarında sözlə mübahisə olmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan əvvəlcədən özü ilə gətirdiyi 1 (bir) ədəd qara rəngli dəmir metaldan olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs əvvəl sağ bud nahiyyəsinə, sonra isə sol bazu nahiyyəsinə, daha sonra döş qəfəsinin sol yan nahiyyəsinə hər birinə 1 (bir) bıçaq zərbəsi olmaqla ümumilikdə 3 (üç) bıçaq zərbəsi endirib Zərərçəkmiş şəxs sağlamlığına, sağ bud nahiyyəsinin orta 1/3-nin iç-yan səthinin və sol bazu nahiyyəsinin orta 1/3-nin iç səthinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər, döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən kəsilmişdeşilmiş yarası, qabırğaarası arteriyanın zədələnməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən ədalətlə baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı onun verdiyi sübutlara məhəl qoyulmayaraq işinə qərəzli şəkildə baxılmışdır. Şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, hadisənin baş vermə səbəbi Nizami və Elməddinin sərxoş halda olmaları olmuşdur. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxslə onların arasında mübahisə yaranmışdır. Həmin mübahisədən sonra onlar aralaşmışlar. Bundan sonra onun yaşadığı evin qapısı çalınmış və işığı söndürülmüş, Təqsirləndirilən şəxs buna çölə çıxmışdır. Çölə çıxan zaman onların arasında yenidən mübahisə olmuşdur. Həmin şəxslər Raufun yaşadığı evə gələn zaman hazırlıqlı vəziyyətdə gəlmişlər. Belə ki, zərərçəkmiş şəxsin əlində həmin vaxt kabel olmuş və Rauf sadəcə özünü müdafiə etmişdir. Hesab edir ki, Raufun xuliqanlıq niyyəti olmadığından onun əməli CM-nin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və onun təmin edilməsini, əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Qeyd etdi ki, əməlin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəza dəyişdirilməməlidir. Məhkumun əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən də məhkumun şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya şikayətində işinə düzgün baxılmadığını göstərmiş, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin iclasında isə zərərçəkmiş şəxsin onunla mübahisə etdiyini, yaşadığı evin işığını söndürdüklərini və hadisənin buna görə baş verdiyini, eyni zamanda özünü müdafiə etdiyini göstərmişdir. Göründüyü kimi qeyd olunan cinayət hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə xəsarət yetirilməsi məhkum Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilmir. Sonuncu öz əməlinin tövsifini mübahisələndirir. Lakin məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində çıxışı zamanı göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir və heç bir sübutla təsdiq edilmir. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədiqi edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). Bundan başqa, CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhəti, CM-nin hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üstüstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir. Onun törətdiyi əmələ görə cinayət məsuliyyəti də təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab etmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar işin faktiki halları ilə ziddiyyət təşkil edir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və bununla bağlı iş materiallarında olan bir sıra sübutlara istinad edilməsini zəruri hesab edir: Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ... həmin vaxt Elməddin Raufu tanıdığına görə öz aralarında sözlə zarafat etmişlər. Həmin vaxt Rauf ilə Elməddin arasında sözlə mübahisə yaranmış. Elməddin və Rauf biri birlərinə yaxınlaşarkən o, Rauf ilə Elməddinin dalaşmasını zənn edib yaxınlaşdıqdan sonra Raufa tərəf təpik atsa da lakin təpik Raufa dəyməmişdir. Orada olan tanımadığı şəxs gəlib onları kənarlaşdırmışdır. Bundan sonra Elməddin sərxoş vəziyyətdə olduğuna görə atası və anasının yanına gedə bilməyəcəyini bildirib orada qalmışlar. O, isə yaşadığı evə tərəf gedib yaşadığı evin getdikdən sonra qonşusu Elnur ilə rastlaşmışdır. O, küçədə Elnur ilə söhbət edən zaman Elməddinin anası Sahibə bibisi Elməddinin harada olmasını ondan soruşduqda Elməddinin gəldiyini demişdir. Bundan sonra o, Elməddinə zəng edib harada olmasını soruşmuş, Elməddin isə yaşadığı evə tərəf gələcəyini bildirdiyi üçün o, yaşadığı küçənin baş tərəfinə gedərkən Elnur da onunla birlikdə getmiş. Orada o, Elnur ilə söhbət etdikdən təxminən 5 dəqiqə sonra Elməddin onların yanına gəlmişdir. Elməddin ondan yaşadığı evdə atası və anasının yatıb-yatmadığını soruşduqda o, Elnur ilə birlikdə Sahibə bibisinin yatmadığını demişlər. Elməddin də sərxoş vəziyyətdə evə gedə bilməyəcəyini, valideynləri yatdıqdan sonra gedəcəyini deyib biraz hava almaq üçün H.Əliyev prospektinə tərəf gedərkən o, da özünə siqaret almaq üçün Elməddin ilə birlikdə getmişdir. Həmin vaxt Elnur da onların arxasınca getmiş, onlar H.Əliyev prospektinə çıxıb marketə tərəf gedərkən Rauf ilə rastlaşmışlar. Həmin vaxt Rauf Elməddinə yaşadığı darvazasını onun və Elməddin tərəfindən döyülməsini və evin işığını sayğacdan söndürmələrini dedikdə Elməddin Raufa yaşadığı evin darvazasını döymədiklərini və yaşadığı evin işığını sayğacdan keçirmədiklərini bildirmişdir. Həmin vaxt Elməddin ilə Raufun arasında sözlü mübahisə yaranmışdır. Rauf əlində olan bıçaqla Elməddinin üstünə tərəf gəlib xəsarət yetirmək istəyərkən Elməddin yerdən qara rəngli rezin şlankı götürüb özünü qorumaq üçün Raufu qorxutmuşdur. Həmin vaxt o, Elməddin və Raufun arasına girib aralaşdırarkən sağ ağayı ilə Raufu vurmaq istəyərkən Rauf əlində olan bıçaqla bir dəfə onun sağ ayağının iç tərəfinə vurub xəsarət yetirmişdir. Bundan sonra Rauf onun sol qolunun iç hissəsinə və 1 dəfə döş qəfəsinin sol yan divarına bıçaqla vurub xəsarət yetirmişdir. Beləliklə Rauf əlində olan bıçaqla ona ümumilikdə 3 dəfə bıçaq xəsarəti yetirmişdir. Ona verilən sualla cavab olaraq bildirmişdir ki, o, əmisioğlu Elməddin ilə birlikdə ## ###### 2024- cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin darvazasını döyməmiş, Raufun yaşadığı evin işığını söndürməmişlər. Onlar ümumiyyətlə Raufun yaşadığı evə tərəf getməmişlər. Rauf bu barədə yalan demişdir. Rauf ona bıçaqla xəsarət yetirdiyi üçün o cür demişdir...» Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, hadisə olan vaxt o çayxanada olmuşdur. O axşam çayxanadan çıxıb evə gedən zaman Nizami ilə rastlaşmışdır. Həmin vaxt Nizami ağır dərəcədə sərxoş olmuşdur. Nizami ona yol çıxamağını və Elməddini görüb-görməməsini soruşmuşdur. O isə Elməddini görməməsini bildirmişdir. Onlar hərəkətdə olan zaman həmin vaxt Elməddin qarışdan onların istiqamətində gəlmiş və onlarla qarşılaşmışdır. Həmin vaxt Nizami siqaret alacağını bildirib mağazaya getmişdir. Həmin an Elməddin onlardan uzaqlaşmışdır. Elməddin orada olan parkın ərazisinə daxil olmuşdur. Həmin müddət ərzində o, Nizami ilə tində durmuşlar. Bir qədər sonra Elməddin parkın ərazisindən çıxmış və onlara “durun burada mən siqaret alıb gəlirəm” demişdir. Bundan sonra Nizami getmək istədiyini bildirmişdir. O, Nizaminin qolundan tutmuş və ona hərəkət etməkdə kömək etmişdir. Onlar bir qədər hərəkət etdikdən sonra diş həkimi adlanan yerin qarşısında dayanmışlar. Onun baş verimiş hadisədən xəbəri olmamışdır. Həmin vaxt Elməddin “siqaret zad lazım deyil, getdik” demişdir. Bundan sonra onlar qayıdıb gələn zaman Elməddin parkın qabağına çatan zaman yenidən bir daha parkın ərazisinə daxil olmuşdur. Həmin vaxt Rauf parkın ərazisində olmuşdur. Həmin vaxt mübahisə düşmüşdür. Elməddinlə Rauf qarşı qarşılıqlı bir birilərini üzərinə getmişlər. Həmin vaxt onlar aralıda dayanmışlar. O, Elməddin və Nizami parkın qabağında durmuşlar. Onların mübahisəsi olmuş, lakin onun həmin mübahisədən xəbəri olmamışdır. Mübahisə baş verən zaman ilk olaraq Nizami onun ardınca getmişdir. Onlar hər iki şəxsi aralamaq istəmişlər. Mübahisə vaxtı Elməddinin əlində rezin boru olmuşdur. Elməddin həmin rezin boru ilə Raufu vurmuşdur. Həmin vaxt Rauf Elməddinə əl atmışdır.O Raufun əlində heç nə görməmişdir. O zənn etmişdir ki, Rauf sadəcə yumruq atmışdır. Bundan sonra o Nizamidən qan axmasını görmüş və həmin an qışqırmışdır. Hadisə orada yerləşən klinikanın önündə baş vermişdir. O Raufa Nizamidən qan axmasını bildirmiş, həmin vaxt Rauf arxaya çəkilmiş o isə Nizamini xəstəxanaya aparmışdır. Iş üzrə şahid qismində dindirilmiş şahid2 da zərərçəkmiş şəxsin ifaədinə uyğun ifadə vermi və ifadəsində eyni xüsusatları göstərmişdir. Iş materiallarında olan üzləşdirmə istintaq hərəkətinə dair protokollardan görünür ki, Zərərçəkmiş şəxs və şahid2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və həmin şəxslər öz ifadələrində göstərdikləri xüsusatları bir daha sonuncunun üzünə qarşı demişlər. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X2 Bərdə rayonlararası şöbəsinin məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qabırğaarası arteriyanın zədələnməsi, sol bazunun orta 1/3-nin iç səthinin, sağ budun orta 1/3nin iç-yan səthinin kəsilmiş-deşilmiş yaraları deşici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən ##.##.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə doş qəfəsinin sol yan divarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası, qabırğaarası arteriyanın zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa AĞIR, sol bazunun orta 1/3-nin iç səthinin, sağ budun orta 1/3-nin iç-yan səthinin kəsilmiş-deşilmiş yaraları isə sağlamlığa zərər vurmaya aiddirlər. Yuxarıda qeyd olunan ifadələr və ekspertiza rəyi, eləcə də hökmdə əks olunmuş digər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurması təsdiq olunur. Rauf Allahvediyev baş vermiş hadisənin Zərərçəkmiş şəxs və onunla birlikdə olan şəxslərin guya onun yaşadığı fərdi yaşayış evinə gəlib evlərinin işıq sayğacından evə daxil olan elektriki sayğacdan söndürmələrinə və evin giriş qapsını döymələrinə görə baş verdiyini göstərsə də, zərərçəkmiş şəxsin və onunla birlikdə olan şəxslərin nə Təqsirləndirilən şəxs evinin giriş qapısını döymələri, nə də elektriki sayğacdan söndürmələri heç bir sübutla təsdiq olunmur. Iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs göstərdiyi xüsusatların əksinə sonuncunun həmin xüsusatları bəhanə edərək heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirməsini təsdiq edir. Təqsirləndirilən şəxs həmçinin özünü müdafiə etdiyini göstərsə də, digər şəxslərin əlində bıçaq olmamış, əksinə Təqsirləndirilən şəxs əvvəlcədən özü ilə bıçaq gətirərək niyyətini qismən göstərmişdir. Hadisələrin sonrakı gedişatı da (heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqdan sonra heç nə olmamış kimi evinə qayıtması, ağır xəsarət almış zərərçəkmiş şəxsə köməklik göstərməyə cəhd belə etməməsi) bu faktları təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin ifadələr işin faktiki halları ilə uyğun gəlmir, daha ağır cinayət məsuliyyətindən boyun qaçırmağa xidmət edir. Təqsirləndirilən şəxs ifadələri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunur. Hadisələrin Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə cərəyan etməsi heç bir mötəbər sübutla dəstəklənmir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticələrlə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə, eləcə də təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul edilmiş formada və haqlı iradına cavab olaraq törədilir. Ümumiyyətlə xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayətdən əvvəlki, cinayət prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli * nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsini tam təsdiq edir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Istintaq orqanı tərəfindən və məhkəmədə Təqsirləndirilən şəxs əməli düzgün olaraq tövsif edildiyindən məhkəmə kollegiyası da ona CM-nin həmin maddəsi ilə verilmiş ittihamla razılaşır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Birinci instansiya məhkəməsi tərəfindən məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə yaxın təyin etmiş və məhkuma təyin edilmiş cəzanın daha da azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törədilməkdə təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd edilən müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-nin 126.2.4-cü maddəsi ilə ədalətli cəza təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını birinci instansiya məhkəməsinin təyin etdiyi həddə və real olaraq çəkməlidir ki, cəmiyyətdə sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar