Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-256/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (sədrlik edən Kamil Rzayev) hökmü ilə ## ###### 1982-ci ildə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun şübhəli şəxs kimi ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəza çəkməsinin əvvəlinin həbsə alındığı tarixdən, yəni ## #### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınmssı, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə və satma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 3.24 (üç tam yüzdə iyirmi dörd) qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək ## ####### 2025-ci il tarixdə saat 21 radələrində cinayətdən xəbərsiz tanışı şahid8 vasitəsilə sonuncunun idarə etdiyi “Honda İnsigh”markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Köhnə Avtovağzal” adlanan yerə göndərməklə ara küçədə Tərtər rayonu, Qapanlı kənd sakini, ##.##.1987-ci il təvəllüdlü şahid1 85 (səksən beş) manat qarşılığında satmış, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində şahid1 üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamaqda və daşımaqda şübhəli bilinərək ## ####### 2025-ci il tarixdə saat 02:28 radələrində Tərtər rayonu, Qarağacı kəndi ərazisində saxlanılmış, rayon polis şöbəsinin əməkdaşları tərəfindən şahid1 üzərinə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən Təqsirləndirilən şəxs satmış olduğu 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3.24 (üç tam yüzdə iyirmi dörd) qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək barəsində seçilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı var, ailədə yeganə gəlir əldə edən şəxs odur və onun həbsdə olması ailəsinin maddi-məişət şəraitinin pisləşməsinə səbəb olacaqdır. Həmçinin əvvəllər məhkumluğu olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bu halları nəzərə alaraq barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsi mümkündür. Odur qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs ədalətli cəza, yəni aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmişdir və barəsində olan yüngülləşdirici halları nəzərə almaqla ona təqsirli bilindiyi maddənin ən aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir, beləliklə, ona daha aşağı həddə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma daha aşağı həddə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Bundan başqa, apellyasiya məhkəməsində müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Bu tələblə bağlı kollegiya aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş hallar CM-in 62-ci maddəsinin tətbiqi üçün əsas ola bilməz. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-256/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-256/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver