Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-266/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Müslümov Bəhruz Firizman oğlunun sədrliyi, hakimlər X1 və X2 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ##.##.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 9-cu küçədə ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirli Penitensiar Xidmətin * saylı Istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ##.##.2023- ##.##.2023-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ##.##.2023- ##.##.2023-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ##.##.2024- ##.##.2024-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ##.##.2024- ##.##.2024-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ##.##.2024- ##.##.2024-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün olmaqla ümumilikdə 10 (on) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin hazırkı cinayət işi üzrə tutulduğu ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs məcburi müalicənin təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, həmçinin iş qzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Işin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,452 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, ##.##.2023-cü il tarixdə saat 12:00 dəqiqədə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 10-cu küçədə Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə 1,452 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,224 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, ##.##.2023-cü il tarixdə saat 11:30 dəqiqədə Gəncə şəhəri, 28 may küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında Gəncə şəhər Baş Polis Idarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis Idarəsiin 3-cü Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 0,224 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 375 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, ## ###### 2024-cü il tarixdə saat 21 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Samux şəhəri Heydər Əliyev prospektində yerləşən "Heydər Əliyev” adına olan parkın yaxınlığında saxlanılaraq Samux şəhəri, Heydər Əliyev prospektində yerləşən Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 375 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,506 qram psixotrop maddə olan metamfetamini, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, ## ### 2024- eü il tarixdə saat 17:55 dəqiqədə Gəncə şəhər BPI-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli bilinərək ünvan 2 ünvanında yerləşən “Sevincim” şadlıq sarayının yaxınlığında yolun kənarında saxlanılaraq, Gəncə şəhər, H.Əliyev prospekti 265 ünvanında Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən l(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,506 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0.423 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, ## ### 2024-cü il tarixdə saat 22:15 dəqiqədə Gəncə şəhər BPI-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməkdə, üzərində daşımaqda, saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək ünvan 4 ünvanında yerləşən “Mərkəzi Klinika” xəstəxanasının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev Prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPI-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən l(bir)ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0.423 qram kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin və protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkum apellyasiya şikayətində qısa şəkildə işinə yenidən baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən ##.##.2023-cü il tarixdə 1,452 qram metamfetamin, ##.##.2023-cü il tarixdə 0,224 qram heroin, 16.012024-cü il tarixdə 375 qram qurudulmuş marixuana, ##.##.2024-cü il tarixdə 0,506 qram metamfetamin, ##.##.2024-cü il tarixdə 0.423 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üzərindən istintaqa məlum olmayan mənbədən narkotik vasitə və psixotrop maddələri asanlıqla əldə edib üzərində saxlamışdır. Bu da öz növbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddəllərin satışı ilə məşğul olan şəxslərlə qarşılıqlı olaraq bir-birlərinə bu və ya digər məqsədlə narkotik vasitə verməsinə və onlar birlikdə narkotik vasitələrdən istifadə etməsinə dəlalət etməklə yanaşı, dolayısıyla Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində birbaşa iştirak etdiyini göstərmiş olur. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitələr və psixotrop maddə şəxsi istehlak mqidarından artıq miqdarda olmuşdur. Bu da sonuncunun həmin narkotik vasitələr və psixotrop maddəni üzərində satış məqsədilə saxlamasına dəlalət edən hallardan biridir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı hər hansı ilkin əməliyyat məlumatının olmaması və buna görə də həmin psixotrop maddələri və narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən formada narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində sıx və yaxından iştirakını nəzərə almamışdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən istinad etdiyi hallardan biri ondan ibarət olmuşdur ki sonuncudan aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamış, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni və narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni satışı faktı ilə deyil, satışı məqsədi ilə təkrarən əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə psixotrop maddə və narkotik vasitə satması yəni istehsalçı müəyyən olunsaydı, o zaman Təqsirləndirilən şəxs təkrarçılqla satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Həmçinin, məhkəmə tərəfindən, ibtidai istintaqın sonrakı mərhələsində keçirilmiş əməliyyat tədbirləri nəticəsi barədə məktubda əks edilmiş hallar nəzərə alınmamışdır. Belə kı, iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olsada narkotik vasitə və psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin, narkotik vasitənin şəxsi istehlak miqdarından çox olması, psixotrop maddənin və narkotik vasitənin bir neçə dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi , narkotik vasitənin növ müxtəlifliyi yəni heroin və marixuanna olması və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Həmçinin, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələri və narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə üzərində saxlaması ilə bağlı ifadəsində irəli sürdüyü dəlillərin özünü müdafiə xarakterli olmasını nəzərə almamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmiş, əməlin tövsif edilməsini düzgün olaraq əsaslandırmamış, iş materiallarında olan ittihamın əsaslandırılması üçün göstərilmiş sübutları nəzərə almamışdır. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış etdilər və həmçinin apellyasiya protestinin dəlillərinə etiraz etdilər. Məhkum əlavə olaraq apellyasiya şikayətini dəqiqləşdirərək göstərdi ki, cəzasının yüngülləşdirilməsini, həbsdə saxlanıldığı müddətin nəzərə alınaraq cəzasının çəkilmiş hesab edilməsini və həbsdən azad edilməsini xahiş edir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edib onun dəlillərinə uyğun çıxış etdi və həmçinin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək hökmün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması səbəbindən ləğv edilməsini, məhkumun barəsində CM-nin 234.4.2-ci maddəsi ilə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin və protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin və protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini çıxışlarını dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib cəzalandırılması xahiş olunmuşdur. Ittiham orqanının mülahizəsinə görə Təqsirləndirilən şəxs ittiham olunduğu bütün epizodlar üzrə əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmiş və buna görə də onun əməli CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası CPM-nin 397.1 və 397.2-ci maddələrinin tələblərinə əsasən məhkumun əməlinin tövsifinin qanuniliyi və əsaslılığı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədiqi edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). Bundan başqa, CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Avropa Insan Hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə ## ######## 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhəti, CM-nin hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üstüstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir. Onun törətdiyi əmələ görə cinayət məsuliyyəti də təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə əməlin CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı dəlillər irəli sürülmüşdür: 1.Məhkumun ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində üzərindən dəfələrlə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi onun həmin vasitələri asanlıqla əldə edib üzərində saxlaması faktının Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində birbaşa iştirak etdiyini göstərməsi; 2.Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda olması; 3.Təqsirləndirilən şəxs hər narkotik vasitələrin və psixotrop maddələrin satışına görə deyil, satış məqsədi ilə əldə etməsinə və saxlamasına görə ittiham verilməsi; 4.Iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasının təsdiq olunması; Məhkəmə kollegiyası protestin bu dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Protestin 1-ci dəlili məhkumun ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində üzərindən dəfələrlə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi və bunun onun satış niyyətini təsdiq etməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs özüdə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bu fakt iş materiallarında olan məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri ilə təsdiq olunur və həmin rəylərin mötəbərliyinə şübhə doğuracaq hallar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, satış məqsədi və niyyəti ilə bağlı, konkret və mötəbər faktlar və dəlillər yoxdur, şəxsin bir neçə dəfə narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və üzərində saxlaması onun satış niyyətini və ya məqsədini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda protestin 2-ci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, CM-nin 234-cü maddəsində nəzərdə tutulmuş predmetlərin miqdarı (xeyli (şəxsi istehlak miqdarından artıq) və ya daha az olması) da şəxsin əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün zəmin yaratmır. Belə ki, aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Bu zaman işin digər halları da əlaqəli şəkildə təhlil edilməli və satış məqsədini təsdiq edə biləcək digər mötəbər sübutlar (istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, narkotik vasitənin çəkilməsi üçün tərəzinin olması və s.) əldə edilməlidir. Protestin 4-cü dəlilinə münasibətdə qeyd etmək zəruridir ki, cinayət işinin materiallarında həmin əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq, yalnız işə əlavə edilmiş məktubla məlumatın doğru olması və Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-nin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-nin tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Həmçinin iş materiallarında olan digər əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs qurudulmuş marixuana istifadəçisidir, onun üzərindən aşkar edilib götürülmüş, qurudulmuş marixuananı özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun qurudulmuş marixuananı hər hansı şəxsə satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilmiş və müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırıqlarına cavablar belə bir-biri ilə ziddiyyət təşkil edir. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktubda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Protestin 3-cü dəlili Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı faktı ilə deyil, satış məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli 8 №li qərarının 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə əməl CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilir. Motiv və məqsəd qəsdi formalaşdırır, səmtləşdirir və onu icra etməyə yönəldir. Cinayətin motiv və məqsədi cinayət törədilənə qədər yaranır. Şəxsin bütün iradi əməlləri kimi cinayət əməli də müəyyən motivlə əlaqədar olur və belə motiv qarşıya qoyulan məqsədə doğru şəxsi istiqamətləndirir. Cinayətin məqsədi, subyektin nail olmağa can atdığı arzu olunan nəticə haqqında təsəvvürüdür. Cinayətin törədilməsinə sövq edən motivdən fərqli olaraq, məqsəd ictimai təhlükəli əməlin, subyektin həddən artıq böyümüş tələbatlarının və ya şəxsi maraqlarının cinayət törətmək yolu ilə təmin edilməsi üçün müəyyən bir obyektə istiqamətlənməsini bildirir. Cinayətin məqsədi cinayətin törədilməsi zamanı mövcud olmuş, törədilən hərəkətin daxili, psixi cəhətini daha yaxşı aşkarlamağa, hərəkətlərin yönümünü, onların məzmununu və başa çatdırılma dərəcəsini müəyyən etməyə imkan verən subyektiv reallıqdır. CM-nin 234.2-ci maddəsində əks olunmuş satış məqsədinin müəyyən edilməsi üçün müxtəlif yanaşmalar mövcuddur: -- istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi (satıcı və alıcı arasında telefon danışıqlarının olması (bu zaman nəzərə almaq lazımdır ki, təkcə zəngin edilməsi satış məqsədini təsdiq edən fakt kimi nəzərə alına bilməz və əməliyyat yolu ilə alıcı və satıcı arasında olan danışığın məzmununun əldə edilməsi mötəbər sübut əldə edilməsi baxımından çox önəmlidir), satış məqsədini təsdiq edən mesajların göndərilməsi; --narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi (narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi bütün hallarda satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz, belə ki, şəxs öz şəxsi istifadəsi üçün də narkotik vasitəni xırda bağlamalara bükə və ya kibrit qutusuna yığa bilər). --narkotik vasitənin hazırlanması üçün avadanlığın olması; --narkotik vasitə aşkar edilən şəxsin özünün narkotik vasitədən istifadə etmədiyinin müəyyən edilməsi (şəxsdə aşkar edilən narkotik vasitənin növü ilə onun əzab çəkdiyi narkomaniya xəstəliyinin növü eynidirsə, şəxsin satış məqsədi ilə narkotik vasitəni əldə edərək üzərində saxlaması şübhə doğurur); --şəxsin üzərində aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə (heroin, marixuana, tiryək və s.) olması və narkoloji ekspertizanın rəyinə əsasən şəxsin yalnız bir növ narkotik vasitədən sui-istifadə etməsinin müəyyən edilməsi. Yuxarıda qeyd edilənlər eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarındakı tövsiyələri belə nəticəyə gəlmək üçün kifayət edir ki, istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs əməlinin satış məqsədi və ya niyyəti kimi tövsif edilməsi üçün yetərli deyil. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitənin (psixotrop maddənin) hazırlanması üçün avadanlığın olması kimi hallar hazırki iş üzrə müəyyən edilməmişdir. Iş materialları onu göstərir ki, Təqsirləndirilən şəxs ilə digər şəxslər arasında narkotik vasitələrin (psixotrop maddələrin) satışı ilə bağlı hər hansı bir sövdələşmənin və ya qabaqcadan razılığın olması müəyyən edilmir. Iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni (psixotrop maddəni) satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası tərəfindən apellyasiya protestində göstərilən dəlillər, eləcə də cinayət işinin materialları yenidən tədqiq olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitələri (psixotrop maddələri) satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edə biləcək hər hansı bir sübut növü müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri və onlar tərəfindən tərtib edilən raportlara əsaslanmışdır. Halbuki həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində, Təqsirləndirilən şəxs üzərindən nakotik vasitə aşkar edilsə də, onun üzərindən aşkar edilmiş narkotik vasitənin başqa digər şəxslərə satması və ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda hər hansı əməliyyat məlumatının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs da narkotik vasitələrlə bağlı beş epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını, onları tapdığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddələrdən heç kimə satmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkoloji ekspertizanın təqdim etdiyi rəylərdən görünür ki, təqsirləndirilən şəxs həm kannaboidlərdən, həm də psixotrop maddə olan metamfetamindən sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Eləcə də, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələrin bir bükümdə olması, külli miqdar təşkil etməməsi kimi xüsusatlar isə təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinin inandırıcılığına dəlalət edir. Qeyd olunanlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. CM-nin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-nin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmır, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Cəza məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barədə olan cəzanı yüngülləşdirən halların olmamasını və onun cəzasını ağırlaşdıran halı (cinayətlərin təkrar törədilməsi) düzgün olaraq nəzərə almış və onun əməlinə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını haqlı olaraq orta həddən bir qədər yuxarı müddətə təyin etmişdir. Məhkum apellyasiya məhkəməsinin iclasında ona təyin edilmiş cəzanın çəkmiş olduğu müddətlə kifayətlənilməsini xahiş etsə də, bunun üçün əsaslar mövcud deyildir. Belə ki, məhkumun şəxsiyyəti, işin faktiki halları, törədilmiş əməlin ictimai təhlükəliliyi məhkuma təyin olunmuş cəzanın tam olaraq çəkilməsini zəruri edir. Işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində 5 epizod üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq onun həmin müddətdə təkrar olaraq eyni əməlləri bir daha törətməsi şəxsin ictimai təhlükəliliyinin və törətdiyi əməllərdən nəticə çıxarmamasının göstəricisidir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə ona təyin edilmiş cəza ədalətli və işin faktiki hallarına uyğun olmaqla qanunamüvafiqdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, təqsirkara təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 2 il müddətinə təyin edilməsi ədalətli və qanunidir. Birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını orta həddə təyin etmiş və məhkuma təyin edilmiş cəzanın daha da azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin və protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti və protesti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-266/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-266/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver