Məhkəmə qərarları › İş №1(3-7)-270/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-270/2026

31.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-270/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Quliyeva (Qurbanova) Lətafət Elbrus qızının, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-**/**** saylı hökmü ilə (hakim Mustafayev Rəşad) ##.##.1994-cü ildə Göygöl rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2025-ci il tarixdə bu iş üzrə tutulduğu 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni ## ### 2026-cı il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Şahid ilə qabaqçadan əlbir olub qrup təşkil edərək ## ####### 2024-cü il tarixdə saat 12 radələrində Göygöl rayonu Haçaqaya kəndində yaşayan Quliyeva (Qurbanova) Lətafət Elbrus qızına məxsus 25 (iyirmi beş) baş xırdabuynuzlu heyvanları kənd ərazisində yerləşən açıq otlaq sahədən gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxs Lətafət Qurbanovanın 11.800 (on bir min səkkiz yüz) manat dəyərində əmlakını gizli olaraq talamaqla zərərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət hökmünü verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin hadisə zamanı və hadisədən sonrakı hərəkətləri, oğrulanmış qoyunların harada satılmasını, nə vaxt satılması, qoyunlar oğurlanandan sonra hansı istiqamətdə aparılmasının, hadisə zamanı oğurluqda iştirak etmiş digər təqsirləndirilən şəxs Şahid ifadəsindəki ziddiyyətli məhkəmə zalında verilən suallara yadında qalmayıb kimi cavablar verməsini, oğurlanan qoyunların bazar günü saat 2:00-13:00 kimi oğurlanmasını, sonra bazarda Təqsirləndirilən şəxs tərəfindən satılması, satılan qoyunun nə vaxt satılması, qoyunun hansı yolla bazara gəlməsi müəyyən edilmədən təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Eyni zamanda təqsirləndirilən şəxs özünü təqsirli bilmir. Təqsirləndirilən şəxsin hazırki iş üzrə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materialına əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin psixi pozğunluğu vardır. Ekspert rəyində ziddiyətlər vardır. Birinci instansiya məhkəməsi bu ziddiyətlərin aradan qaldırılması ilə bağçlı ekspertiza təyin edilməsi ilə bağlı vəsatətləri təmin etməmişdir. Təqsirləndirilən şəxs xəstədir, o baş vermiş hadisələrin mahiyyətini dərk edə bilməzdi. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilinməsinə dair iş üzrə mötəbər sübutlar təqdim olunmamış, eyni zamanda onun təqsirli bilinməsinə dair yalnız digər təqsirləndirilən şəxsin verdiyi ifadəyə əsaslanaraq məhkəmə ittiham hökmü çıxartmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Lətafət (qurbanova) Quliyeva şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, o, təqsirləndirilən şəxsdən şikayətçidir, ona görə ki, ona dəymiş maddi ziyan bugünə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahid və zərərçəkmiş şəxsin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspertiza rəyi və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutların əlavə edilməməsi və təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olması dəlilləri mübahisələndirələrək barəsində bəraət hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -Zərərçəkmiş şəxs X3 25 baş xırdabuynuzlu heyvanlarının oğurlanması barədə ərizəsi; -Zərərçəkmiş şəxsin ifadəsi; -”Hadisə yerinə baxış keçirilməsi” haqqında ##.##.2024-cü il tarixli protokoldan görünür ki, ## ####### 2024-cü il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Haçaqaya kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən açıq örüş sahəsinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir; -“Üzləşdirmə haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs Şahid ifadəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid Təqsirləndirilən şəxs üzünə demişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 16 radələridə Rəfaillə Qızılca kəndi ərazisində çayın qırağında qoz yığıb Yalqışlaq kəndində satmışlar və yeyib içdikdən sonra söhbət əsnasında Rəfailə heyvan var, oğurlayıb sata bilərikmi demişdir. Rəfail də cavab olaraq “məndə elə şey axtarıram, gəl bu dəqiqə gedək”. O, Bağıra bildirmişdir ki, bu dəqiqə camaatın heyvanını aparıb hara salacaq, Bağır da demişdir ki, “sənlik deyil, mənim Yeni Qızılcada tövləm var, aparıb ora salarıq”. Həmçinin bildirmişdir ki, qəssab tanışı var, lap aparıb kəsdirərlər. Bundan iki-üç gün keçmiş, Rəfaillə Qızılca kəndində rastlaşmışdır. Həmin vaxt ona bildirmişdir ki, xırdabuynuzlu heyvan var, aparıb satsınlar. ##.##.2024-cü il tarixdə təxminən saat 20 radələrində o, Rəfaillə Qızılca kəndi ərazisində görüşmüşlər, həmin vaxt ondan yenə heyvan oğurluğu məsələsini soruşmuşdur. O, Rəfailə maşın tapa bilmədiyini, belə aparsalar onları tutarlar demiş və ondan dediyi məsələ nə oldu deyə soruşmuşdur. Rəfail də demişdir ki, gedib aparsınlar. Onlar piyada Göygöl rayonu Haçaqaya kəndinə getmişlər. Tanımadığı şəxsin evini göstərərək həmin şəxsin xırdabuynuzlu heyvanlarının olduğunu demişdir. Sabahısı günü, yəni ##.##.2024-cü il tarixdə saat təxminən 12 radələrində onlar birlikdə həmin 25 baş xırdabuynuzlu heyvanları gördükləri yerə getmişlər və birlikdə heyvanları qabaqlarına salıb haylayaraq aparmışlar. O, Yeni Qızılca kəndi ərazisində “abidə” adlanan yerə kimi gəlmiş, oradan isə çıxıb getmişdir. Rəfail demişdir ki, heyvanları aparıb satdıqdan sonra nə pul çıxsa pulu aralarında böləcəkdir. Bundan təxminən 2-3 gün sonra Qızılca kəndi ərazisində görüşmüşlər. Rəfail həmin vaxt heyvanları ümumilikdə 2000 (iki min) manata satdığını demiş və ona 1000 (min) manat pul vermişdir. Müdafiəçinin sualını cavablandıraraq Şahid göstərmişdir ki, oğurladıqları xırdabuynuzlu heyvanların dəqiq sayını bilməmiş, baxanda təxminən 20-25 baş olarmış, həmin heyvanların qiymətini təxminən 5.000-6.000 olarmış, Rəfail heyvanları 2.000 manata satdığını deyib ona 1.000 manat verən zaman da o, pulun az olmasına etiraz etməmiş, çünki heyvanlar oğurluq olmuş, hansı məbləğdə pul olsa qane olmuşdur. O, xırda buynuzlu heyvanları oğurladıqları yerə əvvəllər getməmiş, həmin ərazini tanımamışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyi. -Məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur. Belə ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSIXI XƏSTƏLIYIN ƏLAMƏTLƏRI AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs anamnezində keçirilmiş kəskin psixotik vəziyyətdən sonrakı psixotik pozuntu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticəsi və s. Sübut edir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsndə anlaqlı hesab edilməlidir. Bundan başqa, rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Sonuncu cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. -Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində əvvəlki ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ilə qeyd edilən cinayət əməlini bir qrup şəxs halında törətdiyi etiraf etmişdir. -“Sübutların qiymətləndirilməsi” barədə ##.##.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət əməlini törətdiyi üçün onun məhkumluğu ödənilməmiş hesab edilməsi və onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməsi, cinayət işi üzrə alınmış təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və istintaq hərəkətləri protokolları, sübut növü kimi qəbul edilmişdir. -Iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları və digər mötəbər sənədlər. Bununla yanaşı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də cinayət işinin birinci instansiya məhkəməsində olduğu müddətdə istintaqın və məhkəmənin çağırışlarından boyun qaçırdığı üçün barəsində axtarış elan olunmuşdur. ##.##.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nə gətirilərək Istintaq bölməsinə təqdim edilmişdir. . Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində olan qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. “Axtarışda olan şəxsin saxlanılması” haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində saxlanılmış, Göygöl RPŞ-ə gətirilmiş, müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. Bundan başqa, müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Eyni zamanda hazırki iş üzrə təqsirləndirilən şəxs (birinci instansiya məhkəməsində şahid qismində qismindirilmiş) Şahid həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsinə verdiyi ifadələrində qeyd edilən cinayət əməlini Təqsirləndirilən şəxs ilə birlikdə törətdiklərini göstərmişdir. Həmçinin, məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli rəyinin nəticə hissəsindən göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman anlaqlı vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktı iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokolları, ekpertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin ifadələri və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı hüquq mühafizə orqanlarının qanuni çağırışlarından boyun qaçırması xüsusatları onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokolları, ekpertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməlləri törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar