Məhkəmə qərarları › İş №1(3-7)-271/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-271/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-271/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs İsmayılov Kamran Həmzə oğlu, müdafiəçilər müdafiəçi2 və İsmayılov Mirqasım Hüseyn oğlunun iştirakı ilə İsmayılov Kamran Həmzə oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026- cı il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (sədrlik edən Zaur Hünmətov) hökmü ilə ##.##.1991-ci ildə Türkmənistan Respublikası Nebit Dağ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş İsmayılov Kamran Həmzə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni ## ### 2026-cı il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən İsmayılov Kamran Həmzə oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, İsmayılov Kamran Həmzə oğlu özgənin xeyli miqdar təşkil edən əmlakını tamah məqsədilə, əvəzsiz və gizli olaraq talamaq niyyəti ilə ##.##.2025-ci il tarixdə, günorta saatlarında Tovuz rayonu, Əlibəyli kəndində “Koroğlu” dağı adlanan dağın yamacında yerləşən açıq otlaq sahəsində nəzarətsiz şəkildə otlayan, Hüseynov İskəndər Müseyib oğluna məxsus ümumi dəyəri 15428 (on beş min dörd yüz iyirmi səkkiz) manat olmaqla xeyli miqdar təşkil edən ümumilikdə 12 baş dişi cinsli, bir illik iribuynuzlu heyvanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs Hüseynov İskəndər Müseyib oğluna ümumilikdə 15428 (on beş min dörd yüz iyirmi səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək İsmayılov Kamran Həmzə oğlunun himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona CM-nin 79-cu maddəsinə əsasən uşaqlar 14 yaşına çatanadək cəzasının təxirə salınmasını, bu mümkün olmadıqda CM-nin 70-ci maddəsini tətbiq etməklə şəxsə şərti cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı ziyanın ödənilməsi və zərərçəkmiş şəxsin şikayətinin olmaması kimi hallar müəyyən edilsə də, məhkəmə residiv nəzərə alınmamaqla cəza təyinini işin hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun hesab etməmişdir. İş materiallarına əlavə edilən zərərçəkmiş şəxs Hüseynov İskəndər Müseyib oğlunun ərizəsindən görünür ki, İsmayılov Kamran Həmzə oğlu tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Həmçinin təqsirləndirilən şəxsin öhdəliyində 2 nəfər azyaşlı övladı vardır, uşaqların anası uşaqları atasının himayəsinə verərək, onlardan imtina etmişdir. Kamran İsmayılov uşaqlara təkbaşına baxmışdır. Eyni zamanda ziyanın özü belə tez bir zamanda geri qaytarılmışdır, həmin mallar Kamran İsmayılov tərəfindən sahibinə geri qaytarılmışdır. Bundan başqa, iş üzrə Kamran İsmayılov işi etiraf etsə də, işdə 1 şahid 1 zərərçəkmiş şəxs olmuşdur, məhkəmə istintaqı zamanı həmin şəxslər dindirilməmişdir. Heyvanların qiymətində yüksək qiymət qoyulmuş, həmin məbləğ mübahisələndirilsə də, həmin məsələ ekspertizaya verilməmişdir. Uşaqlar atanın himayəsində olduğundan ona CM-nin 79-cu maddəsi ilə ittiham verilməli, təxirə salınmalı, bu mümkün olmadıqda CM-nin 70-ci maddəsi tətbiq edilməli, şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi daha məqsədə uyğun olardı. Ona görə də İsmayılov Kamran Həmzə oğlunun himayəsində 2 nəfər az yaşlı uşaq olmasının nəzərə alınaraq ona CM-nin 79-cu maddəsinə əsasən uşaqlar 14 yaşına çatanadək cəzası təxirə salınmalı, bu mümkün olmadıqda CM-nin 70-ci maddəsini tətbiq etməklə şəxsə şərti cəza verilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçilər apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdilər və bildirdilər ki, hazırda rəsmi olaraq atalıq faktı təsdiq olunmasa da, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı var, təqsirləndirilən şəxsin həbsdə saxlanılması həmin uşaqların maddi-məişət təminatının pisləşməsinə səbəb olacaqdır. Eyni zamanda, törədilmiş cinayət əməli üzrə dəymiş zərər aradan qaldırılmış və oğurlanmış heyvanlar sahibinə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmadan əsassız olaraq barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə növündə olmayan cəza təyin edilməsini, bu mümkün olmadıqda CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti cəza təyin edilməsi, yaxud CM-in 79-cu maddəsi tətbiq edilməklə cəzanın təxirə salınmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək və müdafiəçiləri ilə razı olduğunu bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Kamran İsmayılova cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi. Eyni zamanda təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması iddia edilsə də, bu barədə iş materiallarında heç bir sübut olmadığını, həmçinin əvvəl azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə baxmayaraq islah olmadığını və yenidən cinayət törətdiyini, bundan əlavə CM-in 62ci maddəsinin tətbiq edilməsi üçün müstəsna hallar olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin İsmayılov Kamran Həmzə oğlu tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən İsmayılov Kamran Həmzə oğlunun əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətində məhkuma ədalətli cəza, yəni barəsində CM-in 79, 70 və ya 62-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Kamran Həmzə oğluna cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İsmayılov Kamran Həmzə oğluna cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona yüngül cəzanın tətbiq edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası İsmayılov Kamran Həmzə oğlu barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətində Kamran İsmayılovun cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın şərti hesab olunmasına gəldikdə kollegiya aşağıdakıları qeyd edir. CM-nin 70.1 və 70.2-ci maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cinayət törətmiş şəxsin əməlindən səmimi peşman olması, zərərin ödənilməsi iş yeri üzrə müsbət xarakterizə olunmasını və digər sadalanan hallar cinayət qanununa əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, bu hallar heç də bütün hallarda cəzanın şərti sayılması üçün şərtsiz əsas ola bilməz. Söz yox ki, qanunverici CM-nin 70-ci maddəsinə əsasən məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayıldığı hallarda cəzanın şərti olaraq tətbiq edilməsini də istisna etməmişdir. Lakin, həm cinayət qanunun bu müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbət yönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkumun cəzasının şərti olaraq tətbiq edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı inam yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Kamran İsmayılova təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, şikayətdə barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini də xahiş etmişdir. Bu tələblə bağlı kollegiya aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Kollegiya, apellyasiya şikayətinin təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməsinə dair dəlillərinə münasibətdə də qeyd edir ki, şikayətin dəlilləri bu hissədə də əsassızdır və təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün müstəsna hallar müəyyən edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsi tətbiq edilməklə cəzanın çəkilməsinin təxirə salınmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CMin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Hazırda məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iş materiallarında təqsirləndirilən şəxs İsmayılov Kamran Həmzə oğlunun himayəsində 2 azyaşlı uşağı olması barədə sübutlar yoxdur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı İsmayılov Kamran Həmzə oğlunun cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Hüseynov İskəndər Müseyib oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 66.3cü maddəsinə əsasən qəti olaraq 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, bununla belə hərəkətləri ilə islah olunmadığını göstərərək yenidən cinayət əməli törətmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apelлyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apelлyasiya şikayəti təmin edilməməli, hökm apelлyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Kamran Həmzə oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026- cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar