Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-286/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (sədrlik edən Məhəmməd Həsənli) hökmü ilə ##.##.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Gəncə şəhəri, X2 küçəsi, ev 146 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin hökmün elan olunduğu ## #### 2026-cı il tarixdən hesablanması, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış və hökmlə məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ## #### 2010-cu il tarixdən başlayaraq ## ###### 2009-cu il təvəllüdlü Əlövsət adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat aliment alınaraq Hüseynzadə (Məmmədova) Türkan Qaçay qızına verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2010cu il tarixli qətnaməsini və həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni ## #### 2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs ## ###### 2009-cu il təvəllüdlü Məmmədzadə Əlövsət Cabbar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq Hüseynzadə (Məmmədova) Türkan Qaçay qızına ödənilməsinə dair Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## ####### 2025-ci il tarixədək cəmi 15070,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Hüseynzadə (Məmmədova) Türkan Qaçay qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən apellyasiya şikayəti verən təqsirləndirilən şəxs işə yenidən baxılmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını, bu mümkün olmadıqda isə barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi təqsirləndirilən şəxsin xəstəlikdən əziyyət çəkdiyini və səhhətində ciddi problemlər olduğunu bildirdi, apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini, həmçinin səhhətində olan problemlərin onun işləməsinə mane olması və ya azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə mane olması barədə zəruri sənədlərin məhkəməyə təqdim edilmədiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçi ədalətli cəza, yəni azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmişdir, ona daha aşağı həddə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma daha aşağı həddə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-286/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-286/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver