Məhkəmə qərarları › İş №1(3-7)-287/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-287/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-287/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, MÜƏYYƏN E T D İ: Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə ##.##.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarix saat 09:23-dən ##.##.2026-cı il tarix saat 17:15-dək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərində nəzarəti Gəncə şəhəri üzrə Icra Idarəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktik qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 0,682 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,581 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin öz şəxsi istifadəsi üçün əldə edərək üzərində daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs ##.##.2026 cı il tarixdə, saat 09:23 radələrində Xankəndi şəhəri ərazisində təşkil olunmuş girişçıxışı tənzimləyən * saylı blok postda sərnişin qismində gəldiyi “Mercedes-Benz” markalı, 36- BF *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlanılaraq üzərinə baxış keçirilmiş və əynindəki ağ rəngli gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümdəki sellofanda 0,682 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd kağız bükümdəki sellofan bükümdə olan təmiz çəkisi 0,581 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, ona daha ağır - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Talibov Emin Mehman oğlunun əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin aşağıda şərh edilənlərə görə məhkəmənin həmin hökmü əsassız olduğundan dəyişdirilməlidir. Belə ki, CM-nin 2-ci maddəsinə əsasən CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının CM cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 234.1-234.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. CM-nin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024-cü il tarixli ** nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-nin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından mebsepeuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-nin Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Hazırki iş üzrə məhkəmə cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzaya səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Işin hallarından göründüyü kimi, istintaqa məlum olmayan vaxt və mənqədən xeyli miqdardan dəfələrlə çox - yəni, 0,682 qram narkotik vasitə heroini və 0,581 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edən Təqsirləndirilən şəxs məhkəmə əsassız olaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı cəza növü, yəni azadlığın məhdulaşdırılması cəzası təyin etmişdir. Məhkəmə sonuncuya cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, hökmün təsviri əsaslandırıcı hissəsində onların məhs nədən ibarət olduğu öz əksini tapmamışdır. Məhkəmə Emin Talibov gələcəkdə islah olunması üçün ona azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə küllü miqdarları ilə bağlı siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli qanununa və həmin qanunla təsdiq edilmiş siyahıya əsasən heroinin və metamfetaminin xeyli miqdarı 0,15 qram, külli miqdarı isə 2 qram müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əldə etdiyi təmiz çəkisi 0,682 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,581 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin müvafiq qanunla müəyyən edilmiş həddin xeyli miqdarından 8 dəfə çoxdur. Həmin hal və iki növdə olması məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə almamışdır. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Təqsirləndirilən şəxs təmiz çəkisi 0,682 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,581 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsini və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CМ-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzanın təyin olunması onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cəza təyin edərkən bu yüngülləşdirici halların hansı qaydada Təqsirləndirilən şəxs cəzasına necə təsir etməsini hökmdə əsaslandırmamış, formal sadalamaqla kifayətlənmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət etdiyindən cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyətliliyi vurğulanmışdır. (CM-nin 59 və 60-ci maddələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il qərarı). Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tələblərini nəzərə almamış, Təqsirləndirilən şəxs cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla törətməsinə baxmayaraq, ona təyin etdiyi cəza təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, ona daha ağır - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Bəhruz Cabbarlı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş daha ağır cəza növünün-birinci instansiya məhkəməsində dövlət ittihamçısının təkif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz etdilər, protestin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərdilər və apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin olunmamasına dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi məhkumun əməlinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, məhkəmə ekspertizası rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq, əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Apellyasiya protestinin məzmunundan göründüyü kimi protestdə əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili məhkuma azadlıqdan məhrum etmə cəzasının təyin edilməsidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını, onların növünü o, cümlədən cəzasını yüngülləşdirən (Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını və onun himayəsində iki azyaşlı uşağının olmasını) halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkum barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi iddiası ilə bağlı qeyd edir ki, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum barəsində olan yüngülləşdirici hallar, onun ilk dəfədir ki, məhkum olunmasını, habelə təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza-azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən işin faktiki hallarını kifayət qədər nəzərə almış və tədqiq etmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını nəzərə alaraq, həmin faktı onun əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qəbul etmiş və ona məhz ən yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəzanın növü kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi CM-nin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədin dəqiq müəyyənləşdirməməsinə və nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarar. Apellyasiya kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması, təqsirini etiraf edərək törətdiyi əməli səmimi etiraf etməsi onu belə davranış nümayiş etdirməyərək törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır və bu halların cəza təyini zamanı cinayətin və cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar qismində nəzərə alınması və bunlara əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi qanunvericiliyin pozuntusu kimi şərh oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması, himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallarla yanaşı Təqsirləndirilən şəxs ailədə qazanc gətirən yeganə şəxs olması və onun ilk dəfədir ki, məhkum olunması da cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmaqla (birinci instansiya məhkəməsi bu halları cəzanı yüngülləşdirən hal kimi qeyd etməmişdir) bu qənaətə gəlməyə əsas verir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışları ilə əməlindən səmimi peşman olmasını nümayiş və sübut etməsini, eləcə də, yuxarıda qeyd edilən onun cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün heç bir əsas tapa bilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza məsələsini həll edərkən Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Bu siyasətin davamı olaraq ## ####### 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə CM-nin 234.1-ci maddəsinin sanksiyasına azadlığın məhdudlaşdırılması cəzası alternativ cəza kimi əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tövsiyələr verilmişdir. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olubolmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkuma azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün qanunverilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan, həm də apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza həm növü, həm də həddi baxımından ədalətli olmaqla cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli və Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar