Məhkəmə qərarları › İş №1(3-7)-291/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-291/2026

14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-291/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Kərimova Tərifə) ##.##.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılması, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ##.##.2026-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və onun hazırda həbsdə olması nəzərə alınması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və ## ###### 2026-cı il tarixdə saat 16:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Institut qəsəbəsindən Çobanabdallı kəndinə gedən yolun sağ tərəfində əkin sahəsinin kənarında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il il tarixli hökmünün dəyişdirilməsini və barəsində ədalətli cəzanın təyin edilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Ayaz Həsənov şikayətin dəlillərini dəqiqləşdirərək təyin olunmuş cəzanın sərt olduğunu, aşağı həddə cəzanın təyin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, təqsirli bilindiyi cinayət əməli üzrə o, özünü təqsirli bilir. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, təqsirləndirilən şəxs əvvəl törətdiyi və məhkum olunduğu cinayət əməllərinə görə məhkumluğu ödənilmədən yenidən törətdiyi cinayətə görə onun əməlində cinayətlərin residivi yarandığına görə məhkəmə tərəfindən ona ədalətli cəza təyin olumuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin etirafedici ifadəsini və özünü təqsirli bilməsini, istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspert rəyi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». DIN-in Baş Əməliyyat və Statistika Informasiya Idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1; 177.2.3-cü (CM 62) maddələri ilə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü il ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə 1 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına (Gəncə Şəhər Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 09 ay 24 gün hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib), Samux Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci (67.1; 69.3) maddəsi ilə 1 il, 02 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 228.1; 234.1-ci (CM 66.2; 66.5; 69.3; 93.1.2) maddəsi ilə 02 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Milli Məclisinin ## ###### 2025-ci il tarixli aministiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunması onun tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici halların olmaması və əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivliyinin olmasını nəzərə alaraq barəsində düzgün olaraq aşağı həddə - üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs dəfələrlə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət əməlləri törətməyə görə məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən analoji xarakterli (narkotik vasitələrin qanunsuz dövriyyəsi) cinayət törətməsi onun kriminal meyilli şəxs olduğunun və islah yoluna qədəm qoyması iş materialında olan sənədlərdən və onun hərəkətlərindən öz təsdiqini tapmır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə residivə görə azadlıqdan məhrumetmə növündə və həddində qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə daha aşağı həddə cəzanın təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Eyni zamanda müdafiə tərəfindən təqsirləndirilən şəxsin əməlini yüngülləşdirə biləcək mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar