Məhkəmə qərarları › İş №1(3-7)-307/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-307/2026

21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-307/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı Nizami oğlu, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə (hakimlər X1 (sədrlik edən), X2 və X3) ## ### 1978-ci ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” Iş mərkəzi MMC-də fəhlə işləyən, əvvəllər məhkumluğu olmayan, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Düzqışlaq kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, ## #### 2025-ci il tarixdə saat təxminən 17 radələrində Goranboy rayonu Düzqışlaq kəndində onunla qonşu yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs ilə həyətyanı sahələrini bir-birindən ayıran çəpərin yerinin müəyyənləşdirilməsinə görə uzun müddətdir aralarında şəxsi münasibətlərin pozulması zəminində davam edən mübahisə zamanı yerdən götürdüyü bir neçə daş parçasını əli ilə Goranboy rayonu Düzqışlaq kəndində yerləşən küçədən setkanın üstündən həmin vaxt öz həyətində dayanmış Zərərçəkmiş şəxs tərəf ardıcıl bir neçə dəfə ataraq həmin daşlarla soncununun baş və sağ sifət nahiyyəsindən qəsdən vurub Zərərçəkmiş şəxs sağ gicgah sümüyünün daxilə dəyişmiş və sağ almacıq sümüyünün basılmış sınıqları, lokal hipodens sahə ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apelyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsi iyul ayının 27-də guya ki, daşla vurmasının yazılmasının şahidi oluruq. Göründüyü kimi şəxsin barəsində sentyabr ayının 18-də həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılır. Burada göründüyü kimi müəyyən təzadlar ortaya çıxır. Necə olur ki, tərəflər iyul ayında dalaşırlar təqsirləndirilən şəxs sentyabr ayında şübhəli şəxs qismində saxlanılır. Tək zərərçəkmiş şəxsin sözü ilə təqsirləndirilən şəxsin barəsində cinayət işi başlanılr, özü də 2 ay öncə guya ki, olmuş bir hadisə ilə bağlı. Tərəflər həmkəndli və əmioğludurlar. Eyni zamanda onların münasibətləri yoxdur. Onlar əmioğlu olmaqlarına baxmayaraq, zərərçəkmiş təqsirləndirilən şəxsi dəfələrlə söymüş və təhqir etmişdir. Bununla bağlı təqsirləndirilən şəxs dəfələrlə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs çox ciddi xəstədir və necə olur ki, özünü fiziki cəhətdən idarə edə bilməyən kənar şəxslərin köməyi ilə hərəkət edən şəxs yerə əyilərək yerdən daş parçası götürür və həmin daş parçasını 15-20 metrlik məsafədən zərərçəkmiş şəxsin baş nahiyəsinə vurur. Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hazırda da Istintaq təcridxanasının tibb məntəqəsindən saxlanılır. Belə olan halda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə şər-böhtan atır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətin dəlillərini dəqiqləşdirərək təqsirləndirlən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, törətdiyi cinayət əməlindən peşmandır, özü şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bu barədə sənədi məhkəməyə təqdim edir, eyni zamanda onun özü zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və onun azadlığa buraxılmasına etiraz edir. Təqsirləndirilən şəxsin arvadı və qohumları onu öldürməklə hədələyirlər. Buna görə onu bağışlamır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunaraq ona ədalətli cəza təyin edildiyini, zərərçəkmiş şəxsin barışimadığnı, şikayətçi olduğunu bildirmiş, buna görə də hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi hər hansı bir mötəbər sübutlarla təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sübutların, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmiş, buna görə də kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1ci maddəsinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində 04 (dörd) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ##.##.2026-ci il tarixli ərizəsində barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını göstərsə də, sonradan təqsirləndirilən şəxsin qohumları onu öldürməklə hədələdikləri üçün birinci instansiya məhkəməsində şikayətçi olduğunu, təqsirləndirilən şəxslə barışmadığını qeyd etmişdir. Eyni ilə, zərərçəkmiş şəxs apellyasiya məhkəməsində də təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bir daha təsdiq etmişdir. Belə ki, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində audio-video yazı ilə qeydə alınmış birinci instansiya məhkəmə iclaslarında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sədrlik edənin sualını cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, əvvəllər təqsirləndirilən şəxsə münasibətdə notariat qaydasında barışıq ərizəsi verməsinə baxmayaraq, hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və onun azadlığa buraxılmasına etiraz etdiyi göstərmişdir. Bununla da müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yaxın qohum, yəni doğma əmioğlu olsalar da, aralarında olan ədavət və düşmənçilik münasibətləri bu günə kimi davam edir, yaxın qohumlar arasında münasibətlərin gərgin və munaqişəli olması məhkəmə iclasında da açıqaşkar görünür. Odur ki, appelyasiya məhkəməsi hazırki vəziyyətdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmamasını və ondan şikaytəçi olmasını əsas götürərək ##.##.2026-cı il tarixli notariat qaydada təsdiq olunmuş barışıq ərizəsinə tənqidi yanaşır, həmin ərizəni ittihamın qanuni və əsaslı həlli üçün iş üzrə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda müdafiə tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəkərli diabet tip 2 orta ağır formada xəstəlikdən əziyyət çəkir, lakin təqsirləndirilən şəxsin hazırki vəziyyətdə həbsdə qalması onun səhhətinə pis təsir göstərməsini təsdiq edən əsaslı mötəbər sənəd təqdim olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə və həddində qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasın hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza növünün təyin edilməsi üçün hər hansı bir qanuni əsaslar müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar