Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-331/2026 29.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, xüsusi ittihamçı Xüsusi ittihamçı iştirakı ilə, Məmmədov İsa Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin rədd edilməsinə dair Bərdə Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məmmədov İsa Hüseyn oğlunun CM-nin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən, Məmmədov İsa Hüseyn oğlunun əməlində cinayət tərkibi olmadığına görə ona elan edilmiş CM-nin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsi, CM-nin 147.2 və 148-ci maddələri ilə qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Məmmədov İsa Hüseyn oğluna izah edilməsi hökm edilmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı vəsatətlə məhkəməyə müraciət edərək Məmmədov İsa Hüseyn oğlunun CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayəti üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və təqdim etdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxmışdır. Belə ki, həmin müddət ərzində o, Türkiyə Respublikasında olmuş, Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanı olmamışdır. Elə bilmişdir ki, hökmdən apellyasiya şikayəti verilmişdir. Hazırda məlumatı var ki, hökmdən şikayəti məhkəməyə daxil olmamışdır. O, indi Azərbaycandadır, hökm ilə tanış olmuşdur və apellyasiya şikayəti vermək istəyir. Bərdə Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim G.Q.Abbasov) vəsatətin təmin edilməməsi, xüsusi ittihamçı Xüsusi ittihamçı Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Xüsusi ittihamçı Xüsusi ittihamçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəblərdən buraxılmış hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Birinci instansiya məhkəməsi tərəfindən onun vəsatətinin rədd edilməsinin əsaslı olub-olmadığının yenidən qiymətləndirilməsini xahiş edir. İş materialları, onun izahatları və müddətin buraxılması ilə bağlı təqdim edə biləcəyi sübutlar birlikdə qiymətləndirildikdə apellyasiya müddətinin bərpası üçün əsasların mövcud olduğu qənaətinə gəlmək mümkündür. Bildirir ki, ilkin olaraq qəbul edilmiş hökm onun üçün hüquqi nəticələr doğuran yekun məhkəmə aktı deyil. O, xüsusi ittihamçı kimi həmin hökmdən apellyasiya şikayəti vermək hüququna malikdir. Lakin hökmün elan edildiyi və apellyasiya müddətinin keçdiyi dövr ərzində o, Azərbaycan Respublikasının hüdudlarından kənarda, Türkiyə Respublikasında olmuşdur. Bu səbəbdən həmin müddət ərzində Azərbaycan Respublikasında olmamağı, hökmün nəticələrindən və apellyasiya şikayətinin verilibverilməməsindən faktiki olaraq xəbərsiz olmağı apellyasiya hüququndan vaxtında istifadə etməyinə maneə olmuşdur. Bundan əlavə, elə hesab etmişdir ki, hökmdən apellyasiya şikayəti artıq verilmişdir. Sonradan ona məlum olmuşdur ki, apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Hazırda Azərbaycan Respublikasındadır, hökmün məzmunu ilə tanış olmuşdur və öz prosessual hüququndan istifadə edərək həmin hökmdən apellyasiya şikayəti vermək istəyir. Bu məqsədlə Bərdə Rayon Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını və təqdim etdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı ilə vəsatəti təmin edilməmiş, apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməmişdir. Hesab edir ki, həmin qərar qanuni və əsaslı deyil. Qanunvericilikdə müddətin bərpası üçün "üzrlü səbəb" anlayışı yalnız bir və ya bir neçə konkret hal ilə məhdudlaşdırılmamışdır. Ona görə də məhkəmə hər bir konkret iş üzrə şəxsin prosessual müddəti niyə ötürdüyünü, onun iradəsindən asılı olmayan və ya onun prosessual hüququnu faktiki həyata keçirməsinə maneə olan hallarının olub-olmadığını araşdırmalıdır. Onun Azərbaycan Respublikasında olmamağı, həmin müddət ərzində Türkiyə Respublikasında yerləşməyi, hökmün nəticələrindən və apellyasiya şikayətinin faktiki verilib-verilməməsindən məlumatının olmaması, habelə apellyasiya şikayətinin verildiyini düşünməyi məhkəmə tərəfindən yalnız formal şəkildə deyil, işin konkret halları ilə birlikdə qiymətləndirilməli idi. Məhkəmə isə bu halların onun iradəsindən asılı olmayan səbəblər kimi qəbul edilməsinin mümkün olub-olmadığını kifayət qədər araşdırmamışdır. Müddətin bərpası məsələsində şəxsin prosessual hüquqdan qəsdən imtina edib-etməməsi mühüm əhəmiyyət daşıyır. O, apellyasiya şikayəti verməkdən imtina etməmişdir. Əksinə, onun iradəsi əvvəldən məhkəmə hökmündən şikayət verməyə yönəlmiş olmuşdur. Müddətin ötürülməsi apellyasiya hüququndan könüllü və şüurlu şəkildə imtina etməyi ilə bağlı olmamışdır. O hesab etmişdir ki, apellyasiya şikayəti verilmişdir. Sonradan bunun belə olmadığını öyrəndikdə dərhal məhkəməyə müraciət etmişdir. Belə olan halda onun apellyasiya hüququndan faktiki istifadə etmək istəyi açıq şəkildə mövcuddur. Prosessual müddətin məqsədi şəxsin məhkəmə müdafiəsindən tamamilə məhrum edilməsi deyil, məhkəmə icraatında müəyyənlik və intizamın təmin edilməsidir. Müddətin bərpası institutu isə məhz üzrlü səbəbdən həmin müddəti keçirən şəxsin məhkəmə müdafiəsi hüququnun tamamilə itirilməsinin qarşısını almağa xidmət edir. Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, məhkəmə əsasən onun Türkiyə Respublikasında olmağı və bunun nəticəsində apellyasiya şikayəti vermək imkanının olmadığını göstərməyini qiymətləndirmişdir. Lakin məsələnin mahiyyəti yalnız onun xaricdə olmağının müəyyən edilməsindən ibarət deyil. Məhkəmə aşağıdakı məsələləri də araşdırmalı idi: onun hökmün elan edildiyi və apellyasiya müddətinin keçdiyi dövrdə harada olmağı; Azərbaycan Respublikasına hansı tarixdə qayıtmağı; hökm barədə nə vaxt məlumat əldə etməyi; hökmün surətinin ona nə vaxt təqdim edilməsi; apellyasiya şikayətinin verildiyini düşünməyinin hansı hallarla bağlı olması; apellyasiya şikayətinin həqiqətən təqdim edilib-edilməməsi barədə məlumatın olub-olmaması; Azərbaycana qayıtdıqdan və hökm barədə məlumat əldə etdikdən sonra nə qədər müddət ərzində məhkəməyə müraciət etməyi; müddətin ötürülməsinin qəsdən və ya səhlənkarlıqdan deyil, konkret faktiki hallardan irəli gəlib-gəlməməsi. Bu hallar araşdırılmadan müddətin bərpasından imtina edilməsi işin bütün faktiki hallarının tam və obyektiv qiymətləndirilməsinə imkan verməmişdir”. Apellyasiya baxışı zamanı xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək prosessual müddətin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və cinayət prosesi tərəfinin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində, 384.2-ci maddəsində isə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilməsi nəzərdə tutulmuşdur. CPM-in 386.1-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü xüsusi ittihamçının nümayəndəsinin (vəkilinin) iştirakı ilə məhkəmə iclasında elan edilmişdir. Bundan başqa, xüsusi ittihamçının nümayəndəsi (vəkili) ##.##.2026-cı ildə məhkəmə qəbzinə imza etməklə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünü rəsmi qaydada almışdır. Xüsusi ittihamçı özünün Azərbaycan Respublikasında olmamağı, həmin müddət ərzində Türkiyə Respublikasında olması, hökmün nəticələrindən və apellyasiya şikayətinin faktiki verilib-verilməməsindən məlumatının olmaması, habelə apellyasiya şikayətinin verildiyini düşünməyi ilə apellyasiya şikayətini əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçı müddəti ötürməsini etiraf etsə də, müddəti üzrlü səbəbdən ötürməsini mötəbər sübutlarla əsaslandırmamışdır. Apellyasiya şikayətində göstərilən əsaslar CPM-nin 384.1-ci və 384.1.1-ci maddələrinə əsasən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üçün əsas deyildir. Belə ki, göstərilən normaların tələbinə uyğun olaraq qeyd edilən hökmdən apellyasiya şikayəti rəsmi təqdim olunduğu vaxtdan deyil, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində verilir. Xüsusi ittihamçı Xüsusi ittihamçı isə həmin müddəti hər hansı üzrlü səbəb olmadan ötürmüşdür. Bu səbəbdən də birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmiş, baxılan iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsaslar yoxdur. CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirlmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və CPM-in 386, 391, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsinə əsasən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-331/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-331/2026
29.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver