Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-101/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Tarıyel qızının iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasına dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Vaqif Həsənov) ##.##.1969-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də mexaniki təmir bölməsinin gəmi boru çəkəni işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, ev 121-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları : İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin yay aylarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə *** saylı evin arxa hissəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsininin tələblərini pozaraq ara məsafəsi gözlənilmədən qanunsuz olaraq özbaşına tikinti işləri aparıb qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qonşusu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev ** saylı fərdi yaşayış evinin divarlarının çatlamasına səbəb olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 5382 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin bəraət hökmünün ləğv edilərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutları birtərəfli təhlil etmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan və ekspert rəyinə zidd nəticə çıxarmışdır. ##.##.2024-cü il tarixli *** saylı məhkəmə-texniki və əmtəəşünaslıq ekspertiza rəyində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində çatların əmələ gəlməsinə səbəb olan evin tikinti norma və qaydalarına uyğun inşa edilməməsi və qonşusu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi göstərilmişdir. Məhkəmə isə həmin rəyə baxmayaraq, təqsirləndirilən şəxsin hərəkətləri ilə yaranmış ziyan arasında səbəbli əlaqənin olmamasını göstərmişdir. Halbuki ekspert rəyində tikinti norma və qaydalarının pozulmasının çatların yaranmasına təsir etdiyi qeyd edilmişdir. Bu baxımdan məhkəmənin nəticəsi sübutların məzmununa uyğun gəlməmişdir. Bundan başqa zərərçəkmiş şəxsin ifadəsi, rəsmi qurumların məktubları və ekspertiza rəyi birlikdə qiymətləndiriİdikdə, təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqa zidd xarakter daşıdığı və nəticə doğurduğu aydın şəkildə görünür. Habelə məhkəmə iclasında dindirilmiş ekspert X2 ekspert rəyini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Nəzifə Əhkbərovaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ. Cəfərov küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində çatların əmələ gəlməsinə səbəbli əlaqə kimi evin tikinti norma və qaydalarına uyğun inşa edilməməsi olmuşdur. Qonşu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi də çatların əmələ gəlməsinə təsir etmişdir, həmin çatlar tədricən yaranmış çatlardır. Hesab edir ki. məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və X1 oglu barəsində çıxardığı bəraət hökmü qanunsuz olmuşdur. Proses iştirakçılarının çıxışları : Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Təqsirləndirilən şəxs mülki məsuliyyətinin olmasını, cinayət məsuliyyətinin yaranmamasını və birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının bəraət hökmü ilə razılaşaraq apellyasiya protesti verilmədiyini bildirib iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxsin müdafiəçisi çıxış edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılma aparılaraq hüquqlarını müdafiə etdiyi şəxsin təqsirinin olmaması müəyyən edilmişdir. Məhkəmənin hökmündə qeyd edilən əsaslara görə də apellyasiya şikayətinin dəlillərinin işin hallarına uyğun olmaması səbəbindən təmin olunmamasını və birinci instansiya məhkəməsinin bəaət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət almış Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində müdafiəçinin qeyd etdiklərilə eyni fikirdə olmasını, hazırkı cinayət işi üzrə təqsirinin olmamasını, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, buna görə də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində işin faktiki halları nəzərə alınmadan, əsassız bəraət hökmü çıxarıldığı mübahisələndirildiyindən CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunan əməli törədib-törətməməsinə və təqsirləndirilən şəxsə bəraət verilməsinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, zərərçəkmiş şəxs və onun nümayəndəsinin, dövlət ittihamçısının, təqsirləndirilən şəxs və onun müdafiəçisinin çıxışlarını dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin mühüm ziyan vurmaqla özbaşına törədilməsi sübuta yetirilməmişdir. Belə ki, birinci instansiyası məhkəməsində bəraət almış şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massiv 18-ci küçəsində yerləşən *** saylı evi almış və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin çıxarışı var. Təxminən 2015-ci ildə Nəzifə adlı qadın onun evinin arxasında olan 1 mərtəbəli evi almışdır. Nəzifə ilə bir qonşu kimi münasibətləri yaxşı olmuşdur. 2020-ci ildə evinin sahəsini artırıb hamam tikib tavanı hissəsini irəli çəkmişdir. Təxminən 1 il sonra Nəzifə onlara gəlib tikinti apararkən onun evinin tavanında olan şiferləri sındırıldığını buna görə ona ziyan vurduğunu bildirmiş, o, həyat yoldaşı ilə birlikdə Nəzifənin evinə getmiş həmin vaxt Nəzifənin qardaşı və oğlu da orada olmuşdur. Nəzifənin evinə getməkdə məqsədi əgər onun tərəfindən hər hansı ziyan vurulmuşdursa ziyanı ödəmək olmuşdur. Nəzifənin qohumları ilə birlikdə evə baxmışlar, hər hansı bir zədə olmadığını aşkar etmişlər. Nəzifənin yaxınları özləri də heç bir ziyan dəymədiyini qonşuluqda belə söz-söhbətlərin ayıb olduğunu, heç nəyə ehtiyac olmadığını demişlər. Bundan sonra 2023-cü ilin sentyabr ayında Nəzifə yenə onu çağırıb, evinə vurulmuş ziyanı niyə ödəmədəyini soruşmuş, o, Nəzifəyə evinə gəldiyini ancaq öz qohumlarının heç bir şeyə ehtiyac olmadığını dediklərini bildirmişdir. Nəzifə onun barəsində şikayət edəcəyini deyib getmişdir. Təhqiqat araşdırması zamanı o, bir daha Nəzifəyə vurulmuş ziyanın ödəməyə hazır olduğunu bildirmiş, ancaq Nəzifə 300-400 manatın az olduğunu deyib razı olmamışdır. Hamam tikib tavanı hissəsini irəli çəkməkdə məqsədi yaşayış şəraitini yaxşılaşdırmaq olmuşdur. Zərərçəkmiş şəxsin söylədikləri yalandır. Zərərçəkmiş şəxs zərər vurmaq məqsədi olmamış, evin çatlaya biləcəyi onun heç ağlına gəlməmişdir. Həmin ev təməlsiz bir daşla tikilmiş ona görədə həmin evdə əvvəlcədən çat olmuşdur. Günahkar deyildir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Xırdalan şəhəri İ.Cəfərov küçəsində yerləşən hazırda yaşdığı 1 mərtəbəli evi almışdır. Evinin arxa hissəsində Təqsirləndirilən şəxs evi yerləşir. 2022-ci ilin yay aylarında rayonda olduğundan təxminən avqust ayında evə qayıtdıqda Alimin evinin sahəsini artırıb, onun həyətinin arxa hissəsindəki hasarı söküb artırılmış hissəni onun evinə birləşdirdiyini, ustaların onun evinin damında işlədiyindən şiferlərin qırıldığını aşkar etmişdir. Alimin etdikləri səbəbindən bundan sonra yağış suları onun evinə daxil olmuş, evinin divarları çatlamışdır. O, Alimə dəfələrlə belə etməməsini evinin qəzalı vəziyyətə saldığını bildirmiş Alim isə onu aldadıb işi dayandıracağını bildirsə də yenə onun rayona getməsindən istifadə edərək işi davam etdirmişdir. O, Alimin qanunsuz əməlləri barədə Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Onun evinin çıxarışnan sənədində 4 sot torpaq sahəsi olduğu yazılsa da torpaq sahəsini bir qismi Alim tərəfindən zəbt edilmişdir. Alimin etdikləri səbəbindən onun səhətində də problem yaranmış, divarlardakı çatlar səbəbindən nəmişlik olduğundan xəstəlik tapmasına səbəb olmuşdur. Alimin bu hərəkətləri nəticəsində onun evi tam yararsız hala düşmüşdür, bunun nəticəsində ona 5382 manatdan qat-qat çox maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X2 ekspert rəyini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində çatların əmələ gəlməsinə səbəbli əlaqə kimi Zərərçəkmiş şəxs məxsus evin tikinti norma və qaydalarına uyğun inşa edilməməsi olmuşdur. Qonşusu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi də çatların əmələ gəlməsinə təsir etmişdir. Həmin çatlar tədricən yaranmış çatlardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** saylı məhkəmə-texniki və əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev 46 ünvanında yerləşən fərdi yaşayış evi tikinti-norma və qaydaların tələblərinə uyğun inşa edilmədiyindən evdə əmələ gəlmiş çatların aradan qaldırılması məqsədəmüvafiq hesab olunmur. Bu onunla izah olunur ki, fərdi yaşayış evi inşa olunarkən evin konstruktiv elementləri üzərində gələcəkdə yarana biləcək təhlükənin qarşısının alınması üçün seysmik kəmər nəzərdə tutulmamışdır. Seysmik kəmər dedikdə aşağıdakılar nəzərdə tutulur. Seysmik kəmər, binaların seysmik təsirlərə qarşı dayanıqlığını artırmaq üçün istifadə olunan mühəndislik strukturu və ya elementidir. Bu kəmərlər, bina və ya fərdi evin müxtəlif hissələrini birləşdirərək, seysmik yükləri daha effektiv şəkildə yaymağa kömək edir. Əsas funksiyaları: 1. Dayanıqlığın artırılması: Seysmik kəmər, evin vertikal və horizontal yüklərə qarşı dayanıqlığını artırır. 2. Struktur bütünlüyü: Kəmər, binanın müxtəlif elementləri arasında birləşdirici rol oynayaraq, strukturun bütövlüyünü qoruyur. 3. Yük daşıma qabiliyyəti: Seysmik kəmər, yeraltı təkanlar zamanı yaranan yükləri daha bərabər bölüşdürərək, strukturun zədələnməsinin qarşısını alır. Qeyd olunur ki, tikinti-norma və qaydaların tələblərinə uyğun inşa edilməyən sözügedən fərdi yaşayış evinin mövcud çatları aradan qaldırılsa belə, gələcəkdə həmin konstruktiv elementlər üzərində müxtəlif çatların yaranması qaçınılmazdır. Mövcud olan qüsurların aradan qaldırılmasına 5382.00 manat məbləğində vəsait tələb olunur. 3. Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev 46 ünvanında yerləşən - tikinti-norma və qaydaların tələblərinə uyğun inşa edilməyən fərdi yaşayış evində baş vermiş zədələrin yaranmasına səbəb qonşusu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi gözlənilmədən inşa edilməsidir. Qeyd: Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində çatların əmələ gəlməsinə səbəbli əlaqə evin tikinti norma və qaydalarına uyğun inşa edilməməsidir və qonşusu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsidir. Cinayət işinin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin ## ######## 2024-cü il tarixli *-**/*-***/**** saylı məktubundan görünür ki, Abşeron RİH əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ara məsafəsi gözlənilmədən 2 mərtəbəli yaşayış evi inşa etdiyi zaman vətəndaş Zərərçəkmiş şəxs evinə zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin dispozitiv əlamətləri mövcud olmamışdır. Təqsirləndirilən şəxsin niyyətində qəsdin olması sübuta yetmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətləri qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olan hərəkətlər hesab olunmadığından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində özbaşınalıq cinayətinin tərkib əlamətlərinin olması müəyyən olunmur. Eyni zamanda birinci instansiya məhkəməsi, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** saylı məhkəmə-texniki və əmtəəşünaslıq ekspertiza rəyinə istinad edərək Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində çatların əmələ gəlməsinə səbəbli əlaqə evin tikinti norma və qaydalarına uyğun inşa edilməməsi və qonşusu Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi göstərilmişdir. Qeyd edilən hallarla bağlı birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində çatların əmələ gəlməsinə səbəb kimi birbaşa Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi göstərilmədiyindən, bu da həmin fərdi yaşayış evində çatların yaranmasınının səbəbi kimi Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri zamanı ara məsafəsinin gözlənilməməsi şübhə doğurur. Birinci instansiya məhkəməsi, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin baxışı zamanı müəyyən edildiyi kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 322.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən zəərçəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə istinad etmiş, lakin bu sübutların hər biri ayrı-ayrılıqda tədqiq edilərkən hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlanıldıqda ittihamın əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuşdur. O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hökmünü apellyasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır, bu baxımdan həmin halları bir daha hazırkı qərarda ətraflı şərh edilməsinə lüzum qalmır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə *** saylı evin arxa hissəsində qanunsuz olaraq tikinti işləri aparmaqla qonşusu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İ.Cəfərov küçəsi ev ** saylı fərdi yaşayış evinin divarlarının çatlamasına səbəb olmaqla Zərərçəkmiş şəxs 5382 manat məbləğində mühüm ziyan vurması hazırki işin müəyyən olunmuş halıdır. Lakin Təqsirləndirilən şəxs bu hərəkətində cinayət məsuliyyətinin yaranmasına əsas olan hər hansı qəsdin olması müəyyən olunmur. Buna görə də birinci instansiya məhkəməsinin təqsirləndilən şəxs Təqsirləndirilən şəxs CM-nin 322.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verməsinə dair nəticəsi işin faktiki hallarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinin tələblərinə uyğun olaraq həqiqətin ortaya çıxmasına xidmət etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfindən təqdim olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin təsdiqini tapmamasına dair 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CРМ-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CРМ-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CРМ-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CРМ-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CРМ-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CРМ-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CРМ-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı qərarının 23-cü bəndində vurğulanır ki: - “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir...”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilmiş və hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilmişdir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə əsas ola biləcək hallar iş üzrə mövcud deyildir, bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Tarıyel qızının cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 15 iş saatına görə ödənilməli olan 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində bəraət hökmü çıxarılmasına dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya icraatında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Tarıyel qızına ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 165 manat köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-101/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-101/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver