Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-119/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X9 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Asif Əliyev (sədrlik edən), Nurəddin Hüseynli və Tariyel Quliyev) ## #### 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Türkiyə Respublikası, Ankara şəhəri, Akyurt bölgəsində yerləşən “Geri gönderme merkezi” adlanan düşərgədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 12.1, 218.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 283-1.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birlikdə (təşkilatda), eləcə də dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə ## ####### 2012-ci il tarixdə təyyarə vasitəsi ilə Gəncə şəhər Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə avtobus ilə Türkiyə Respublikasının Hatay şəhərinə gedərək həmin istiqamətdən şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə sərhədi qanunsuz yolla keçib Suriya Ərəb Respublikasının Atma şəhərinə getməklə 2012-ci ilin oktyabr ayından 2014-cü ilin dekabr ayınadək Suriya Ərəb Respublikasının Atma şəhərində “İŞİD” adlı silahlı birləşmənin tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşı X4 rəhbərlik etdiyi silahlı qrupun tərkibinə daxil olaraq digər Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə “Kalaşnikov” tipli avtomat silahdan istifadə etməklə hərbi təlimlərdə və Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü iş üzrə faktiki hallar tam araşdırılmadan, ittiham aktında qeyd edilən saxta sübut və dəlillərlə sübuta yetirilən əsassız, qeyri obyektiv hökm çıxarılaraq, ona ədalətsiz cəza təyin edilməsini, iş üzrə şahidin onu tanımaması, onunla əvvəllər heç bir ünsiyyətinin olmaması və yalançı şahidliyə əməkdaşlar tərəfindən məcbur olunması barədə qeyd etdikləri məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamasını bildirib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilərək, barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, CM-in 218.2-ci maddəsi ilə özünü təqsirli bilmir, lakin CM-in 283-1.3-cü maddəsi ilə qismən təqsirli bilir, şahid qismində məhkəməyə çağırılmış şəxsi tanımır, məhkəmə iclasında həmin şəxs də onu tanımadığını qeyd etmiş, “İŞİD” qruplaşmasına qoşulmamış, hər hansı cinayətkar birlikdə iştirak etməmiş, məqsədi orada olan insanlara yardım etmək olmuş, ibtidai istintaqın qurtarmasına 4 gün qalmış ittihama CM-in 218.2-ci maddəsi əlavə edilmişdir. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə tövsif edilməklə həmin maddə ilə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsin CM-nin 12.1, 218.2 və 283-1.3 maddələrilə təqsirli bilinib məhkum edilməsinin əsassız olmasına dair dəlillərinin rədd edilməsini və təqsirləndirilən şəxsə verilən ittihamının sübut olunaraq onun əməllərinin CM-nin 12.1, 218.2 və 283- 1.3 maddələrilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayətin xarakteri, əməllərin ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərinin CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri düzgün tövsif olunub-olunmamasına, hökmdən CM-in 12.1, 218.2-ci maddəsinin xaric edilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirlən şəxsin qismən etirafedici ifadəsi və şahidin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin apellyasiya şikayətinin dəlillərinin əsasən cinayət işinin materiallarında olan bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ## ##### 2025-ci il tarixli, */**** nömrəli məktubla daxil olmuş ilkin materiallardan görünür ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə ##.##.2012-ci il tarixdə X1, Nadirov Emin İlqar oğlu, Şahid, X3, X5 və X8 ilə birgə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmişlər. Onlar qanunsuz yolla Türkiyədən sərhəddi Suriya istiqamətində keçərək “Ömər Şişani” ləqəbli şəxsin başçılıq etdiyi “Ceyşül Mühacirin və Ansar” adlı qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmuşlar. Təqsirləndirilən şəxs təlimlərdə iştirak etmək üçün 1 ay müddətinə Suriyanın Atma şəhərində yerləşən düşərgəyə göndərilmişdir. O, təlimləri başa vurduqdan sonra Atma şəhərində fəaliyyət göstərən, Azərbaycan Respublikası vətəndaşı “Abu Yahya” dini ləqəbli X4 rəhbərlik etdiyi qruplaşmalarda hərbi əməliyyatlara cəlb olunmuşdur. Təqsirləndirilən şəxs 2014-cü ildə Suriyadan Türkiyəyə keçərək İstanbul şəhərinə getmiş və orada məskunlaşmışdır. ## ##### 2025-ci il tarixdə o, Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasına deportasiya olunaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdmətinə, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş təqsirləndirilən şəxs və iş üzrə adı çəkilən digər şəxslərin “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə ## ##### 2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs, X1, Nadirov Emin İlqar oğlu, Şahid, X3, X5 və X8 birlikdə ## ####### 2012-ci il tarixdə səhər saatlarında bir neçə dəqiqə fərqlə X6 Limanından Türkiyə istiqamətində Azərbaycan Respublikasını tərk etmişlər. Həmin şəxslərin qeyd olunan tarixdə eyni vaxtda etdikləri səfər toplanmış digər sübutlarla Türkiyə Respublikası ərazisinə gedərək daha sonra Suriya Ərəb Respublikası ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” adlı cinayətkar birliyin tabeçiliyində olan “Kətəbətulmuhacirun” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmələrini əks etdirir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayətkar birliklərdə, hərbi təlimlərdə və döyüşlərdə iştirak etməməsi ilə bağlı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşıb, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin və təqsirləndirilən şəxsin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsin əməlində CM-nin 12.1, 218.2 maddəsinin tərkib hissəsinin olmamasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla və iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunduğundan həmin dəlillər apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz həm də ona görə ki, məhz yuxarıda göstərilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirərək sonuncunun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya məhkəmə baxışında çıxışında ibtidai istintaq zamanı verdiyi ifadəsinin saxtalaşdırılması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, sonuncunun mənafeyinə uyğun göstərdiyi xüsusatlara tənqidi yanaşaraq bunları təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən kənarda qalmasına yönələn bir cəhd kimi qiymətləndirməklə hesab edir ki, bu mülahizə mötəbər sübut kimi qəbul edilə bilməz. Təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadənin daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zamanı tədqiq edilmiş sübutlarlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam təsdiqini tapdığından müdafiə tərəfinin apellyasiya şikayətində istinad edilən dəlillər sonuncunun CM-nin 12.1, 218.2 maddəsi ilə təqsirsizliyini sübut edən hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, CM-in 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini səciyyələndirən halları əsas götürülərək ona CM-nin 12.1, 218.2 və 283-1.3 maddələrinin sanksiyası çərçivəsində cəza təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş qəti cəzanı təqsirləndirilən şəxsi xarakterizə edən hallara və cinayət əməllərinə adekvat hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 67-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi üçün əsas deyil və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 saata görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1, 218.2 və 283-1.3 maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya icraatında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Bürosunun vəkili müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 77 (yetmiş yeddi) manat köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-119/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-119/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver