Məhkəmə qərarları › İş №1(3-8)-127/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-127/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-127/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Mustafa İlkin Məstan oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim B.Ələkbərov) ilə ## #### 1999-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Siyəzən şəhərinin X1 küçəsində yerləşən ** saylı evdə qeydiyyatda olmaqla, şəhərin Heydər Əliyev küçəsindəki ** saylı evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, ## ### 2025-ci il tarixdə, axşam saatlarında “Salehin mağazası” adlanan dükanın qarşısında əmisinin qayınatası olan zərərçəkmiş şəxs4 aralarında yaranmış sözlü mübahisəni bəhanə gətirərək, ## ### 2025-ci il tarixdə, saat 05 radələrində atası şahid1 istifadəsində olan 070-964-50-51 mobil nömrədən zərərçəkmiş şəxs4 istifadəsində olan 070-204-11- ** nömrəli mobil nömrəyə zəng vurub onu nalayiq ifadələrlə təhqir etdikdən sonra, sərxoş vəziyyətdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş təsərrüfat məişət təyinatlı mətbəx bıçağı ilə ictimai yer hesab olunan zərərçəkmiş şəxsin yaşadığı Siyəzən şəhəri, Aydın Qaradağlı küçəsinə gələrək qərəzli hərəkətlər edib ucadan zərərçəkmiş şəxs4 ünvanına nalayiq ifadələr işlətmiş, zərərçəkmiş şəxs4 onun qanunsuz hərəkətlərinə görə yaşadığı evdən küçəyə çıxdıqda Təqsirləndirilən şəxs əlində bıçaq görüb özünü müdafiə etmək məqsədi ilə həyətdən bel götürərək əlində saxlamış, bu zaman sonuncu heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla, onun səs-küyünə yuxudan oyanaraq oraya toplaşmış qonşuların gözü qarşısında öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan əlində olan bıçaqla zərərçəkmiş şəxsin üzərinə hücum etmiş, sonuncu özünü müdafiə etmək məqsədi ilə əlində saxladığı beli qabağa verərək bıçağı olun əlindən aldıqda belin sapı qırıldığı üçün Təqsirləndirilən şəxs həmin sapı götürərək ondan silah qismində istifadə etməklə qəsdən zərərçəkmiş şəxs4 bədən nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona başın alın nahiyyəsinin əziyi, üst dodağın sıyrığı, sol kürək altı nahiyyənin və sol budun qançırları və sağ saidin hemotoma halında əziyi xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək, ədalətli qərar qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, CM-nin 221.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Onun xəstə anasının olmasını nəzərə alaraq, barəsində çıxarılmış hökmə baxaraq ədalətli qərar çıxarılmalıdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi Mustafa İlkin Məstan oğlu apellyasiya şikayətinin təmin edilməsini, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən cəzanı təqsirləndirilən şəxsin əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Təqsirləndirilən şəxs hökmdən vermiş olduğu apellyasiya şikayətində barəsində olan cinayət işi üzrə ədalətli qərar çıxarılmasını xahiş etmiş, apellyasiya icraatı zamanı isə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il qərarında qeyd edilmişdir ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## #### 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin Həmin qərarda qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı). İttiham üzrə təsvir olunan hadisənin baş verməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və aparılmış istintaq hərəkətləri nəticəsində tərtib edilmiş protokolların müqayisəli təhlili ilə təsdiq edilir. Həmin sübutlar arasında ziddiyyətli hal müəyyən edilməməklə biri digərini tamamlayır ki, bu da həmin hissədə ittiham üzrə gəlinən nəticənin əsaslığını və qanuniliyini təsdiq edir. Belə olan halda, həmin hissədə əməlin tövsif edilməsi barədə şikayətin dəlili əsaslı hesab edilməməlidir. İttiham üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş digər əməl üzrə də sübutların mənsubiyyəti, mötəbərliliyi və mümkünlüyü üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki, ittihamın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin nəticəyə gələrkən Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Bundan əlavə məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrinin tələblərinə uyğun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almış, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini müzakirə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən olmamasını nəzərə almışdır. Əməlin xarakteri və törədilmə şəraiti, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini təyin edilmiş cəzanın ədalətliliyi, cəzanın məqsəd və prinsipləri baxımından qiymətləndirilərkən, cəza şəxsin islah olunmasına, onun və digər şəxslərin yeni cinayət əməlini törətməsindən çəkindirilməsindən ötrü cəzanın məqsədləri qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi üzrə dəyərləndirilmə aparılarkən kollegiya hesab edir ki, cəzanın məqsəd və prinsipləri baxımından cəzanın həddi şəxsin islah edilməsi, onun və digər şəxslərin yeni cinayət əməli törədilməsindən çəkindirilməsi baxımından ədalətli hesab edilməlidir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apelyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Mustafa İlkin Məstan oğlunun vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Mustafa İlkin Məstan oğluna 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar