Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-138/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.N.Mirzəyev (sədrlik edən və məruzəçi) İ.N.Cəfərzadə və A.Ə.Əliyev) ## ##### 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, məhəllə 42, yataqxana 16, otaq 105 ünvanında qeydiyyatda olmaqla, ünvan 1vdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum tarix, vaxt və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,841 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən “Dəniz Palace” şadlıq sarayının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə, saat 15:00-da Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən “Dəniz Palace” şadlıq sarayının yaxınlığında saxlanılmış, orada həmin tarixdə saat 15:15-dən etibarən üstü yoxlanılmaqla üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıdığı 01 ədəd bükümdə külli miqdarda 11,841 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünu ləğv edərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, məhkəmənin nəticələri məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlarla təsdiq olunmur. Ittiham əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təzyiq altında alındığı ifadəyə söykənmişdir. Halbuki belə ifadə, başqa mötəbər sübutlarla təsdiqlənmədiyi halda, ittiham hökmünün yeganə və yetərli əsası kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ardıcıl olaraq bildirmişdir ki, ona qarşı fiziki və psixoloji təzyiq göstərilmiş, üzərindən aşkar edildiyi iddia olunan maddənin ona məxsus olması barədə etiraf verməyə məcbur edilmişdir. Müdafiə tərəfindən bu halların yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edən vəsatətlər, o cümlədən əməliyyat-axtarış fəaliyyətinə dair materialların təqdim olunması və mobil telefon nömrəsi üzrə anten məlumatlarının əldə edilməsi barədə müraciətlər verilmiş, lakin həmin vəsatətlər təmin edilməmişdir. Bu isə müdafiə tərəfinin dəlillərinin yoxlanılmasını faktiki olaraq mümkünsüz etmişdir. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, məcburi narkoloji müalicəyə ehtiyacının olmaması, habelə psixiatriya müəssisələrində qeydiyyatda olmaması barədə sənədlər mövcuddur. Bu hallar da ittihamın versiyası ilə ziddiyyət təşkil edən və müdafiə mövqeyini gücləndirən mühüm sübut əhəmiyyətli məlumatlardır. Məhkəmə prosesi zamanı şahid qismində yalnız bir polis əməkdaşının dindirilməsi, digər birbaşa və neytral şahidlərin təqdim olunmaması, müdafiə tərəfinin irəli sürdüyü versiyanın lazımi qaydada yoxlanılmaması, habelə ibtidai istintaq zamanı alınmış ifadəyə məhkəmə ifadəsindən üstünlük verilməsi hökmün qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaradır. Azərbaycan Respublikası CPM-in 125, 144, 145, 349.5.1, 351.2, 351.3, 401.2.1, 402.0.2 və 145.3cü maddələrinin mənasına görə, ittiham hökmü yalnız məhkəmə iclasında tədqiq edilmiş, mümkün, mötəbər və kifayət edən sübutların məcmusuna əsaslana bilər; aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Hazırkı işdə isə həmin standartlara riayət olunmamışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində hökm çıxarmışdır. Hazırda Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübutların mümkünlüyü nə CPM-in 125-ci maddəsinin tələblərinə cavab verir, nə də ki, yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə aidiyyətinin olmasını hesab etmək mümkündür. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilmir. Ona verilən ittiham tamamilə qanunsuz və əsassızdır. Onun əməlində cinayət tərkibi yoxdur. Ümumiyyətlə ona, fiziki təzyiq olaraq onun qolunu burub, çiynindən tutub, ona narkotik vasitəni üzərinə götürməsi üçün psixi təsirlər olunub, o “Dəniz Palace”-ın qarşısında saat 14-15 radələrində saxlanılmışdır. Narkotik vasitəni ona məcbur vermişlər və çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinə məcbur etmişlər. Təqsirləndirilən şəxs ona olunan təyziqlərə və işgəncələrə görə çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı isə o, buna etiraz etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Klinik Psixiatriya Xəstəxanasından verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsindən verilmiş ##.##.2025 -ci il tarixli 3- **-**/*-****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs himayəsində ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. Anası, X2 “Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bir daha qeyd edir ki, təqsirləndirilən şəxs ona olunan təyziqlərə və işgəncələrə görə çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı təsdiq edən yeganə sübut onun ibtidai istintaq zamanı verdiyi ifadədən ibarətdir. Halbuki, yalnız təqsirləndirilən şəxsin istintaq mərhələsində verdiyi ifadəyə istinad olunması həmin ifadənin özlüyündə mötəbər və kifayət qədər sübut kimi qəbul edilməsinə əsas vermir. Müdafiə tərəfinin mövqeyinə görə, Təqsirləndirilən şəxs aldadılaraq planlaşdırılmış şəkildə həmin vəziyyətə salınmışdır. Belə ki, o, sosial şəbəkə vasitəsilə “Milana” adlı, sonradan polis orqanları ilə əlaqəli şəxs olduğu müəyyən edilən qadınla tanış olmuşdur. Ceyhun tərəfindən Milanaya Kərbəlaya getməsi ilə bağlı köməklik göstərə biləcəyini bildirmişdir. Onlar arasında “WhatsApp” tətbiqi üzərindən aparılmış yazışmalara əsasən tərəflər “Dəniz Palace” ərazisində görüşmək barədə razılığa gəlmişlər. Milana adlı şəxsin əvəzinə görüş yerinə polis əməkdaşlarının gəlməsi, onun polis əməkdaşlarının “agenti” olması ehtimalı yaradır. Lakin faktiki olaraq hadisə tamamilə fərqli şəkildə cərəyan etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əraziyə Milana ilə görüşmək məqsədilə gəldikdə, ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar. Bundan sonra heç bir qanuni və əsaslı səbəb olmadan, ona qarşı psixoloji və fiziki təzyiqlər göstərilmiş, polis əməkdaşları tərəfindən təqdim olunan narkotik vasitələrin guya ona məxsus olduğunu etiraf etməyə məcbur edilmişdir. Istintaq zamanı verilmiş ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, guya üzərindən aşkar edilmiş maddəni ## ######## 2025-ci il tarixdə Sumqayıt şəhərində yerləşən parklardan birində tapmış və həmin maddəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Lakin işin faktiki halları göstərir ki, Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələr polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji və fiziki təzyiq nəticəsində alınmışdır. Bundan əlavə, iş materiallarında mövcud olan anten məlumatları da Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə hər hansı park ərazisində olmadığını təsdiq edir. Istintaq zamanı onlar tərəfindən əməliyyat-axtarış fəaliyyəti ilə bağlı materialların əldə olunması məqsədilə aidiyyəti üzrə müvafiq orqana, yəni Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşlarına müraciət edilmişdir. Lakin həmin materiallar qarşı tərəf tərəfindən təqdim olunmamışdır. Eyni zamanda, şəxsin narkotik vasitə istifadəçisi olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza müəssisəsinə müraciət olunaraq ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, lakin həmin vəsatət də təmin edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində məhkəməyə cəmi bir nəfər dəvət olunmuşdur ki, həmin şəxs də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşı olmuşdur. Aydındır ki, həmin şəxsin ifadəsi obyektiv və qərəzsiz hesab oluna bilməz, çünki o, təmsil etdiyi qurumun maraqlarına uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, psixoloji təzyiq göstərilmiş, fiziki zor tətbiq olunmuş, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməmiş və həmin ifadənin təzyiq altında alındığım bildirmişdir. Azərbaycan Respublikası CPM-in tələblərinə görə təzyiq altında alınmış ifadə sübut kimi qəbul edilə bilməz və belə sübuta əsaslanan hökm qanuni hesab oluna bilməz. Müdafiə tərəfi tərəfindən əməliyyat-axtarış fəaliyyətinə dair materialların təqdim olunması, mobil telefon nömrəsi üzrə anten məlumatlarının əldə olunması, əlavə ekspertiza keçirilməsi barədə vəsatətlər verilmiş, lakin həmin vəsatətlər təmin edilməmişdir. Bu hal müdafiə hüququnun pozulması olmaqla yanaşı, işin obyektiv araşdırılmasına ciddi maneə yaratmışdır. Iş üzrə yalnız bir polis əməkdaşı şahid qismində dindirilmiş, müstəqil və neytral şahidlər təqdim olunmamış, ittihamı təsdiq edən digər mötəbər sübutlar əldə edilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin narkotik istifadəçisi olmaması ekspertiza ilə təsdiq edilmiş, psixiatrik qeydiyyatda olmaması müəyyən edilmişdir. Bu hallar ittihamın əsassız olduğunu göstərən mühüm sübutlardır. Iş üzrə aradan qaldırılması mümkün olmayan şübhələr mövcuddur və həmin şübhələr qanuna uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin, eləcə də apellyasiya şikayətilə əlaqədar məhkəmədə bildirdiklərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi, eləcə də cinayətlərin residivi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, təqsirləndirilən şəxsə verilən ittiham əsassızdır. Istintaq zamanı psixoloji təzyiq səbəbindən müəyyən ifadələrin alınması qanuna zidd qiymətləndirilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq vurğuladı ki, müdafiəçisinin bildirdikləri ilə razıdır. O nəinki narkotik vasitə, heç tütün məlumatlarından da istifadə emir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda həmin maddə ilə məhkum edilməsinin qanunsuz olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (psixotrop maddəni əldə etməsi, şəxsi istifadəsi üçün üzərində daşıması və ondan həmin kütlənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu tam şəkildə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən “Dəniz Palace” şadlıq sarayının yaxınlığında saxlanılmış, həmin ünvanda saat 15:15-dən etibarən özünün razılığı və iştirakı ilə üzərinə keçirilmiş baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “Patı” adı ilə tanıdığı, psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb baxışa təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisində ağ rəngli, kristallik formada, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmiş və saxlanılan şəxslə iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Qablaşdırılmış büküm elektron tərəzidə çəkilən zaman çəkisinin təxminən 12,88 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “patı” adı ilə tanıdığı həmin maddəni ## ######## 2025-ci il tarixdə Sumqayıt şəhərində parkdan tapdığını, istifadə məqsədilə götürüb üstündə saxladığını, istifadə etmədiyini, heç kimə vermədiyini, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, i.v 09-11). Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı üzərində daşıdığı psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin maddə qanunla müəyyən edilmiş qaydada götürülmüş, ekspertiza tədqiqatına təqdim edilmiş və məhkəmə ekspertizasının rəyi ilə onun təmiz çəkisi 11,841 qram olan psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin hallar baxış protokolu, ekspertiza rəyləri, videoçəkiliş materialları, şahid ifadələri və digər yazılı sübutlarla təsdiq olunmuşdur. Apellyasiya şikayətində təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təzyiq göstərilməsi, ibtidai araşdırma zamanı verdiyi ifadələrin məcburiyyət nəticəsində alınması barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin iddialar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işində olan məhkəmə-tibbi ekspertizasının ## ####### 2025-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində zor tətbiq edilməsini təsdiq edən hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin işgəncəyə və qanunsuz davranışlara məruz qalması barədə müraciəti üzrə aparılmış araşdırmanın nəticəsinə görə cinayət işinin başlanması rədd edilmiş və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfi isə bu nəticələri təkzib edən hər hansı mötəbər və mümkün sübut təqdim etməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirliliyi barədə nəticəyə yalnız onun ibtidai istintaq zamanı verdiyi ifadələr əsasında gəlməmişdir. Hökmün məzmunundan görünür ki, məhkəmə nəticələrini baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, videoçəkiliş, şahid ifadələri və digər sübutların məcmusu əsasında formalaşdırmışdır. Buna görə də müdafiə tərəfinin hökmün yalnız etiraf xarakterli ifadəyə əsaslanması barədə dəlili iş materialları ilə təkzib olunur. Apellyasiya şikayətində əməliyyat tədbirlərinin qanuniliyinin şübhə altına alınması barədə göstərilənlər də əsassızdır. Iş materiallarında əməliyyat məlumatı, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar, baxış protokolu və digər prosessual sənədlər mövcuddur. Həmin sənədlərin saxtalaşdırılması və ya qanunun tələblərinin pozulması ilə əldə edilməsi müəyyən edilməmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş sübutların mümkünlüyünü şübhə altına almağa əsas verən hallar aşkar olunmamışdır. Müdafiə tərəfinin məhkəmədə yalnız bir polis əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı arqumenti də hökmün ləğvi üçün əsas hesab edilə bilməz. Cinayət-prosessual qanunvericilik hər hansı halın yalnız müəyyən sayda şahid ifadəsi ilə təsdiq edilməsini tələb etmir. Şahid Şahid ifadələri iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil etmiş, məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Həmin ifadələrin qeyri-mötəbər hesab olunmasına əsas verən hallar müəyyən edilməmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, psixiatriya müəssisələrində qeydiyyatda olmaması və məcburi müalicəyə ehtiyacının müəyyən edilməməsi hallarına istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlaması faktını inkar etmir və onun cinayət məsuliyyətini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılmış, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verilmiş, yekun nəticə isə sübutların məcmusuna əsaslanmaqla formalaşdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, cinayət-prosessual qanunun tələblərinə cavab verir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır ona görə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müzakirə edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən anasının “Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyini nəzərə almış, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini səciyyələndirən halların əsas götürülərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə uyğun hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışları konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-138/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-138/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver