Məhkəmə qərarları › İş №1(3-8)-139/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-139/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-139/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Kazımov İsməli Əlican oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakimlər A.Əliyev (sədrlik edən), N.Hüseynli və N.Mirzəyev) ilə ## ###### 1968-ci ildə Xaçmaz rayonu, Niyazoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, tutulana qədər fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minmimum cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025-ci ilin may ayında əkin mövsümündə Xaçmaz rayonu Niyazoba kəndi ərazisində meşəlik sahədə torpağa qəsdən əkib onlara aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, bu fakt Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə saat 21:55-22:28 müddətində Xaçmaz rayonu Niyazoba kəndində 41.51503°N **.89979°E koordinatda yerləşən meşəlik sahəyə keçirilmiş baxış zamanı torpağa əkilmiş iki yanaşı yerdən, yəni birinci ərazidən ümumi təmiz çəkisi 1733 qram olan yaş vəziyyətdə 21 ədəd, ikinci ərazidən isə ümumi təmiz çəkisi 544 qram olan yaş vəziyyətdə 34 ədəd olmaqla ümumilikdə çəkisi 2277 qram olan yaş vəziyyətdə ümumi sayı 55 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qərəzli, əsassız və qanunsuzdur. Belə ki, məhkəmə cəza təyin edərkən onun yaşını, xəstə olmağını, əməlindən peşman olmağını nəzərə almamışdır. Mövcud qanunvericilik törədilmiş əmələ görə səmimi peşmançılığı yüngülləşdirici hal hesab etsə də, ibtidai istintaq orqanı, eləcə də məhkəmə qərəzli olaraq hesab etmişdir ki, onun əməlində cəzanı yüngülləşdirən hal yoxdur. Bundan başqa himayəsində yaşlı və xəstə anası var ki, ona da baxır. Bundan başqa həbsdə saxlanıldığı müddət ərzində törətdiyi əməlin cəmiyyət üçün təhlükəliliyi, mahiyyətini tam dərk edərək törətdiyi əmələ görə tam peşimandır. Törədilmiş əməli səmimi olaraq etiraf edərək peşman olması onun islah olunması kimi dəyərləndirilməlidir. Bunlar nəzərə alınmayaraq barəsində qərəzli, əsassız və qanunsuz hökm çıxarılmışdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi Kazımov İsməli Əlican oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilərək barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilərək, təqsirləndirilən şəxs barəsində yüngül cəzanın verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Xaçmaz RİH-nın MKTİ-nin nəzarətçi aqronomu şahid1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ##.##.2025ci il tarixdə xaçmaz RPŞ-nin əməkdaşları ilə birgə Xaçmaz rayonu Niyazabad kəndində yerləşən meşə massivində iki müxtəlif yerdə baxış keçirilən zaman hər bir yerdə müvafiq olaraq 21 ədəd , boyları təxminən 7 sm-dən 50 smdək, çəkisi ümumilikdə 5 kq 590 qram olan, digəri isə 34 ədəd, boyları təxminən 7 sm-dən 30 sm-dək, çəkisi ümumilikdə 715 qram olan, ümumilikdə 55 ədəd olan, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzəyən bitkilər tərəfimizdən əkilmiş torpaq sahəsindən çıxarılıb sayılaraq ekspertizaya təqdim edilməsi üçün möhürlənərək qablaşdırıldı. Həmin 55 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzəyən bitkilərə aqrotexniki qulluq edilmişdir, dibləri yumşaldılmışdır, günəş şüalarının təsiri altında mütəmadi olaraq suvarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsindən daxil olmuş ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN “Zərflər üçün № ** möhür əksi, “##.##.2025-ci il, Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində meşə massivinin içərisində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilmiş 21 ədəd tərkibində narkotik olan bitki götürülmüşdür, 1.Əhmədxan Qasımov /imza/; 2. Təqsirləndirilən şəxs /imza/, 3. şahid3 /imza/,

4. şahid4 /imza/, 5.Səxavət Abbasov /imza/; 6.şahid1 /imza/ ”əl yazıları olan kisə bağlamadakı ümumi sayı 21 (iyirmi bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi : 1733,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində : “AR DİN “Zərflər üçün № ** möhür əksi, “##.##.2025-ci il tarixində Xaçmaz rayonu, Niyazoba kəndində meşə massivində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilmiş narkotik maddə tərkibli bitki, ümumi sayı 34 ədəd götürülmüşdür, 1.Əhmədxan Qasımov /imza/; 2. Təqsirləndirilən şəxs /imza/, 3. şahid3 /imza/, 4. şahid4 /imza/; 5.şahid2 /imza/; 6.şahid1 /imza/” əl yazıları olan kisə bağlamadakı ümumi sayı: 34 (otuz dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi : 544,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 02 ədəd kisə bağlamada: ümumi sayı 55 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2277,0 qram olan eyni növə aid olub əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLI hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional sferasında hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək ona 140 saat ictimai işlər cəzası verilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş və hər biri üzrə məhkumluğu ödənilmişdir. Sonuncu dəfə o, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmiş, o, ##.##.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almışdır. Cinayət törətmiş və təqsiri müəyyən edilmiş şəxs barəsində cəza təyin edilərkən onun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmaqla cəza onun islah edilməsi məqsədi ilə təyin edilir ki, bu da cəzanın fərdi xarakter daşıdığını ehtiva edir. Təqsirləndirilən şəxsin barəsində cəza təyin edilərkən əməldə cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamışdır. Onun təqsirli bilindiyi əməl insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitənin becərilməsindən ibarətdir ki, bununla cəmiyyətin özəyi olan insanın həyatının məhvinə yönələn hərəkətlər etmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarı, ona xüusi qulluğun edilməsi onun əməlinə görə peşman olmasını barədə göstərdiyi halların formal mülahizələrdən ibarət kimi dəyərləndirilməli olması qənaətini formalaşdırmaqla, narkotik bitkinin miqdarı və şəxsiyyətini xarakterizə edən hallar da nəzərə alınarsa, təyin edilmiş cəza cəzanın məqsəd və prinsipləri baxımından ədalətli və qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-iN **-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Kazımov İsməli Əlican oğlunun vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Kazımov İsməli Əlican oğluna 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar