Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-142/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şimal Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Asif Əliyev (sədrlik edən), Nurəddin Hüseynli və Tariyel Quliyev) ## ###### 2005-ci il tarixdə Quba rayonu, Möhüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, ona CMnin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, ## #### 2025-ci il tarixdə, gecə saat 01 radələrində Quba rayonu, Möhüc kəndi ərazisində yerləşən şahid4 işlətdiyi kafedə spirtli içki pivə qəbul etdikdən sonra yenidən araq sifariş etmiş və şahid4 araq verməməsini bəhanə edib özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik etmiş, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında qərəzli hərəkətlər etmiş, mübahisənin gedişində kafenin qarşısında təsadüfən rastlaşdığı şahid4 qohumu Zərərçəkmiş şəxs ilə də mübahisə edərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə kənd ərazisində yerləşən yaşadığı evə gedib mətbəxdə olan bıçağı götürərək əynində olan şalvarın cibinə qoyub yenidən mübahisə yerinə qayıdaraq şüurunda yaratdığı cinayətkar əməlin ictimai təhlükəli olduğunu dərk etməklə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu edərək həmin bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən iki dəfə zərbə vurub sonuncuya müvafiq olaraq qarının ön divarında sağ epiqastral sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsinə səbəb olan batmış-kəsilmiş yara, göbəkdən sağda bir yerdə qarın boşluğuna nüfuz edərək piyliyin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan istər ayrı-ayrılıqda, istərsə də birlikdə yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsini, CM-in 221.3-cü maddəsi üzrə ittihama xitam verilməsini və CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır, işin faktiki hallarına və cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Hesab edir ki, məhkəmə əsassız olaraq əməli xuliqanlıq niyyəti ilə törədilmiş hesab etmişdir. Halbuki iş materiallarından açıq-aşkar görünür ki, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, mübahisə kafedə borc və spirtli içkinin verilməməsi səbəbindən yaranmış, tərəflər bir-birini tanımış və aralarında əvvəldən münasibətlər mövcud olmuşdur. Zərərçəkmiş şəxs də mübahisəyə qoşulmuş, tərəflər arasında qarşılıqlı fiziki təsir halları baş vermişdir. Hökmdə qeyd edilmişdir ki, mübahisənin səbəbi təqsirləndirilən şəxsin nalayiq ifadə işlətməsi olmuşdur. Amma eyni hökmdə görünür ki, mübahisə borc və içki verməmək üstündə başlamış, tərəflər bir-birini tanımış, münasibətləri olmuş, zərərçəkmiş şəxs özü də mübahisəyə qoşulmuş və fiziki təmas olmuşdur. Hesab edir ki, belə olan halda əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz təqsirləndirilən şəxs hadisə yerini tərk etmiş, bir müddət sonra geri qayıtmışdır ki, bu da onun davranışının ictimai qaydanı nümayişkaranə pozmaq məqsədi ilə deyil, konkret şəxsə yönəlmiş emosional reaksiya olduğunu göstərir. Bu isə artıq xuliqanlıq niyyətini istisna edən əsas hallardan biridir. Bu hallar isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən xuliqanlıq niyyətini istisna edir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi yalnız o halda tətbiq edilə bilər ki, əməl məhz xuliqanlıq niyyəti ilə törədilmiş olsun. Bu isə hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində xüsusi subyektiv əlamət kimi qəbul edilir və sübuta yetirilməsi zəruridir. Beləliklə, xuliqanlıq motivi sübuta yetirilmədiyi halda əməl CM-in 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən xuliqanlıq cinayətinin mövcudluğu barədə nəticə düzgün deyildir. İş materiallarından görünür ki, hadisə konkret şəxslər arasında baş vermiş, ictimai qaydanın kobud surətdə pozulması sübuta yetirilməmiş, hadisə şəxsi mübahisə xarakteri daşımışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarına əsasən belə hallarda əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə təcrübəsi göstərir ki, iki və ya daha çox şəxs arasında şəxsi münaqişə və məhdud mühitdə baş verən dava xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət işi materiallarından da göründüyü kimi, hadisə kütləvi xarakter daşımamış, konkret 2 nəfər arasında baş vermiş və əvvəlcədən ictimai mühitə yönəlmiş davranış olmamışdır. Bu səbəbdən heab edir ki, iş üzrə 221.3-cü maddəsi ilə ittihamın verilməsi üçün hüquqi əsasları mövcud deyildir və həmin hissədə cinayət tərkibi yoxdur. Proses iştirakçılarının çıxışları: Müdafiəçi müdafiəçi3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsini, CM-in 221.3-cü maddəsi üzrə ittihama xitam verilməsini, CMnin 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etdi. Təqsirləndiirlən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisəndirildiyindən, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, daha sonra birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi haqqında çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair ## ##### 2026-cı il tarixli, 1(124)-475/2025-cı il tarixli hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, baş vermiş cinayət hadisəsində təqsirləndirilən şəxsin əməli CM-nin 126.2.4 və 221.3-cü maddələri tövsif edilərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cinayət və cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədlər ilə Təqsirləndirilən şəxs CMnin 126.2.4 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, cinayət işi materiallarına əsasən təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, “2025-ci il ilin iyun ayında, hadisə baş verən günü o, işdən çıxdıqdan sonra Eldarla birlikdə Qubadan kəndə Loğmanın işlətdiyi kafeyə gediblər. Orada pivə içiblər, Sadıq da həmin vaxt orada olub. 1-2 bakal pivə içdikdən sonra o yenidən pivə istəyib və bu zaman Loğman ona pivə verməyəcəyini deyib və əvvəlki borcunu ödəməyini tələb edib. O da üzərində pul olmadığını, borcunu başqa vaxt ödəyəcəyini deyib və Loğmandan pivə gətirməyini istəyib. Borcunu ödəmədiyi üçün Loğman söyüş söyməyə başlayıb və bu zaman o, Loğmana ətrafda insanlar olduğunu və söyüş söyməməyini deyib. Mübahisə baş verməməsi üçün Eldar onu çölə çıxardıb və sonra Habil və Tahir maşınla oraya gəliblər. Onların haradan gəldiyini bilmir. Habil nə baş verdiyini soruşduqda Loğman Habilə onun (Xəyalın) Loğmandan pivə istədiyini, lakin pivə vermədiyinə görə guya onun (Xəyalın) Loğmanı söydüyünü deyib. Hadisə vaxtı birinci o yox, Loğman söyüş söyüb, daha sonra nə baş verdiyini xatırlamır.” Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Loğmanla münasibətləri yaxşı olub, aralarında narazılıq və sair olmayıb. Loğmanın kafesində təxminən 2-3 bakal pivə içib, pivədən başqa spirtli içki içməyib. Sərxoş vəziyyətdə olmayıb, normal olub. Əvvəlcədən Loğmana borcu olub, həmin borc hadisədən 10-15 gün əvvəl yaranıb, lakin həmin gün üzərində pul olmayıb. Kafedən çölə çıxanda Loğmanla əlbəyaxa mübahisələri olmayıb. Çölə çıxanda o Loğmanı söyüb. Habil Loğmanın qohumudu, Habil də onu söyüb. Çöldə olanda Habil onun sifətinə yumruq vurub, o da Habili vurmaq istəyəndə Eldar onu kənara çəkib. Sonra o, evə gedib, əsəbi olduğu üçün evdən bıçaq götürüb, bıçağı şalvarının cibinə qoyub və yenidən kafeyə qayıdıb. Orada Habil onu yenidən yumruqla vurub və daha sonra o, Habilə bıçaqla zərbə vurub. Həmin vaxt Habil onu söyməsəydi və vurmasaydı o da Habili bıçaqla vurmazdı. Bıçağı harasa, hazırda xatırlamadığı bir yerə atıb. Xatırladığı qədərilə hadisə günü orada Habil, Loğman və Tahir olub. Habili öldürmək məqsədi olmayıb. Əvvəllər Habil və Loğman ilə hər hansı ədavət və ya düşmənçiliyi olmayıb, əvvəldən bir-birilərini tanıyıblar. O, Habili bıçaqla vurduqdan sonra evə gedib. Evə gedəndən təxminən 1 saat sonra polis əməkdaşları onu bölməyə aparıblar. Habilə 1 dəfə zərbə vurduğunu xatırlayır, digərini xatırlamır. Habil onu vuranda o, zərbənin təsirindən yerə yıxılıb. Habil həm yaşca ondan böyük olduğuna görə, həm də fiziki cəhətdən ondan güclü olduğuna görə özünü müdafiə etmək üçün bıçaqdan istifadə edib...” Həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində zərərçəkmiş şəxs bildirmişdir ki,” ...gecə saat 12-1 radələrində evə qayıdan zaman kəndin mərkəzində yerləşən kafedə mübahisə baş verdiyini görüb. Həmin kafe Loğmana məxsusdur. Mübahisə edənləri sakitləşdirmək üçün maşını kənara çəkib və maşından düşüb. Bu zaman Xəyalın Loğmana söyüş söydüyünü eşidib. Eldar və Xəyalın əmisi oğlu Vəkil də orada olub. Nə baş verdiyini soruşduqda Xəyal Loğmanın ona pivə vermədiyini deyib, o da Xəyala belə bir məsələyə görə söyüş söyməsinin ayıb hərəkət olduğunu və səhər ayıq başla məsələni həll etmələrini bildirib. Oraya gələndən əvvəl o da qonaqlıqda az miqdarda spirtli içki qəbul edib. O, Xəyala qarşı söyüş söyməyib və onu vurmayıb. Az sonra Xəyal uzaqlaşaraq gedib və sonra o, nə baş verdiyini Loğmandan soruşub. O, Xəyalın borcunun olduğunu və bu səbəbdən ona pivə vermədiyinə görə Xəyalın onu söydüyünü deyib. Loğmana kafeni bağlayıb çıxmasını deyib. O da oğlunu evə aparıb və bir müddət sonra Tahir ilə birlikdə yenidən Loğmanın kafesinə gəlib. Maşından düşəndə Xəyalın ona tərəf gəldiyini görüb. Vəkil Xəyalı tutmaq istəyib, lakin Xəyal onun əlindən çıxıb. O və Xəyal əlbəyaxa mübahisə etməyə başlayıblar, bir-birlərinə zərbələr vurublar. Sonra Xəyalın onu bıçaqla qarın nahiyəsindən vurduğunu hiss edib. Ətrafda olan kənd uşaqları onları kənarlaşdırıblar...” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Xəyal üzərinə gələndə onun əlində bıçaq olduğunu görməyib. Xəyalın dedikləri doğru deyil, o, Xəyalı söyməyib. Onlar mübahisə edəndə Tahir, Sadıq, Loğman və Vəkil orada olublar. Xəyal ilə münasibətləri həmişə yaxşı olub. Kafeyə ikinci dəfə qayıtmaqda məqsədi Loğmanla danışıb kafeni birdəfəlik bağlamasını demək olub. O, ikinci dəfə kafeyə gələndə Xəyalın orada olacağını bilməyib...” Məhkəmədə şahid qismində dindirilmiş İsayev Tahir Xusrov oğlu ifadəsində bildirmişdir ki, “Hadisə günü o və Habil qonaqlıqdan çıxıb evə gedən zaman Loğmanın kafesində Loğman və Təqsirləndirilən şəxs mübahisə etdiyini görüb. Habil maşını kənarda saxlayıb və onlar maşından düşüblər. Habil Loğmandan nə üçün mübahisə etdiklərini soruşub. Loğman Xəyalın ondan pivə istədiyini, lakin borcunun olduğuna görə ona pivə vermədiyini və bu səbəbdən Xəyalın söyüş söydüyünü deyib. Habil Xəyala hazırda mübahisə etməmələrini və sabahısı gün məsələni həll etmələrini tapşırıb. Bu zaman Xəyal Habili söyməyə başlayıb, Eldar Xəyalı cəld oradan uzaqlaşdırıb və evinə aparıb. Habil Loğmana kafeni bağlayıb getməsini deyib, Loğman hazırda kafedə müştərilərin olduğunu deyib. Sonra onlar Habilin oğlunu evə aparıblar və bir müddət sonra yenidən kafeyə gəliblər. O, maşında olub, Habil Loğmanın yanına getmək üçün maşından düşüb. Sonra Sadıq maşına tərəf gəlib, Sadıq ona Xəyal və Habil arasında mübahisə yarandığını və Xəyalın Habili bıçaqla vurduğunu deyib. O, Habilin əli ilə qarın nahiyəsini tutduğunu görüb və Loğmana təcili tibbi yardıma zəng etməsini deyib. Təcili tibbi yardım gecikdiyinə görə Habili maşını ilə xəstəxanaya aparıblar.” Şahid İsayev Tahir Xusrov oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Birinci dəfə kafeyə gedəndə Xəyal və Habil arasında mübahisə yarandığını görməyib. Birinci dəfə kafeyə gedəndə Təqsirləndirilən şəxs həm Loğmanı, həm də Habili söyüb. Həmin gün Xəyal içkili vəziyyətdə olub, Xəyalın Habili bıçaqla vurduğunu görməyib. Xəyalı davakar, aqressiv və insanları durduq yerə söyən biri kimi tanımayıb.” Cinayət işi üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, “Kənd uşaqlarından bir nəfər onu çölə çağırıb və bu ərəfədə Xəyal təkrar pivə istəyib. Qəfildən içəridən səs-küy gəldiyini eşidib, o, içəri daxil olanda Xəyal və Loğman mübahisə edirmiş. O, Xəyalı çölə çıxardıb, sonra Habil və Tahir gəliblər. Xəyal çıxıb evə tərəf gedib. Loğman artıq kafeni bağlayıb çıxmaq üzrə imiş. Bir müddət sonra o, Xəyalın arxasınca gedib, yolun yarısında Xəyal pencəyinin kafedə qaldığını deyib. O, Xəyala Loğmanın kafeni bağlayıb getdiyini, orada heç kəsin olmadığını deyib, lakin Xəyal sözünə qulaq asmayıb və yenidən kafeyə qayıdıb, bu zaman o Xəyalın əlində bıçaq görməyib, o isə evə gedib. Birinci dəfə kafedə Xəyal və Habil arasında mübahisə olmayıb. Xəyal və Loğman birbirilərini söyürmüşlər. Hadisə günü pivə içsələr də, Xəyal və o sərxoş vəziyyətdə olmayıblar. Habil Xəyalı söyməyib, ikinci epizodda o, Xəyalın yanında olmayıb.” Cinayət işinin materiallarından, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələrinin eynilik təşkil edən hissələrindən görünür ki, onlar birbirilərini hadisədən əvvəl də tanımış və cinayət hadisəsi baş verənədək münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin təhlilindən görünür ki, təqsirləndirilən şəxslə kafeni işlədən Loğman adlı şahidin arasında kafedə yalnız sözlü mübahisə olmuş və onlar bir-birlərinə hər hansı xəsarət yetirməmişlər. Lakin şahid1 təqsirləndirilən şəxsi kafedən kənara çıxartdıqdan sonra sonuncu ilə zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində və digər ifadələrində zərərçəkmiş şəxslə aralarında mübahisənin yaranma səbəbi kimi zərərçəkmiş şəxsin onu yumruq zərbəsi ilə sifət nahiyyəsinə vurmasını göstərmiş və dəfələrlə qeyd etmişdir ki, həmin vaxt zərərçəkmiş onu söyməsəydi və vurmasaydı o da zərərçəkmiş şəxs Habili bıçaqla vurmazdı. Zərərçəkmiş şəxs ifadələrində təqsirləndirilən şəxsin sifət nahiyyəsinə yumruq zərbəsi vurmasını inkar etsə də, iş materiallarında olan “xxxx” X2 Xaçmaz rayon şöbəsinin ## #### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyi ilə həmin hal təkzib edilir. Qeyd edilən ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin sol gözünün altında və sol bazunun yuxarı 1/3-nin ön səthində qançır izləri aşkar edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Xaçmaz rayon şöbəsinin ## #### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün altında qançır və sol bazunun yuxarı 1/3-nin ön səthində qançır küt əşyanın (əşyaların) təsirindən törəməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni ## #### 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ifadələrində təqsirləndirilən şəxsi təhqir etməməsi, ona xəsarət yetirməməsi barədə bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin Loğman adlı şəxslə kafedə baş vermiş ilkin mübahisəsinin yalnız sözlü mübahisə olması və bir-birlərinə xəsarət yetirmədikləri halda ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətlər aşkar edilməsi onun ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, yəni zərərçəkmiş şəxsin onu yumruq zərbəsi ilə sifət nahiyyəsinə vurması ilə uzlaşır və inandırıcıdır. Bununla da, cinayət işi materiallarından göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilsə də, həmin ittihamın əsasını təşkil edən sübutları əsaslandırmamış, məhkumun əməlinin hüquqi tövsifində yanlış nəticəyə gəlmişdir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında sözlə başlayan mübahisədən sonra zərərçəkmişə xəsarət yetirmiş, başqa sözlə zərəçəkmiş şəxs mübahisəyə qoşulmamışdan əvvəl təqsirləndirilən şəxsin əməlində heç bir cinayət əməlinin tərkib əlamətləri olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının ## ######## 2025-ci il tarixli, **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, söz götürməmək kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli * saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı, məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Həmin Qərarın 6-cı bəndində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin İcmalında qeyd olunmuşdur ki, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Apellyasiya Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xuliqanlıq niyyəti müəyyən olunmadan təqsirləndirilən şəxs əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətinə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, məhkəmə subyektiv baxımdan cinayət əməlinin törədilməsinə səbəb olan, yəni təqsirləndirilən şəxs tərəfindən ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını) lazımi əhəmiyyət vermədən və onun şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, təqsirləndirilən şəxsin soyuq silah hesab edilməyən bıçaq istifadə etməklə törətməsindən çıxış etməklə, əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirmişdir, halbuki, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xuliqanlıq niyyəti ilə yaxud ümumi təhlükəli üsulla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təsvirinə görə, Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır (“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarı). Eyni müqabildən olan digər qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi daha öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № *, § 3, ## #### 2004-cü il ). Yuxarıda qeyd edilənləri təhlil etməklə, həmçinin aşağıdakılara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, baş vermiş cinayət hadisəsində təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.2.4 və 221.3-cü maddələri tövsif edilərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cinayət və cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və onun əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi olmamaqla, onun xuliqanlıq niyyəti olmadan yalnız zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün ## #### 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdırmış, Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə onun əməlinin hüquqi tövsifinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına baxmayaraq, işin faktiki hallarına, hadisənin baş vermə səbəbinə və törədilmə şəraitinə düzgün qiymət verməmiş və nəticədə mahiyyəti üzrə yanlış nəticəyə gələrək, elan edilmiş ittihamla razılaşıb, məhkum edilmiş şəxsi əsassız olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilərək, nəticədə sonuncunun həmin maddə ilə təqsirli bilinməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir ki, belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sonuncunun təqsirli bilindiyi CM-nin 126.2.4-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində münaqişə yaranmış onun həmin əməli xuliqanlıq niyyəti ilə törətməsi istisna etdiyindən, sonuncunun həmin əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətlərinin olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətlərinin olması iş materialları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təsdiq olunduğundan, həmin maddə ilə icraata xitam verilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin məhkum barəsində CM-nin 70ci maddəsinin tətbiqi ilə bağlı dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-nin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən normaların mənasına görə təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normalarını əsas tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, həmin hərəkətlərlə törədilən əməllərin baş vermə şəraiti, yeri, onun davranışları, cinayətin xarakteri, yəni zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu cəzalandırmaq niyyəti ilə bıçaqla qəsdən sağlamlığına ağır zərər yetirməsi ona qanunda nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini və cəza çəkmədən islah olunmasını qeyri mümkün edən amillər kimi qiymətləndirilməlidir. Bir sözlə, təqsirləndirilən şəxsin islah olunması sonuncuya təqsirli bilindiyi maddələrnin sanksiyası həddində təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın real çəkilməsi ilə mümkündür, bu, daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(124)-475/2025 nömrəli hökmü müdafiə tərəfinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməklə Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 126.2.4cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3cü maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(124)-475/2025 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla CM-nin 126.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 401, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(124)-475/2025 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-142/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-142/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver