Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-155/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən təqsirləndirilən şəxs1 münasibətdə verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakim Abusət Qasımov) təqsirləndirilən şəxs1 (## #### 2007-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə Bakı şəhər Probasiya Idarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi, cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ## ### 2025-ci il tarixdə saat 15:20 radələrində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən xxxx “ MMC-nin ərazisində həyətdə dayanıb ətrafı müşahidə etmiş və ətrafda heç kimin olmaması barədə təqsirləndirilən şəxs1 məlumatlandırmış, sonuncu isə həmin MMC-yə məxsus işçilərin istirahəti üçün nəzərdə tutulmuş otağa pəncərədən qanunsuz daxil olub oradan şkafın rəfindən “xxxx” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1150 manat dəyərində Samsung markalı, S23 Ultra modelli mobil telefonu gizli olaraq talayaraq 300 manata satıb pulu aralarında bölməklə oğurluq etmişlər. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs1 aid olan hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı kimi yekun nitqi ilə çıxış edərkən, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 2 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması tərəfindən məhkəməyə təklif edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cinayət qanununun normasının düzgün tətbiq edilməməsinə görə dəyişdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hadisənin törədildiyi vaxt yetkinlik yaşına çatmamasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsi iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək, barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, əməlində cəzanın ağırlaşdırıcı hallarının müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə islah olunmasını mümkün sayaraq təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab etmişdir. Təyin olunmuş cəzanın növü, yəni azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi özlüyündə mübahisə doğurmasa da, həmin cəzanın müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslər üçün müəyyən etdiyi maksimum hədlər nəzərə alınmadan təyin edilməsi qanunun tələblərinə zidd olmaqla, bu hissədə hökmün qanunvericiliyə uyğun dəyişdirilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmamış şəxslər yetkinlik yaşına çatmayan hesab olunduğundan, ## #### 2007-ci il təvəllüdlü təqsirləndirilən şəxs1 ## ### 2025-ci il tarixdə baş vermiş hadisə zamanı 18 yaşına çatmadığı üçün hüquqi baxımdan yetkinlik yaşına çatmayan şəxs hesab edilir və buna görə də onun barəsində cinayət məsuliyyəti və cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü fəsli, 85-ci maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanlara dair xüsusi qaydalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında’’ qərarının 11-1-ci bəndində açıq şəkildə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu kateqoriyadan olan şəxslər üçün yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş cəza növləri tətbiq edilə bilər və həmin Məcəllənin 85.2-85.5-ci maddələri ilə bu cəza növlərinin hər biri üzrə azaldılmış məbləğlər və qısaldılmış müddətlər müəyyən edilmişdir, bu isə o deməkdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza təyin edilərkən məhkəmə ümumi qaydalardan deyil, məhz xüsusi, daha yüngül və məhdudlaşdırılmış hüquqi rejimdən çıxış etməli, qanunla müəyyən edilmiş maksimum hədləri aşmamalıdır, lakin hazırki iş üzrə bu tələblərə əməl olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə tətbiq oluna bilən cəza növlərindən biri azadlığın məhdudlaşdırılması hesab edilir və həmin Məcəllənin 85.4-1-ci maddəsinə uyğun olaraq bu cəza növü yalnız iki aydan iki ilədək müddətə təyin oluna bilər. Bu səbəbdən yetkinlik yaşına çatmayan şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilərkən qanunverici tərəfindən müəyyən edilmiş bu maksimum hədd (iki il) aşılmamalı, əks halda təyin edilmiş cəza qanunun tələblərinə zidd hesab olunmalıdır. Hökmə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının maksimum həddi olan iki ildən artıq cəza təyin etmişdir ki, yetkinlik yaşına çatmayanlara münasibətdə tətbiq edilməli olan qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətləri nəzərə almamış, nəticədə isə qanunun imperativ tələblərini pozaraq qanunsuz və əsassız olaraq daha ağır cəza təyin etmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1 və 85.4- 1-ci maddələrinin tələblərinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olan təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının iki ildən artıq müddətə təyin edilməsi qanunsuz hesab olunduğundan, məhkəmə hökmü ona aid hissədə dəyişdirilməli təyin edilmiş cəza qanunvericiliklə müəyyən olunmuş hədlərə uyğunlaşdırılaraq iki ildən artıq olmayan müddətdə müəyyən edilməlidir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında apellyasiya protestini müdafiə edərək, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs1 aid olan hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi1 apellyasiya protestini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya protestinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya protestini müdafiə edən dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçinin apellyasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə apellyasiya protestinin birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslər üçün müəyyən etdiyi maksimum hədləri nəzərə almadan cəza təyin etməsi barədə dəlillərini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında’’ qərarının 11-1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 cəza təyin edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsi iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmiş, sonuncuya 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının maksimum həddindən çox, yəni iki ildən artıq cəza təyin etməklə yetkinlik yaşına çatmayanlara münasibətdə tətbiq edilməli olan qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətləri nəzərə almamış, sonuncuya daha ağır cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, hadisə ## ### 2025-ci il tarixdə baş vermişdir. Hadisə baş verdiyi zaman ## #### 2007-ci il təvəllüdlü təqsirləndirilən şəxs1 18 yaşına çatmadığı üçün hüquqi baxımdan yetkinlik yaşına çatmayan şəxs hesab edildiyindən barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanlara dair qaydalar tətbiq olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmaqla hökm qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbayca Respublikasının CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsi hökm və ya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397, 399.1.4, 403, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya protesti təmin olunsun. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-155/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-155/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver