Məhkəmə qərarları › İş №1(3-8)-167/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-167/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-167/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X4 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Həsənov İlyas Hüsən oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov İlyas Hüsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakim Xıdır Quliyev) ##.##.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, məhkumluğu olmayan, Yevlax rayonu, Əkşəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ## ###### 2025-ci il tarixdə saat 09:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək «İveco Trakker» markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşayış məntəqəsi hesab edilən Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən 29-cu kilometrində 60- 65 km/saat sürətlə idarə edib Yalama istiqamətində düzünə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib qarşıda eyni istiqamətdə düzünə hərəkət edən minik avtomobilinin sürücüsünün tormozu basmaqla idarə etdiyi avtomobili dayandığını görəndə toqquşmamaq üçün tormozu basmaqla idarə etdiyi yük avtomobilini sol tərəfə manevr etdirib yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə çıxaranda həmin vaxt Gəndob istiqamətində hərəkət edən «X3» markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 idarə etdiyi avtomobili Gəndob istiqamətində yolun sağ ehtiyat hissəsinə qaçırmış, belə olan halda «X3» markalı avtomobilin qabaq sol tərəfi ilə «İveco Trakker» markalı yük avtomobilinin qabaq sol hissəsi arasında Gəndob istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində toqquşma baş verməsi nəticəsində ehtiyatsızlıqdan «X3» markalı avtomobilin sürücüsü X1 baş-beyin toxumasına qansızına ilə müşahidə olunmuş sol said, hər iki bud və hər iki baldır sümüklərinin qapalı sınıqları kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş əsas azadlıqdan məhrumetmə cəzası və əlavə cəzanın şərti hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Himayəsində 3 azyaşlı uşağı və ataanasının olması, ailənin yeganə gəlir gətirən üzvü olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini ibtidai istintaq və məhkəmə istintaqı zamanı israrla bildirməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alnmamışdır. E..Babayev ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Onun rəsmi olaraq iş yeri olmuş və sürücü işləməklə, ailəsinin yeganə qazanc gətirən üzvü olmuşdur. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunanları nəzərə almamışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli hökmü dəyişdirilməklə CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti çəkilməsi barədə yeni qərar qərar qəbul edilməlidir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasında müdafiəçi təqsirləndirilən şəxslə birgə məhkəmə kollegiyasına ərizə təqdim edərək, apellyasiya şikayətində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş əsas azadlıqdan məhrumetmə cəzası və əlavə cəzanın şərti hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, hazırda təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiyanın elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin ## ###### 2025-ci il tarixli Qərarının 2.2, 5.2.2 və 5.3-cü bəndlərinin tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının 2.2, 5.2.2 və 5.3-cü bəndlərinin tətbiq edilməsi barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq olunmasının mümkün olmadığını, təyin edilmiş cəzanın ədalətli və qanuni olduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalanan hallar təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiqinə əsas vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi bu qənatə gələrkən maddi hüquq normalarının tələblərinə riayət etmişdir. Belə ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-nin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən intizam xarakterli hərbi hissədə saxlama cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə, qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi), şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən normaların mənasına görə təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normalarını əsas tutaraq qeyd edir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri ətraflı nəzərə alınaraq onun cəza çəkmədən islah olunmasını qeyri mümkün edən amillər kimi qiymətləndirilməlidir. Bir sözlə, təqsirləndirilən şəxsin islah olunması sonuncuya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi ilə mümkündür, bu, daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. Birinici instansiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir ki, məhkəmə də təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmçinin müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının 2.2, 5.2.2 və 5.3-cü bəndlərinin tətbiq edilməsinə dair dəlillərinə münasibətdə bildirir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.1 və 2.2ci bəndinin müddəalarına əsasən yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində amnistiya aktı ## ###### 2025-ci il tarixinədək çıxarılmış məhkəmə hökmlərinə şamil olunur. Hazırkı iş üzrə isə hökm qeyd olunan tarixdən sonra, yəni ##.##.2026-cı il tarixdə çıxarıldığından, həmin amnistiya aktının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiqi mümkün deyildir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar