Məhkəmə qərarları › İş №1(3-8)-192/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-192/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-192/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Samir İsmayılov) ##.##.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Dənizkənarı məhəllə, ev 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,239 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki şalvarının sağ yan kiçik cibində saxlamaqla daşımış, ## ######## 2025-ci il tarixdə, saat 21:03 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,239 qram metamfetamin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,309 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki boz rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, ## ####### 2025-ci il tarixdə, saat 11:40 radələrində Sumqayıt ŞPİnin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,309 qram metamfetamin əynindəki boz rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs apellyasiya şikayətində cəzasının azaldılmasını xahiş etsə də, məhkəmə baxışı zamanı şikayətə şifahi dəqiqləşmə verərək himayəsində azyaşlı uşağı olduğundan barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması, barəsində amnistiya aktının tətbiq edilməsi barədə dəlillərinin əsassız olduğunu, təyin edilmiş cəzanın ədalətli və qanuni olduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli həmçinin şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində cəzasının azaldılmasını xahiş etsə də, məhkəmə baxışı zamanı şikayətə şifahi dəqiqləşmə verərək barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsinə dair apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin qeyd etdiyi hal yəni himayəsində bir azyaşlı uşağının olması təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi və ya təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Belə ki, cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Əliyeva (Məmmədova) Lalə Əmrah qızı arasında ##.##.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış **** nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş ## ###### 2020-ci il təvəllüdlü X2 ananın - iddiaçı X3 yanında qalması, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə ## ###### 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2020-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aliment tələbinə dair işi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatındadır, hal-hazırda ödənilməyən 8.812 manat aliment borcu vardır, tələbkar şikayətçidir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bir azyaşlı uşağı olsa da, nikah pozulduqdan sonra uşaq ananın himayəsində saxlanılmış və uşaq yetkinlik yaşına çatana kimi Təqsirləndirilən şəxs aliment tutulması qət edilmiş, lakin Təqsirləndirilən şəxs aliment borclarını ödəməmiş və hazırda 8.812 manat aliment borcu vardır. Odur ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndində göstərilən əsasların Təqsirləndirilən şəxs barəsində yaranmaması, bu səbəbdən də onun barəsində amnistiya qərarının tətbiqinin mümkün olmaması barədə birinici instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olmuşdur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,cəzasının yüngülləşdirən hal kimi özünü təqsirli bilməsi, cinayətin törədilmə üsulunu və cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından ədalətli olmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər MƏhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş və ##.##.2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı Bakı Ağır Cinayətlər MƏhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş və ##.##.2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən ## ######## 2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 6 saata görə 66 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 6 iş saatına görə 66 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar