Məhkəmə qərarları › İş №1(3-8)-196/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-196/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-196/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Günel Ismayılova) Təqsirləndirilən şəxs (##.##.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2026-cı il tarixdə, saat 11:54-dən ##.##.2026-cı il tarixdə, saat 14:55-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bərabər tutularaq, 04 (dörd) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,266 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ## ###### 2026-cı il tarixdə, saat 11:54 dəqiqədə Sumqayıt ŞPI-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Impuls” tədris mərkəzinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,266 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün, cinayət qanunu normasının düzgün tətbiq olunaraq ona təqsirli bilindiyi maddənin sanksiyasına uyğun təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun normalarına, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmiş, həmin qərarlara formal yanaşılmışdır. Iş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən 0,266 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin ## #### 2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə olan metamfetaminə münasibətdə xeyli miqdar 0,15 qram, külli miqdar 2 qram müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə qeyd edilən siyahıda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə müəyyən edilmiş xeyli miqdarın münimum həddindən 1,8 dəfəyə yaxın çoxdur. Iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli l(***)-***/**** nömrəli hökmünə əsasən məhkum edildiyi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 7 ay hissəsi "08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il azaldılmışdır. Sumqayıt şəhər probasiya şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti bitdiyinə görə ##.##.2022-ci il tarixdə Sumqayıt Şəhər probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Qeyd olunanlar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hallar olmaqla yanaşı islah olunmadığına və cinayət törətməyə meyilli şəxs olduğuna, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilmədiyi təqdirdə yenidən cinayət törədəcəyinə və azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən boyun qaçıracağına dəlalət edir. Məhkəmə göstərilən bu halları nəzərə almamış, daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə əsassız olaraq təqsirləndirilən şəxsin islah olunacağı qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə işin hallarına, törədilən cinayətin xarakterinə uyğun olmayan cəza təyin etməklə yanaşı, cəza təyini zamanı cinayət qanununun normasının tələblərini də pozmuşdur. Cinayət Məcəlləsinin 52-1.1 -ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Hazırki iş üzrə məhkəmə hökmdə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması müəyyən edilmişdir. Halbuki işin hallarından görünür ki, təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Onun cəza müddətində Bakı və Sumqayıt şəhərlərində yaşamasını təsdiq edən, habelə Bakı və Sumqayıt şəhərlərində olmasını zəruri edən hal yoxdur. Bu qaydada cəza müəyyən edilməsi isə həmin cəzanın məqsədi ilə bağlı tələbləri pozmuşdur. Təqsirkar şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən məhkəmə onun konkret olaraq hansı yaşayış ərazisi hüdudlarını tərk etməməsini müəyyən etməli və bu zaman cəzanın məqsədinə nail olunub-olunmayacağını, həmçinin bunun təqsirkar üçün müəyyən məhrumiyyətlər yaradıbyaratmayacağını nəzərə almalıdır. Təqsirkar şəxsin azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətində tərk etməməli olduğu ərazi hüdudlarını geniş müəyyən etməklə məhkəmə cəzanın şəxs üçün məhrumiyyətlər yaratması və bununla da cəzanın məqsədinə nail olunmasına dair cinayət qanunun müddəalarını pozmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin qarşılığında cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almayaraq azadlığın məhdudlaşdırılması cəza təyin etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edərək, təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün, cinayət qanunu normasının düzgün tətbiq olunaraq ona təqsirli bilindiyi maddənin sanksiyasına uyğun birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək, hüquqlarını müdafiə etdiyi şəxsin vərəm xəstəsi olmasını, vərəm xəstəliyindən müalicə almasını, narkotik vasitənin az miqdarda olmasını nəzərə alaraq, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya protestinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə dövlət ittihamçısının, protestin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasına dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya protestində də mübahisələndirilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmaması, yüngüllüyünə görə açıqaydın ədalətsiz olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlililk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsi həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın açıq-aydın yüngül olması səbəbindən ədalətsiz olması və Azərbaycan Respublikası CM-in 8ci maddəsinin tələblərini ödəməməsi barədə tutarlı dəlillər gətirilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halı hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi, cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edir və törətdiyi əməldən peşmançılıq çəkir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM 9-cu maddə). Humanizm prinsipi cinayətdən zərərçəkən barəsində qayğı və mərhəmməti nəzərdə tutmaqla yanaşı eyni zamanda cinayətkara mərhəmətli münasibət bəslənməsini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində qeyd olunur ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021ci ilin ## ###### tarixli qərarının 48-ci maddəsinə görə cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmənin hökmündə nə üçün təqsirləndirilən şəxsə məhz azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, həm də Plenumun yuxarıda qeyd olunan Qərarının tövsiyələrini nəzərə alıb, haqlı olaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşman olmasını, yaşını, vərəm xəstəsi olmasını, narkotik vasitənin çəkisini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alan məhkəmə kollegiyası məhkuma azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün əsaslar görmür və az ciddi cəza növünün cəzanın məqsədlərinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, protestin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar