Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-201/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən Orucov İlkin Məhərrəm oğlunun və onun müdafiəçisi X1 iştirakı ilə, Orucov İlkin Məhərrəm oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən Orucov İlkin Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən Nurəddin Hüseynli, hakimlər Nahid Mirzəyev və İlham Cəfərzadə) ## ###### 1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 10-da qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 129-da yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Orucov İlkin Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilimişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Orucov İlkin Məhərrəm oğlu ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “ASAN” xidmət mərkəzi yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə külli miqdarda, 5,805 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 100 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, ## #### 2025-ci il tarixdə saat 22:58 dəqiqədə Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 565 ünvanında yerləşən binanın qarşısında saxlanılıb, orada həmin gün saat 22:58-dən 23:07-yə kimi onun üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə 5,805 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsindən hökmündən narazı qalan təqsirləndirilən şəxs Orucov İlkin Məhərrəm oğlu apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı tarixli hökmünün ləğv edilməsi, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia olunan psixotrop maddənin ona aidiyyatı yoxdur. O, bir qadının vasitəsilə aldadılaraq həmin yerə gəlmiş, qadın ona bank işçisi olmasını, guya ona uduşda 300 manatlıq Umico kartı çıxmasını demiş, o da avamlıq edib kartı götürməyə gedəndə (kuryer vasitəsilə) polis tərəfindən tutulmuşdur. O, edilən hədə qorxu nəticəsində törətdiyi cinayəti boynuna götürməyə və polislərin dediyi videoçəkilişə razı olub üzərinə narkotik yerləşdirilməsinə məcbur olmuşdur. İbtidai istintaqda ondan hədə-qorxu, fiziki zorakılıqla ifadə alınmışdır. Məhkəmədə həqiqəti demiş, lakin verdiyi ifadəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən Orucov İlkin Məhərrəm oğlu və onun müdafiəçisi X1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Orucov İlkin Məhərrəm oğlunun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə əlaqədar dediklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təsirə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsdə heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs ona qarşı verilmiş ittihamda göstərilən vaxtdan bir neçə saat əvvəl tutulduğunu bildirsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə məxsus telefon nömrələrinin anten məlumatlarına əsasən müəyyən olunur ki, İlkin Orucov özünün qeyd etdiyi saatlarda Bakı şəhəri ərazisində olmuş və ##.##.2025-ci il tarixdə saat 22-23 radələrində ittihamda qeyd olunan ünvanda olmuşdur. Həmçinin təqsirləndirilən şəxs anten məlumatlarına əsasən ifadəsində bildirdiyi kimi Abşeron RPİ-nə getməsi və geri qayıtması müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, İlkin Orucovun ibtidai istintaq zamanı verdiyi ifaələri daha inandırıcıdır. Belə ki, həmin ifadələr digər sübutlarla, yəni şahidlərin ifadələri, ekspert rəyləri, şübhəli şəxsin üstünün yoxlanılması protokolu və digər sənədlərlə dəstəklənmişdir. Eyni zamanda məhkəməyədək icraat dövründə İlkin Orucov tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X2 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında həddində daha sərt cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin məhkumluqdan uzun müddət keçmiş və həmin məhkumluq ödənilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, təqsiləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin miqdarı da kifayət qədər az olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla ona daha yüngül cəza təyin edilməsi məqsədə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə münasibətdə dəyişdirilməlidir. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. CPM-nin 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən Orucov İlkin Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə Orucov İlkin Məhərrəm oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Orucov İlkin Məhərrəm oğlunun apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-201/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-201/2026
02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver