Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-202/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğlunun və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İbrahimov Arif Gürşad oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakim F.Kərimova) ilə ##.##.1978-ci ildə Laçın rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Laçın rayonu Mişni kəndində qeydiyyatda və Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 31/38, mənzil 75-də yaşamış, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İbrahimov Arif Gürşad oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İbrahimov Arif Gürşad oğluna Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, İbrahimov Arif Gürşad oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə iş üzrə üzrə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən cəzasının azaldıldığı 6 ay müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 01 gün, ümumilikdə 06 (ay) 01 (bir) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, İbrahimov Arif Gürşad oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunması və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin nəzərə alınması, təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən İbrahimov Arif Gürşad oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilnərək ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs iki övladının Azərbaycan Dövlət Tibb Unversitetinə qəbul etdirəcəyinə yalandan vəd verib aldadaraq, 2023-cü ilin may ayında Cəlilbad rayonu, Göytəpə şəhərində yerləşən “Ruzi” marketə quraşdırılmış Milli-ön ödəmə terminalı vasitəsilə onun “xxxx” ASC-yə məxsus 4169 7388 4749 **** nömrəli kart hesabına iki dəfəyə, hər dəfə 10.000 manat olmaqla göndərdiyi ümumilikdə 20 000 manatı, 2023-cü ilin iyun ayında onun adından qohumu şahid1 Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Limon” marketdə olan Milli-ön ödəmə terminalı vasitəsi ilə onun həmin kart hesabına göndərdiyi 3000 manatı və 2023-cü ilin avqust ayında onun adından qohumu şahid1 həmin marketə quraşdırılmış Milli-ön ödəmə terminalı vasitəsi ilə onun həmin kart hesabına göndərdiyi 3000 manatı, ümumilikdə vahid niyyətlə 26 000 manat məbləğində nağd pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hökm çıxarılarkən nə qismən ödəyici olması, nə də himayəsində azyaşlı uşağının olması nəzərə alınmamış, nə də vəsatəti qəbul edilməmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmünün çıxarılması gəldiyi nəticəni təqsirləndirilən şəxsin ittiham olunduğu birinci epizod üzrə cəlb etmə müddətinin keçməsi, ikinci epizod üzrə isə cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hal kimi ziyanın bir qismini ödəməsini, ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək qeyd edir ki, təqirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və aparılmış istintaq hərəkətlərinin nəticəsində toplanılmış sübutların müqayisəli təhlili nəticəsində təsdiq edilir. Təqsirləndirilən şəxsin təqsirliliyinə dair birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Arif İbrahimovun müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə yol verməmiş, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmiş, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İttiham üzrə təqsiri etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutların ilə müqayisəli təhili nəticəsində təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində ittiham üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi qənaətinə gəlinərkən ağırlaşdırıcı halın olmamasını, yüngülləşdirici halın olmasını nəzərə alınmışdır. Zərərçəkmiş şəxs ona dəymiş zərərin tam ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. A.İbrahimov zərərçəkmiş şəxsə verilməsindən ötrü 5000 manat məbləğində pulu müstəntiqə verildiyini, lakin həmin pul zərərçəkmiş şəxsə verilmədiyi barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, müstəntiqin mübahisələndirilən hərəkəti hazırkı cinayət mühakimə icraatı qaydasında deyil, müstəqil aydınlaşdırılmalı olan haldır. Həmin pul məbləğinin hər hansı təsdiq edici sənədlə də verilmədiyi nəzərə alınarsa, hazırda zərərçəkmiş şəxsə ödənilmiş zərər məbləği çərçivəsinə dəyərləndirilməsi mümkünsüzdür. Lakin o, müstəqil aydınlaşdırılaraq sübut ediləcəyi təqdirdə, bu hal istisna edilməməlidir. Qeyd edilməlidir ki, İbrahimov Arif Gürşad oğlunun təqsirli bilindiyi maddə üzrə cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur. Onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən ictimai təhlükəli əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməməsi, zərərli nəticələrin aradan qaldırılmaması və zərərçəkmiş şəxsin şikayətçi olması nəzərə alınarsa, cəzanın məqsəd və prinsiplərinə nail olunmasından ötrü barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və əsaslı hesab edilməlidir. İstinad edilən hallar ilə təyin edilən cəzanın həddi üzrə də dəyərləndirilmə aparılması, həmin cəza müddətinin ədalətli olması qənaətini də hasil edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğluna göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İbrahimov Arif Gürşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İbrahimov Arif Gürşad oğlunun apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-202/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-202/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver