Məhkəmə qərarları › İş №1(3-8)-203/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-203/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-203/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Elçin Qüdrət oğlu və X2 ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim G.R.Ismayılova) ##.##.1961-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, XXXXXXX icraatında olan, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi və iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair birləşdirilmiş kommersiya işi üzrə məhkəmə baxışı zamanı, “xxxx” MMC-nin nümayəndəsi kimi dəfələrlə işə düzgün, tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən açıq-aşkar əsassız etiraz və vəsatətlər verdiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmiş, ## ##### 2025-ci il tarixdə həmin cərimənin onun üzərindən götürülməsi ilə bağlı müraciət etdiyi və “elektron məhkəmə” informasiya sistemində yaradılmış, digər proses iştirakçılarının da həmin sistemdə yerləşdirilmiş bütün sənədlərlə tanış olmaq imkanı nəzərdə tutulan elektron kabinetə yerləşdirdiyi ərizəsində işə baxan hakimin ünvanına şəxsin şərəf və ləyaqətini alçaldan təhqiramiz semantikaya malik “yaramaz”, “nadan”, “alçaq” və “kişi fahişəsi” və s. kimi qeyri-etik ifadələrdən istifadə edərək hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən narazı olmasını onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittihamın əsassız və saxta olmasını müəyyən etmək üçün ## ##### 2025-ci il tarixdə Məhkəmələrin Elektron Sistemi vasitəsilə elektron kabinetə yerləşdirdiyi ərizənin tədqiqi kifayət edərdi. Əgər ittihamın əsası məhz həmin ərizə olmuşdursa, onun cinayət işinin materiallarına əlavə edilməməsi ittihamın əsassız olduğunu göstərir. Məhkəmə baxışı zamanı həmin ərizənin cinayət işinin materiallarına əlavə edilməsi və ərizədə göstərilən halların tədqiq olunması barədə dəfələrlə vəsatət qaldırmasına baxmayaraq, vəsatətlər təmin edilməmişdir. Onun iddiasına görə, buna səbəb ərizədə istifadə olunmuş və ittihamda qeyri-etik ifadələr kimi göstərilən "yaramaz", "nadan", "alçaq", "kişi fahişəsi" və digər ifadələrin xxxxxxxx aidiyyəti olmamasıdır. Ittiham üzrə ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş təxminən 200 vərəqdən ibarət sənədlər toplusu saxtalaşdırılmışdır. O, məhkəməyə təqdim etdiyi on mindən artıq sübutun həmin saxtalaşdırmanı və onu törədən şəxslərin məqsədlərini ifşa etdiyini, lakin həmin sübutların nə tədqiq edilməsinə imkan verildiyini, nə də onlara istinad edilməsinə şərait yaradıldığını bildirmişdir. Göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin, eləcə də müdafiə tərəfinin apellyasiya şikayətilə əlaqədar məhkəmədə bildirdiklərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 289.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, ittihamda qeyd olunan ifadələri xxxx ünvanlamamışdır. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxs qeyd olunan ifadələrin xxxxx lə əlaqəsi olmadığını, ifadələrin ona ünvanlanmadığını bildirmədiyindən həmin ifadələrin linqvistik mənada təhqir hesab edilib-edilməməsi, kimə ünvanlanması məsələsi də ətraflı araşdırılmalı idi. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda həmin maddə ilə məhkum edilməsinin qanunsuz olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 289.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 289.2-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 289.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 289.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, “Elektron Məhkəmə Informasiya Sistemi”ndən çıxarışdan görünür ki, ##.##.2025ci il tarixdə, saat 20:45:55-də Təqsirləndirilən şəxs tərəfindən xxxxxxxxxx icraatında olan kommersiya mübahisəsi üzrə şikayət ərizəsi yüklənmiş və həmin şikayət ərizəsində qeyd edilmişdir ki, “Belə ki, xxxxxqızım yaşda olan hakimi xxxxxx iradəsinin ziddinə, X1 cavabdeh xxxxx əndaşı olan şəxsə qarşı pul tələbinə dair mülki iş üzrə, təkidinizlə ona qəbul etdirdiyiniz ##.##.2023-cü il tarixli qərardadla, nə qədər yaramaz, nadan və şərəfsizin birisi olduğunuzu isbatlamaqla yanaşı, öz əllərinizlə alnınıza, silinməsi mümkün olmayan “Mən kişi fahişəsiyəm” damğasını da həkk etdirdiniz” və “Bununla da, bu müraciətimdəki və təkzib olunması mümkünsüz olan cənabi dəlillərin mövcudluğu ilə, xxxx yaramazlığı, nadanlığı, alçaqlığı tam ifşa edilməklə, onun adicə bir dələduz və dəllal olduğu tam təsdiqini tapmış və bu hərəkətlərini nəyin müqabilində etdiyini də əlavə etsək görərik ki, onun həyatının hədəf və məqsədləri, yalnız və yalnız qurşaqdan aşağıdakı heyvani hislərinin təmin edilməsindən ibarətdir” (cild 1, i.v. 31- 33). “xxxx” MMC-nin direktoru şahid1 tərəfindən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsinə yazılmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə heç bir bağlılığı qalmamış, onun istintaq orqanının və prokurorluq orqanının vəzifəli şəxslərinin ünvanlarına yazmış olduğu qeyri-etik xarakterli şikayət və ərizələrə görə cəmiyyət və o heç bir məsuliyyət daşımır. Bildirdiklərinin təsdiqi olaraq Təqsirləndirilən şəxs işdən kənarlaşdırılmasına dair əmrin, məhkəmədə iştirakına xitam verilməsinə dair arayışın, cərimə olunmasına dair qərardadın və cinayət tərkibinə dair xüsusi qərardadın surətini ərizəsinə əlavə edir. Güman edir ki, müəyyən boşluqdan istifadə edərək şəxsi ambisiyalardan çıxış edən Təqsirləndirilən şəxs etdikləri, onun barəsində qərəzli və ədalətsiz araşdırma aparılmasına əsas ola bilməz (cild 1, i.v. 34-35). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab verərkən ##.##.2025-ci il tarixdə xxxxx elektron kabinetinə ünvanladığı müraciətində həmin məhkəmənin xxxxxx ünvanına qeyd edilən ifadələri işlətdiyini və bunu düz etdiyini və əməlindən peşman olmamasını bildirmişdir (cild 1, i.v.16-22). CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 289.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etdiyi iddia olunan ## ##### 2025-ci il tarixli elektron ərizənin cinayət işinin materiallarına əlavə edilmədiyini və həmin sənədin tədqiq olunmamasını hökmün ləğvi üçün əsas kimi göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirli bilinməsi hər hansı bir ayrıca sənədə deyil, ibtidai istintaq zamanı qanunla müəyyən edilmiş qaydada toplanmış, məhkəmə baxışı zamanı isə bilavasitə tədqiq edilərək qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Məhz hökmdə istinad edilən yuxarıda da qeyd edilən cinayət işinin materiallarında olan (cild 1, i.v. 31-33) sənədlər məhz təqsirləndirilən şəxs tərəfindən elektrpn məhkəmə sisteminə yerləşdirilmişdir ki, birinci instansiya məhkəməsi də hökm çıxararkən məhz həmin sübutlar toplusuna əsaslanmışdır. Məhkum olunmuş şəxsin elektron ərizənin cinayət işinə əlavə olunması barədə vəsatətlərinin təmin edilməməsinin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməsi üçün də əsaslar müəyyən edilməmişdir. Çünki cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış sənədlər mövcud olduğu halda, vəsatətin təmin edilməməsi Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında məhkum olunmuş şəxs və onun müdafiəçisi tərəfindən ittihamda göstərilən ifadələrin xxxxxxxx xxxxx ünvanlanmadığı, həmin ifadələrin linqvistik baxımdan təhqir hesab olunmasının ayrıca araşdırılmalı olduğu bildirilmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin xüsusatları araşdırmış, ifadələrin işlədilmə şəraitini, məzmununu, istifadə olunduğu konteksti və digər sübutlarla qarşılıqlı əlaqəsini qiymətləndirmiş, bundan sonra onların zərərçəkmiş şəxsə yönəldiyi və cinayət qanununda nəzərdə tutulmuş əməlin obyektiv əlamətlərini təşkil etdiyi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində isə həmin nəticəni təkzib edən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi zamanı yol verdiyi konkret qanun pozuntusunu göstərən hər hansı yeni hal və ya sübut təqdim edilməmişdir. Məhkum olunmuş şəxsin ibtidai istintaq zamanı toplanmış sənədlərin saxtalaşdırılması və onun təqdim etdiyi çoxsaylı sübutların araşdırılmaması barədə iddiaları da ümumi mülahizə xarakteri daşıyır və iş materialları ilə öz təsdiqini tapmır. Cinayət-prosessual qanunvericilik sübutların sayına deyil, onların aidiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayətliliyinə hüquqi qiymət verilməsini tələb edir. Təqsirləndirilən şəxsin təqdim etdiyi çoxsaylı sənədlərin mövcudluğu özlüyündə həmin sənədlərin cinayət işi üzrə sübut əhəmiyyətinə malik olmasını və ya onların hökmə təsir göstərə biləcək halları təsdiq etməsini ifadə etmir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sübutları araşdıraraq onlara CPM-in tələblərinə uyğun hüquqi qiymət vermiş, qəbul etdiyi nəticələri hökmdə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, müdafiə tərəfinin linqvistik ekspertiza keçirilməsi və ya ifadələrin kimə ünvanlanmasının əlavə araşdırılması barədə mövqeyi də hökmün ləğvi üçün əsas yaratmır. Çünki iş üzrə toplanmış sübutlar, o cümlədən ## #### 2025ci il tarixli */*** nömrəli Məhkəmə-linqvistik ekspertizasının rəyindən də göründüyü kimi, ## ##### 2025-ci il tarixində Təqsirləndirilən şəxs xxxx in ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadına əsasən onun üzərinə qoyulmuş cərimənin götürülməsi ilə bağlı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə müraciət etdiyi ərizəsində işə baxmış məhkəmənin sədri xxxxxxx ünvanına işlədilən “yaramaz”, “nadan”, “alçaq” və “kişi fahişəsi” kimi ifadələr şəxsin şərəf və ləyaqətini alçaldan təhqiramiz semantikaya malik ifadələrdir (cild 1, i.v. 91-93). Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 289.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır ona görə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müzakirə edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 289.2-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışları konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 on cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 6 (altı) iş saatına görə ödənilməli olan 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 66 (altmış altı) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar