Məhkəmə qərarları › İş №1(3-8)-227/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-227/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-227/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru X1, Təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlunun və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Orucov İslam Ehtibar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ##.##.2007-ci il tarixində Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Şahvəlli ərazi dairəsi, Niyazqulular kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Orucov İslam Ehtibar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Orucov İslam Ehtibar oğlunun ##.##.2026-ci il tarixdən ##.##.2026-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026cı il tarixdən hesablanması, Orucov İslam Ehtibar oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilməsi, Orucov İslam Ehtibar oğlunun barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Orucov İslam Ehtibar oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 (bir) ədəd şəffaf sellofan bükümündə, kustar üsulla hazırlanmış, 8,240 qram çəkidə narkotik vasitə “marixuana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı ## ###### 2026-cı il tarixdə, saat 15:53-də, Sumqayıt şəhəri, 9-cu məhəllə, MTE-nın yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən onun əynindəki gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə 8,240 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə “marixuana” aşkar edilərək götürülmüşdür. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün qismən ləğv edilməsi, təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası dəyişdirilərək təqsiləndirilən şəxs barəsində azadlığın müəyyən müddətə məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə Orucov İslam Ehtibar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, məhkəmə heç bir hüquqi və ciddi əsaslar olmadan şəxs barəsində maddinin sanksiyasında olan ən ağır cəzanı, yəni azadlıqdan məhrum eləmə cəzasını seçmişdir. Nə təqsirləndirilən şəxsi səciyyələndirilən hallar ilə, nə də cinayət işinin faktiki və hüquqi halları ilə şəxs barəsində həbs növündə cəzanın verilməsi üçün əsaslar olmamışdır. Məhkəmə şəxs barəsində həbs seçən zaman həbsin seçilməsi üçün bir əsas irəli sürdüyü zaman, həbsin seçilməməsi üçün onlarla əsasın olduğunu nəzərə belə almamışdır. Belə ki, məhkəmənin də məlumatı var idi ki, şəxs ikinci dəfə həbs ediləndən sonra öz istəyi ilə müalicə müəssisəsinə yerləşmiş və davamlı müalicə alaraq aslılıqdan azad olmuşdur. Bu hal onun islah olunması üçün həbsin gərəksiz olduğunu təsdiq edir. Şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan və barəsində yenidən cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri deyil, polisin nəzarətinə vermə qətiimkan tədbiri seçilmişdir. Saxlanıldığı ## ###### 2026-cı il tarixindən ## ### 2026-cı ilə kimi olan uzun müddətdə şəxs azadlıqda olmuş və müalicə aldığı üçün aslılıqdan azad olmuş və yenidən oxşar cinayət və ya inzibati xəta halına yol verməmişdir. Bu hal şəxsin islah olunması üçün həbs edilməsinə ehtiyac olmadığını göstərir. Şəxs polis nəzarəti qətiimkan tədbirində olduğu 4 aydan çox müddətdə istintaqdan və məhkəmədən yayınmamış, qaçmamış və gizlənməmişdir. Əksinə ibtidai istintaqın və məhkəmə istintaqına yardım etmişdir. Bu hal onun həbs edilməməsi üçün əsaslardan daha biridir. Məhkəmə nəzərə almamışdır ki, şəxs 2007-ci il təvəllüdlüdür və 19 yaşı vardır. 19 yaşlı şəxsin sanksiyasında alternativ cəzalar olan maddə ilə ittiham oluduğu təqdirdə həbs edilməsi onun törətdiyi əmələ görə çox ağır cəzalandırılması deməkdir və bu hal şəxsin islah edilməsinə deyil, qanuna və məhkəmə hakimiyyətinə inamsızlığın yaranmasına gətirib çıxardır. 19 yaşlı şəxsin müalicə alaraq aslılqıdan uzaqlaşdığı dövürdə onun həbs cəzasına məkum edilməsi onun islah edilməsinə deyil, əksinə qatə cinayətkarlar ilə bir yerdə cəzaçəkmə müəssisəsində olmasına, psixalogiyasının pozulmasına, yenidən aslılıqlarının yaranmasına gətirib çıxarda bilər. Bu hüquqi və mənəvi tərəfləri nəzərə almadan ağır cəzanın verilməsi əsassız olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün qismən ləğv edilməsi, təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası dəyişdirilərək təqsiləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Orucov İslam Ehtibar oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin və protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən Orucov İslam Ehtibar oğlunun yuxarıda sadalanan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Cinayət işinin 86-cı vərəqəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2026-cı il tarixli sorğudan görünür ki, Orucov İslam Ehtibar oğlu yetkinlik yaşına çatmadığı dövrdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa ##.##.2024-cü il tarixində barəsində başlanmış CM-in 185.1-ci maddəsi ilə cinayət işi CPM-in 40.3-cü və CM-in 73.2- ci maddələrinin tələblərinə əsasən rədd edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan ##.##.2026-cı il tarixli Sumqayıt şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Orucov İslam Ehtibar oğlu “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinin təsiri altına düşdüyü üçün qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Orucov İslam Ehtibar oğlunun özünü təqsirli bilməsini, əməlindən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq Orucov İslam Ehtibar oğluna münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisinin 8,240 qram olmaqla kifayət qədər az miqdarda olmasını, o cümlədən yaşını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Orucov İslam Ehtibar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Orucov İslam Ehtibar oğlunun ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddət və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Orucov İslam Ehtibar oğlunun üzərində 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Orucov İslam Ehtibar oğlunun ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri onun üzərinə qoyulsun. Qərarın icrasına nəzarət Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Orucov İslam Ehtibar oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar