Məhkəmə qərarları › İş №1(3-8)-235/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-235/2026

27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-235/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Bünyatov Əbülfət İbrahim oğlu və X1 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (Hakim Abusət Qasımov) ## ###### 1991-ci il tarixdə Laçın rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərərk ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## #### 1994-cü ildə Şamaxı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı, ümumilikdə 1 (bir) il 06 (altı) ay 13 (on üç) gün, habelə hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və amnistiya aktının tətbiqi nəticəsində azaldılmış 6 (altı) ay müddət, cəmi 2 (iki) il 15 (on beş) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 2 (iki) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış "Yamaha" markalı "EF5200E FW" modelli işıq generatorunun zərərçəkmiş şəxs4 təhvil verilməsi və 1 ədəd «Toyota Prius» markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 qaytarılmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ## ###### 2024-cü il tarixdə saat 14 radələrində birlikdə sonuncunun idarə etdiyi “Tayota Prius” markalı ** HE *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi daş karxanasına gələrək oradan 2500 manat dəyərində bir ədəd “Yamaha” markalı “EF5200E FW” modelli işıq generatorunu və hər birinin qiyməti 300 manat olan iki ədəd yük avtomobilinin akkumlyatorunu avtomobilə yükləyib gizli olaraq talamaqla zərərçəkmiş zərərçəkmiş şəxs4 ümumilikdə 3100 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ## ###### 2024-cü il tarixdə saat 4 radələrində sonuncunun idarə etdiyi “Toyota Prius” markalı son nömrəsi 752 olan lakin dövlət qeydiyyat nömrə nişanı istintaqa tam məlum olmayan avtomobillə zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Qobustan kəndində yerləşən fərdi evin qarşısına gəlib, aralarındakı razılaşmaya əsasən təqsirləndirilən şəxs1 küçədə qalaraq evin ətrafında mövqe seçib ətrafı müşahidə etməklə gələn olarsa ona məlumat verməsi üçün gözləmiş, o isə küçəyə çıxan qapını əli ilə itələyib açaraq evin həyətyanı sahəsinə, sonra həyətyanı sahədə yerləşən tövləyə qanunsuz daxil olub oradan hər birinin qiyməti 500 manat olan 06 baş erkək toğlunu gizli olaraq talayıb zərərçəkmiş zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ## ###### 2025-ci il tarixdə saat 04 radələrində sonuncunun idarə etdiyi “Toyota Prius” markalı son nömrəsi 752 olan lakin dövlət qeydiyyat nömrə nişanı istintaqa tam məlum olmayan avtomobillə zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi evin qarşısına gəlib, aralarındakı razılaşmaya əsasən təqsirləndirilən şəxs1 küçədə qalaraq evin ətrafında mövqe seçib ətrafı müşahidə etməklə gələn olarsa ona məlumat verməsi üçün gözləmiş, o isə evin küçəyə çıxan qapısını avtomobildən götürdüyü dəmir açarla qıraraq həyətyanı sahəyə, sonra isə həyətyanı sahədəki tövləyə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 5000 manat olan 04 baş simmental cins olan inəyi gizli olaraq talayıb zərərçəkmiş zərərçəkmiş şəxs1 ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ## #### 2025-ci il tarixdə saat 04 radələrində sonuncunun idarə etdiyi “Toyota Prius” markalı son nömrəsi 752 olan lakin dövlət nömrə nişanı istintaqa tam məlum olmayan avtomobillə zərərçəkmiş şəxs3 İbrahim qızının yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evin qarşısına gəlib, aralarındakı razılaşmaya əsasən təqsirləndirilən şəxs1 küçədə qalaraq evin ətrafında mövqe seçib ətrafı müşahidə etməklə gələn olarsa ona məlumat verməsi üçün gözləmiş, o isə evin həyətində yerləşən tövlənin küçəyə çıxan qapısını avtomobildən götürdüyü dəmir açarla qıraraq qanunsuz içəri daxil olduqdan sonra oradan hər birinin qiyməti 2500 manat olan üç 03 baş iribuynuzlu heyvanı, yəni 02 baş inək və 01 baş erkək dananı gizli olaraq talayıb zərərçəkmiş zərərçəkmiş şəxs3 İbrahim qızına ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələr üzrə ən yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulan maddi ziyana görə heç bir ödəniş olunmamasına baxmayaraq sonuncular barəsində ittiham olunduqları maddənin ən aşağı həddində cəza təyin edilmişdir. Onun ailəsinin yeganə dolanışıq vasitəsi olan iri buynuzlu mal-qara təqsirləndirilən şəxslər tərəfindən yaxınlarının fermalarında saxlanılmışdır. Ona görə də təqsirləndirilən şəxslər barəsində ən ağır cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək ona dəymiş 20000 maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslər və sonuncuların yaxınları tərəfindən buna dair heç bir cəhd olunmadığını, təqsirləndirilən şəxslər barəsində təyin edilmiş cəzanın müddətinin artırılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X7 zərərçəkmiş şəxsin şikayətinin birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi cəza həddində dəyişdirilərək təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək hazırki mərhələyə kimi ziyanı ödəmədiklərini, ödəmək imkanları olmadığını, əgər azadlığa çıxarlarsa ziyanı ödəyə biləcəklərini və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İbrahim oğlunun müdafiəçisi Bünyatov Əbülfəz İbrahim oğlu apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, birinci istansiya məhkəməsi işi kifayət qədər araşdıraraq təqsirə uyğun cəza təyin etmişdir. Ona görə də şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi X1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, birinci istansiya məhkəməsi cəzanı təyin edərkən iş üzrə toplanmış sübutlara əsaslanmış, ona görə də şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilərək hökmün dəyişdirilməsi barədə, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin isə apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsaslar müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməklə yanaşı, onların bu əməli törətmələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onların əməli CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Hökmün qanuniliyi verilmiş apellyasiya şikayətində mübahisələndirilmir. Həmçinin hökmdən apellyasiya protesti və müdafiə tərəfindən şikayət də verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan: Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında ## ###### 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİnin MSY-dən azad edilmişdir; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında ## ###### 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİnin MSY-dən azad edilmişdir; Təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi” barədə ## ###### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır; Təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi” barədə ## ###### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli */*** saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “Yamaha” markalı “EF5200E FW” modelli işıq generatorunun istifadə olması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat müəyyən olunur. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” ## #### 2025-ci il tarixli tarixli protokoldan görünür ki, ## #### 2025-ci il tarixdə, saat 14:00-da təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında ## #### 2025-ci il tarixli tarixli protokoldan görünür ki, ## #### 2025-ci il tarixdə, saat 1615-də təqsirləndirilən şəxs1 CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir; Cinayət işlərinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında ## #### 2025-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, 250270062, 2500270062. 250270339 və ********* nömrəli cinayət işlərinin istintaqı eyni şəxs barəsində aparıldığından cinayət işləri bir icraatda birləşdirilərək istintaq 250270362 nömrəsi altında davam etdirilmişdir; Abşeron rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmaqla təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Abşeron rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmaqla təqsirləndirilən şəxs1 barəsində 03 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Cinayət işinin icraata qəbul edilməsi, və bir icraatda birləşdirilməsi haqqında ## #### 2025-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, 240030235 və ********* nömrəli cinayət işlərinin istintaqı eyni şəxs barəsində aparıldığından cinayət işləri bir icraatda birləşdirilərək istintaq 250270362 nömrəsi altında davam etdirilmişdir; Cinayət işinin icraata qəbul edilməsi haqqında ## ### 2025-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş ## ### 2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Binəqədi rayon Məhkəməsinin ## #### 2024cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı şəhər Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## #### 2024cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs2 “Konstutsiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş ## ### 2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 sonuncu dəfə Abşeron rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmünə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş cəzadan çıxlılmaqla üzərində qəti olaraq 03 il 05 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır; Məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onların hər ikisi qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlillərlə qismən razılaşır. Belə ki, cinayət işinin materiallarında da görünür ki, təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməl ilə zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmiş, eyni zamanda buna dair heç bir cəhd edilməmişdir. Həmçinin onun barəsində olan tələbnamədən də görünür ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmadan yenidən ona hazırda irəli sürülən qəsdən cinayət əməllərini törətmişdir. Eyni zamanda digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 da zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödəməmiş, eyni zamanda buna dair heç bir cəhd etməmişdir. Həmçinin onun barəsində olan Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 CM-in 127.2.3, 221.2.1, 177.2.1 və 172.2.2-ci maddələri təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə görə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı təqsirləndirilən şəxslərin əməllərini xarakterizə edən halları nəzərə almayaraq aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin etməkdə haqlı olmamışdır. Birinci instnasiya məhkəməsi təqsirləndirilən şəxsə onun ittiham olunduğu CM-in maddəsinin sanksiyası həddində və təqsirləndirilən şəxs1 münasibətdə CM-in 66.5-ci maddəsinin tələblərinə riayət etməklə cəza təyin etsə də təqsirləndirilən şəxslərə əvvəlki törətdikləri cinayətlərə görə təyin edilmiş cəzaların növünü və müddətini nəzərə almamış, həmin cəzaların təqsirləndirilən şəxsin islah olunmasına yetərli təsir etməməsini düzgün təhlil etməmişdir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını təkrarən gizli olaraq talanması bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmin cəzanın onların islah olmasına yetərli təsir etməməsini, onların şəxsiyyəti və ailə vəziyyətini, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və cəzanın məqsədinə, yəni təqsirləndirilən şəxslərin islah olunmasına və həm məhkumun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının sanksiyası həddində birinci instansiya məhkəməsinin təyin etdiyi həddən artıq həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq məhkumlar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun ## ###### 2024cü il tarixdən ## ###### 2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təqsirləndirilən şəxs1 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplanılaraq ona 6 (altı) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 01 (bir) il 06 (altı) ay 13 (on üç) gün, habelə hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixdə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və amnistiya aktının tətbiqi nəticəsində azaldılmış 6 (altı) ay müddət, cəmi 2 (iki) il 15 (on beş) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Bünyatov Əbülfəz İbrahim oğluna və X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyatov Əbülfəz İbrahim oğluna məhkəmədə iştirak etdiyi cəmi 06 (altı) iş saatına görə 66 (altmış altı) manat, təqsirləndirilən şəxs1 Eldar oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi cəmi 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplanılsın və təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 01 (bir) il 06 (altı) ay 13 (on üç) gün, habelə hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və amnistiya aktının tətbiqi nəticəsində azaldılmış 06 (altı) ay müddət, cəmi 02 (iki) il 15 (on beş) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyatov Əbülfəz İbrahim oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. təqsirləndirilən şəxs1 Eldar oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar