Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-239/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X19 Müdafiəsi üzrə Idarəsinin prokuroru X9, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (X5 (sədrlik edən), X1 və X7) ## ######## 1962-ci ildə Qafan şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatında olmaqla Sumqayıt şəhəri, 6- cı mikrorayon, bina 16A, mənzil 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, ümumilikdə 04 (dörd) gün müddətin bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, CM-nin 75ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə cəza təyin olunmaması hökm edilmişdir. İ. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayının 1-də, Bakı şəhər sakini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 694-A ünvanında pasport qeydiyyatında olmaqla yaşayan X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağlar massivində yerləşən 0,70 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət Qeydiyyatına alınaraq çıxarış almaqla bağlı Tahir Poladzadənin müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, özünü Tahir Poladzadəyə Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi kimi təqdim edərək, sənədi olmayan məlum ünvanda yerləşən torpaq sahəsinə çıxarış ala biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından suiistifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 25.000 (iyirmi beş min) manat pul müqabilində 03 (üç) ay müddətində, yəni, 2022-ci ilin may ayının sonunadək tam yerinə yetirib çıxarışı ona verəcəyi barədə yalan vəd verməklə, əvvəllcə 2022-ci ilin fevral ayının 1-də sonuncudan Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov parkında yerləşən çayxanada 20.000 (iyirmi min) manat pulu nağd şəkildə ələ keçirdikdən sonra 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 694-A ünvanında Tahir Poladzadədən əlavə olaraq 1.000 (bir min) manat pulu nağd şəkildə ələ keçirib sonra üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəllcədən yerinə yetirmək niyyətində olmadan qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirib, Tahir Poladzadəyə həmin məbləğdə, yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının sonlarında, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan zərərçəkmiş şəxs2 tanışı X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Bakı Ərazi Idarəsindən çıxarış almaqla bağlı zərərçəkmiş şəxs2 müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, ortaq tanışları olan şahid4 təqdimatından sonra özünü zərərçəkmiş şəxs2 Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Bakı Ərazi Idarəsinin işçisi kimi təqdim edərək, sonuncu ilə, həmin Idarənin yanında yerləşən “Kosmos” kafesində bir neçə dəfə görüşərkən, zərərçəkmiş şəxs2 çıxarış almaq barədə xahişini qəbul edib, sonuncunun tanışı olan Ilham Həbibova məxsus, lakin sənədi olmayan məlum ünvanda yerləşən torpaq sahəsinə çıxarış ala biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından suiistifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 21.000 (iyirmi bir min) manat pul müqabilində 03 (üç) ay müddətində, yəni, 2024-cü ilin may ayının sonunadək tam yerinə yetirib çıxarışı ona verəcəyi barədə yalan vəd verməklə, 2024-cü ilin fevral ayının sonlarında sonuncudan Sumqayıt şəhəri, “4 Qardaş” restoranın yanında yerləşən “TosOil” danacaq doldurma məntəqəsinin həyətində şahid4 məxsus qara rəngli dövlət qeydiyyat nişanı **-BJ-*** olan “Mersedes C-Klass” markalı maşının içində sonuncunun yanında 12.000 (on iki min) manat pulu nağd şəkildə ələ keçirdikdən sonra üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəllcədən yerinə yetirmək niyyətində olmadan qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 12.000 (on iki min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamaqla Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmədiyini bilə-bilə hazırlanma yeri istintaqa məlum olmayan elektrofotoqrafik çap üsulu ilə hazırlanmış saxta çıxarışı və təsdiqetmə bildirişini zərərçəkmiş şəxs2 verib ona xeyli miqdarda maddi ziyan vurmaqla bilə-bilə çıxarışı və təsdiqetmə bildirişini saxtalaşdırıb hazırlamaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral-may ayları ərzində Bakı şəhər sakini, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivində nömrəsiz fərdi yaşayş evində pasport qeydiyyatında olmaqla yaşayan zərərçəkmiş şəxs1 Şücayət oğluna məxsus Bakı şəhəri, Dübəndi qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Bakı Ərazi Idarəsindən çıxarış almaqla bağlı zərərçəkmiş şəxs1 müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, ortaq tanışları olan şahid4 təqdimatından sonra özünü zərərçəkmiş şəxs1 Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Bakı Ərazi Idarəsinin işçisi kimi təqdim edərək, sonuncu ilə, Bakı şəhəri, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsində görüşərkən, zərərçəkmiş şəxs1 çıxarış almaq barədə xahişini qəbul edib, ona məxsus, lakin sənədi olmayan məlum ünvanda yerləşən torpaq sahəsinə çıxarış ala biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yerinə yetirə bilməyəcəyi işi öz üzərinə götürüb sonuncunun etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui- istifadə edərək özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, həmin işi ümumi olaraq 112.500 (bir yüz on iki min beş yüz) manat pul müqabilində 03 (üç) ay müddətində, yəni, 2024-cü ilin may ayının sonunadək tam yerinə yetirib çıxarışı ona verəcəyi barədə yalan vəd verməklə, əvvəllcə 2024-cü ilin fevral ayının sonlarında cinayətdən xəbərsiz şahid4 vasitəsilə Bakı şəhəri, Bakıxanov qəsəbəsində Razin adlanan ərazidə “Araz” marketin yanında yeni tikili binanın altında olan çayxanada nağd şəkildə 31.000 (otuz bir min) manat pulunu, daha sonra 2024 cü ilin may ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon, “4 Qardaş” restoranın yanında yanacaq doldurma məntəqəsinin yaxınlığında cinayətdən xəbərsiz şahid4 33.000 (otuz üç min) manat pulu nağd şəkildə ələ keçirdikdən sonra üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəllcədən yerinə yetirmək niyyətində olmadan qabaqcadan planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq ümumilikdə 64.000 (altmış dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamaqla Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmədiyini bilə-bilə hazırlanma yeri və üsulu istintaqa məlum olmayan saxta çıxarışları, təsdiqetmə bildirişlərini və plan-sxemləri zərərçəkmiş şəxs1 verib ona külli miqdarda maddi ziyan vurmaqla bilə-bilə çıxarışı, bildirişi və plan-sxemləri saxtalaşdırıb hazırlamaqla dələduzluq etmişdir. II Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxslər Elnur Hacıyev, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödədiyi üçün, yaş məhdudiyyətini və şəkər xəstəsi olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. III Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyinə görə, səhhətini və yaşını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxsin müdafiəçisi X6 apellyasiya instansiyası məhkəməsində çıxış edərək ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadıqlarını, səhhətini və yaşını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, ona dəymiş 21000 manat maddi ziyandan 6000 manat qaldığını, 15000 manat qaldığını, buna baxmayaraq təqsirləndirilən şəxsin şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, Təqsirləndirilən şəxs birbaşa pul verməmiş, pulu şahid4 vermiş, sonuncu da pulu Arif Ayayevə verdiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmiş, buna baxmayaraq təqsirləndirilən şəxsin şikayətinin təmin olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı X9 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər də dələduzluq əməlinə görə məhkum olunmuşdur. Ona görə də hökm işin hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olduğuna görə şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. IV Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026- cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin “Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009cu il tarixli” Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində mübahisələndirilmir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Lakin Apellyasiya Məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində mübahisələndirməsə də, məhkəmədə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı çıxış etsə də, birinci instansiya məhkəməsində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək zərərçəkmiş zərərçəkmiş şəxs1 Kamilə Ömərova verdiyi 64000 manatdan sonuncu ona 18000 manat vermişdir. Bununla əlaqədar kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməklə haqlı nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə kifayət qədər araşdırma aparılmış Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə özünümüdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-in 178.3.2ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsinə dair dəlilinə hüquqi qiymət verərək, həmin dəlili əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi (CM-in 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (CM-in 59.1.14), yaşlı olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyata şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəsə də, zərərçəkmiş şəxslərə dəymiş külli miqdarda (15000 (on beş min) manat, 12000 (on iki min) manat, 64000 (altmış dörd min) manat) maddi ziyanı ödəməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ## #### 2004-cü il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70.1-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin *(***)- ** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 73-1.2-ci maddəsinə barəsində olan cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də barəsində eyni xarakterli dələduzluq əməllərinə görə barəsində cinayət təqibi olmuş və bir dəfə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə, digər halda bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. Bütün bunlarTəqsirləndirilən şəxs dələduzluğu sanki özünə peşə kimi seçərək həmin əməlləri davam etdirdiyini və əvvəlki azadlıqdan məhrum etmənin şərti tətbiq edilməsinin və cinayət qanunvericiliyinin məsuliyyətdən azad etməni nəzərdə tutan humanist normalarının onun islah olunmasına yetərli təsir etmədiyini bir daha təsdiq edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlıqdan məhrum növündə cəzaya məhkum olunmasını onun şəxsiyyətinə və əməlinin ictimai təhlükəliliyinə tam uyğun olduğunu hesab edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396, 397.1, 397.2, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-239/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-239/2026
27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver