Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-243/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qorxmazzadə Fəridə İslah qızının ştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ##.##.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və Sumqayıt şəhər ND-də (F11.2) diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,777 qram, 2,402 qram, 2,258 qram, 2,179 qram, 2,407 qram və 2,778 qram - ümumi təmiz çəkisi 14,801 qram eyni tərkibli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 11:38-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 70A-nın yaxınlığında saxlanılmış, üstünün yoxlanılması zamanı çiynindən asdığı qara rəngli çantasının içərisindən 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,777 qram, 2,402 qram, 2,258 qram, 2,179 qram, 2,407 qram və 2,778 qram - ümumi təmiz çəkisi 14,801 qram narkotik vasitə qurudulmuş marixunana və 01 ədəd səthində narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona daha yüngül cəza təyin edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin etməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar olduğu halda belə məhkəmə ən ağırı cəzanı və ağır həddə təyin etmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və xəstəliyi ilə əlaqədar ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin oluna bilərdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qorxmazzadə Fəridə İslah qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin etməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası aşağıdakı qərar gəlir: Təqsirləndirilən şəxs üzvi emosional- labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional-labil pozuntu" onu ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLI hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM- nin 21-ci və 22- ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamasının bir qədər aşağı olması, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkküründə lənglik aşkar olunmaqla ümumilikdə əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcıqlara qarşı həssaslıq, astenizasiya əlamətləri (tez yorulma, mövzudan yayınma, həvəssizlik, hövsələsizlik) aşkar olunur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosionalı vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri aşkar olunmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, ##.##.2018-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Bu hissədə mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq Təqsirləndirilən şəxs münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını cəza təyin edərkən nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı 14,801 qram olmaqla kifayət qədər az olmuş, açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsindən sonrakı vəziyyət, astenonevrotik sindrom, vegetativ damar paroksizmləri xəstəliyindən əziyyət çəkməklə həmin diaqnozla xəstəxanada qeydiyyatdadır. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CM-nın 69.3cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 02 (iki) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri onun üzərinə qoyulsun. Qərarın icrasına nəzarət Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Qorxmazzadə Fəridə İslah qızına 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-243/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-243/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver