Məhkəmə qərarları › İş №1(3-8)-251/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-251/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-251/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (Hakimlər Cəfərzadə İlham Nizami oğlu (sədrlik edən), X1 və X5) ##.##.2004-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,237 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ##### 2025-ci il tarixdə, saat 12:10- da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 14:22-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 6,237 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, mübahisəli hökmün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş cəzadan narazıdır. Həmçinin cinayət işi üzrə faktiki hallar tam araşdırılmadığını, əməlini sübuta yetirəcək qədər dəlillər olmadığını, üzərində qadağan edilmiş vasitə aşkar olmadığını qeyd edərək, ədalətsiz hökm çıxarıldığını bildirmişdir. O hec vaxt narkotik vasitə istifadəçisi olmamış, verilən ekspert rəyi saxta olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, polis əməkdaşları tərəfindən zorakılıqlara məruz qalmış və onların dediyi kimi ifadə vermişdir. Onun narkotik vasitəsitələrin qanunsuz dövriyyəsi cinayətləri ilə əlaqəsi, həmçinin narkotik vasitə istifadəçisi olmamışdır. Narkotik vasitə polislər tərəfindən ona su vasitəsilə içirdilib. Qeyd olunanlardan əlavə olaraq barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs öz ifadəsində də açıq şəkildə bildirmişdir ki, onun nə narkotik vasitələrin satışı ilə, nə də istifadəsi ilə hər hansı əlaqəsi olmamışdır. Məhz bu səbəbdən, bir müdafiəçi kimi sözügedən istiqamətdə dəfələrlə hərtərəfli araşdırmanın aparılması üçün vəsatət təqdim etmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza kifayət qədər ağırdır. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, apellyasiya şikayətində əməlin tövsifi və təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilir. Lakin hesab edir ki, təyin edilmiş cəza kifayət qədər qanuni və əsaslıdır. Cəzanın daha da yüngülləşdirilməsi üçün əsaslar mövcud deyil. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməklə, hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən mübahisəli hökm təqsirləndirilən şəxsə cəza təyininə dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası hökmdə qeyd olunan ifadələri yenidən təkrarlamayaraq ilk əvvəl onu qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında etdiyi çıxışında ona istinad edilən cinayətin törədilməsində özünü təqsirli bilməmiş və birinci instansiya məhkəməsi də cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. İş materiallarında olan "Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ##### 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 12:10-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “iphone” markalı mobil telefonu və 02 pul vəsaitini, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd açarı təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 02 manat pul vəsaiti və 01 ədəd açar onun özünə geri qaytarılmışdır. "Şəxsi axtarış və götürmə” istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## ##### 2025-ci il tarixli *-**-**/*-*/****/**** nömrəli fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №*” möhür əksi, ‘‘Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş..." və s. soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,237 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 6,237 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 6,137 qram.(iş vərəqi 39-43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının ## ##### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı təxminən 1 ildir ki, psixotrop maddələrdən və narkotik vasitə olan tiryəkdən, həmçinin əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir.(iş vərəqi 129-130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X4 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli ****/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. (iş vərəqi 131-134) Mübahisəli hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı apellyasiya məhkəməsində Amil adlı şəxsin cinayət işi ilə şahidlik etməsinə görə həmin şəxs bəraət aldığından polis əməkdaşlarının ona ədavəti yaranması, əslində psixotrop maddə metamfetaminin ona məxsus olmaması, həmin metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, psixi və fiziki təsirə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi, aptekdən çıxarkən polis əməkdaşlarının onu məcburi şəkildə avtomobillərinə mindirərək döymələri, bir neçə dəfə videoçəkilişin həyata keçirilməsi ilə bağlı göstərdiklərinə tənqidi yanaşaraq həmin xüsusatların iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hər nə qədər saxlanıldığı zaman, eyni zamanda polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını, xəsarət aldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü (hər hansı bir məhkəmə tibbi ekspertizasının rəyi, xəsarətlərə dair akt və s.) məhkəməyə təqdim olunmamışdır, əksinə qeyd olunan pozuntu hallarının baş verməsini təkzib edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələr və digər qanunsuzluqlar yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 daxil olmuş canlı şəxsin ekspertizasının ##.##.2025-ci il tarixli ***/MEŞ nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 07-##.##.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ əlin II barmağının və sağ saidin çapıqları müayinədən təxminən 1-1.5 ildən artıq müddətdə əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələgəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında fikir söyləmək mümkün deyildir. (l cild, i/v. 135-138) Həmçinin Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən və saxlandığı müddət ərzində onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması haqqında məlumatın, müsbət halda müvafiq sənədin surətini Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilməsi üçün sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının ## ###### 2026-cı il tarixli məktubuna əlavə edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs - yaranma xarakteri yeni olan xəsarət aşkar edilməmişdir. Həbs olunmadan əvvəl alınmış zədə və bədən xəsarətləri inkar etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməli özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Beləliklə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə gəlinən nəticə tamamilə qanuni və əsaslıdır. Müdafiə tərəfinin cinayət təqibini istisna edən hallara dair irəli sürdüyü dəlillər digər materiallarla yanaşı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin müvafiq qərarı, eləcə də məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur və birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə düzgün olaraq tənqidi yanaşılmışdır. Lakin bununla bərabər, apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin prinsiplərini, cinayətin xarakterini və yüngülləşdirici xüsusatları tam həcmdə nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları barədə gəlinən nəticə toxunulmaz qalsa da, cəzanın fərdiləşdirilməsi və ədalətliliyi meyarları baxımından mübahisəli hökmün təqsirləndirilən şəxsə cəza təyininə dair hissədə dəyişdirilməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə –üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). X3 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə yəni təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın minumum həddində azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Eyni zamanda Kollegiya təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İş materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onun törətdiyi cinayətin məqsədi və motivi, apellyasiya şikayətində qeyd olunan hallar müstəsna və cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hallar kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə minimum həddə ( 03(üç)il ) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslıdır. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 62 maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Bundan başqa təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməklə cəza müddətinin azaldılmasına dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndində az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzasının 6 ay azaldılması (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) nəzərdə tutulmuşdur.

2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumlar cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 2.4. bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər. 3.2. ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərin çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzasının 6 ay azaldılması (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) nəzərdə tutulmuşdur. Qeyd olunan Qərarın 5.2.3-cü bəndində əsasən məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2, 3 və 5.2.3-cü hissələrinin tələblərini təhlil edərək qeyd edir ki, sözügedən normalar az ağır cinayət törətməyə görə və ya ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin cəza müddətinin 6 ay azaldılması qaydasını təsbit edir. Həmçinin ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri nəzərə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə ,məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli və ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 05(beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 404, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05(beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar