Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-288/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Günel İsmayılova) ##.##.1969-cu il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olmayan, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs *(***)-***/**** nömrəli iş üzrə 03 (üç) ay 11 (on bir) gün müddətinə həbsdə olduğu müddət, hazırki iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, ümumilikdə 03 (üç) ay 12 (on iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, Amnistiya aktına əsasən Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə cəzasının müddətinin 06 (altı) ay müddətinə azaldılması nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxsin hazırda başqa cinayət işi üzrə cəza çəkməsinin nəzərə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, vahid niyyətlə əhatə olunan qəsdlə, yəni Zərərçəkmiş şəxs hərbçi kimi yenidən işə düzəltməkdə köməklik göstərəcəyi adı ilə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs tərəfindən ona məxsus “xxxx” ASC tərəfindən emissiya edilmiş 4169 7388 3577 **** nömrəli plastik bank kartına ##.##.2024-cü il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən “Qayalı” marketden “Mpay” ödəmə terminalı vasitəsilə köçürdüyü 1500 manat, ##.##.2024-cü il tarixdə saat 15:48-də həmin bank kartına eyni üsulla köçürdüyü 1500 manat, ##.##.2024-cü il tarixdə saat 15:36-da həmin bank kartına eyni üsulla köçürdüyü 1000 manat pulu nağdlaşdırmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cinayət hadisəsinin ##.##.2024-cü il tarixdə törədilməsini, cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını və beləliklə CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddətininin keçməsi nəzərə alınaraq CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin olunmasını xahiş etməklə yanaşı əlavə olaraq qeyd etdi ki, şəkərli diabet xəstəsi olması və ürəyində problemlər olması səbəbindən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyə bilməmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işi üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda isə təqsirləndirilən şəxsin səhhəti nəzərə alınaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmaqla, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, əvvəllər də eyni xarakterli cinayət törətməsi, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməməsi, cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılmasına əsas olmuş hallar, habelə təqsirləndirilən şəxsin çıxışında qeyd etdiyi yüngülləşdirici hallar nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddətininin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata isə xitam verilməsinə dair apellyasiya şikayətinin dəlilləri, həmçinin ona təyin olunmuş cəzanın ağır olması barədə müdafiə tərəfinin mövqeyini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçsə də, hazırki cinayət işi 1-ci instansiya məhkəməsinin icraatında olduğu dövrdə icraatın dayandırıldığı müddət nəzərə alındıqda heç də cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Bundan başqa müdafiəçinin qeyd etdiyi hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini ##.##.2024-cü il tarixdə törətmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə ##.##.2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Belə olan halda cinayətin törədildiyi gündən hazırki tarixədək 2 ildən artıq müddət keçməsinə baxmayaraq, cinayət işi üzrə icraatın dayandırıldığı 6 aydan artıq müddət nəzərə alınarsa cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ##.##.2026-cı il tarixdə olacaqdır. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə cəza təyin edərkən cəza təyininin ümumi prinsiplərini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, özünü təqsirli bilərək əməlini etiraf etməsini, vurulmuş ziyandan qismən ödəniş etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun eyni kateqoriyalı cinayət əməli törətməsinə görə barəsində bir neçə cinayət işi üzrə məhkum edilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya protesti təmin edilərək, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli ##.##.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə azad edilməsi nəzərə alınmış, ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik İli münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarına əsasən cəzanın müddəti 06 (altı) ay azaldılaraq 01 (bir) il 06 (altı) aya endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) ay 11 (on bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanmışdır. CM-nin 66.5-ci madəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilən qanun normasına əsasən məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza yeni cəza müddətinə hesablanır. Bu qayda tətbiq edilərkən cinayətlərin məcmusuna görə ikinci hökmlə təyin edilmiş cəzanın müddəti və ya həcmi birinci hökmlə təyin edilmiş cəzadan az olmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qanun normasının tələblərinə riayət edərək Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası da təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs şifahi müraciət edərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edilən amnistiya aktındakı məhdudiyyəti nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli nəticəsində vurulan maddi ziyan tam ödənilmədiyindən onun barəsində qeyd edilən amnistiya aktı tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya icraatında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 77 manat manat köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-288/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-288/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver