Məhkəmə qərarları › İş №1(3-8)-295/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-295/2026

26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-295/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğlunun və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Mustafa İlkin Məstan oğlunun iştirakı ilə, Rüstəmzadə İlkin Qılınc oğlunun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğlu tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim A.Qasımov) ilə ## ####### 1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Qocalı ərazi dairəsi, Beyi kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, X1 yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış Rüstəmzadə İlkin Qılınc oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Rüstəmzadə İlkin Qılınc oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 21 radələrində qonaq kimi ailəsi ilə bacısı qızı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 67 mənzil 49-da olarkən, evin yataq otağında qoyulmuş yeni düzəldilən dolaba baxmaq adı ilə qapısını açıb üst rəfdə olan qızıl qutusundan bir qramı 170 manat olmaqla ümumilikdə 697 manat dəyərində 1 ədəd 750 əyyarlı, 4.1 qram çəkidə kişi nişan üzüyünü, bir qramı 140 manat olmaqla ümumilikdə 322 manat dəyərində 1 ədəd 585 əyyarlı, 2,3 qram çəkidə tək qaşlı qadın qızıl üzüyünü, bir qramı 140 manat olmaqla ümumilikdə 280 manat dəyərində 1 ədəd 585 əyyarlı, 2 qram çəkidə “alyans” adlı qadın qızıl üzüyünü, bir qramı 140 manat olmaqla ümumilikdə 308 manat dəyərində 1 ədəd 585 əyyarlı, 2,2 qram çəkidə sadə formalı qadın qızıl qolbağını və bir qramı 140 manat olmaqla ümumilikdə 420 manat dəyərində 1 ədəd 585 əyyarlı, 3 qram çəkidə, sadə formalı kişi qızıl qolbağını, ümumi dəyəri 2027 manat olan qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən atasının, həyat yoldaşının xərçəng xəstəsi olmasını, övladının ağır xəstə olmasını, ona qarşı şikayətin olmamasını, zərərçəkmiş şəxsə vurulan ziyanın tam ödənilməsini nəzərə almamışdır. Ümumiyyətlə də cinayət işi materialları üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan ədalətsiz qərar vermişdir. Məhkəmə heç bir araşdırma aparmadan istintaq hərəkətləri keçirmədən, şahidləri dindirmədən ittiham aktında qeyd olunanları əsas götürərək orada olanları hökmə köçürmüşdür. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi Mustafa İlkin Məstan oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmünün çıxarılması gəldiyi nəticəni təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hal kimi zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ağırlaşdıran hal kimi isə əməldə cinayətlərin residivinin olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək qeyd edir ki, təqirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin şahidlərin ifadələri və aparılmış istintaq hərəkətlərinin nəticəsində toplanılmış sübutların müqayisəli təhlili nəticəsində təsdiq edilir. Təqsirləndirilən şəxsin təqsirliliyinə dair birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğlunun barəsində ittiham üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rüstəmzadə İlkin Qılınc oğlu sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, qəi olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetm cəzasına məhkum olunmuş, həmin hökmdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarına əsasən dəyişdirilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 aya endirilmiş, sonuncu ## ###### 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi qənaətinə gəlinərkən yüngülləşdirici halın olması ilə yanaşı, ağırlaşdıran hal kimi isə əməldə cinayətlərin residivin olması nəzərə alınmışdır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2010-cu il tarixli qərarı). Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Qeyd edilməlidir ki, Rüstəmzadə İlkin Qılınc oğlunun təqsirli bilindiyi maddə üzrə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən əməlində cinayətlərin residivinin olması onun təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın yarısından az cəza təyin edilməsini istisna etdiyindən, təyin edilmiş cəza cəzanın məqsəd və prinsipləri baxımından onun islah olunması, onun və digər şəxslərin yenidən ictimai təhlükəli əməlin törədilməsindən çəkindirilməsi baxımından birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticə qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğluna göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Mustafa İlkin Məstan oğlunun vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Rüstəmzadə İlkin Qılınc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Rüstəmzadə İlkin Qılınc oğlunun apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Mustafa İlkin Məstan oğluna 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar