Məhkəmə qərarları › İş №1(3-8)-298/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-298/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-298/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Nurəddin Hüseynli və İlham Cəfərzadə) ## ##### 1972-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, ## ###### 2025-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhərinin Əlif Hacıyev küçəsi ilə Qasım bəy Zakir küçəsinin kəsişməsində tanışı Zərərçəkmiş şəxs ona “qəzəlxan” deyib zarafat etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü nümayiş etdirərək digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs sağ qarın nahiyəsinə qəsdən bir dəfə zərbə ilə vurub sonuncuya “daxili və xarici qanaxma ilə müşahidə edilmiş nazik bağırsağın kəsilmiş yarası ilə qarın boşluğunun daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək əməlinin CM-in 126.2.4-cü maddəsindən 126.1 maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində həmçinin onun yaşlı anasının olması, ailə vəziyyəti nəzərə alınaraq cəzasının yüngülləşdirilməsi xahiş olunur. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsindəki çıxışında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, əməlinin CM-in 126.2.4-cü maddəsindən 126.1 maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun təqsirləndiirlən şəxslə barışmaq fikri olmuş lakin sonuncunun yalan danışması və müstəntiqə şər atması səbəbindən onunla barışmamışdır. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmamasını, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirlən şəxsin əməlinin düzgün tövsif olunmasını və ittiham tərəfi olaraq həmin tövsiflə razılaşdıqları üçün dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməməsini qeyd edib, hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadələrini, ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol, ##.##.2025ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokol, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “xxxx” publik hüquqi şəxsi, məhkəmə tibbi-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, ***/****-TBŞ nömrəli rəyi, məhkəmə tibbikriminalistik ekspertizasının ##.##.2025-ci il tarixli, ***/MTKŞ-**** nömrəli rəyi, ##.##.2025ci il tarixli “Üzləşdirmə haqqında” protokol, ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi, istintaq hərəkətlərinin protokolları və maddi sübutları Cinayət Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, iş üzrə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edib əməlinin Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrindən həmin məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə onun cəzalandırılmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanunu üsullarla toplanmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan sübutların və iş üzrə müəyyən olunmuş faktiki halları tam, obyektiv və hərtərəfli araşdırıb hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilməsi nəticəsində əsaslı olaraq Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş və məhkum edilmiş şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona cəza təyin etmişdir. Ona görə də təqsirləndirilən şəxsin şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi və ya onun cəzasının yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin CM-in 126.1-ci maddəsi ilə deyil, məhz CM-in 126.2.4-cü maddəsi ilə tövsif etməsi ilə bağlı gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranan mübahisə (dava-dalaş) şəxsi münasibətlər zəminində yaranan və yekunda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən etdiyi hərəkətlərə görə qisas almaq üçün zərər yetirmək məcburiyyətində qalması ilə nəticələnən zəruri motiv kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi hökmdə düzgün olaraq qeyd etmişdir ki, hər nə qədər zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə digər şəxslərin yanında “qəzəlxan” deyə müraciət edilsə də, belə demək mümkünsə bu hal ilkin sözlü mübahisənin yaranmasına səbəb olsa da, bu müraciət onu, yəni təqsirləndirilən şəxsi alçaldan, ələ salan, onun digər şəxslərin yanında pərt olması ilə nəticələnən ayama (ləqəb) kimi qəbul edilə bilməz. Çünki bu formada müraciət adətən yaxşı şeir demə qabiliyyəti olan şəxslərə tanışları tərəfindən verilən ayama (ləqəb) kimi qəbul olunur və heç bir pis məna daşımır. Təqsirləndirilən şəxs ona bu formada edilən zərərsiz, pis mənada işlədilməyən müraciəti qəbul etdiyi spirtli içkinin də təsiri ilə özünə qarşı edilən ağır söyüş kimi qəbul edərək, ən azından belə reaksiya verərək, zərərçəkmiş şəxslə məsələni həll etmək üçün bu halı bəhanə edərək, onları aralamağa çalışan şəxslərin xahişlərinə məhəl qoymadan şəxsi eqoizmindən çıxış edərək və özünü zərərçəkmiş şəxsdən üstün tutaraq, beləliklə də heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə adi sözlü mübahisəni şişirdib üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən qatlanan cib bıçağı ilə bir dəfə vuraraq zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirmişdir ki, bu halda da onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə şahid qismində dindirilmiş şahid2 və şahid1 İlham oğlunun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrə (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə şillə ilə vurması və s.) tənqidi yanaşaraq sözügedən şahidlərin təqsirləndirilən şəxslə yaxınlığı olan şəxslər olmaları (Nailə Abbasova təqsirləndirilən şəxsin bacısı ilə qonşu, şahid1 isə təqsirləndirilən şəxslə bir yerdə işləyən şəxsdir) və həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrinin anlaşılan olmasını nəzərə alıb sözügedən şahidlərin ifadələrini əsaslı sübut növü olaraq qəbul etməyərək, təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasında qoymamaqda haqlı olmuşdur. Odur ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətində eləcə də, müdafiə tərəfinin apellyasiya məhkəməsi zamanı çıxışlarında qeyd etdikləri halları, yəni təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.2.4-cü maddəsi ilə deyil, CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olması ilə bağlı dəlillər yuxarıda qeyd edilən sübutlarla təkzib olunduğundan məhkəmə kollegiyası həmin dəlilləri əsaslı sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə tətbiq edilməli qanun normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkib əlaməti vardır. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən, eləcə də əməlin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmasını zəruri edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma, istərsə də birinci instansiya məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 8 iş saatına görə 88 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 88 manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar