Məhkəmə qərarları › İş №1(3-8)-306/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-306/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-306/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim F.Ş.Kərimova) ##.##.1978-ci ildə Naxçıvan MR-sında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Naxçıvan MR-sı, Naxçıvan şəhəri, Azərbaycan prospekti 7a-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 4a-da yaşayan, cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin xaric edilməsi, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, onun məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 01 gün və hazırkı iş üzrə tutulduğu 02 gün, ümumilikdə 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunması və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təyin edilmiş dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunması, iş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınması, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına və Abşeron rayon Polis Idarəsinə həvalə edilməsi hökm edilmişdir. IŞIN HALLARI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Nərimanov RPI-nin Istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olmasına baxmayaraq, qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü «xxxx» MMC-nin direktoru kimi təqdim edərək sonuncuya ##.##.2024-cü il tarixdə Türkiyə Respublikasından 10500 ədəd “ROSS 308” cinsli toyuq cücəsi gətirəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə görünüş və Zərərçəkmiş şəxs etibarını qazanmaq üçün ##.##.2024-cü il tarixdə uydurma müqavilə bağladıqdan sonra sonuncunun ##.##.2024-cü il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən poçt şöbəsindən tanışı Monis Sərhad adlı Türk vətəndaşının ********** saylı hesab nömrəsinə köçürülmüş ekvivalentlə 1870 manat təşkil edən 1100 ABŞ dollarını, ##.##.2024-cü il tarixdə arvadı X2 adına olan 5243 7544 4214 **** nömrəli «Uni bank»a aid kart hesabına köçürülmüş 4900 manat, ##.##.2024-cü il tarixdə Aşağı Güzdək qəsəbəsində yerləşən «Tur Güzdək» marketdə olan terminaldan həmin kart hesabına köçürülmüş 5000 manat və həmin tarixdə eyni ünvandan köçürülmüş 750 manat və 575 manat, ümumilkdə 13.095 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib, zərərçəkmiş Hüseyn Dostuyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI : Azərbaycan Respublikası Baş X10 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, o, işin baxılmasında dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 03 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 08 il azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək, qəti olaraq 03 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il şərti sınaq müddəti bitməmiş yenidən qəsdən hazırki cinayət əməlini törətmiş, beləliklə həmin hökmə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə (götürülmədiyinə) görə onun hərəkətlərində cinayətin residivi vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olmasını nəzərə almadan hazırki hökmlə ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cinayət qanunvericilinin tələblərini pozmuşdur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı X1 apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin dəlillərinə uyğun çıxış etmiş, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün, qanunvericiliyin müddəalarına uyğun təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilərək dəyişdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlillərilə razılaşmayaraq onu da qeyd etdi ki, o, hazırkı cinayət işi üzrə ümumiyyətlə dələduzluq əməli törətməmişdir. Həmin adamlar ona ödənilməli olan pulu tam şəkildə vermədiyi üçün vəd etdiyi malı gətirə bilməmişdir. Ona görə də apellyasiya protestinin təmin olunmamasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X3 təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı bildirdiyi fikirlərini müdafiə edib apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəхsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, təqsirləndirilən şəхs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti artırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində, habelə məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısının çıxışında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları və əməlin hüquqi tövsivi mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayətlər törətməyə görə məhkum edilməsini və son cinayət əməli üzrə məhkumluğunun ödənilmədiyini nəzərə almadığını, nəticədə onun əməllərində cinayətin residivi olduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin tətbiq edilmədiyini göstərmiş və bu əsasla hökmün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun dəlillərini təsdiq etmiş, təqsirləndirilən şəxsin müdafiəçisi isə protestə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hazırkı iş üzrə dələduzluq əməlini ümumiyyətlə törətmədiyini bildirsə də, hazırkı hökmdən apellyasiya şikayəti verməmiş, onu da qeyd etmişdir ki, Bakı Ağır cinayətlər Məhkəməsinin hökmündən Ali Məhkəməyə şikayət verdiyindən bu hökmdən hələ ki, şikayət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestinin predmeti Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi deyil, ona təyin edilmiş cəzanın cinayət qanunvericiliyinin tələblərinə uyğun olmaması ilə əlaqədardır. Bu səbəbdən təqsirləndirilən şəxsin hazırkı cinayət əməlini törətməməsi barədə məhkəmə baxışı zamanı irəli sürdüyü dəlil apellyasiya protestinin həlli baxımından əsaslı hesab edilə bilməz, ona görə də cəza təyini ilə bağlı apellyasiya protestinin dəlilləri əsaslı hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış tələbnamədən və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı hökmünün müstəqil icra olunması hökm edilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-1.1.1ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm ilə təyin edilmiş 05 (beş) il 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göstərilənlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə məhkum edilmiş və həmin hökm üzrə müəyyən edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatmamış yenidən qəsdən cinayət törətmişdir. Beləliklə, hazırkı cinayəti törətdiyi vaxt onun əvvəlki hökm üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmiş olmuşdur. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətlərin residivi cəza təyin edilərkən nəzərə alınmalı olan mühüm hüquqi hal olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqini zəruri edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Hazırkı halda Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 5 (beş) il olması nəzərə alınmaqla, onun barəsində residivə görə cəza CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun müəyyən edilməli olduğu halda, birinci instansiya məhkəməsi bu hüquqi halı nəzərə almamışdır. Göstərilən hallar nəzərə alınmaqla, məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə adekvat deyildir və qanunun tələblərinə uyğun olaraq daha ağır cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır. Məhz bu konteksdən, Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cinayət əməllərinə görə cəza qanunun məqsədlərinə xidmət etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar tam nəzərə alınmamış və ona kifayət qədər əsaslandırılmış qanuna müvafiq cəza təyin olunmamışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci mаddəsinə görə cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Beləliklə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunun ödənilmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsini, başqa sözlə, onun hərəkətlərində cinayətin residivinin olmasını nəzərə almadan ona hazırkı cinayət əməlinə görə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, əvvəllər qəsdən cinayətlər törətməyə görə məhkum olunması, əvvəlki məhkumluğunun ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsi və bununla da cinayətin residivinin yaranması nəzərə alınmaqla, ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq baxımından kifayət hesab edilə bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli, həmçinin Təqsirləndirilən şəxs barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin ediləcək cəza ilə qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 01 (bir) gün və hazırkı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla ona təyin ediləcək qəti cəza müddətindən çıxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəza təyini hissəsində qanuni və əsaslı hesab edilə bilməz, ona görə də təqsirləndirilən şəxs barəsində hazırkı cinayət əməlinə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmalıdır. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti əsaslı hesab edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəza artırılmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin ediləcək cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulma müddəti nəzərə alınmaqla qəti cəza müəyyən edilməli, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 iki cildldən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə ödənilməli olan 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397, 399.1.4, 404, 407, 408, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI : Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə azadlıqdan məhrum etmə həddinədək artırılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 01 gün və hazırkı iş üzrə tutulduğu 02 gün, ümumilikdə 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 44 (qırx dörd) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar