Məhkəmə qərarları › İş №1(3-8)-308/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-308/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-308/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Sərdarov Kamran Əmirsultan oğlu və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Süleymanov Cavanşir İslam oğlunun iştirakları ilə, Sərdarov Kamran Əmirsultan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2026-cı il tarixli, 1(4-2)-63/2026 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Süleymanov Cavanşir İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2026-cı il tarixli, 1(4-2)-63/2026 nömrəli hökmü ilə (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Nurəddin Hüseynli və İlham Cəfərzadə) 12 may 1994-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Qusar şəhəri, Rəsulbəyov küçəsi, ev 67 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 47 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Sərdarov Kamran Əmirsultan oğlu CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16.12.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Sərdarov Kamran Əmirsultan oğlu CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, orta dərəcəli alkoqol sərxoşluğu halında 15 dekabr 2025-ci il tarixdə axşam radələrində Xaçmaz rayonu, Xudat şəhərində yerləşən parkda üzüzə gəldiyi tanışı Əyyubov İslam Telman oğlunun Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin polis nəfəri vəzifəsində işlədiyi üçün heç bir əsaslı səbəb olmadan sonuncuya peşə fəaliyyəti ilə bağlı xoşagəlməz ifadələr işlədərək təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisənin həmin vaxt yanlarında olan şəxslər tərəfindən böyüməyinə izin verilmədən onları ayırmaqla qarşısının alınmasına baxmayaraq öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz qanunsuz və əxlaqsız hərəkətlərini davam etdirərək yaşadığı evdən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb 15 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, S.Stallı küçəsində yerləşən əraziyə gələrək həmin bıçaqla İslam Əyyubovun kürək və sağ əl nahiyələrinə qəsdən 2 dəfə vurub sonuncuya “hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin arxa divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” kimi sağlamlığa ağır zərər vuran və “sağ əlin birinci barmağı nahiyəsinin kəsilmiş yarası” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bununla da o, xuliqanlıq niyyəti ilə qəsdən İslam Əyyubovun sağlamlığına ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Sərdarov Kamran Əmirsultan oğlunun əməlinin CM-in 126.1ci maddəsinə tövsif edilməsi və ona CM-in 59-cu maddəsi nəzərə alınmaqla cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kamran Sərdarovla İslam Əyyubov arasındakı münaqişə şəxsi münasibətlərin aydınlaşdırılması nəticəsində yaranmışdır. İslam Əyyubova bıçaqla yetirilmiş xəsarət isə Kamran Sərdarovun zərərçəkmiş şəxs tərəfindən döyülməsi və təhqir olunması ilə əlaqədar olaraq intiqam motivi ilə törədilmişdir. Bu hal Kamran Sərdarovun əməlinin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsini istisna edir. İttiham tərəfinin Kamran Sərdarovun xuliqanlıq niyyətləri barədə iddiaları iş materiallarına və qanunvericiliyə uyğun gəlmir. Xüsusilə, 2025-ci il dekabrın 15-də baş vermiş münaqişə zamanı Kamran Sərdarov tərəfindən ictimai qayda kobud surətdə pozulmamışdır. Kamran Sərdarovun hərəkətləri əsassız olmamışdır. Onların motivini İslam Əyyubov tərəfindən döyülməsi və təhqir olunması nəticəsində yaranmış inciklik və intiqam hissi təşkil etmişdir. Sübutlarla təsdiqlənən bu cür motivin mövcudluğu ittiham tərəfinin Kamran Sərdarovun hərəkətlərinin əsassız olması və onun hərəkətlərində xuliqanlıq əlamətlərinin mövcudluğu barədə iddialarını təkzib edir. Beləliklə, ibtidai istintaq və məhkəmə baxışı zamanı Kamran Sərdarovun xuliqanlıq niyyətləri barədə iddianı təsdiq edən hər hansı əsas müəyyən edilməmişdir. Bu hal ibtidai istintaqın əvvəlindən aydın olmuşdur. Bununla əlaqədar olaraq istintaq orqanı əvvəlcə qanuni və əsaslı olaraq Kamran Sərdarovun əməlini CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Lakin sonradan, istintaq zamanı hər hansı yeni hal müəyyən edilmədiyi və əlavə sübutlar əldə edilmədiyi halda, Kamran Sərdarovun əməli əsassız olaraq CM-in 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 nömrəli Qərarının 3-cü bəndinə əsasən, “…ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir…” Hesab edir ki, məhkəmə bütün yuxarıda göstərilənləri nəzərə almamış, qərarını məntiqsiz və ziddiyyətli mülahizələrlə, habelə Kamran Sərdarovun işi ilə yalnız dolayı əlaqəsi olan, bir sıra hallarda isə onun əməllərində xuliqanlıq niyyətinin olmadığını təsdiq edən hamıya məlum normativ aktlardan seçmə və qərəzli sitatlar gətirməklə əsaslandırmışdır. Xüsusilə, məhkəmə 28.02.2026-cı il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarı hökmün əsası kimi qəbul etmişdir. Həmin qərarla Kamran Sərdarovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 126.2.3, 228.5 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmənin İslam Əyyubovun polis əməkdaşı kimi vəzifə statusu barədə qərəzli mülahizələri əsassızdır, məntiqə və iş materiallarına ziddir. Hökmdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə istinad etmiş, lakin öz qərarında bu qanun müddəalarını faktiki olaraq nəzərə almamışdır. Hökmdə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının Kamran Sərdarovun əməllərinə birbaşa aidiyyəti olmayan 5-ci bəndinə istinad etmiş, eyni zamanda həmin Qərarın işə birbaşa aidiyyəti olan 3-cü bəndini qərəzli şəkildə nəzərə almamışdır. Məhkəmə eyni qaydada və eyni səbəblərə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.12.2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarına da yanaşmış, Kamran Sərdarova bəraət qazandıran müddəaların mahiyyətini şəkildə nəzərə almamış və təhrif etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Sərdarov Kamran Əmirsultan oğlunun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 59-cu maddəsi nəzərə alınmaqla cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəillərini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd edərək onu da vurğuladı ki, Sərdarov Kamran Əmirsultan oğlunun əməli istintaq zamanı toplanılmış və məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməməsi səbəbindən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə, Sərdarov Kamran Əmirsultan oğlunun təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsinin həmin məcəllənin 126.1ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2026-cı il tarixli, 1(4-2)-63/2026 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının yekunu üzrə qərar qəbul edərkən CPM-nin 349-351-ci maddələri ilə müəyyən edilən normaları əsas götürür. Həmin maddələrlə müəyyən edilmişdir ki, hökm Azərbaycan Respublikası Konstitusiyasına, cinayət və cinayət-prosessual qanunlara riayət edilməklə çıxarıldıqda, habelə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər(CPM-nin 349.4 və 249.5-ci maddələri). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bəraət hökmünə bəraət verilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.(CPM-nin 350.3 və 351.2-ci maddələri). Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək məhkuma 126.1-ci maddə ilə cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla cəza təyin edilməsi xahiş edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, təqsirləndirilən şəxs Sərdarov Kamran Əmirsultan oğlu ittiham olunduğu cinayət əməlini törətməkdə özünü həm ibtidai istintaq zamanı, həmdə məhkəmədə qismən təqsirli bilmişdir. Onun əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində və həmçinin apellyasiya baxışı zamanı müdafiə tərəfinin çıxışında qeyd etdiyi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmamasına dair dəlillərini əsaslı saymır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlar Sərdarov Kamran Əmirsultan oğlunun zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti olmadan sağlamlığına ağır zərər vurması barədə nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CM-in 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində verilmiş izahından irəli gələn müddəaları CM-in 126.2.4-cü maddəsinə aid etməklə belə nəticəyə gəlmək olur ki, şəxsin əməlinin xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.2.4-cü maddəsi) o vaxt tövsif oluna bilər ki, bu zaman təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına ağır xəsarət yetirir). Həmin bəndin 3-cü hissəsinin verilmiş izahından irəli gələn müddəaları CM-in 126.2.4-cü maddəsinə aid etməklə belə nəticəyə gəlmək olur ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına zərər vurmaq məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz”. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs İslam Əyyubovla yaranan mübahisənin əsas səbəbkarı məhz təqsirləndirilən şəxsin özü olmuş, hadisə günü o, sərxoş vəziyyətdə heç bir səbəb olmadan polis əməkdaşı olan (Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin polis nəfəri) tanışı İslam Əyyubovla parkda rastlaşan zaman ona salam verməmiş və ona “sən kişi deyilsən, sən itsən, sənə salam düşmür” deməklə sonuncuya peşə fəaliyyəti ilə bağlı xoşagəlməz ifadələr işlətmiş və nəticədə aralarında mübahisə baş vermişdir. Bundan sonra, hadisə yerində olan şəxslərin müdaxiləsi ilə hadisə böyümədən şəxslər bir-birindən aralaşdırılmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin içkili olmasına görə onunla sonra söhbət etməyin daha məsləhətli olmasını düşünərək ilk olaraq hadisə yerindən uzaqlaşmış, təqsirləndirilən şəxs Kamran Sərdarov isə evə yola salınmasına baxmayaraq evdən soyuq silah sayılmayan mətbəx bıçağı götürərək zərərçəkmiş şəxs İslam Əyyubovun arxasınca getmiş və Xaçmaz rayonu, Xudat şəhəri, S.Stallı küçəsində İslam Əyyubova çatıb ona əlində olan bıçaqla hücum edərək onun kürək və sağ əl nahiyələrinə qəsdən 2 dəfə zərbə vurub sonuncuya “hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin arxa divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” kimi sağlamlığa ağır zərər vuran və “sağ əlin birinci barmağı nahiyəsinin kəsilmiş yarası” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin Kamran Sərdarovun heç bir əsaslı səbəb olmadan özünün başlatdığı mübahisə və davadalaş nəticəsində zərərçəkmiş şəxsin ona yumruqla vurmasını bəhanə etməklə zərərçəkmiş şəxslə haqq-hesab çürütmək qənaətinə gələrək qeyd edilən cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndiirlən şəxsin birinci instansiya məhkəməsindəki ifadəsində göstərdiyi xüsusatlar, həmçinin apellyasiya şikayətində göstərilmiş dəlillər təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir Təqsirləndirilən şəxs ifadəsində özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxsin onu vurmasını və ona qarşı nalayiq söyüşlər söyməsini səbəb kimi göstərməklə cinayət əməlini törətdiyini bildirsə də, həmin hal zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib olunur. Göründüyü kimi işin faktikin halları təqsirləndirilən şəxsin ifadələrində qeyd edildiyi kimi baş verməmişdir. Yəni, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdikdə cüzi səbəbi bəhanə edərək, öz üstünlüyünü nümayiş etdirməyə çalışmaqla, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq məhz xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır dərəcəli bədən xəsarəti yetirmiş və mövcud əməl üzrə xuliqanlıq niyyəti cinayətin konkret motivi kimi özünü büruzə vermişdir. Cinayət hüquq nəzəriyyəsinə görə dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığıa ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir: əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsinin sağlamlığına qəsdən ağır zərər vurması CM-in 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik göstərməsi ilə müşayət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlanılmışdırsa təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. Hazırki işin materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin ifadəsində zərərçəkmiş şəxsə xəsarət yetirməsinin səbəbi kimi göstərdiyi hallar, yəni zərərçəkmiş şəxsin onu münaqişəyə cəlb etməsi iş materialları ilə sübuta yetirilmir. Əksinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı peşə fəaliyyəti ilə bağlı xoşagəlməz ifadələr işlətməsi, nəticədə aralarında mübahisə baş verməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin içkili olmasına görə onunla sonra söhbət etməyin daha məsləhətli olmasını düşünərək ilk olaraq hadisə yerindən uzaqlaşması, təqsirləndirilən şəxsin isə evə yola salınmasına baxmayaraq evdən soyuq silah sayılmayan mətbəx bıçağı götürərək zərərçəkmiş şəxs İslam Əyyubovun arxasınca gedərək, ona əlində olan bıçaqla hücum edib sağlamlığa ağır zərər vuran xəsarət yetirməsi təqsirləndirilən şəxsin hər hansı bir bir bəhanə ilə, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər yetirməsi faktını təsdiq edir. Bu səbəblərdən məhkəmə kollegiyası Sərdarov Kamran Əmirsultan oğlunun ittihamını sübut olunmuş hesab edir və iş üzrə çıxarılmış hökmün ləğv olunması, yaxud dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verərək Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də Sərdarov Kamran Əmirsultan oğlunun CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2026-cı il tarixli, 1(4-2)-63/2026 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Sərdarov Kamran Əmirsultan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2026-cı il tarixli, 1(4-2)-63/2026 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar