Məhkəmə qərarları › İş №1(3-8)-320/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-320/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-320/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Elçin Qüdrət oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Qobustan rayonu, Sədəf kənd sakini Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əvvəlcədən planlı şəkildə əlbir olmaqla ona qarşı CM-in 34.2-ci maddəsini bilə-bilə pozaraq ## #### 2026cı il tarixdə ona qarşı Qobustan RPŞ-yə heç bir səbəb olmadan şikayət ərizəsi yazmışdır. Yazdığı şikayət ərizəsində Arif özünə havadar şahidlər toplamaqla şər-böhtan atmaq üçün onun şərəf və ləyaqətini alçaltmışdır. Guya o, Arifə qarşı söyüş və təhqirlər etmişdir. 3 nəfər də şahid göstərir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun şərəf və ləyaqətini Konstitusiyanın 46-cı maddəsi ilə pozması alçaltmasına dair heç bir səbəb yoxdur. Səbəb göstərməlidir ki, o (Xüsusi ittihamçı) onları hansı ayda, tarixdə, saat neçədə, hansı yerdə, məkanda söyüb təhqir etmişdir. Bu məsələyə aydınlıq gətirməlidir. Insanın şərəf və ləyaqəti, nüfuzu hüququn ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, BMT-nin ## ###### 1948-ci il tarixli Ümumdünya Insan Hüquqları Bəyannaməsində, ## ###### 1966-cı il tarixli “Mülki və cinayət hüquqları haqqında” Beynəlxalq Paktda və “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi ailə həyatına hörmət hüququ ilə əlaqədar qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətinin alçaltmasına əsas verilə bilməz. Insanın şərəfi və ləyaqəti, nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi-əxlaqi sosial dəyər olduğu üçün bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Ona elə gəlir ki, xüsusi ittiham qaydasında şikayətlərə baxılarkən hər kəsin toxunulmazlığı, şərəf və ləyaqəti Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqların möhkəmləndirilməsinin təmin edilməsi üçün qanunun tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikasının 147, 148, 165.1, 1166.1-ci maddəsi ilə xüsusi ittiham şikayətlərinə baxılarkən Konstitusiyanın 30-cu, 32-ci maddəsinin II-III hissəsi ilə 46, 47, 50, Konstitusiyanın 8-ci maddəsi ilə ailə həyatına hörmət və 20-ci maddə ilə fikir ifadə etmə azadlığı maddələrində təsbit edilmiş hüquq azadlıqlarının pozulubpozulmaması araşdırılmalı, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüquqlarından geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı Qobustan RPŞ-yə şikayət ərizəsi ilə bağlı şahidləri də qeyd etmişdir. Şahidlər Poladlı kənd sakini Şaiq Əsədov, Bədəlli kənd sakinləri Asif Mədətov, Anar Mədətov bir yerdə əvvəl “Şirvan” restoranında olublar, Asif deyib ki “mən Səxavətin üzünə şahid duracam, ağzını da belə-belə edəcəm”. Anar Asifin sözünə müdaxilə edib ki, “el bizi söyər, ayıbdır, el bizi qınayar, Səxavət Arifi nə vaxt söyüb axı?”. Arif və göstərilən şahidlər aydınlıq gətirməlidirlər ki, onları bir yerdə o (Xüsusi ittihamçı) görmədiyi halda qondarma təşkilatçılığı Arif niyə etməlidir? Bu barədə Arif və digərləri bu məsələyə aydınlıq gətirməlidir. O, zərərçəkmiş vətəndaş və şəxsən CMin 293.3.1 293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq Qobustan RPŞ-yə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən ona qarşı yazdığı ərizə şikayəti qanunun tələbinə uyğun olubolmamasının yoxlanılmasını, niyə görə? Və səbəb nə idi ki, ərizəni Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs geri götürüb? Buna aydınlıq gətirməlidir. O, xüsusi ittiham qaydasında yazdığı iddia ərizəsinə görə CPM-in 296cı maddəsi ilə məsuliyyət daşıyır və məsuliyyətini başa düşür. Iddiası ilə bağlı heç bir barışığa gedilməyəcək. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hətta onu öz minik maşınına əyləşməyə dəvət etdi, o, məsələni bilirdi, maşına əyləşmirdi, məcbur etdi, maşına minəndən sonra onunla yüksək tonlu səslə danışdı, Cinayət Məcəlləsinin 182.1ci maddəsini pozaraq hədə-qorxu gəlmə, tələb etmə, Konstitusiyanın 46-cı maddəsini pozaraq şərəf və ləyaqətini alçaldaraq Konstitusiyanın 32-ci maddəsini pozaraq onun razılığı olmadan səsini telefona yazmışdır və Arif ona dedi ki, elə bir oyun quracaq ki, balaları dolaşacaq. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquq və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 24-cü maddə ilə doğulduğu gündən toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları vardır. 25-ci maddənin İ hissəsi ilə heç kəsə bu maddənin IV hissəsi ilə bu maddənin III hissəsində göstərilən qaydalara görə zərər vurula bilməz. Odur ki, Konstitusiyanın 47.İ.II və 57.İ maddəsi ilə müraciət edir və xahiş edir ki, xüsusi ittiham qaydasında müraciətinə qanun çərçivəsində baxılmasına münasibət bildirilsin. Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim S.İ.Mayılov) Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə araşdırmasının davam etdirilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətə düzgün hüquqi qiymət verməmiş və şikayətin icraata qəbul edilməsindən əsassız olaraq imtina etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində Qobustan Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin müraciətdə onun şərəf və ləyaqətini alçaldan məlumatlar göstərmiş və öz mövqeyini təsdiq etmək üçün şahidlər təqdim etmişdir. Həmin şahidlərin ifadələrinin həqiqətə uyğunluğu və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində söylədiyi məlumatların xarakteri məhkəmə tərəfindən araşdırılmalı idi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onunla olan söhbəti mobil telefon vasitəsilə videoya və ya səs yazısına almış, həmin söhbət zamanı ona qarşı yüksək tonda danışmış və onun tərəfindən hədə-qorxu kimi qiymətləndirilən ifadələr işlətmişdir. Apellyasiya şikayətində bu halların onun şərəf və ləyaqətinə müdaxilə kimi qiymətləndirilməli olduğu irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında da öz mövqeyini və şikayətində göstərdiyi halları izah etmiş, lakin məhkəmə həmin halların tam araşdırılmasını təmin etməmiş, onun təqdim etmək istədiyi sübutlara və şahidlərin dindirilməsi məsələsinə lazımi qiymət verməmişdir. Bundan başqa, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs polis orqanına verdiyi müraciətin və həmin müraciətdə göstərilən məlumatların maddi sübut kimi araşdırılmasının, eləcə də şikayətdə adı çəkilən şəxslərin şahid qismində dindirilməsinin zəruri olduğu göstərilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun çıxış edərək, Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin əsassız olmasını vurğulayaraq apellyasiya şikayətinin təmin edilməyərək Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində Qobustan Rayon Polis Şöbəsinə müraciət etməsini, həmin müraciətdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsini, şahidlər təqdim etməsini, habelə onunla təkbətək söhbət zamanı yüksək səslə danışmasını və müəyyən ifadələr işlətməsini öz şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Lakin xüsusi ittihamçı hazırlıq iclasında ona verilən suallara cavab olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu konkret olaraq nə vaxt, harada və hansı ifadələrlə təhqir etdiyini və ya ona böhtan atdığını göstərə bilməmiş, həmçinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində kütləvi informasiya vasitələrində hər hansı çıxışının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal xüsusi ittiham qaydasında şikayətin məzmununa verilən qanuni tələblər baxımından mühüm əhəmiyyət daşıyır. Çünki xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması üçün yalnız şəxsin özünü təhqir olunmuş və ya barəsində böhtan xarakterli məlumat yayılmış hesab etməsi kifayət etmir. Şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin nədən ibarət olması, onun harada, nə vaxt və necə törədilməsi, əməli törətdiyi iddia edilən şəxs, eləcə də həmin halları təsdiq edən sübutlar müəyyən və aydın şəkildə göstərilməlidir. Hazırkı halda isə Xüsusi ittihamçı şikayətində həm cinayət hesab etdiyi əməlin konkret faktiki məzmunu, həm onun törədildiyi vaxt və yer, həm də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhz hansı hərəkətinin CM-in 147 və ya 148-ci maddələrinin əlamətlərini yaratdığı kifayət qədər müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin qanunla müəyyən olunmuş məzmun tələblərinə cavab vermədiyi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Qobustan Rayon Polis Şöbəsinə ərizə verməsi və həmin ərizədə şikayətçi barəsində məlumatlar göstərməsi böhtan və təhqir kimi qiymətləndirilsə də, bu dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsinin də düzgün olaraq istinad etdiyi hüquqi yanaşmaya görə, böhtan və ya təhqir xarakterli məlumatın müxtəlif dövlət orqanlarına ünvanlanan ərizə və ya şikayətdə göstərilməsi özlüyündə həmin məlumatın CM-in 147 və 148-ci maddələrinin mənasında kütləvi çıxış formasında yayılması kimi qəbul edilmir. Cinayət məsuliyyətinin yaranması üçün məlumatın həmin cinayət tərkiblərinin obyektiv əlamətlərinə uyğun formada yayılması tələb olunur. Iş materiallarında isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı barədə məlumatları kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya digər bu qəbildən olan formada yaymasını təsdiq edən məlumat müəyyən edilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, şikayətdə istinad edilən məlumatların bir hissəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs polis orqanına müraciəti ilə, digər hissəsi isə tərəflərin avtomobildə tək olduqları vaxt aralarında baş vermiş söhbətlə bağlıdır. Bu halların heç biri iş üzrə müəyyən edilmiş formada CM-in 147 və 148-ci maddələrinin tələb etdiyi kütləvi yayılma əlamətini yaratmır. Birinci instansiya məhkəməsinin qərarında əsaslı olaraq göstərilmişdir ki, məlumatların aid olduğu şəxsə təklikdə bildirilməsi kütləvi çıxış şəklində yayılma hesab edilmir. Apellyasiya şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətçi ilə avtomobildə olarkən yüksək tonda danışması, ona “şikayətini geri götür” məzmunlu ifadə işlətməsi və həmin ifadələrin Xüsusi ittihamçı tərəfindən hədə-qorxu kimi qəbul edilməsi də qərarın ləğvinə əsas vermir. Ilk növbədə, həmin söhbətin tərəflərin avtomobildə tək olduqları şəraitdə baş verməsi xüsusi ittiham qaydasında CM-in 147 və 148-ci maddələri baxımından tələb edilən yayılma əlamətini istisna edir. Digər tərəfdən, şəxsin hansısa ifadəni subyektiv olaraq hədə-qorxu, təhqir və ya alçaldıcı davranış kimi qəbul etməsi özlüyündə həmin əməli xüsusi ittiham qaydasında təqib olunan cinayətə çevirmir. Əməlin cinayət-hüquqi qiymətləndirilməsi onun obyektiv məzmunu və cinayət qanununda nəzərdə tutulmuş əlamətlərin mövcudluğu əsasında həyata keçirilməlidir. Apellyasiya şikayətində şahidlərin dindirilməsinin və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs polis orqanına təqdim etdiyi materialların araşdırılmasının zəruri olması da göstərilmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir. Hazırlıq iclası mərhələsində məhkəmənin vəzifəsi xüsusi ittihamçının irəli sürdüyü hər bir fakt üzrə tam həcmli məhkəmə istintaqı aparmaq deyil, ilk növbədə xüsusi ittiham qaydasında verilmiş şikayətin qanunla müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını, şikayətdə təsvir edilən əməldə cinayət əlamətlərinin mövcudluğunu və şikayətin məhkəmə baxışına çıxarılması üçün prosessual əsasların olub-olmamasını yoxlamaqdır. Hazırkı halda şikayətin özündə cinayət sayılan konkret əməl, onun törədildiyi vaxt, yer və üsul lazımi müəyyənliklə göstərilmədiyi, xüsusi ittihamçı hazırlıq iclasında da Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu konkret olaraq nə vaxt və hansı formada təhqir etdiyini və ya barəsində böhtan xarakterli məlumat yaydığını izah edə bilmədiyi halda, şahidlərin dindirilməsi yolu ilə şikayətdə olmayan faktiki əsasların sonradan müəyyənləşdirilməsi xüsusi ittiham qaydasında şikayətin qanunla tələb edilən məzmununun əvəz olunması ilə nəticələnərdi. Bundan başqa, birinci instansiya məhkəməsi şikayətə orada göstərilən halları təsdiq edən sübutların əlavə edilmədiyini və şikayətçinin dəlillərini təsdiqləyən sübutların şikayətdə lazımi qaydada əks etdirilmədiyini də müəyyən etmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, xüsusi ittihamçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin “qərəzli” və “ədalətsiz” qərar qəbul etməsi barədə irəli sürdüyü mülahizələr konkret prosessual pozuntu və ya qərarın qanunsuzluğunu təsdiq edən faktlarla əsaslandırılmamışdır. Məhkəmə qərarı onunla razılaşmayan tərəfin subyektiv münasibətinə görə deyil, iş üzrə müəyyən edilmiş faktların və tətbiq edilən hüquqi əsasların düzgünlüyünə görə qiymətləndirilməlidir. Iş materiallarından isə birinci instansiya məhkəməsinin xüsusi ittihamçının özünü və barəsində şikayət verilmiş şəxsi dinlədiyi, xüsusi ittihamçının irəli sürdüyü halları yoxladığı, şikayətin məzmununu və faktiki əsaslarını qiymətləndirdiyi görünür. Xüsusi ittihamçı özü də hazırlıq iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs konkret olaraq nə vaxt təhqir və ya böhtan xarakterli əməl törətdiyini göstərə bilməmişdir Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkzib etmir və həmin qərarın ləğvini şərtləndirən hüquqi və faktiki əsas yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsi Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununu və hazırlıq iclasında müəyyən edilmiş halları düzgün qiymətləndirmiş, şikayətin qanunla müəyyən edilmiş tələblərə cavab verməməsi, şikayətdə təsvir edilmiş hallarda xüsusi ittiham qaydasında təqib olunan cinayətin zəruri əlamətlərinin müəyyən edilməməsi və irəli sürülmüş dəlilləri təsdiq edən kifayət qədər məlumatın göstərilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, CPM-nin 293.3.1-293.3.7-ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin tələblərə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin tələblərinə görə şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli ** saylı Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin Qərarın 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qanunun bu tələbinə zidd olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə istinad olunan əməlin baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməllərin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən istinad edilən maddələrin dispozisiyasında göstərilən qaydada törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Başqa sözlə desək, qanunvericilikdə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər qoyulmuşdur ki, Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin tələblərə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilməməsini əsas götürərək xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 300.1.3, 397 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Qobustan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Xüsusi ittihamçı apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar