Məhkəmə qərarları › İş №1(3-8)-322/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-322/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-322/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri-Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Elşad Əliyev) ##.##.1983-cü ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Xızı rayonu. Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə İXM-nin 206-cı maddəsi ilə 15 gün inzibati qaydada həbs olunduğu, inzibati həbs müddətinin ## ### 2026-cı il tarixdə başa çatacağını nəzərə alaraq ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 0,237 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ## ###### 2026-cı il tarixdə saat 16:07 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən ** saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ cibinin üzərindəki kiçik cibdən 01 ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 0,237 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinə özünün iştirakı ilə baxılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətinin dəlilləri ilə əlaqədar bildirdi ki, bir uşağının azyaşlı olması, digər uşağının serebral iflic xəstəliyindən əziyyət çəkməsi və ailəsinin ona ehtiyacı olması nəzərə alınaraq barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azaldılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın azaldılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti və əməlində cinayətlərin təhlükəli residivinin olması nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Apelyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması ilə bağlı dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması cəzanın ümumi məqsəd və prinsipləri baxımından əsaslı və ədalətli olmadığından, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin çıxışında Təqsirləndirilən şəxs bir uşağının azyaşlı olması, digər uşağının Serebral iflic xəstəliyindən əziyyət çəkməsi və ailəsinin ona ehtiyacı olmasına görə barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə almışdır. Odur ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə almaqla cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olmasını da nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yuxarıda göstərilən yüngülləşdirən halları müəyyən etməklə yanaşı, cinayətin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, görünür ki,Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 8 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.## ######## 2024-cü ildə cəza müddəti bitmişdir. Bunan başqa o. Xızı rayon məhkəməsinin ##.##.2025- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddə ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisin ##.##.2025-ci il tarixli Qərarının 2.3cü bəndinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və ##.##.2026-cü il tarixdə həbsdən azad edilmişdir. CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin residivi və cinayətlərin residivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, cinayətlərin residivi müəyyən edildikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nin 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-nin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır...”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 6 saata görə 66 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 6 iş saatına görə 66 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar