Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-326/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə Idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü ilə (hakimlər İ.N.Cəfərzadə (sədrlik edən və məruzəçi) N.N.Mirzəyev və N.N.Hüseynli) ##.##.1992-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən nömrəsiz evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Eyni zamanda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilməsi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ######## 2025-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Ü.Hacıbəyov küçəsində 41°37'11.1"N **°40'48.2"E koordinatlarda yerləşən fərdi yaşayış evinin həyətində qayınatası zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sol sinə nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq zərərçəkmiş şəxsin döş qəfəsinin ön səthində sol tərəf IV-V qabırğalar səviyyəsində dərialtı yumşaq toxumalarda qansızma, qalxan aortada (əməliyyat nahiyəsində) cırılma həyati olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmaqla döş qəfəsinin küt travması ilə əlaqədar aortanın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanskiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, bu cinayət işinin materiallarını vərəqlədikcə, şahidlərin ifadələrini və ekspert rəyini dərindən analiz etdikcə aydın şəkildə görünür ki, bu cinayəti o törətməyib. Bu ittiham faktlara deyil, fərziyyələrə və ziddiyyətlərə əsaslanır. Təqsirləndirilən şəxs aid hökm qanunsuz, əsassız və birtərəfli araşdırmanın nəticəsi olduğundan, həmin hökm ləğv edilməlidir. Zərərçəkmiş şəxsin ailə üzvlərinin ifadələrində kəskin ziddiyyətlər mövcuddur (biri "itələdiyini", digəri isə "yumruq vurduğunu" iddia edir). Hadisə yerinə gələn polis əməkdaşına mərhumun yoldaşı Nəzakət xanım həyat yoldaşının xəstəlikdən öldüyünü bildirmişdir. Məhkəmədə dindirilən ekspert-kardioloq açıq ürək əməliyyatı keçirmiş mərhumun damar cırılmasının tək zərbədən deyil, itələmədən, qeyri-peşəkar ürək masajından, həyəcan, stress, qorxu və gərginlik və təzyiqdən qaynaqlana biləcəyini təsdiq etmişdir, ölümün səbəbi fiziki zərbə deyil, daxili xəstəlikdir. Təqsirləndirilən şəxslə mərhum arasında heç bir düşmənçilik və ya münaqişə olmamışdır, əksinə münasibətləri yüksək səviyyədə olmuşdur. Bu faktı qonşular və mərhumun qızı Könül təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxs əməlində mərhuma qarşı qəsd olmayıb, bu da məhkəmə istintaqı zamanı sübuta yetirilib. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, hadisəyə qədər təqsirləndirilən şəxs ilə mərhum arasında hər hansı mübahisə və ya ədavət olmamış, hadisədən sonra isə təqsirləndirilən şəxs mərhuma ilkin tibbi yardım göstərməyə çalışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin hadisədən dərhal sonra polis əməkdaşlarına mərhumun yıxılaraq vəfat etdiyini və ürək problemi olduğunu bildirməsi həmin ilkin məlumatların iş üzrə əhəmiyyətli olduğundan və birinci instansiya məhkəməsində dindirilmiş ekspert ifadələrində əsasən stress, həyəcan, qorxu və gərginliyin aortada cırılmaya səbəb olmasının mümkünlüyünü bildirmişdir. Bundan başqa, hadisədən sonra Nəzakət Hüseynovanın mərhuma qeyri-peşəkar şəkildə ürək masajı etməsinin də ölümün baş verməsinə təsir göstərə biləcəyi mümkündür. Ekspert məhkəmə iclasında verdiyi izahatlarla yazılı ekspert rəyində göstərilən nəticələri tam təsdiq etməmiş, birinci instansiya məhkəməsi isə bu ziddiyyətlərə lazımi hüquqi qiymət verməmişdir. Həmçinin iş üzrə ifadə vermiş şəxslərin ifadələrində də ziddiyyətlərin olmuşdur. Belə ki, zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin atasını itələdiyini, Nəzakət Hüseynova isə ona yumruqla zərbə vurduğunu bildirmişdir. Müdafiə tərəfinin fikrincə, bu ziddiyyətlər hadisənin başvermə anının şahidlər tərəfindən dəqiq müşahidə edilmədiyini göstərir. Nəzakət Hüseynova ilə təqsirləndirilən şəxsin anası Ceyran arasında əvvəldən mübahisəli münasibətlərin mövcud olduğunu qeyd etsək, həmin münasibətlərin verilmiş ifadələrə təsir göstərməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının ekspert rəyinin üç həkimdən ibarət komissiya tərəfindən verildiyi, məhkəmə iclasında isə həmin ekspertlərdən yalnız birinin dindirildiyi nəzərə alınmaqla, bir ekspertin şifahi izahatının komissiyanın yazılı rəyi qarşısında hansı əhəmiyyətə malik olması barədə sualına müdafiəçi cavab vermişdir ki, məhkəmədə dindirilmiş ekspert digər ekspertlərlə müqayisədə daha təcrübəli və tanınmış mütəxəssis olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirmişdir. O, mərhuma ümumiyyətlə toxunmadığını, sonuncunun özünün yıxıldığını, hadisə yerinə isə səs eşitdiyi üçün yaxınlaşdığını göstərməklə mərhumla 11 il ərzində heç vaxt mübahisəsinin olmadığını, ona daim hörmətlə yanaşdığını, hadisə günü isə yalnız qayınanası ilə mübahisə etdiyini qeyd etmişdir. Həmin mübahisə qayınanasının həyat yoldaşını uşaqlarla birlikdə aparmaq istəməsi və bunun ailəsinin dağılmasına səbəb ola biləcəyi ilə əlaqədar olmuşdur. Mərhumun yaranmış ailə münaqişəsi ilə əlaqədar əsəbiləşərək stress keçirdiyini, ürəyinin tutduğunu və bu səbəbdən vəfat etdiyini bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, hadisə ## ######## 2025-ci il tarixdə baş vermişdir. Həmin gün qızı zərərçəkmiş şəxs2 atasına zəng edərək həyat yoldaşının onu döydüyünü və gəlib onu aparmasını xahiş etmişdir. Mərhum bu barədə ona məlumat verdikdə, o, hər ailədə müəyyən problemlərin ola biləcəyini, məsələnin düzələcəyini söyləsə də, mərhum məktəbdən uşaqları da götürərək qızının yaşadığı evə getmək qərarına gəlmişdir. Onlar təqsirləndirilən şəxsin yaşadığı evə mübahisə etmək deyil, yaranmış ailə problemini danışıq yolu ilə həll etmək məqsədilə getmişlər. Lakin həyətə daxil olduqları zaman təqsirləndirilən şəxsin anası onları əsəbi şəkildə qarşılamış və aralarında mübahisə yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs həyətə çıxmış, əsəbi vəziyyətdə mərhumun üzərinə gəlmiş, mərhumun ürək xəstəliyinin olduğunu bildiyindən Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmağa çalışmış, lakin Təqsirləndirilən şəxs mərhumun ürək nahiyəsinə yumruqla zərbə vurmuş, bundan təxminən bir neçə saniyə sonra mərhum darvazanın qarşısında yerə yıxılmışdır. Müdafiə tərəfinin onun hadisə yerinə gəlmiş polis əməkdaşlarına ilkin olaraq həyat yoldaşının yıxılaraq vəfat etdiyini bildirməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hadisə zamanı şok vəziyyətində olmuş, özünü tam idarə edə bilməmiş və bu səbəbdən ilkin olaraq hadisəni dəqiq ifadə etməmişdir. Sonradan özünə gəldikdən sonra həyat yoldaşının Təqsirləndirilən şəxs tərəfindən vurulduğunu polis əməkdaşlarına bildirmişdir. O, həmçinin mərhumun əvvəllər açıq ürək əməliyyatı keçirdiyini, lakin hadisəyə qədər ürəyi ilə bağlı hər hansı şikayətinin olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin təmin edilməsinə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs atasını öldürmək niyyətinin olmadığını bilir, lakin onun atasına yumruqla zərbə vurduğunu təsdiq edir. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, təqsirləndirilən şəxsin əməlinə isə qanuna və işin faktiki hallarına uyğun hüquqi qiymət verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək müdafiə tərəfinin dəlilləri ilə razılaşmamışdır. Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisinin hadisə yerinə gəlmiş polis əməkdaşına mərhumun əvvəllər açıq ürək əməliyyatı keçirdiyini və ürək tutması nəticəsində öldüyünü deməsinin ölümün tibbi səbəbinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşımadığını, polis əməkdaşının tibb eksperti olmadığını qeyd etmişdir. Dövlət ittihamçısı həmçinin cinayət təqibinin ictimai ittiham qaydasında həyata keçirildiyini, buna görə də zərərçəkmiş şəxsin və ya onun hüquqi varisinin ilkin mövqeyindən asılı olmayaraq hadisənin faktiki səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olduğunu bildirməklə zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin onun atasına yumruq vurduğunu deyil, itələdiyini bildirməsinin isə təqsirləndirilən şəxsin onun həyat yoldaşı və uşaqlarının atası olması ilə əlaqədar ola biləcəyini göstərmişdir. Müdafiəçi ekspertin ifadələrini tam şəkildə təqdim etməyərək bildirir ki, ekspert məhkəmə iclasında aortanın cırılmasının tikiş qoyulmuş nahiyədə baş verdiyini, bunun sadəcə itələmə və ya silkələnmə ilə baş verməsinin mümkün olmadığını göstərmiş, qeyripeşəkar ürək masajının aortanın cırılmasına səbəb olması barədə suala isə ekspert yalnız aortada əvvəlcədən genişlənmə olduğu halda belə halın mümkün ola biləcəyini, mərhumda isə hadisədən əvvəl belə genişlənmənin müəyyən edilmədiyini bildirir. Hökmdə əks olunmuş yazışmalara gəldikdə isə, zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin azadlıqda olmasını uşaqlarının mənafeyi baxımından istədiyinin həmin yazışmalardan göründüyü və bu səbəbdən onun təqsirləndirilən şəxsin xeyrinə müəyyən ifadələr verməsini həmin ailə münasibətləri ilə əlaqədar olmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun əməlinin CM-nin 124-cü maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə onun CM-nin 126.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2025-ci il tarixli **/KEŞ nömrəli ekspert rəyindən göründüyü kimi, zərərçəkmiş şəxs1 meyitinin bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu - döş qəfəsinin ön səthində sol tərəf IV-V qabırğalar səviyyəsində dərialtı yumşaq toxumalarda qansızma, sol diz nahiyəsində sıyrıq, qalxan aortada (əməliyyat nahiyəsində) cırılma. Göstərilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənməsi ölümündən az əvvələ uyğun gəlir, həyatidir. Dərəcəsinə görə ölümə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətlərdən əlavə digər xəsarət, o cümlədən özünümüdafiə xarakterli xəsarətlər aşkar edilməmişdir. Mərhum zərərçəkmiş şəxs1 sinəsinə yumruq zərbəsinin vurulması ilə onun ölümü arasında səbəbli əlaqə vardır. zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin küt travması ilə əlaqədar aortamn cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 13-15 saat əvvələ uyğun gəlir. zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, i.v. 90-95). Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş ##.##.2025-ci il tarixli, KEŞ-*** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs1 meyiti üzərində döş qəfəsinin ön səthində (sol tərəf) IV-V qabırğalar səviyyəsində dərialtı yumşaq toxumalarda qansızma, sol diz nahiyəsində sıyrıq, qalxan aortada (əməliyyat nahiyəsində) cırılma müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənməsi ölümündən az əvvələ uyğun gəlir və həyatidir. Dərəcəsinə görə ölümə səbəb olmuş xəsarət sağlamlığa ağır zərər vurmaya aiddir. zərərçəkmiş şəxs1 ölümünün səbəbi döş qəfəsinin küt travması ilə əlaqədar aortanın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 13-15 saat əvvələ uyğun gəlir. zərərçəkmiş şəxs1 sinəsinə yumruq zərbəsinin vurulması ilə onun ölümü arasında səbəbli əlaqə vardır. zərərçəkmiş şəxs1 adına “MTE və PA” Birliyi PHŞ-in Xaçmaz rayon şöbəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli ekspert rəyinə əsasən, onun ölümünə səbəb aortanın cırılması nəticəsində baş vermiş kəskin qanitirmənin olduğu müəyyən edilmişdir. Bu da zərərçəkmiş şəxs1 ##.##.2025-ci il tarixdə aparılmış aorta koronar şuntlama əməliyyatının nahiyəsinə uyğundur. Aortanın əməliyyat nahiyəsində cırılması travmatik mənşəli olmuş və keçirilmiş əməliyyatla səbəbli əlaqəsi olmamışdır. zərərçəkmiş şəxs1 aparılmış “Aorto-koronar şuntlama” əməliyyatı tibbi göstəriş əsasında düzgün yerinə yetirilmişdir (cild 1, i.v. 173-181). Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət əməlinin törədərkən Təqsirləndirilən şəxs emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda, situasiya ilə əlaqədar hirsilik, aqressiya kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin törədərkən fizioloji affekt halında olmamışdır (cild 1 i.v. 240- 242). CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması qənaətinə düzgün gəlinmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə saat 18 radələrində zərərçəkmiş şəxs1 sol sinə nahiyəsinə qəsdən yumruq zərbəsi vurmasını, həmin zərbə nəticəsində döş qəfəsinin ön səthində sol tərəf IV–V qabırğalar səviyyəsində dərialtı yumşaq toxumalarda qansızma və qalxan aortanın əməliyyat nahiyəsində cırılmasının yaranmasını, döş qəfəsinin küt travması ilə əlaqədar aortanın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmənin isə zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını müəyyən etmişdir. Kollegiya ilk növbədə müdafiə tərəfinin zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət Hüseynovanın hadisədən dərhal sonra polis əməkdaşına mərhumun ürək xəstəliyindən vəfat etdiyini bildirməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin hal özlüyündə sonradan cinayətprosessual qaydada əldə edilmiş və məhkəmədə tədqiq edilmiş digər sübutların mötəbərliyini aradan qaldırmır. Belə ki, cinayət hadisəsinin baş verməsindən dərhal sonra, yaxın qohumunun qəfil ölümü şəraitində şəxsin hadisənin bütün detallarını ardıcıl və hüquqi əhəmiyyətinə uyğun formada ifadə edə bilməməsi mümkündür. Bununla yanaşı, şəxsin hadisə yerinə gəlmiş polis əməkdaşına ölümün tibbi səbəbi barədə bildirdiyi ilkin ehtimal ekspertiza rəyi ilə eyni sübut əhəmiyyətinə malik deyildir. Ölümün səbəbi, xəsarətlərin yaranma mexanizmi və həmin xəsarətlə ölüm arasında səbəbli əlaqənin olub-olmaması xüsusi tibbi bilik tələb edən məsələlər olmaqla məhkəmə-tibbi ekspertizanın predmetinə aiddir. Əksinə, iş üzrə sonradan aparılmış prosessual hərəkətlər zamanı X1 X2 sinəsinə yumruqla zərbə vurduğunu göstərmiş, hadisə yerinə baxış zamanı da eyni məzmunlu məlumat vermişdir. zərərçəkmiş şəxs2 da məhkəmə istintaqında Təqsirləndirilən şəxs onu özünə tərəf çəkməyə çalışdığı zaman atasının qarşısına keçdiyini və Təqsirləndirilən şəxs atasına yumruqla zərbə vurduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində onun ifadəsinin məzmunundan görünür ki, o, atasına zərbənin vurulduğunu təsdiq etmiş, eyni zamanda zərbənin məqsədinin atasını öldürmək deyil, onu kənarlaşdırmaq olduğunu göstərmişdir. Kollegiya müdafiə tərəfinin zərərçəkmiş şəxs2 ayrı-ayrı mərhələlərdə “itələmə” və “yumruq vurma” ifadələrindən istifadə etməsini mühüm və aradan qaldırılması mümkün olmayan ziddiyyət kimi qiymətləndirmir. Belə ki, ifadələrin mötəbərliyinə qiymət verilərkən onların ayrı-ayrı söz və ifadələri deyil, hadisənin əsas faktiki məğzi, digər sübutlarla uyğunluğu və mövcud fərqlərin səbəbləri nəzərə alınmalıdır. zərərçəkmiş şəxs2 həm məhkəmə baxışında, həm də əvvəlki ifadələrinin elan olunmasından sonra Təqsirləndirilən şəxs atasının sinə nahiyəsinə yumruqla zərbə vurduğunu təsdiq etmiş, “itələmə” ifadəsini işlətməsini isə keçirdiyi qorxu və həyəcanla izah etmişdir. Iş materiallarında onun ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs atasının sinəsinə yumruqla zərbə vurduğunu bildirməsi əks olunmuşdur. Bununla yanaşı, həmin ifadə təcrid olunmuş sübut deyildir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, meyitdə məhz sol tərəfdə IV–V qabırğalar səviyyəsində dərialtı yumşaq toxumalarda qansızmanın aşkar edilməsi, qalxan aortanın əməliyyat nahiyəsində cırılması, həmin xəsarətlərin ölümündən az əvvəl küt əşyanın təsirindən yaranmasına dair ekspert nəticələri, habelə zərbədən dərhal sonra zərərçəkmiş şəxsin vəziyyətinin pisləşməsi bir-birini tamamlayan sübutlar kimi qiymətləndirilmişdir. Bu baxımdan şahid ifadələrində hadisənin ikinci dərəcəli detalları ilə əlaqədar müəyyən fərqlərin mövcud olması həmin sübutların bütövlükdə rədd edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə üçün həlledici olan, ifadələrin işin obyektiv sübutları ilə təsdiqlənən mühüm hissəsinin – Təqsirləndirilən şəxs tərəfindən Ilham Hüseynovun sinə nahiyəsinə fiziki təsirin göstərilməsinin – digər sübutlarla uzlaşmasıdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin ekspertiza ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Məhkəmə istintaqında dindirilmiş kardiocərrahın ifadəsi bütövlükdə qiymətləndirildikdə onun yazılı ekspertiza nəticələrini təkzib etməsi deyil, əksinə, mühüm hissədə həmin nəticələri təsdiq etməsi müəyyən olunur. Ekspert aortanın cırılmasının müxtəlif nəzəri səbəblərinin mövcudluğunu izah etsə də, konkret mərhumda baş vermiş halın travmatik xarakterli olduğunu, cırılmanın əvvəlki əməliyyat zamanı tikiş qoyulmuş – anastomoz nahiyəsində yerləşdiyini, həmin nahiyənin travmaya daha həssas olduğunu, sadəcə itələmə ilə belə nəticənin yaranmasının mümkün olmadığını, sinəyə vurulan güclü zərbənin isə aortanın cırılmasına səbəb ola biləcəyini bildirmişdir. Ekspertin qeyri-peşəkar ürək masajının müəyyən şəraitdə aortanın cırılmasına səbəb ola bilməsinə dair izahatı da müdafiə tərəfinin irəli sürdüyü nəticəni təsdiq etmir. Çünki ekspert bu ehtimalı aortanın əvvəlcədən genişlənmiş olması ilə əlaqələndirmiş, konkret halda isə mərhumun aortasının cırılmadan əvvəl genişlənmədiyini, normal ölçüdə olduğunu göstərmiş və verilmiş ekspert rəyini təsdiq etmişdir. Bu səbəbdən ekspertin ifadəsindən ayrı-ayrı cümlələrin ümumi kontekstdən çıxarılaraq aortanın cırılmasının stress, həyəcan və yaxud ürək masajı nəticəsində yarandığının təsdiqi kimi təqdim olunması həmin ifadənin faktiki məzmununa uyğun deyildir. Ekspert tərəfindən nəzəri olaraq müxtəlif səbəblərin mümkünlüyünün göstərilməsi konkret iş üzrə müəyyən edilmiş ölüm səbəbini avtomatik şəkildə şübhə altına almır. Konkret hadisəyə münasibətdə ekspertiza nəticələri mərhumun ölümünün döş qəfəsinin küt travması ilə əlaqədar aortanın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmədən yarandığını və sinə nahiyəsinə vurulmuş zərbə ilə ölüm arasında səbəbli əlaqənin mövcudluğunu müəyyən etmişdir. Kollegiya onu da nəzərə alır ki, ekspertiza rəyi komission qaydada verilmiş sübutdur. Komissiyanın üzvlərindən birinin sonradan məhkəmədə dindirilməsi zamanı nəzəri tibbi ehtimallar barədə əlavə izahat verməsi komissiyanın yazılı nəticəsini özlüyündə aradan qaldırmır. Xüsusilə də həmin ekspert yazılı rəyi təkzib etməmiş, əksinə, onu təsdiq etdiyini bildirmişdir. Buna görə müdafiəçinin məhkəmədə dindirilən ekspertin daha təcrübəli və tanınmış mütəxəssis olmasına istinadı sübutların prosessual qiymətləndirilməsi baxımından nəticəni dəyişdirmir. Sübutun qüvvəsi ekspertin şəxsi nüfuzu ilə deyil, onun elmi əsaslandırılması, digər sübutlarla uyğunluğu və iş üzrə müəyyən edilən faktlarla əlaqəsi əsasında müəyyən edilir. Müdafiə tərəfinin mərhumun ölümünün Nəzakət Hüseynova tərəfindən qeyri-peşəkar ürək masajının aparılması nəticəsində baş verməsi barədə dəlili də ehtimal xarakterlidir və işdə olan tibbi sübutlarla təsdiqlənmir. Əksinə, məhkəmə-tibbi ekspertizasının nəticələri ölümün səbəbini döş qəfəsinin küt travması ilə əlaqədar aortanın cırılması və bunun nəticəsində yaranmış kəskin daxili qanitirmə ilə əlaqələndirmişdir. Müdafiə tərəfinin irəli sürdüyü alternativ mexanizmin konkret mərhumda baş verdiyini təsdiq edən hər hansı mötəbər tibbi sübut müəyyən edilməmişdir. Kollegiya müdafiə tərəfinin təqsirləndirilən şəxslə mərhum arasında hadisəyədək ədavətin və ya mübahisənin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs hadisə zamanı konkret qəsdən hərəkət etməsini istisna etmir. Cinayətin subyektiv cəhəti yalnız şəxslər arasında əvvəlcədən formalaşmış düşmənçilik və ya cinayət törətmək üçün əvvəlcədən yaranmış motiv əsasında müəyyən edilmir. Qəsd hadisənin gedişində də yarana bilər və konkret hərəkətin xarakterindən, istiqamətindən, zərbənin vurulduğu nahiyədən, tərəflərin həmin andakı davranışlarından və işin digər hallarından müəyyən edilə bilər. Hazırkı halda müdafiə tərəfinin Təqsirləndirilən şəxs Ilham Hüseynovu öldürmək niyyətinin olmamasına dair arqumenti də əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsifini istisna edən hal deyildir. Əksinə, həmin maddədə nəzərdə tutulmuş cinayətin hüquqi konstruksiyasına görə təqsirkarın ölüm nəticəsinə münasibətdə qəsdinin olması tələb edilmir. Bu cinayətdə sağlamlığa ağır zərər vurmağa münasibətdə qəsd, həmin ağır zərərin doğurduğu ölüm nəticəsinə münasibətdə isə ehtiyatsızlıq mövcud olur. Odur ki, zərərçəkmiş şəxs2 “Orxanın atamı öldürmək niyyəti yox idi” məzmunlu ifadəsi müdafiənin iddia etdiyi kimi CM-nin 126.3-cü maddəsi üzrə təqsiri aradan qaldırmır. Həmin ifadə yalnız ölüm nəticəsinin qəsdən arzu edilmədiyini göstərir ki, bu da birinci instansiya məhkəməsinin qəbul etdiyi hüquqi tövsiflə ziddiyyət təşkil etmir. Eyni səbəbdən Təqsirləndirilən şəxs hadisədən sonra mərhuma kömək göstərməyə çalışması da əvvəlki hərəkətin mövcudluğunu və onun hüquqi mahiyyətini aradan qaldırmır. Hadisədən sonrakı davranış təqsirin qiymətləndirilməsi zamanı nəzərə alına bilən hallardan biri olsa da, bu hal hadisədən əvvəl və hadisə zamanı baş vermiş hərəkətin obyektiv sübutlarla müəyyən edilməsini istisna etmir. Təqsirləndirilən şəxsin hadisədən sonra yardım göstərməsi onun zərərçəkmiş şəxsin ölümünü arzu etmədiyini göstərə bilər, lakin bu, sinə nahiyəsinə qəsdən zərbə vurulması və həmin zərbənin sağlamlığa ağır zərər yetirməsi faktını təkzib etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin mərhuma ümumiyyətlə toxunmaması və onun yalnız stress nəticəsində ürəyinin tutaraq yıxılması barədə ifadələrini də iş üzrə müəyyən edilmiş obyektiv hallarla uzlaşmayan müdafiə mövqeyi kimi qiymətləndirir. Belə ki, həmin mövqe zərərçəkmiş tərəfin ifadələri ilə yanaşı, mərhumun döş qəfəsinin sol tərəfində yumşaq toxumalarda qansızmanın və qalxan aortada cırılmanın aşkar edilməsini təsdiq edən obyektiv məhkəmə-tibbi məlumatlarla təkzib olunur. Təqsirləndirilən şəxsin özünün də mərhumun əvvəllər açıq ürək əməliyyatı keçirməsindən məlumatlı olması iş materiallarında əksini tapmışdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin CPM-in 21.2-ci maddəsinə istinadla aradan qaldırılmamış şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması barədə mövqeyi ilə prinsip etibarilə razılaşsa da, həmin prinsipin hazırkı iş üzrə fərqli nəticəyə səbəb olmadığını qeyd edir. Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi yalnız ittihamın sübuta yetirilməsi üçün əhəmiyyət daşıyan və məhkəmə araşdırması nəticəsində aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda tətbiq edilir. Müdafiə tərəfinin hər hansı alternativ versiya irəli sürməsi isə özlüyündə “aradan qaldırılması mümkün olmayan şübhə”nin mövcud olması demək deyildir. Hazırkı işdə zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxışın nəticələri, məhkəmə-tibbi ekspertizaların rəyləri, ekspertin məhkəmə iclasında verdiyi izahatlar, mərhumun bədənində müəyyən edilmiş obyektiv xəsarətlər, həmin xəsarətlərin yaranma vaxtı və mexanizmi, habelə hadisənin ardıcıllığı bir-birini tamamlayaraq vahid sübutlar sistemi yaradır. Müdafiə tərəfinin ölümün yalnız ürək xəstəliyi, stress və ya sonradan aparılmış ürək masajı nəticəsində baş verməsinə dair versiyaları isə konkret iş üzrə həmin versiyaları təsdiq edən mötəbər və obyektiv tibbi sübutlarla əsaslandırılmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları ayrıayrılıqda və onların məcmusu halında qiymətləndirmiş, müdafiə tərəfinin irəli sürdüyü versiyaları yoxlamış və həmin versiyaların hansı səbəbdən qəbul edilmədiyini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərmişdir. Apellyasiya şikayətində əməlin CM-nin 124-cü maddəsinə tövsif edilməsi barədə tələbə gəldikdə isə, kollegiya həmin tələbi də əsaslı hesab etmir. CM-nin 124-cü maddəsinin tətbiqi şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaq niyyətinin olmadığı, ölüm nəticəsinin bütövlükdə ehtiyatsız davranışdan meydana gəldiyi halları ehtiva edir. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs tərəfindən fiziki təsirin təsadüfən baş verməsi deyil, zərərçəkmiş şəxsin sinə nahiyəsinə məqsədyönlü şəkildə zərbə vurulması müəyyən edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əvvəllər açıq ürək əməliyyatı keçirdiyini bilmişdir. Odur ki, ölümün qəsdən arzu edilməməsi bütün əməlin ehtiyatsızlıqdan törədilmiş əməl kimi qiymətləndirilməsi üçün əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, tədqiq olunmuş sübutları və onların qarşılıqlı əlaqəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması və həmin zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş mötəbər və biri digərini tamamlayan sübutların məcmusuna əsaslanmış, hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək cinayət-prosessual qanun pozuntusuna, cinayət qanununun düzgün tətbiq edilməməsinə, habelə məhkəmənin nəticələri ilə işin faktiki halları arasında əhəmiyyətli uyğunsuzluğa yol verilməsi müəyyən edilməmişdir. Bu səbəbdən müdafiəçi Müdafiəçi apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə, Təqsirləndirilən şəxs əməlinin CM-nin 124-cü maddəsinə tövsif edilməsinə və ona həmin maddə əsasında cəza təyin edilməsinə hüquqi əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin, eləcə də məhkəmə iclasında səsləndirdiyi digər xüsusatların hazırkı ittihamın əsassız olmasına dair arqumentlərini mülahizə xarakterli dəlillər kimi qiymətləndirərək onların qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etmir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsilə əlaqədar hökmündə istinad etdiyi hüquqi dəyərləndirmə əsaslı və düzgün olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edərək vurğulayır ki, işin faktiki hallarını, törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini məcmu halda qiymətləndirərək hesab edilir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza qanuni, əsaslı və ədalətlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən etmişdir. Bununla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti də cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş doqquz ildən on iki ilədək cəza həddinin aşağı hissəsinə yaxın olmaqla, birinci instansiya məhkəməsinin müəyyən etdiyi yüngülləşdirici halın və ağırlaşdırıcı halların olmamasının cəza təyin edilərkən real şəkildə nəzərə alındığını göstərir. Başqa sözlə, birinci instansiya məhkəməsi yalnız törədilmiş cinayətin ağır nəticəsini əsas götürməmiş, eyni zamanda təqsirləndirilən şəxsin xeyrinə olan halları da nəzərə alaraq sanksiyanın maksimum həddinə yaxın cəza deyil, minimum həddən bir qədər artıq cəza müəyyən etmişdir. Bu baxımdan təyin edilmiş cəzanın həddindən artıq sərt olması barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cəzanın ədalətliliyi yalnız onun sanksiya daxilində müəyyən edilməsi ilə deyil, cinayətin konkret halları ilə təqsirləndirilən şəxsin şəxsiyyəti arasında mütənasiblik əsasında qiymətləndirilməlidir. Hazırkı işdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin həyati əhəmiyyətli nahiyəsinə qəsdən fiziki təsir göstərilmiş, bunun nəticəsində sağlamlığa ağır zərər vurulmuş və həmin ağır zərər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmişdir. Belə bir nəticənin baş verməsi törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli şəkildə artıran hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun xeyrinə nəzərə almış, cəzanı ağırlaşdıran hər hansı hal müəyyən etməmiş və bütün bu halları törədilmiş cinayətin xarakteri və nəticəsi ilə müqayisəli şəkildə qiymətləndirmişdir. Hökmdə də məhz həmin halların məcmusu nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın real çəkilməsinin cəzanın məqsədlərinə uyğun olduğu göstərilmişdir. Apellyasiya şikayətində cəzanın həddindən artıq ağır olması barədə irəli sürülən dəlillər də bu baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, müdafiə tərəfinin istinad etdiyi təqsirləndirilən şəxslə mərhum arasında əvvəllər ədavətin olmaması, təqsirləndirilən şəxsin hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməyə çalışması, ailəsinin və azyaşlı uşaqlarının olması kimi hallar törədilmiş əməlin hüquqi xarakterini və onun ağır nəticəsini aradan qaldırmır. Həmin halların mühüm hissəsi artıq birinci instansiya məhkəməsi tərəfindən cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. Kollegiyanın qənaətinə görə, iş üzrə müəyyən edilmiş hallar və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona CM-in 126.3-cü maddəsinin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nə törədilmiş cinayətin ağırlığına, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə aşkar surətdə uyğunsuz hesab oluna bilər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəzanın növü və həddi barədə gəldiyi nəticəni əsaslı hesab edir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hüquqi əsas müəyyən etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən və CPM-nin 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-326/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-326/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver