Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-134/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs İbrahimov Qulu Qaçay oğlunun, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İbrahimov Qulu Qaçay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialına Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Musayev Şahəli Calal oğlunun sədrliyi) ilə ##.##.1958-ci il il tarixdə Ağcabədi rayonu Qiyaməddinli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Ağcabədi rayonu, Aşağı Qiyaməddinli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş İbrahimov Qulu Qaçay oğlunun Azərbaycan Respublikası Cinayət 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəza çəkmə müddətinin əvvəlinin Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmamasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə İbrahimov Qulu Qaçay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ###### 2026-cı il tarixdə saat 09:00 radələrində Ağcabədi rayon Aşağı Qiyaməddinli kənd qəbiristanlığı ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, Qulu İbrahimov yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir zərbə vurmuş, onun alt çənə sümüyünün cismində solda minimal yerdəyişmə, sağ çənə bucağında yerdəyişmə sınıqları, ağız boşluğunun selikli qişasında qansızmalarla müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın - azadlıqdan məhrum etmə cəzasının təyin olunması, eyni zamanda ona dəymiş 3.300 manat məbləğində ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdə səhər saatlarında uzun müddət xəstə yatan Qulunun oğlu mərhum İbrahimov Namiq Qulu oğlunun məzarını müəyyən etmək ücün Ağcabədi rayon Aşağı Qiyamadınlı kənd qəbiristanlığına getmiş, həmin vaxt o, mərhumun vəsiyyəti üzrə dəfn olunmasını bildirmiş, lakin Qulu “sən kimsən mənim işimə qarışırsan” deyərək onun sifət nahiyəsinə yumruqla vurmuş, ağzından qan gəldiyini hiss edib dərhal evə getmiş, bundan sonra Ağcabədi Rayon mərkəzi xəstəxanasına müraciət etmiş, onun sağlamlığına az ağır zərər vurduğu, onunla barışıq əldə etmədiyi, dəymiş ziyan ödənilmədiyi üçün məhkəmədən İbrahimov Qulu Qaçay oğlunun həbs olunmasını xahiş etmiş, lakin Ağcabədi Rayon Məhkəməsi ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası vermişdir. Belə ki, o, Ağcabədi rayon Aşağı Qiyamadınlı kənd sakini, 01 azyaşlı uşaq atası, 1-ci Qarabağ müharibəsinin veteranı kimi bildirir ki, həmkəmdlisi İbrahimov Qulu Qaçay oğlunun oğlu İbrahimov Namiq Qulu oğlu 5-6 aydan artıqdır ki, ağır xəstəlikdən əziyyət cəkirdi. Vəfat etdikdən sonra onlara gedib İbrahimov Qulu Qaçay oğlu və gəlini İbrahimova Zahidə Zakir qızı ilə birgə kənd qəbiristanlığına mərhum Namiqin dəfn olunacağı yeri müəyyən etmək ücün üz tutmuş, həmin vaxt o, mərhum Namiqin vəsiyyətini bildirib, İbrahimov Namiq Qulu oğlunun bacısı mərhum İbrahimova Hüsniyyə Qulu qızının sağ tərəfində dəfn olunmasını istədiyini bildirmişdir. Mərhumun atası Qulu ona “sən kimsən mənim işlərimə qarışırsan, mənim ürəyim harda istəyir orda da dəfn edəcəm” deyib mərhumu bacısının sol tərəfində dəfn edəcəyini bildirmişdir. Sözlü mübahisə zamanı İbrahimov Qulu Qaçay oğlu yumuruqla onun sifətinə vuraraq az ağır xəsarət yetirmişdir. Bundan sonra o, əlini ağzına tutaraq həmin yerdən aralanıb evə gəlmiş, vəziyyətinin daha da pis olduğunu görüb Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Lakin xəstəxanadan göndərişlə Bakı şəhər Sabunçu xəstəxanasına göndərilmiş, xəstəxanada ona baxılmış və 2 yerdən qırıq və 1 yerdən cartlaq diaqnozu qoyulmu, 3 gündən sonra açıq əməliyyat olunmuş, 1 həftə xəstəxanada qalmış, həmin müddət ərzində 1500 manat manat dava-dərmana xərci çıxmışdır. Eyni zamanda ümumilikdə 6 dəfə Bakı şəhərinə gedib gəlmiş, hər dəfəsində müxtəlif reseptlər yazılmış, müalicə almış, bunlara da 1000 manat manat xərci cıxmışdır. Eyni zamanda Ağcabədi rayon ərazisi üzrə müxtəlif həkim və aparatlardan keçmiş, dava-dərman almış, buna da ümumulikdə 800 manat manat xərci cıxmışdır. Beləliklə, ona zərərçəkmiş olaraq təqsirləndirilən şəxs İbrahimov Qulu Qaçay oğlu tərəfindən 3.300 manat ziyan dəymişdir. Məhkəmə zərərcəkmiş şəxslə barışığın olmadığı və dəymiş ziyanın ödənilmədiyi halda yüngül cəza təyin etməklə, zərərçəkmiş şəxsin hüquqlarını pozmuşdur. Hazırda zərərcəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qovuşmaması və cinayətkara yüngül cəza verilməsi həm cəmiyyət üçün, həm də zərərcəkmiş şəxs üçün qəbul edilməzdir. Məhkəmələr cəza təyin edən zaman növbəti cinayətin qarşısını almaq üçün, təkrar cinayətlər törədilməməsi üçün ən ağır cəza təyin etlməlidir ki, cinayətə meyli olan şəxslər tənbeh olunsunlar. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 barışığın olmamasını, dəymiş ziyanın ödənilməməsini, cinayətin nəticələrinin aradan qaldırılmamasını, birinci instansiya məhkəməsinin cəzanın növü ilə bağlı düzgün nəticəyə gəlsə də, cəzanın müddətini az təyin etməsini göstərib, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İbrahimov Qulu Qaçay oğlu və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Ağcabədi Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində yalnız təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Qulu İbrahimovun əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Qulu İbrahimovun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər İbrahimova Zahidə Zahir qızının ifadələri, məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli ** saylı rəyi, habelə işdə оlаn digər sübutlarla Qulu İbrahimovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Qulu İbrahimovun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Qulu İbrahimovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Qulu İbrahimovun təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Qulu İbrahimova istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Qulu İbrahimovun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 127.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs İbrahimov Qulu Qaçay oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Aşağı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində verilmiş ##.##.2026 cı il tarixli xasiyyətnamədən görünür ki, İbrahimov Qulu Qaçay oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Qulu İbrahimova cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncuya CM-nin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olduğunu göstərmişdir. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Eyni zamanda, kollegiya cinayət işinin materiallarında İbrahimov Qulu Qaçay oğlunun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini təsdiq edən məhkumluqla bağlı tələbnamənin, onun müsbət xarakterizə olunmasına dair yaşayış yeri üzrə xasiyyətnamənin olmasını birinci instansiya məhkəməsinin sübut edilmiş hallar kimi qəbul etməsini əsaslı hesab edir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən səmimi peşmançılığın, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmənin və yaşayış yeri üzrə müsbət xarakterizə olunmanın cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması CM-in 59.2-ci maddəsinə zidd olmamışdır. Həmin normaya görə məhkəmə CM-in 59.1-ci maddəsində göstərilməyən ayrı-ayrı halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə ala bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar Qulu İbrahimovun cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına əsas verir və məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Qulu İbrahimova cəzanın məqsədlərini təmin edən azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə, qanuni və əsaslı nəticəyə gəlmiş, sonuncuya ədalətli cəza təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Qulu İbrahimovun ona təyin olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Qulu İbrahimova təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum İbrahimov Qulu Qaçay oğlunun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-134/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-134/2026
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver