Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-159/2026 12.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən hakim Əliyev Əli Abdulla oğlu, hakimlər Bəhmənov Habil Xanoğlan oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Materialdan görünür ki, xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur. (Hakim Muradağa Qasımov). Qeyd edilən qərardan xüsusi ittihamçı X1 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında verdiyi şikayətin yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ, ETIRAZIN VƏ ETIRAZA ƏLAVƏNIN DƏLILLƏRI: Xüsusi ittihamçı X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk növbədə qanunverci tərəfindən hansı məqsədlə şahidlərin soyadı, adı, atasının adı və yaşayış yerinin şikayətdə qeyd olunmasını nəzərə almamışdır. Belə ki, qanunvericiliyin burada məqsədi işin məhkəmə baxışına veriləcəyi təqdirdə məhkəmə iclasına dəvət olunması və onlara çağırış vərəqəsinin çatdırılması, son nəticədə icraatın tezliyinin təmin edilməsi ilə bağlıdır. Şikayətin məzmunundan da göründüyü kimi şikayətdə şahidlərin Lənkəran Rayon Icra və Probasiya Şöbəsinin rəisi və icra məmurlarının olduğu və həmin şəxslərin şəxsiyyətinin, habelə iş yerlərinin məhkəməyə məlum olduğu, onlara çağırış vərəqəsi iş yeri üzrə də göndərilə biləcəyi mümkündür. Digər tərəfdən həmin şəxslərin yaşayış yerləri barədə məlumatların müstəqil şəkildə əldə edilməsi onun üçün mümkünsüzdür. Çünki onlara bu barədə məlumatların şikayətdə qeyd edilməsi üçün ona təqdim olunmasını xahiş etsə də, onlar həmin məlumatları ona təqdim etməkdən imtina etdilər. Digər qaydada isə həmin məlumatları əldə edə bilmir. Lakin məhkəmə qanunvericiliyin müddəalarına formal və hərfi mənada yanaşaraq qanuvericiliyin müddəalarının düzgün tətbiq etməməklə, xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apelyasiya şikayətinə etirazını və ona əlavəni belə əsaslandırmışdır ki, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş akt və digər materiallar prosessual baxımdan etibarlı sübut kimi qiymətləndirilə bilməz. Etirazda həmçinin qeyd edilmişdir ki, tərəflər arasında azyaşlı uşaqlarla ünsiyyət hüququ ilə bağlı uzunmüddətli mübahisə mövcuddur və icra şöbəsində baş vermiş mübahisə həmin münasibətlərlə əlaqədar yaranmışdır. Xüsusi ittihamçı tərəfindən verilmiş şikayət əsassızdır, iddia edilən təhqiredici ifadələr onun tərəfindən işlədilməmişdir və hadisə şikayətdə göstərilən qaydada baş verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq xüsusi ittihamçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, şikayətini müdafiə etdiyini, ailə vəziyyəti, işi və maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, şikayətinə onun iştirakı olmadan baxılmasını, şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul ediləməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini xüsusi ittiham qadasında icraat materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair birinci instansiya məhkəməsinin, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, CPM-in xüsusi ittiham icraatını tənzimləyən müddəalarının məqsədi şəxsin məhkəməyə çıxış hüququnun təmin edilməsindən, xüsusi ittiham qaydasında müdafiə vasitələrinin əlçatanlığından və işin mahiyyəti üzrə araşdırılması imkanının yaradılmasından ibarətdir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayətin formal əsaslarla icraata qəbulundan imtina edilməsi yalnız həmin çatışmazlıqlar işin baxılmasını obyektiv olaraq mümkünsüz etdiyi hallarda yol verilə bilən prosessual tədbir hesab oluna bilər. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi şikayətin icraata qəbulundan imtinanı yalnız onunla əsaslandırmışdır ki, şikayətdə cinayətin törədilmə hallarını təsdiq edən şahidlərin soyad və adları göstərilsə də, onların ata adları və yaşayış yerləri tam şəkildə qeyd olunmamışdır. Kollegiya hesab edir ki, belə yanaşma cinayət-prosessual hüququn mahiyyətinə, xüsusi ittiham icraatının hüquqi təbiətinə və prosessual normaların funksional təyinatına uyğun deyildir. Çünki, CPM-də şahidlərin şəxsiyyəti və ünvanlarının göstərilməsi ilə bağlı tələbin məqsədi formal rekvizit yaratmaq deyil, həmin şəxslərin identifikasiya edilməsini, məhkəmə iclasına çağırılmasını və prosesdə iştirakının təmin edilməsini mümkün etməkdən ibarətdir. Yəni qanunverici üçün həlledici məsələ şahidin texniki mənada bütün anket məlumatlarının yazılması deyil, onun konkret şəxs kimi müəyyən edilə bilməsidir. Hazırkı halda isə şikayətin məzmunundan görünür ki, şahid qismində göstərilən şəxslər abstrakt və ya qeyri-müəyyən şəxslər deyil, konkret dövlət orqanında – Lənkəran Rayon Icra və Probasiya Şöbəsində çalışan vəzifəli şəxslərdir. Onların işlədikləri qurum, xidməti statusları və aid olduqları dövlət orqanı şikayətdə açıq şəkildə göstərilmişdir. Bu isə həmin şəxslərin identifikasiya edilməsini tam real və mümkün edir. Məhkəmə üçün müəyyən şəxsin dövlət orqanında işlədiyinin məlum olması şəraitində onun çağırılmasını qeyri-mümkün hesab etmək hüquqi baxımdan inandırıcı görünmür. Əksinə, dövlət orqanında çalışan şəxslərin müəyyən edilməsi və onların prosesə dəvət olunması adi fiziki şəxslərlə müqayisədə daha asan və əlçatandır. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanında çalışan şəxslərin xidmət yeri məhkəməyə məlum olduğu halda, həmin şəxslərin digər məlumatlarının məhkəmə sorğusu əsasında əldə edilməsi mümkün olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin şahidlərin yaşayış yerlərinin və ata adlarının tam göstərilməməsini xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina üçün əsas hesab etməsi iş materiallarının faktiki məzmunu ilə uzlaşmır. Iş materiallarına əlavə olunmuş ##.##.2026-cı il tarixli aktdan görünür ki, şikayətçi tərəfindən şahid qismində göstərilən şəxslərin kimliyi, işlədikləri dövlət orqanı və vəzifələri konkret şəkildə müəyyən edilmişdir. Həmin aktda Lənkəran Rayon Icra və Probasiya Şöbəsinin rəisi, rəis müavini və icra məmurlarının adları açıq şəkildə göstərilmişdir. Bu isə həmin şəxslərin identifikasiya edilməsini və məhkəmə iclasına çağırılmasını tam real və mümkün edir. Birinci instansiya məhkəməsi isə prosessual normanın məqsədini deyil, yalnız onun zahiri mətnini əsas götürərək, hüquqi məntiqdən uzaq formal yanaşma nümayiş etdirmişdir. Məhkəmənin mövqeyi faktiki olaraq belə nəticəyə gətirib çıxarır ki, şəxs şahidin yaşadığı ünvanı bilmədiyi halda, hətta həmin şahidin konkret dövlət orqanında işlədiyini, vəzifəsini və kimliyini dəqiq göstərsə belə, məhkəməyə müraciət hüququndan məhrum edilməlidir. Bu isə hüquqi dövlət prinsipinə, məhkəməyə çıxış hüququna və prosessual ədalət anlayışına açıq şəkildə ziddir. Kollegiya xüsusilə vurğulayır ki, dövlət orqanında çalışan şəxslərin xidməti ünvanları, onların iş yerləri və prosesə cəlb olunmaları ilə bağlı imkanlar məhkəmə üçün əlçatan vasitələrdir. Məhkəmə zərurət olduğu halda aidiyyəti dövlət orqanına sorğu verməklə həmin şəxslərin digər məlumatlarını əldə edə bilərdi. Halbuki birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə araşdırılmasına yönəlmiş prosessual fəallıq nümayiş etdirmək əvəzinə, formal çatışmazlığı əsas götürərək xüsusi ittihamçının məhkəməyə çıxış hüququnu məhdudlaşdırmışdır. Prosessual qanunvericiliyin məqsədi şəxsi məhkəmə müdafiəsindən uzaqlaşdırmaq deyil, əksinə, hüquqların effektiv müdafiəsini təmin etməkdir. Bu baxımdan şahidlərin ata adlarının və yaşayış yerlərinin göstərilməməsi konkret halda elə bir çatışmazlıq hesab oluna bilməz ki, həmin hal məhkəmə baxışının keçirilməsini obyektiv olaraq mümkünsüz etsin. Çünki iş materiallarında göstərilən məlumatlar həmin şəxslərin identifikasiya olunması, məhkəmə iclasına çağırılması və iştirakının təmin edilməsi üçün kifayət qədər ilkin müəyyənlik yaratmışdır. Məhkəmə isə bu müəyyənliyi nəzərə almaq əvəzinə prosessual formanı məqsədə çevirərək, qanunun mahiyyətinə deyil, yalnız texniki tərəfinə üstünlük vermişdir ki, bu da qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz. Şahidlərin yaşayış yerlərinin və digər fərdiləşdirici məlumatlarının şikayətçi tərəfindən təqdim edilməməsi özü-özlüyündə şikayətin mahiyyəti üzrə baxılmasını mümkünsüz edən hal kimi qiymətləndirilə bilməz. Çünki CPM-in tələbləri formalizmin tətbiqi vasitəsinə deyil, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət etməlidir. Şikayətçinin həmin məlumatları müstəqil qaydada əldə etmək imkanının obyektiv olaraq məhdud olduğu, həmin şəxslərin isə dövlət orqanında çalışan və məhkəmə tərəfindən asanlıqla müəyyən edilə bilən şəxslər olduğu halda, birinci instansiya məhkəməsi prosessual normaları həddindən artıq formal və məhdud şərh etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarında da məhkəmələrə izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərin icraata qəbul olunması məsələsinə baxılarkən qanunvericiliyin tələbləri formal xarakterli maneəyə çevrilməməli, şəxsin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi təmin edilməli, şikayətin mahiyyəti üzrə baxılmasına mane olmayan çatışmazlıqlar şikayətin qəbulundan imtina üçün əsas hesab edilməməlidir. Plenum qərarında vurğulanmışdır ki, məhkəmələr xüsusi ittiham icraatının xüsusiyyətlərini nəzərə almalı, prosessual normaların tətbiqində hüququn mahiyyətinə üstünlük verməli və şəxsin məhkəməyə müraciət hüququnu əsassız məhdudlaşdıran yanaşmalardan çəkinməlidirlər. Bundan əlavə, məhkəmənin üzərinə düşən vəzifələrdən biri də prosessual hüquqların realizəsinə yardım göstərməkdən ibarətdir. Xüsusilə dövlət orqanlarında çalışan şəxslərin ünvan və digər məlumatlarının məhkəmə sorğusu əsasında əldə edilməsinin mümkün olduğu halda, həmin məlumatların şikayətçi tərəfindən təqdim edilməməsi səbəbindən şikayətin qəbulundan imtina edilməsi prosessual qənaət prinsipinə, məhkəmə araşdırmasının əlçatanlığına və ədalətli məhkəmə araşdırması hüququna uyğun hesab oluna bilməz. Birinci instansiya məhkəməsi CPM normalarını tətbiq edərkən onların məqsədini deyil, yalnız formal məzmununu əsas götürmüş, nəticədə xüsusi ittihamçının məhkəməyə çıxış hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırmışdır. Halbuki hüquqi dövlət prinsipindən irəli gələn əsas tələblərdən biri prosessual normaların şəxsin hüquqlarının həyata keçirilməsinə xidmət edən şəkildə təfsir olunmasıdır. Prosessual formanın məqsədi maddi hüququn müdafiəsini təmin etməkdir və forma mahiyyəti aradan qaldıran vasitəyə çevrilə bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsinin hakimi şikayət vermiş şəxsin üzərinə qanunvericiliyin qoyduğu vəzifədən də artıq vəzifə qoymuş və qanunla şikayət verən şəxsin üzərinə qoyulmamış vəzifənin icra edilməməsini əsas gətirərək verilmiş şikayət ərizəsini qanunvericiliyin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazda və etiraza əlavədə əsasən işin mahiyyəti ilə bağlı hallara, yəni xüsusi ittihamçının iddialarının əsaslı olub-olmamasına, hadisənin baş verib-verməməsinə, təqdim olunmuş xüsusatların həqiqətə uyğunluğuna və digər sübutetmə predmetinə aid məsələlərə münasibət bildirilmişdir. Lakin hazırkı apellyasiya baxışının predmeti həmin halların araşdırılması deyil. Hazırkı mərhələdə apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edərkən prosessual qanunun tələblərini düzgün tətbiq edib-etmədiyini yoxlamaqdan ibarətdir. Başqa sözlə, bu mərhələdə məhkəmə tərəfindən həll edilməli olan məsələ şikayətin mahiyyəti üzrə əsaslı olub-olmaması deyil, onun məhkəmə baxışına qəbul edilməsi üçün qanunla müəyyən olunmuş prosessual şərtlərin mövcud olub-olmamasıdır. Cinayət prosesinin mərhələliliyi prinsipi tələb edir ki, hər bir prosessual mərhələdə yalnız həmin mərhələnin predmetinə aid məsələlər araşdırılsın. Əks yanaşma qəbul edilərsə, məhkəmə hazırlıq və qəbul mərhələsində artıq işin mahiyyəti üzrə nəticəyə gəlmiş olar ki, bu da tərəflərin çəkişmə hüququnu, sübutların bilavasitə tədqiqi prinsipini və məhkəmə baxışının funksional sərhədlərini pozmuş olar. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi mərhələsində məhkəmə şəxsin təqsirli olub-olmaması, ittihamın sübuta yetirilib-yetirilməməsi və ya təqdim olunmuş xüsusatların doğruluğu barədə qiymətləndirmə aparmamalıdır. Həmin məsələlər yalnız iş mahiyyəti üzrə məhkəmə baxışı zamanı, tərəflərin iştirakı, sübutların tədqiqi və çəkişmə prinsipi əsasında həll edilə bilər. Bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin etirazında göstərilən işin mahiyyəti ilə bağlı dəlillər hazırkı apellyasiya baxışının predmetinə aid olmadığından, həmin dəlillərə bu mərhələdə hüquqi qiymət verilməsi mümkün hesab edilmir. Kollegiya yalnız birinci instansiya məhkəməsinin şikayətin icraata qəbulundan imtina etməsinin qanuniliyi və əsaslılığı məsələsini yoxlayır və bu baxımdan etirazda göstərilən maddi-hüquqi xüsusatlar hazırkı prosessual mərhələdə həlledici əhəmiyyət daşımır. Beləliklə, yuxarıda sadalanmış hallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin hakimi iş materiallarını mükəmməl öyrənmədən, icraatında olan hazırkı işlə bağlı yanlış nəticəyə gəlmiş və X1 tərəfindən verilmiş şikayəti formal əsaslarla geri qaytarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilibedilməməsinə yenidən baxılıb qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Lənkəran Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 193, 397.1, 397.2, və 408- 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Lənkəran Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-159/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-159/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver