Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1(3-9)-177/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və X14 ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhər ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə. ## ### 1994-cü ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; İ.IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan Iran Islam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən Iran Islam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan sözü gedən maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadonun, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddə olan tramadol hidroxloridin Beyləqan rayonu, Əhmədli kəndi ərazisindəki qəbiristanlıqdakı ağacın altında gizlədilməsi barədə ## ### 2023-cü il tarixdə onun istifadəsində olan “Realme” markalı mobil telefonda +************ saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə Iran Islam Respublikasının operatoruna məxsus olan +************ saylı mobil nömrə vasitəsilə mesajlar göndərərək məlumat verdikdən sonra o, həmin maddələri əldə etmək məqsədilə idarə etdiyi “Mercedes-Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ### 2023-cü il tarixdə, saat 22:50 radələrində Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gəlib, avtomobili orada saxlayıb qəbiristanlığa daxil olaraq qəbiristanlıqdakı ağacın altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan bir ədəd narıncı rəngli kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb məsuliyyətdən yayınmaq üçün əlindəki həmin kisəni yerə ataraq qaçarkən həmin gün saat 22:55-də Beyləqan rayonu, Əhmədli kəndi ərazisində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilib həmin əraziyə daşınaraq gətirilmiş içərisində külli miqdarda narkotik vasitə olan heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan narıncı rəngli bir ədəd kisə ondan götürülüb, içərisinə baxış keçirilərkən həmin kisəni içərisindəki bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1466,0 qram, 1309,2 qram, 1647,3 qram, ümumi təmiz çəkisi 4422,5 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada üç ədəd üzəriləri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 692,5 qram, 1671,0 qram, 1776,2 qram, ümumi təmiz çəkisi 4139,7 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində “Methadone 40” markalanma göstəricisi olan hər konvalyutda 10 ədəd olmaqla 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan üzərilərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 2 qram külli miqdarda narkotik vasitə metadon, üzərində “Tee-Doll 225 (Tramadol Hydrochloride)” markalanma göstərici olan hər konvalyutda 10 ədəd olmaqla 10ədəd konvalyutda ümumilikdə 100 ədəd, üzərilərində “225” yazısı həkk olunmuş tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan 100 ədəd tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 22,5 qram külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxlorid aşkar edilərək götürülmüşdür. Bu ittihama görə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2., 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmənin ittiham hökmünə əsasən (sədrlik edən hakim X2, hakimlər X4 və X7 ibarət tərkib) Təqsirləndirilən şəxs 206.3.2-ci maddəsi üzrə əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, o, CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2023-cü ildən hesablanmışdır. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi olmuş müdafiəçi2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və X8 ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilərək, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. II.APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Hökm çıxarılarkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, hər hansı bir mötəbər sübutla təsdiq olunmayan hallara əsasən ittiham hökmü çıxarılmış və Təqsirləndirilən şəxs ifadəsi məhkəmə hökmündə təhrif olunmuş şəkildə əks olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsindən də göründüyü kimi o, şəxsi istifadəsi üçün təxminən 10 qram narkotik vasitə əldə etmək niyyətində olmuşdur. Yəni qəbiristanlıqdakı bağlamalardan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət törətməmişdir. Çünki onun narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefonunda, mobil nömrəsində narkotik vasitələrin satışını təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Istintaq orqanı tərəfindən və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də aşkar edilməmişdir. Şəxsiyyəti məlum olmayan Iran Islam Respublikası vətəndaşı ilə olan SMS yazışmalarından da göründüyü kimi o, öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə yazışmışdır. Qeyd edilən hallar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək niyyətinin olmadığını bir daha təsdiqləyir. Yəni Təqsirləndirilən şəxs yalnız ehtimallara əsasən, Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 23:01-dən başlayaraq şəxsiyyəti məlum olmayan Iran Islam Respublikası vətəndaşı tərəfindən ona göndərilən səs yazılarına da mötəbər sübut kimi istinad etmişdir. Təqsirləndirilən şəxs 8 kq narkotik vasitəni qəbul edəcəyinə dair SMS yazmamışdır. Buna görə də şəxsiyyəti məlum olmayan Iran Islam Respublikası vətəndaşı tərəfindən göndərilən səs yazıları mötəbər sübut kimi nəzərə alınmamalıdır. Çünki Təqsirləndirilən şəxs 8 kq narkotik vasitə götürmək üçün oraya gedəcəyini təsdiq etməmişdir. Ümumiyyətlə IIR vətəndaşı da ona 8 kq narkotik vasitə göndərəcəyini saxlanılmazdan öncə yazmamışdır. Qeyd edilən xüsusatların hər biri Təqsirləndirilən şəxs CM-in 234.4.1. və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətmədiyini təsdiq etdiyi kimi, CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli də törətdiyini təkzib edir. Çünki bu xüsusatlardan göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitələr ilə yanaşı güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz satışı ilə məşğul olmamışdır. Yəni Təqsirləndirilən şəxs ümumiyyətlə qanunsuz satış məqsədilə narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri əldə etməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsə AR CM-nin 32.5. və 206.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı qeyd edilir ki, o nəinki qaçaqmalçılıq cinayəti törətmək, ümumiyyətlə bu cinayətin törədilməsinə kömək belə etməmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs niyyəti Iran Islam Respublikası vətəndaşından öz istifadəsi üçün narkotik vasitə almaq olmuşdur. Təqsirləndirilən şəxs isə öz istifadəsi üçün almaq niyyətində olduğu narkotik vasitəni götürmək üçün Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığa getmişdir. Iş materiallarında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirildiyin, yəni dövlət sərhəddindən keçirilərək Beyləqan rayonu ərazisinə yerləşdirilməsindən Təqsirləndirilən şəxs məlumatı olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Onlar arasında baş tutmuş danışıqda belə narkotik vasitənin dövlət sərhəddindən keçirilməsinə dair heç bir sms, səs yazısı yoxdur. Yəni Təqsirləndirilən şəxs IIR vətəndaşına məxsus mobil nömrə vasitəsi ilə əlaqə saxlaması narkotik vasitənin məhz Iran Islam Respublikası ərazisindən keçirilərək Beyləqan rayonu ərazisində yerləşdirməyi mənasına gəlmir. Yəni Təqsirləndirilən şəxs barəsində yalnız ehtimallar əsasında AR CM-nin 32.5 206.2-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olduğunu fərz etsək belə, onun əməli məhkəmə tərəfindən yalnış tövsif olunmuşdur. Belə ki, onun əməli AR CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2 maddələrindən AR CM-in 29, 234.1-1-ci maddələrinə tövsif olunmalı idi. Göstərilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. III.PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunduğunu, təqsirin sübuta yetdiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını, cəza təyin edərkən cəzanın yüngülləşdirici hallarının nəzərə alındığını, ona qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. IV. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, tələb Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya şikayətinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həmçinin təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139 və 346-cı madələrində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib -etməməsi araşdırılmalıdır. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi CM-in 234.4.1, 234.4.3. və 240.3.2-ci maddələri ilə ittiham hökmü çıxararkən, aşağıda qeyd olunan sübutları qəbul etmiş və məhz həmin sübutlar əsasında təqsirləndirilən şəxsin həmin maddələrdə qeyd olunan cinayət əməllərini törətməsi qənaətinə gəlmişdir. Həmin sübutlardan biri şahidlər Beyləqan rayon Polis şöbəsinin əməkdaşları şahid4, şahid3, şahid7, şahid2, şahid9, şahid1 və şahid8 eyni məzmunlu ifadələridir. Qeyd olunan ifadələrin qısa xülasəsi belədir ki, ## ### 2023-cü il tarixdə, saat 22:50 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonu Əhmədli kəndində yerləşən qəbiristanlığın ərazisində olması müəyyən edilmiş, qəbiristanlığın ətrafı dəmir məhəccərlə əhatələnmiş və qapısı bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlamaq üçün qəbiristanlığa daxil olmuş, Təqsirləndirilən şəxs qəbiristanlıqda olan bir ağacın dibindən əlinə kisə götürmüş, bu zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamaq istəmiş, lakin sonuncu onları görüb əlində olan kisəni yerə atıb qaçmaq istəmiş, kisəni yerə ataraq məhəccərin üzərindən atılıb qaçmaq istəyən zaman məhəccərə ilişib yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlamış, bundan sonra həmin gün saat 23:30-da Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və müdafiəçi iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet və ya əşya olmadığını və qarşısında olan torbanın içərisində nə olmasından heç bir xəbəri olmadığını, həmin torbanı əldə etmədiyini, Iran vətəndaşının ona 10 qram nəşə verəcəyini bildirib onu aldadıb oraya göndərdiyini, onu götürdükdən sonra pulunu verməyəcəyini bildirmişdir. Kisənin içərisinə baxış keçirilən zaman üzəri yapışqan lentlə sarınmış 2 ədəd bağlama aşkar edilmişdir. Baxış zamanı həmin bağlamlaranın içərisindən hər birinin içərisində 10 ədəd olmaqla 05 ədəd konvalyutda 50 ədəd “Methadone 40” adlı həblər və hər birinin içərisində 10 ədəd olmaqla 10 ədəd konvalyutda 100 ədəd “Tramadol Hydrochloride” adlı həblər və içərisində narkotik vasitə olan tiryəkə bənzər maddələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. ## ### 2023-cü il tarixli «Şəxsi axtarış, baxış keçirilməsi haqqında» videoçəkilişlə aparılan protokoldan görünür ki, Təqsirləndirilən şəxs qarşısında narıncı rəngli torba açılır, həmin torbanın ora hansı şəraitdə, kim tərəfindən gətirilməsi müəyyən deyil, içərisinə baxış keçirilərkən torbadan yapışqan lentlə sarınmış 2 ədəd bağlama aşkar edilir, həmin bağlamalardan birinin içərisində narkotik vasitə heroinə bənzər kütlələr, hər birinin içərisində 10 ədəd olmaqla 05 ədəd konvalyutda 50 ədəd “Methadone 40” adlı həblər və hər birinin içərisində 10 ədəd olmaqla 10 ədəd konvalyutda 100 ədəd “Tramadol Hydrochloride” adlı həblər, digər bağlamanın içərisindən içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs məxsus “Realme” markalı mobil telefona ## ### 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin mobil telefonun “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsində qeydiyyatdan keçirilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə +************ saylı Iran Islam Respublikasının domen kodu ilə olan mobil nömrə arasında aşağıdakı məzmunlu səs yazışmaları müəyyən edilmişdir: -## ### 2023-cü il tarixdə, saat 21:59-da +************ saylı mobil nömrədən “Qaqa indi atıram haa malı, başına dönüm, indi beş dəqiqəyə atır qadan alım”, saat 22:00-da “Qaqa, özünün maşının var da sənin hə?” məzmunlu səs yazıları göndərmişdir. Təqsirləndirilən şəxs cavabında həmin gün saat 22:01-də “Var, səndən xəbər gözləyirəm, o adam yəqin problemsiz adamdır hə?” məzmunlu səs yazısı göndərmişdir. -+************ saylı mobil nömrədən saat 22:01-də “narahat olma problemi yoxdu, mənim öz mal qoyanımdır başına dönüm, narahat olma” məzmunlu səs yazısı göndərmişdir. -Təqsirləndirilən şəxs saat 22:02-də “oldu qaqa, problem yoxdu, prosta elə bir yerə atdır ki, onu tapa bilim də mən” məzmunlu səs yazısı göndərmişdir. -+************ saylı mobil nömrədən saat 22:02-də “Qaqa 20 dənə daşdı, 10 dənə otdu, otu prob elə mənə de, yaxşıdı ya yavadı, qadasını alım” məzmunlu səs yazısı göndərilmişdir. -Təqsirləndirilən şəxs saat 22:03-də “yaxşı, yaxşı, oldu” səs yazısı göndərmişdir. -+************ saylı mobil nömrədən saat 22:04-də “üzərində “Dünyamalılar, Birinci Şahsevən, Ikinci Şahsevən, Qaradağlı, Əhmədli” sözləri olan göy rəngli plakat, daha sonra məkan bildirən bağlantı göndərir, saat 22:04-də “Dasberundan bakiya gedende xelec kruqundan saga doneysen solda qebrestanliq var. Qebrestanliqa girende uz uze agacin dibi” məzmunlu mesaj, “qaqa, başına dönüm malı götürdün mənə denən ha, qurban olum sənə, qoy fikrim rahat olsun, oldu başına dönüm ged evə rahat söhbət eliyək”, saat 22:07-də “qaqa nə qədər yolun var ora bəs?” məzmunlu səs yazıları göndərilmdir. -Təqsirləndirilən şəxs saat 22:08-də “Qaqa 40 dəqiqəlik yoldur, yəqin heç kim yoxdur də orda, götürüm eliyim sənə xəbər eliyəcəm” məzmunlu səs yazısı göndərir. -+************ saylı mobil nömrədən saat 22:08-də “Oldu başına dönüm, heç kəs yoxdur, götür mənə xəbər elə başına dönüm” məzmunlu səs yazısı göndərmişdir. -Təqsirləndirilən şəxs saat 22:09-da “oldu da oldu baba” məzmunlu səs yazısı göndərir. +************ saylı mobil nömrədən saat 23:01-də “ qaqa, neynədin, nə iş gördün, orda 4 kilo 5 kilo mal qoymuşdum, onları götürdün? mənə xəbər elə də, telefonu aç” məzmunlu, saat 23:02-də “Qaqa bəs malı götürmüsən mənə cavab ver də, bəs sən dedin axı sənə 5000 manat da pul vuracam, malı götürmüsən telefonu da bağlayırsan, telefona cavab ver, bəs sən mənə dedin götürən kimi xəbər eliyəcəm axı” məzmunlu, saat 23:04-də “ay qaqa, qurban olum sənə, vallah yeyə bilməzsən o pulu, mənə sənə 4 kilo mal atmışam, dedin 5000 pul vuracam götürən kimi hanı bəs, ayıbdı telefona cavab ver” məzmunlu, saat 23:13-də “ay qaqa bu telefona cavab ver də, telefonu bağlayıbsan, malı götürdün telefona cavab verməyirsən indi? Bəs dedin axı malı götürüb telefonu açacam, danışacam, cavab ver dənə bə” məzmunlu səs yazıları göndərmişdir. -Həmin gün saat 23:13-də cavabsız zənglər vardır. -+************ saylı mobil nömrədən saat 00:17-də “ayə oğrəş, telefona cavab ver, yekə kişisən, orda 8 kilo mal idi, 4-ü ayrı adamındı, 4-ü də sənin idi, telefona cavab ver, balam canı gəlib göndərtdirirəm evində öldürərlər, quran haqqı evində vurub gedərlər səni, telefona cavab ver, yekə kişisən, 8 kilo mal qoymuşdum ora, 4-ü sənin idi, 4-ü də ayrı adamın, 8-ni də götürtübsən, ayıbdı, o malı telefona cavab ver, onun malını qoy yerinə, balam canı desəm, nömrəvi versəm gəlib evindən öldürüb aparacaqlar, malı alacaqlar ha səndən, adamın şalvarın çıxardarlar, şərəfin olsun, vicdanın olsun” məznmunsu səs yazıları göndərilmişdir. - ## #### 2023-cü il tarixli «Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış zamanı şahid5 Daşqan oğlunun adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilən zaman ## ### 2023-cü il tarixdə, saat 04:13-də Təqsirləndirilən şəxs adına rəsmiləşırilmiş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Nese qoysaz xeber ele” məzmunli sms mətni göndərilməsi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs adına rəsmiləşirilmiş ***-***-**- ** saylı mobil nömrə ilə şahid5 ***-***-**-** saylı mobil nömrə arasında ## ### 2023-cü il tarixdə saat 17:29-da 12 saniyə saat 19:56-da 60 saniyə, saat 19:58-də 78 saniyə, saat 22.08-də 36 saniyə telefon danışığı olmuşdur. Qeyd olunan sübutlardan başqa digər sübutlar ekspertiza rəyləridir və həmin rəylər Təqsirləndirilən şəxs əməlinin deyil, aşkar olunmuş narkotik vasitələrin və həblərin kimyəvi tərkibi, Təqsirləndirilən şəxs narkoloji vəziyyəti ilə bağlıdır. Bundan başqa, birinci instansiya məhkəməsi CM-in 206.3.2-ci maddəsindən, həmin Məcəllənin 32.5., 206.2-ci maddəsinə tövsif edərkən, qənaəti belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və Iran Islam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə əvvəlcədən razılaşmışlar ki, sonuncunun Irandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və tramadol həblərini qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra qrupun üzvü tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən maddələri Irandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün Iran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyinin təmin edilməsini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin Irandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini toplanmış sübutlarla qarşlılıqlı təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, ittihamın əsasını təşkil edən sübutların biri digərini təsdiq etmir, ziddiyətli hallar əsas verir ki, baş vermiş hadisə ittihamda qeyd olunmuş hala uyğun olmamışdır. Belə ki, CM-in 234.4.1, 234.4.3. və 240.3.2-ci maddələrində qeyd olunan cinayət əməlinə görə əsas sübutlardan biri Təqsirləndirilən şəxs ilə özünü Iran IIR vətəndaşı kimi təqdim edən şəxs arasında olan “Whatsapp” proqramı vasitəsi ilə yazışmalar və göndərilmiş səslərdir. Təqsirləndirilən şəxs ilkin və sonrakı ifadələrinə nəzər yetirildikdə müəyyən olunur ki, onun bütün ifadələri eyni məzmundadır, tutulduğu yerə 10 qram “nəşə”, yəni qurudulmuş marixuana götürmək üçün getdiyini, tutulduğu yerə gedənə qədər özünü IIR vətəndaşı kimi təqdim edən şəxsin həmin yerə “20 ədəd daş”, yəni 20 qram metamfetamin, “10 ədəd ot”, yəni 10 qram qurudulmuş marixuana qoymasını bildirməsini və özünün şəxsi istifadəsi üçün həmin narkotik vasitəni götürmək istəməsini, lakin qəbirstanlıqda səs eşidib qaçarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bu barədə sonuncu danışıq saat 22:02-də olmuş və “Whatsapp” proqramı vasitəsi ilə +************ saylı mobil nömrədən Muradlə Kənanın mobil nömrəsinə “Qaqa 20 dənə daşdı, 10 dənə otdu, otu prob elə mənə de, yaxşıdı ya yavadı, qadasını alım” məzmunlu səs yazısı göndərilmişdir. Cinayət işi materiallarında olan Beyləqan rayon polis şöbəsinin rəisinə yazılmış rapordan və şəxsin şübhəli şəxs qismində tutulması ilə bağlı protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ## ### 2023-cü il tarixdə, saat 22:55-də saxlanılmışdır. Saat 22:55-dən sonrakı yazışmalar belə təsəvvür yaradır ki, Təqsirləndirilən şəxs özünü IIR vətəndaşı kimi təqdim edən şəxslə 5000 manat müqabilində 8 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əvvəlcədən danışıqları, razılaşmaları olmuşdur. Halbuki, saat 22:55dən əvvəl olan səs və yazışmalardan məlum olur ki, onların daha əvvəl heç vaxt həmin razılaşma barədə danışıqları, yaxud yazışmaları olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs saat 22:55dən sonra istifadəsində olan mobil telefondan istifadə etmək imkanı olmamış və həmin vəziyyətdə özünü IIR vətəndaşı kimi təqdim edən şəxslə ittihamda qeyd olunan narkotik vasitə və həblərin əldə olunması, daşınması və ya saxlanılması ilə əlaqəli heç bir razılaşması, ümumiyyətlə saat 22:55-dən sonrakı yazışmalardan məlumatı olmamışdır. Belə vəziyyətdə müəyyən etmək mümkün deyil ki, həmin məsajlar əvvəlcədən göndərilmiş olsaydı, Təqsirləndirilən şəxs həmin çəkidə narkotik maddəni olduğu yerdən götürməyə razılıq verəcək və yaxud verməyəcək. Ona görə də Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarətində olduğu müddətdə, onun mobil telefonuna +************ saylı mobil nömrədən saat 23:01-də “ qaqa, neynədin, nə iş gördün, orda 4 kilo 5 kilo mal qoymuşdum, onları götürdün? mənə xəbər elə də, telefonu aç” məzmunlu, saat 23:02-də “Qaqa bəs malı götürmüsən mənə cavab ver də, bəs sən dedin axı sənə 5000 manat da pul vuracam, malı götürmüsən telefonu da bağlayırsan, telefona cavab ver, bəs sən mənə dedin götürən kimi xəbər eliyəcəm axı” məzmunlu, saat 23:04-də “ay qaqa, qurban olum sənə, vallah yeyə bilməzsən o pulu, mənə sənə 4 kilo mal atmışam, dedin 5000 pul vuracam götürən kimi hanı bəs, ayıbdı telefona cavab ver” məzmunlu, saat 23:13-də “ay qaqa bu telefona cavab ver də, telefonu bağlayıbsan, malı götürdün telefona cavab verməyirsən indi? Bəs dedin axı malı götürüb telefonu açacam, danışacam, cavab ver dənə bə” məzmunlu, daha sonra 23:13də cavabsız zəngləri, ## ### 2023-cü ildə saat 00:17-də “ayə oğrəş, telefona cavab ver, yekə kişisən, orda 8 kilo mal idi, 4-ü ayrı adamındı, 4-ü də sənin idi, telefona cavab ver, balam canı gəlib göndərtdirirəm evində öldürərlər, quran haqqı evində vurub gedərlər səni, telefona cavab ver, yekə kişisən, 8 kilo mal qoymuşdum ora, 4-ü sənin idi, 4-ü də ayrı adamın, 8-ni də götürtübsən, ayıbdı, o malı telefona cavab ver, onun malını qoy yerinə, balam canı desəm, nömrəvi versəm gəlib evindən öldürüb aparacaqlar, malı alacaqlar ha səndən, adamın şalvarın çıxardarlar, şərəfin olsun, vicdanın olsun” məznmunlu səs yazılarının mötəbərliyi ciddi şəkildə şübhə yaradır. Bundan başqa Təqsirləndirilən şəxs ittihamda qeyd heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan bir ədəd narıncı rəngli kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb məsuliyyətdən yayınmaq üçün əlindəki həmin kisəni yerə ataraq qaçarkən saxlanılması barədə digər sübut şahidlər Beyləqan rayon Polis şöbəsinin əməkdaşları şahid4, şahid3, şahid7, şahid2, şahid9, şahid1 və şahid8 eyni məzmunlu ifadələridir. Adları qeyd olunan şahidlər Təqsirləndirilən şəxs barəsində ittihamın “heroin, tiryək və metadon, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə tramadol hidroxlorid olan bir ədəd narıncı rəngli kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb məsuliyyətdən yayınmaq üçün əlindəki həmin kisəni yerə ataraq qaçarkən saxlanılması” hissəsini təsdiq etsələr də, əməliyyat-axtarış tədbiri barədə videogörüntülər, həmin hissəsinin həqiqliyini tam təsdiq etmir. Qeyd olunan ziddiyətəli vəziyyət təhlil edildikdə ortaya çıxan mənzərə bundan ibarətdir ki, polis əməkdaşlarının məhkəmə istintaqında işin faktiki halları ilə bağlı vermiş olduğu məlumatlar ittihamda qeyd olunan hallara deyil, məhz təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən halhazıra qədər vermiş olduğu məlumatlara uyğun gəlir. Şəxsi axtarışla bağlı videogörüntüdən görünür ki, ##.##.2023-cü il tarixdə, saat 23:30-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti başlanan kimi, Təqsirləndirilən şəxs etiraz olaraq qarşısında yerdə olan narıncı rəngli kisənin içərisində olan 8 kiloqram maddədən məlumatı olmadığını bildirmişdir. Qeyd olunan kisənin içərisinə baxış keçirilmədən, narkotik vasitə çəkilmədən təqsirləndirilən şəxsin əvvəlcədən çəkidən məlumatlı olması ona əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında tutulduqdan sonra təzyiqə, narkotik vasitədən məlumatlı olmasını etiraf etməsi üçün hədəyə məruz qalması barədə ifadəsi həqiqətə uyğundur. Məhkəmənin ittiham hökmündə həmin ifadə qeyd olunmasa da, ## ####### 2023-cü il tarixli məhkəmə baxışı iclasının protoklundan görünür ki, Təqsirləndirilən şəxs suallara cavab olaraq saxlanıldıqdan sonra əllərinin qandallandığını, döyülməsini, narkotik vasitəni evinə qoyacaqları ilə hədələnməsini, lakin onların dediklərini qəbul etmədiyini bildirmişdir. Protokoldan həmçinin görünür ki, müstəntiq Qoşqar Hacıyev əvvəlcə qeyd olunan kisənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmasını bildirir, buna etiraz olaraq Təqsirləndirilən şəxs “... üzərimdən bu boyda şey nə təhər aşkar oluna bilər” bildirir, bundan sonra çəkilişi aparan şəxs müstəntiqin istintaq hərəkətinə müdaxilə edərək “əlindən” bildirir, bundan sonra müstəntiq sarı rəngli kisənin Kənanın əlindən aşkar olunmasını bildirərək, “siz qoymusuz onu ora” ifadəsini işlədir, lakin Təqsirləndirilən şəxs onun əlində kisə olmadığını bildirir. Həmin vaxt suallara cavab olaraq Təqsirləndirilən şəxs “dəmir məhəccərin üsütün göstərib məhəccərin üzərindən qəbirstanlığa keçib hərəkət etdiyini, ağaca yaxınlaşdığını daha sonra şaqqıltı eşidib qaçdığını, lakin qəbirstanlğın girişində məhəccərdən tullanarkən yıxıldığını, bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını” bildirir. Protokoldan belə məlum olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirildiyi yerdə, yəni qəbirstanlığın qarşısında saxlanılmışdır. Belə olan halda, əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları birmənalı həmin halı təsdiq etməlidirlər. Bundan fərqli olaraq birinci instansiya məhkəməsində onlara verilən suallara cavab olaraq Beyləqan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili şahid4 Təqsirləndirilən şəxs əlindəki kisəni atıb qaçmaq istədiyini və mühəccərə ilişib yıxıldığını, onu qəbirstanlığın içərisində saxladıqlarını, narkotik vasitələrin olduğu kisəni atıldığı yerdən kimin götürməsini xatırlamadığını, təqsirləndirilən şəxsin torbanın onun olub-olmaması barədə nə dediyini xatırlamadığını; əməliyyat müvəkkili şahid1 təqsirləndirilən şəxs saxlanılan zaman Fərhadın Kənanın avtomobilinin yanında dayandığını, Təqsirləndirilən şəxs kisəni yerə atıb qaçmaq istəyən zaman mühəccərə ilişib yerə yıxıldığını, onun kisənin yanına yıxılıb düşdüyünü; əməliyyat müvəkkili şahid9 narkotik vasitələrin olduğu kisənin atıldığı yerdən kimin götürdüyünü xatırlamadığını, Təqsirləndirilən şəxs mühəccərin küçəyə baxan hissəsinə yıxıldığını; baş əməliyyat müvəkkili şahid8 təqsirləndirilən şəxsin qəbirstanlığın içərisində əlindəki bağlamanın yanına yıxıldığını bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlcədən bildirir ki, içərisində narkotik vasitə və tərkibində güclü təsir edən maddə olan həblər olan kisədən heç bir məlumatı yoxdur. Şahidlərdən heç kim qeyd etmir ki, onlardan hansı həmin kisəni olduğu yerdən götürüb, şəxsi axtarış və baxış keçirilən yerə gətirmişdir. Belə vəziyyətdə sual yaranır ki, əgər həqiqətən Təqsirləndirilən şəxs həmin narıncı rəngli kisəni götürüb daşımaq istəyərkən, eşitdiyi səsə görə yerə atıb qaçarkən yıxılmış və saxlanılmışdırda, niyə məhz həmin yerdə videoçəkiliş aparılmamış, kisənin atıldığı yerdə deyil, onun saxlanıldığı yerdə baxış keçirilmiş, yaxud əməliyyat-axtarış tədbirinin natamam olmaması üçün əvvəlcədən videomüşahidə aparılmamışdır. Ümumiyyətlə müəyyən deyil ki, Təqsirləndirilən şəxs qeyd olunan kisəni konkret qəbirstanlığın harasından götürmək istəmiş, ən əsası kisəni hansı hissədə (məsələn, kimə aid məzar daşının yanında) atmışdır. Qeyd olunan ziddiylətli vəziyyət kisənin həqiqətən Təqsirləndirilən şəxs tərəfindən götürülməsi və sonradan atılmasının həqiqət olmasına əsaslı şübhələr yaradır. Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yanaşı, CM-in 206.3.2-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ilə bağlı ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi onun qaçaqmalçılıq cinayətini törətməkdə köməkçi kimi iştirak etməsi qənaətinə gələrək həmin əməli CM-in 32.5, 206.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və Iran Islam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə əvvəlcədən razılaşmışlar ki, sonuncunun Irandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və tramadol həblərini qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra qrupun üzvü tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən maddələri Irandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə etmişdir. Lakin, iş materiallarında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə dövlət sərhəddindən keçirilərək Beyləqan rayonu ərazisinə yerləşdirilməsini, Təqsirləndirilən şəxs bundan məlumatlı olmasını, onun narkotik vasitələrin sərhəddən qanunsuz olaraq keçiriləcəyi təqdirdə götürəcəyinə dair kiməsə əvvəlcədən vəd verməsini təsdiqləyən hər hansı sübut mövcud deyil. Təqsirləndirilən şəxs ilə Iran Islam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs arasında aparılan danışıqlarda (yazışmalarda) narkotik vasitənin dövlət sərhəddindən keçirilməsinə dair hər hansı sms, səs yazısı mövcud deyildir. Əksinə Təqsirləndirilən şəxs bütün ifadələrindən və mobil telefonla apardığı yazışmalardan məlum olur ki, özünü IIR vətəndaşı kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs müraciət edərək, narkotik vasitə göndərəcəyini bildirir. Həmin yazışmaların saat 22:50-ə qədər olan məzmunu da, yalnız “”20 dənə daş və 10 dənə ot”un göndərilməsi, otun,yəni qurudulmuş marixuananın məhz Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması və nəticəsi barədə qarşı tərəfə məlumat verilməsi ilə bağlıdır. Göründüyü kimi, narkotik maddənin, yaxud güclü təsir edən həblərin daşınması, başqa şəxsə və ya yerə, o cümlədən ünvana çatdırılması, bunun qarşılığında hər hansı digər marağının olması müəyyən olunmur. Ibitidai istintaqın bu barədə heç bir sübutu yoxdur, bu da onu göstərir ki, həmin ittihamın verilməsi yalnız ehtimallara əsaslanmış, işə baxan kollegiyal tərkib isə formal əsaslarla əməli tövsif etmişdir. Ittiham tərəfinin heç bir sübutu yoxdur ki, birgə iştirakçılıqla bağlı verilmiş ittihamda göstərilən cinayət əməlinin obyektiv cəhətini onların birgə icra etməsini, yaxud Təqsirləndirilən şəxs tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi barədə əvvəlcədən razılaşmanın olmasını təsdiq etsin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CPM-in 125-ci maddəsinin tələbinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin tələblər baxımından istər yuxarıda qeyd olunan şəxsi axtarış barədə protokolun və şahid ifadələrinin sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144- 146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə sübutlardan istifadə etməklə əsaslandırsın. Cinayət-Prosessual Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Cinayət Prosessual Məcəllənin sübutlarla əlaqəli müddəların tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs tam təqsirli bilinməsi üçün, məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə protokolun, dindirilmiş şahid ifadələrinin, şəxsi axtarışla bağlı 1 ədəd DVD diskdə olan videogörüntünün 234.4.1, 234.4.3, 240.3.2. və 206.3.2-ci maddələri ilə ittiham verilməsi üçün kifayət edən mötəbər və mümkün sübut kimi qəbul edilməsi mümkün deyil. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara- ekspertiza rəylərinə gəldikdə isə, onlar narkotik vasitənin qalıq çəkisi və məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirir, hadisənin ittihamda qeyd olunan vəziyyətdə baş verməsinə aidiyyəti yoxdur. Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 350.1. və 350.2-ci maddələrinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 42.1. və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən və bəraət hökmü çıxarılması əsaslarından biri də təqsirliliyin sübuta yetirilməməsidir. Qeyd olunan Məcəllənin 42.2.4-cü maddəsinə əsasən isə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, birinci intsansiya məhkəməsində CPM-in 351.3.1-351.3.4-cü maddələrində və 346.1.1-346.1.6-cı maddələrində təsbit edilən tələblər düzgün müzakirə edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-ci maddələrinin tələblərinə uyğun təhlil edilməmişdir. Beləliklə, apellyasiya baxışının nəticələrinə əsasən kollegiya bu qənaətə gəlir ki, təqsirləndiriən şəxsə verilmiş ittihamda göstərilən cinayət əməlinin törədilməsi sübuta yetmir, ona görə də işin faktiki hallarına görə CM-in 206.3.2, 240.3.2-ci maddələrlə verilmiş ittihamlara bəraət verilməli, CM-in 234.4.1. və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməl, CM-in 29, 234.1- 1-ci maddəsinə tövsif edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 401.2-ci maddəsinə müvafiq olaraq aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: -məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; -birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; -birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; -birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya baxışının nəticələrinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, ümumiyyətlə ittihamda qeyd və təsvir olunan formada, şəraitdə, üsulda cinayət hadisəsinin baş vermə faktı və halları sübut olunmur. Belə olan halda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü Cinayət Məcəlləsinin 206.3.2. və 240.3.2-ci maddələri verilmiş ittihamlara aid hissədə ləğv olunmalı və Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən, həmin ittihamlara bəraət verilməlidir. Kollegiya yuxarıda qeyd olunan sübutlar və işin halları əsasında təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1. və 234.4.3-cü maddələrində göstərilən ittiham üzrə cinayət əməlinin hüquqi tövsifinə işin faktiki halları baxımından qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ifadələrində 10 qram qurudulmuş marixiuana və 20 qram metamfetaminin satış pulu olan 80 manatı sonradan verməyəcəyi üçün qəbirstanlığa getməsini, lakin səs eşitdiyinə görə həmin narkotik maddəni olduğu yerdən götürməyərək, qaçarkən saxlanıldığını bildirir. Onun səs eşidib qaçması işin halları baxımından mübahisəli hal deyil və bu vəziyyəti polis əməkdaşları da təsdiq edir. Onun mobil telefonunda olan saat 22:50-yə qədər olan yazışmalardan da görünür ki, özünü IIR vətəndaşı kimi təqdim edən şəxs məkan işarəsi qoyduğu yerə “10 ədəd ot və 20 ədəd daş” qoyacağını bildirmiş, Təqsirləndirilən şəxs isə 10 ədəd otun 10 qram qurudulmuş marixuana, 20 ədəd daşın isə 20 qram metamfetamin olmasını bildirir. Lakin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd etdiyi 20 ədəd “daş”ın məhz psixotrop maddə metamfetamin olması onun yazışmaları ilə müəyyən olunmur. Odur ki, həmin 20 ədəd “daş”ın məhz heroin olması danılmazdır və təbii ki, Təqsirləndirilən şəxs maneə yaradan hal olmasaydı həmin narkotik vasitəni götürmüş olacaqdı. Nəzərə alınmaldır ki, qeyd olunan kisədə ümumiyyətlə qurudulmuş marixuana aşkar olunmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs olmayan narkotik vasitəyə görə məsuliyyət daşıya bilməz. Göründüyü kimi, aşkar sübuta yetir ki, Təqsirləndirilən şəxs 80 manat müqabilində özünün şəxsi istehlakı üçün 20 qram narkotik vasitə heroin götürmək üçün hadisə yerinə getmiş, əməlin obyektiv cəhətini bilavasitə icra edərkən eşitdiyi səsə görə polis əməkdaşlarının olmasını hesab edərək qaçmış, özünün iradəsindən asılı olmayan səbəbə görə, həmin narkotik vasitəni və psixitrop maddəni olduğu yerdən götürüb daşıya, saxlaya bilməmişdir. CM-in 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləlilklə, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs küllü miqdarda 20 qram heroini satış məqsədi olmadan əldə etmək, saxlamaq və daşımaq məqsədi ilə ## ### 2023-cü il tarixdə, saat 22:50 radələrində Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığın yaxınlığına gəlib, avtomobili orada saxlayıb qəbiristanlığa daxil olaraq, şəxsiyyəti məlum olmayan Iran Islam Respublikasının vətəndaşının əvvəlcədən vəd etdiyi yerdən, yəni qəbiristanlıqdakı ağacın altında gizlədilmiş yerdən götürmək istəyərkən, səs eşidib həmin külli miqdarda narkorik vasitə heroini götürmədən qaçarkən, həmin gün saat 22:55-də Beyləqan rayonu, Əhmədli kəndi ərazisində qəbirsatlığın giriş hissəsində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişdir. CM-in 234.1-ci maddəsində qeyd olunmuşdur ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. Həmin Məcəllənin 234.1-1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ sıyahılarına əsasən, heroinin 2 qramdan artıq miqdarı külli miqdar hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs əməli CMin 29, 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin əmələ görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Kollegiya yeni hüquqi vəziyyətə uyğun olaraq cəzanın həddini və növünü müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 63.1. və 63.3-cü maddələrinə əsasən, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Kollegiya törədilən cinayət əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması ilə qanuni və ədaləti, islahedici cəza seçilməsinə nail olmaq olar. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik maddələrin dövriyyəsində iştirak etmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq, Beyləqan rayon polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış və müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi ola 4421,9 qram narkotik vasitə heroin, 4139,1 qram narkotik vasitə tiryək, 45 ədəd metadon həbləri və 94 ədəd tramadol həblər hökm qanuni qüvvəyə mindikdən sonra cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya baxışının nəticələrinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Ümumiyyətlə ittihamda qeyd və təsvir olunan formada cinayət hadisəsinin baş vermə faktı və halları sübut olunmur. Belə olan halda, apellyasiya şikayəti qismən təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü Cinayət Məcəlləsinin 206.3.2. və 240.3.2-cü maddələrinə Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməsinə görə, Təqsirləndirilən şəxs həmin ittihamlarla təqsirli bilinməsi və cəza təyin olunması hissəsində ləğv olunmalı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddələrinin 42, 397-399, 401, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2. və 240.3.2cü maddələri ilə təqsirli bilinməsi və cəza təyin edilməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2. və 240.3.2-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin ittihamlar üzrə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri üzrə əməli, həmin Məcəllənin 29, 234.1.-1-ci maddəsinə tövsif edilsin və o, həmin maddə ilə təqsirli bilinərək, 03 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Beyləqan rayon polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış və müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi ola 4421,9 qram narkotik vasitə heroin, 4139,1 qram narkotik vasitə tiryək, 45 ədəd metadon həbləri və 94 ədəd tramadol həblərin dövriyyəsində iştirak etmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv olunmamış hissələrdə qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-177/2026
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-9)-177/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver