Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-178/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, məhkum edilmiş şəxs İbrahimov Elmidar Rüstəm oğlunun, müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, İbrahimov Elmidar Rüstəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələri ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs E.İbrahimovun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi) ilə, ##.##.1999-cu il tarixdə İmişli rayonu, Telişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan İbrahimov Elmidar Rüstəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 286.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla İbrahimov Elmidar Rüstəm oğlu 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin ediməsi, E.İbrahimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ####### 2025ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs İbrahimov Elmidar Rüstəm oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi üzrə məsələlər həll edilmişdir. İŞİN HАLLАRI: Məhkəmənin hökmü ilə İbrahimov Elmidar Rüstəm oğlu CM-in 221.3, 286.2 və 228.5ci maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə təhqiqatçının fəaliyyətinə müdaxilə etmiş, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, o, bacısının əri şahid10 onların yaşadığı evə gələrək münaqişə yaratması və avtomobilində silah olması barədə İmişli rayonu, Telişli kəndində yaşayan anası İbrahimova Esmira Mövsüm qızının ## ######## 2025-ci il tarixli cinayət xarakterli məlumatı əsasında yoxlama aparan İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, R zərərçəkmiş şəxs4 izahat vermək üçün şahid10 rayon polis şöbəsinə dəvət etdiyini bilərək, qəsdən işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə ## ######## 2025-ci il tarixdə, saat 22:15-dən başlayaraq ## ######## 2025-ci il tarixdə, saat 10:42-dək müxtəlif vaxtlarda və saatlarda təhqiqatçı S.S. Orucovun "Whatsapp" mobil tətbiqinə altı səs yazısı və altı yazılı ismarıc göndərərək şahid10 rayon polis şöbəsinə dəvət etməməsi, araşdırmanı dayandırması, əks halda özünü, polis şöbəsini və polis əməkdaşlarını yandıracağını bildirməklə qanunsuz tələblər irəli sürərək hədələr gəlməklə təhqiqatçı zərərçəkmiş şəxs4 fəaliyyətinə müdaxilə etmiş, lakin tələblərinə əməl olunmadığını gördükdə, ## ######## 2025-ci il tarixdə, saat 12:00 radələrində istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 122 mm olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağını əynində olan göy rəngli cins şalvarın arxa hissəsindən kəmərə keçirib gəzdirərək, habelə bir ədəd plastik qabda tezalışan maddə olan benzin və alışqanı özü ilə götürərək İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısına gəlib, orada ictimai yerdə, insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan səs-küy salıb ucadan qışqırıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış normalarından kənara çıxmaqla ətrafda olan insanlara aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, etinasızlıq göstərib cəmiyyətin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə özü ilə gətirdiyi plastik qabdakı tezalışan maddə olan benzini və alışqanı silah qismində istifadə edərək İmişli rayon polis şöbəsinin inzibati binasının plastik örtüklü hasarına tökdükdən sonra "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin II hissəsinin 1, 2 və 3-cü bəndləri ilə nəzərdə tutulan ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq üzrə vəzifələrini yerinə yetirərək onun hərəkətlərinin qarşısını almaq üçün yaxınlaşan, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan İmişli RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantları zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 qanuni tələblərinə əməl etməyərək, polis əməkdaşlarını və polis şöbəsini yandıracağını deyib, əsaslı səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək plastik qabdakı tezalışan maddə olan benzini qəsdən zərərçəkmiş şəxs2 üzərinə və öz üzərinə tökərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi zərərçəkmiş şəxs2 müqavimət göstərmiş, hakimiyyət nümayəndələri olan zərərçəkmiş şəxs1, M.Ə. Oruczadə və zərərçəkmiş şəxs2 birlikdə içərisində benzin olan qabı onun əlindən alıb kənara tulladıqdan sonra əlində olan alışqanı da almaq üçün əllərindən, qollarından və bədəninin müxtəlif nahiyələrindən tutan zaman onlara qarşı müqaviməti davam etdirərək zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 sağlamlıqlarına qəsdən zərər vurmaq niyyətilə əlində olan alışqanı yandıraraq zərərçəkmiş şəxs1 sağ əlin ovuc səthində 3-4-cü daraq sümükləri proyeksiyasında, sağ saidin yuxarı 1/3-nin arxa səthində, sol əlin ovuc səthində 3-cü barmağın 1-ci falanqası proyeksiyasında İ-II dərəcəli yanıq yaralardan ibarət dərəcəsi təyin edilməyən, zərərçəkmiş şəxs2 sol baldırın aşağı 1/3-nin ön və yan səthində II dərəcəli yanıq yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, eyni niyyətlə hərəkətlərini davam etdirərək, ondan uzaqlaşıb polis şöbəsinin həyətinə daxil olan M.Ə. Oruczadənin arxası ilə paltarları yanan vəziyyətdə qaçaraq rayon polis şöbəsinin həyətində çatıb sonuncunu qəsdən qucaqlayaraq, zərərçəkmiş şəxs3 sol əlin ovuc səthində 1-ci barmağın 1-ci falanqası proyeksiyasında və 3-4-cü barmaqların 1-ci falanqaları prosyeksiyasında İ-II dərəcəli yanıq yaralarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətlər yetirərək, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxslərə zər tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah olan ov bıçağı İmişli rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi şahid6 tərəfindən şalvarının arxa hissəsində aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKАYƏTİNIN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü İbrahimov Elmidar Rüstəm oğluna münasibətdə dəyişdirilərək Azərbaycan Respublikası CM-nın 221.3, 228.5 və 286.2-ci maddələri ilə ona aşağı həddə cəza təyin edərək onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İbrahimov Elmidar Rüstəm oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan ağır cəzadır. Belə ki, məhkəmə cəza təyin edərkən İbrahimov Elmidar Rüstəm oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, vətən müharibəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə,” “Qubadlının azad olunmasına görə, “Vətən müharibəsi iştiraçısı” medalları ilə təltif edilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, onun himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisə nəticəsində özünün az ağır bədən xəsarəti almasını, müharibədə iştirakı ilə əlaqədar onda yaranmış “mülayim dərəcədə ifadə olunmuş dissosativkonversion pozuntu”nu nəzərə almamaqda haqlı olmamış, bununla da, cəzanın məqsədinə çatdırılması baxımından məhkəmənin gəldiyi nəticə yetərli olmamış, bu baxımdan Azərbaycan Respublikası CM-in 8.1, 9 və 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmiş, ona görə də məhkəmənin təyin etdiyi 2 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası sərt cəza olmuşdur. Məhkəmə hökmündə İbrahimov Elmidar Rüstəm oğluna nəzərdə tutulmuş yüngülləşdirici halları tam nəzərə alınmaması əsaslarını müəyyən edə bilmədiyinə görə ona daha ağır cəza təyin etmişdir. Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CM-in 8.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuşdur ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. (Konstituciyanın 28-ci maddəsinin İ və II hissələri). Hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq aktlarda, o, cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuşdur. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedyev və digərləri Fransaya qarşı (№ ****/**) iş üzrə ## #### 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi vurğulamışdır ki, azadlığın məhdudlaşdırılması ilə bağlı məsələlərdə hüquqi müəyyənlik prinsipinin təmin olunması xüsusilə vacibdir. Bu səbəbdən Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab vermək üçün milli və beynəlxalq hüquqda azadlığın məhdudlaşdırılmasının şərtləri açıq-aydın müəyyən edilməli və qanunvericilik normasının tətbiqi qabaqcadan gözlənilən olmalıdır. Qeyd olunanlardan da görünür ki, məhkəmə hökm çıxararkən cəza təyini zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və II hissələrinin, İnsan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsinin, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə riayət etməməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini ilə bağlı normalarının tələblərini gözləməmiş, İbrahimov Elmidar Rüstəm oğlunun təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını sonuncunun barəsində olan yüngülləşdirici hallara,44 günlük Qarabağ müharibəsində iştirak edərək medallar alması, müharibə veteranı olması kimi, həmçinin nəzərə almadığı onun himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisə nəticəsində özünün az ağır bədən xəsarəti almasını, müharibədə iştirakı ilə əlaqədar onda yaranmış “mülayim dərəcədə ifadə olunmuş dissosativ-konversion pozuntu” kimi digər diqqətəlayiq halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək həmin cəzanın şərti hesab etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Buna baxmayaraq məhkəmə hökmdə həmin halları müzakirə etsədə az ağır cinayət törətmiş təqsirləndirilən şəxs İbrahimov Elmidar Rüstəm oğlunun barəsində olan yüngülləşdirici halların mövcudluğuna və əsasların olması barədə halları tam nəzərə almamış, onun cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi kimi konkret yüngülləşdirici hallara və ağırlaşdırıcı halın olmaması kimi sübutların qiymətləndirilməsində düzgün nəticəyə gəlməmiş və onun barəsində azadlıqdan məhrum etmə növündə sərt cəza təyin etmişdir. PRОSЕS İŞTİRАKÇILАRININ ÇIХIŞLАRI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 221.3, 228.5 və 286.2-ci maddələri ilə ona aşağı həddə cəza təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunması barədə müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Elmidar İbrahimov və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərində məhkum edimiş şəxsin ittiham olunduğu CM-in 221.3, 228.5 və 286.2-ci maddələri ilə ona aşağı həddə cəza təyin edərək onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunmasına dair məsələlər mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Elmidar İbrahimovun törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Elmidar İbrahimovun qismən etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ifadələri, şahidlər şahid1, İbrəhimova Esmira Mövsüm qızı, şahid13, şahid15, Quluzadə İntiqam Səmid oğlu, şahid5, şahid4, şahid14, şahid12 Rafayıl, şahid6, şahid10, Tağıyev Qəhrəman Famil oğlu, Alışov İsmayıl Ramiz oğlu, şahid3 və şahid2 ifadələri, baxış keçirilməsi və götürmə aparılması haqqında ## ######## 2025-ci il tarixli protokolu, məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi, məhkəmətibb ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi, Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında ## ####### 2025 -ci il tarixli protokolu, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi və məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyi və işin digər halları ilə Elmidar İbrahimovun Cinayət Məcəlləsinin 221.3, 286.2 və 228.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əmələrinə aidiyyəti və təqsiri tam sübuta yetirilməsinə, onlara ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Elmidar İbrahimovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Elmidar İbrahimovun Cinayət Məcəlləsinin 221.3, 286.2 və 228.5-ci maddəlləri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə yuxarıda sadalanan sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və # #### 2026cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında İmişli Rayon Məhkəməsi əsaslı olaraq Elmidar İbrahimovun ittiham olunduğu maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, Elmidar İbrahimovun əməllərini Cinayət Məcəlləsinin 221.3, 286.2 və 228.5ci maddəlləri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. AR Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs İbrahimov Elmidar Rüstəm oğlunun Cinayət Məcəlləsinin 221.3, 286.2 və 228.5-ci maddəlləri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Elmidar İbrahimovun müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddələrlə aşağı həddə cəza təyin etməməsi və həmin əsaslarla da məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaması barədə dəlillərini aşağıda qeyd olunanlara görə əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən səmimi peşmançılıq çəkməsini, Vətən mübaribəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” olmasını cəzasını yüngülləşdirən hallar kimi, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə və CM-in 286.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, eləcə də CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla E.İbrahimova qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alması cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuş və təyin olunmuş cəza məhkum olunmuş şəxsin şəxsiyyəti, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və işdə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla qanuni və ədalətli olmuşdur. Həmçinin apellyasiya kollegiyası tərəfindən iş materialları araşdırılan zaman məhkum edilmiş şəxsin ifadəsi üzrə müəyyən edir ki, onun himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə kollegiyasının qənaətinə görə bu hal Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs E.İbrahimovun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cl maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cinayət qanunvericiliyinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Elmidar İbrahimova cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməməsi barədə dəlilləri əsassızdır, çünki birinci instansiya məhkəməsinin cəza təyin edərkən nəzərə aldığı cəzanı yüngülləşdirən hallar bilavasitə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallardır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs E.İbrahimova cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası belə qərara alır ki, təqsirləndirilən şəxs eyni vaxtda həm ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, həm də ədalət mühakiməsi əleyhinə cinayətlər törətdiyinə görə, barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əməllərə laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Bu baxımdan kollegiya hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası həm növü, həm də həddi baxımından ədalətli olmuşdur. Bununla yanaşı, aşağıdakılara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq olunmasını da əsaslı hesab etmir. Belə ki, CM-in 70.2-ci maddəsinin tələbinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi, qanunvericiliyinin tələbinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kompleks şəkildə nəzərə almalıdır. Hazırkı halda təqsirləndirilən şəxs eyni vaxtda həm ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, həm də ədalət mühakiməsi əleyhinə cinayətlər törətmişdir ki, bu da onun əməllərinin təsadüfi və ya aşağı ictimai təhlükəlilik xarakteri daşımadığını göstərir. İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər cəmiyyətdə sabitliyin, ictimai asayişin və insanların təhlükəsizliyinin pozulmasına yönəlmiş olmaqla yüksək ictimai təhlükəlilik dərəcəsinə malikdir. Bununla yanaşı, ədalət mühakiməsi əleyhinə törədilmiş cinayətlər dövlətin məhkəmə-hüquq sisteminin normal fəaliyyətinə, qanunun aliliyinə və ədalətli mühakimənin təmininə zərbə vurur. Bu iki kateqoriyadan olan cinayətlərin məcmu halda törədilməsi təqsirləndirilən şəxsin hüquq qaydalarına hörmətsiz münasibətini, hüquqi nəticələrdən çəkinmədiyini və islah olunmasının yalnız şərti məhkumetmə vasitəsilə mümkün olacağı barədə qənaətə gəlməyə əsas vermədiyini göstərir. Belə şəraitdə şərti məhkumetmənin tətbiqi cəzanın məqsədlərinə – sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməz, həmçinin törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsi ilə mütənasib olmazdı. Əksinə, cəzanın real icrasının təqsirləndirilən şəxs E.İbrahimova tətbiqi həm fərdi, həm də ümumi preventiv təsirin təmin olunması baxımından daha əsaslı və ədalətli hesab edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum olunmuş şəxsin müdafiçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRАRА АLDI: Təqsirləndirilən şəxs İbrahimov Elmidar Rüstəm oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya təmin olunmasın. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü həmin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-178/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-178/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver