Məhkəmə qərarları › İş №1(3-9)-213/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-213/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-213/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs İmanov Rahim Araz oğlunun və müdafiəçisi müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə, İmanov Rahim Araz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İmanov Rahim Araz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü (hakim: Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi) ilə, 17 oktaybr 1989-cu il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş İmanov Rahim Araz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.2 və 180.2.3-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 69.3-cü maddəsinə əsasən İmanov Rahim Araz oğlunun # #### 2024-cü il tarixdən # #### 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 5 (beş ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və barəsində İmişli Rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi və maddi sübutlar üzrə məsələlər həll edilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanının verdiyi ittihama və birinci instansiya məhkəməsinin də bu ittihamla razılaşaraq verdiyi hökmə əsasən İmanov Rahim Araz oğlu özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ###### 2024-cü il saat 01:30 radələrində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı market binasına pəncərənin şüşəsini kürək və sol qolunun dirsək nahiyələri ilə vurub sındırmaqla, həmin yerdən qanunsuz daxil olaraq, pəncərənin önündə olan kassadan 20 (iyirmi) manat nağd pulu və pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrində olan 40 (qırx) manat dəyərində 10 qutu “Winston” markalı, 26 (iyirmi altı) manat dəyərində 10 qutu “Viceroy” markalı, 31 (otuz bir) manat dəyərində 10 qutu “Palmali” markalı, 26 (iyirmi altı) manat dəyərində 10 qutu “Magna” markalı, 40 (qırx) manat dəyərində 10 qutu “Winston Compakt” markalı, 42 (qırx iki) manat dəyərində 10 qutu “Kent 4” markalı siqaretləri gizli yolla talayıb, zərərçəkmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 225 (iki yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, ## ###### 2024-cü il saat 01:33 radələrində təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı market binasına şüşəsini sındırdığı pəncərədən qanunsuz olaraq girməklə pəncərənin önündə yerə qoyulmuş karton qutunun içərəsindən 31,50 (otuz bir manat 50 qəpik) manat dəyərində 7 qutu “Sobranie” markalı, 13 (on üç) manat dəyərində 5 qutu “Prima Compakt” markalı, 12,40 (on iki manat qırx qəpik) manat dəyərində 4 qutu “Winçestr” markalı siqaretləri və kassada qalmış 10 (on manat) nağd pulu İmişli şəhəri, H.Əliyev prospekti 111-A ünvanında yerləşən “OBA-6” marketində kassir-satıcı vəzifəsində işləyən şahid1 gözü qarşısında açıq talayıb, zərərçəkmiş “xxxx” MMC-yə ümumilikdə 66,90 (altımış altı manat doxsan qəpik) manat miqdarında maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs İmanov Rahim Araz oğlu apellyasiya şikayəti verərək onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin müvafiq hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3 və 66.2-ci maddələri ilə təqsirli hesab edilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə CM-in 180-ci maddəsini rədd edir və qətiyyən özünü təqsirli hesab etmir. Bu ittihamın şər və böhtan olmasına dair xeyli mötəbər sübutları vardır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apelyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməllərinin Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, təqsirləndirilən şəxsə qanuni cəza təyin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İmişli Rayon Məhkəməsinin hökmünün dəyişdirilərək CM-in 180.2.2 və 180.2.3-cü maddələrinin ittihamdan və hökmdən xaric edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs R.İmanov apellyasiya şikayətinin təmin olunmasını və cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-ci maddələri üzrə tövsif edilməsinin mübahisələndirilməsini nəzərə alıb, həm də Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Rahim İmanovun əməllərinin Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs R.İmanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü dəyişdirilməli, hökmdən R.İmanova CM-in 66.2, 180.2.2 və 180.2.3-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar xaric olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş şahid2 və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid1 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokolu, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” diskdə olan “VID-20240307- WA0046” adlı 6 dəqiqə 50 saniyəlik videogörüntü və digər sənədlərlə R.İmanovun Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası R.İmanovun apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, məhkəmə iclasında tədqiq edilmiş sübutları və CM-in tətbiq edilməli normalarını qarşılıqlı əlaqədə araşdıraraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İmanov Rahim Araz oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə evdə olan zaman tək 0,5 litr araq içmiş, sonra isə kənd yoluna çıxıb yoldan keçən tanımadığı şəxsin avtomobili ilə İmişli rayonuna gəlmişdir. ## ###### 2024-cü il tarixdə saatını xatırlamadığı vaxtda İmişli şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkət edib, “Fidan” şadlıq sarayının yanı ilə “Kolxoz Bazarı” tərəfə gəlmişdir. Bu vaxt sağ tərəfində “OBA” marketi görmüşdür. İçkili olduğu üçün özünü idarə edə bilməmişdir. Marketin pəncərəsinə yaxınlaşıb kürək və sol qolunun dirsək nahiyələri ilə şüşəsini vuraraq sındırmışdır. Şüşəni sındıran vaxt heç bir xəsarət almamışdır. Bundan sonra birinci baş nahiyəsini pəncərənin sınmış şüşəsindən içəri salmış, bədəni isə çöldə qalmışdır. Başını içəri salan kimi kassa tərəfə girdiyini görmüşdür. Sonra kassada pulun olubolmamasını yoxlamış, kassada pul olmamışdır. Kassada nə qədər pul olsaydı götürəcəkmiş. Pulun olmadığını gördükdən sonra sındırdığı pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrində olan siqaretləri götürüb marketin içərəsində olan qutunun içərisinə atmışdır ki, həmin siqaretləri aparsın. Sonra isə marketin içərisinə daxil olmuşdur. Marketin içərisində olan pərdəli yerə daxil olmuş, orada olan kassanı yoxlamış və kassada pul olmamışdır. Bundan sonra kassanın üst hissəsində divara bərkidilmiş taxtanın üzərində olan 2 blok siqareti götürüb marketdən çıxmaq istəmişdir. Bu vaxt marketin qarşısında bir nəfər şəxsin gözlədiyini, onu gördüyünü hiss etmişdir. Bundan sonra o, marketdən çıxmışdır. Marketdən çıxan zaman həmin şəxsi tanımışdır. Həmin şəxs oğurluq etdiyi marketin yaxınlığında yerləşən digər “OBA” marketin işçisi olmuşdur. Həmin şəxs ona əlində olan siqaretləri atıb getməyini demiş, o da, siqaretləri yerə atıb getmişdir. Birinci instansiya məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ildən “xxxx” MMCdə müxtəlif vəzifələrdə işləmişdir. Hazırda isə həmin şirkətin bölgə müdiri vəzifəsində işləyir. ## ###### 2024-cü il saat 2 radələrində onun mobil telefonuna “xxxx” MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən “OBA-1” marketindən pəncərənin sındırlması ilə bağlı siqnal gəlmişdir. Siqnaldan sonra həmin marketin müdiri şahid2 zəng etmiş, Pərvin ona marketin pəncərəsinin sındırıldığını və marketdən oğurluq edildiyini demişdir. O, da Pərvinə 102 xidmətinə zəng etməsini demişdir. Bundan sonra Pərvin 102 xidmətinə zəng edərək məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, marketə 291,90 manat məbləğində ziyan dəymişdir. Marketin kassasının arxa hissəsində olan vitrindən 1 ədədinin qiyməti 4,50 manat olan 7 ədəd 31,50 manatlıq “Sobranie” markalı, 1 ədədinin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 10 ədəd 26 manatlıq “Vicroy” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 10 ədəd 31 manatlıq “Palmali” markalı, 1 ədənin qiyməti 2,60 manat olan 26 manatlıq “Magna” markalı, 1 ədənin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston Compakt” markalı, 1 ədədinin qiyməti 4,20 manat olan 10 ədəd 42 manatlıq “Kent 4” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 5 ədəd 13 manatlıq “Prima Compakt” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 12,40 manatlıq “Winçestr” markalı, ümumilikdə marketdən 261,90 manat dəyərində siqaretlər oğurlanmışdır. Bundan başqa marketdəki kassadan 30 manat nağd pul oğurlanmışdır. Marketdən başqa hər hansı bir əmlak oğurlanmamışdır. Həmçinin marketin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində marketə 120 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən “xxxx” MMC-nin “OBA İMİSHLİ-1-489” saylı mağazasının administratoru vəzifəsində işləyir. Marketə təhlükəsizlik üçün siqnalizasiya sistemi quraşdırılmış və həmin sistem onun və bölgə müdirinin telefonuna bağlıdır. Hansı ki, market bağlı olan vaxt hər hansı bir kənar müdaxilə olarsa mobil telefonuna mesaj vasitəsi ilə məlumat daxil olur. ## ###### 2025-ci il saat 01:30 radələrində marketə müdaxilə edilməsi barədə “Mesaj Həyəcan” məzmununda qısa məzmunlu mesaj gəlmişdir. Bundan sonra “xxxx” MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111A ünvanında yerləşən və həmin vaxtlarda 24 saat işləyən marketin əməkdaşı Elmirə zəng edib marketə getməsini istəmişdir. Elmirdə onun zəngindən sonra marketə getmişdir. Elmirə dedikdən sonra 102 xidmətinə zəng edib marketə getmişdir. Yolda olarkən Elmir ona zəng edib, marketin içərisində adam olduğunu demişdir. O, da Elmirə marketin qarşısında gözləməsini demişdir. Marketə çatdıqda marketin ön hissəsində olan pəncərəsinin şüşəsinin sındırıldığını və Elmirin də orada olduğunu görmüşdür. Elmir ona adamın blokla olan siqaretləri əlində, açıq olan paçkaları isə cibinə yığaraq çıxdığını və bazar içərisinə doğru getdiyini demişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirmişlər. Baxış keçirilərkən müəyyən edilmişdir ki, marketdən müxtəlif markalı, 261,90 manat məbləğində siqaretlər oğurlanmışdır. Marketin kassasının arxa hissəsində olan vitrindən 1 ədədinin qiyməti 4,50 manat olan 7 ədəd 31,50 manatlıq “Sobranie” markalı, 1 ədədinin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 10 ədəd 26 manatlıq “Vicroy” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 10 ədəd 31 manatlıq “Palmali” markalı, 1 ədənin qiyməti 2,60 manat olan 26 manatlıq “Magna” markalı, 1 ədənin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston Compakt” markalı, 1 ədədinin qiyməti 4,20 manat olan 10 ədəd 42 manatlıq “Kent 4” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 5 ədəd 13 manatlıq “Prima Compakt” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 12,40 manatlıq “Winçestr” markalı, ümumilikdə 261,90 manat dəyərində siqaretləri və kassada olan 30 manat nağd pulu oğurlanmışdır. Həmçinin marketin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində marketə 120 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, 2023-cü ilin dekabr ayının sonlarından “xxxx” MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111 A ünvanında yerləşən “OBA-6” mağazasında kassir- satıcı vəzifəsində işləyir. Həmin market gecə saat 02:00 radələrinədək fəaliyyət göstərir. İşə saat 17:00-da girir, saat 02:00-da marketi bağlayıb evə getmişdir. şahid2 tanıyır. şahid2 ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Pərvin “xxxx” MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111 B ünvanında yerləşən OBA-1” marketinin admistratoru vəzifəsində işləyir. Onların bir-birilərində mobil nömrələri vardır. ## ###### 2024-cü il saat 01:30-da Pərvin ona zəng edərək işlədəyi marketdən oğurluq edildiyini deyərək, ondan həmin marketə getməyini istəmişdir. O, da işlədiyi marketi bağlayıb, oğurluq hadisəsi baş verəm marketə getmişdir. Marketə çatdıqda pəncərənin şüşəsi sınmış vəziyyətdə olmuşdur. Həmin vaxt onun konturu olmadığı üçün Pərvinə zəng edə bilməmiş, buna görə də, kənardan bir nəfərdən telefon alıb zəng etmək istəyirmiş ki, bu vaxt Pərvin özü ona zəng etmişdir. O, da Pərvinə marketin pəncərəsinin şüşəsinin sındığını deyib, marketə daxil olubolmamağını soruşmuşdur. Pərvin isə ondan marketin qarşısında gözləməyini istəmiş və o da marketin qarşısında gözləmiş, gözlədiyi müddətə ərzində marketə bir az da yaxınlaşmışdır. Bu vaxt marketdən qarabəniz, hündür boylu, orta bədən qurluşlu, qara paltarlı bir adam pəncərənin sınmış şüşəsindən çıxdığını görmüşdür. Adamı görən kimi marketdən biraz kənara getmişdir. Adam gödəkçəsinin altına siqaret blokları yığmış, əlində isə 2-3 blok siqaret olmuşdur. O, adamdan siqaretləri qaytarmasını istəmişdir. Adam isə onun sözünə məhəl qoymayıb yaxınlıqdakı bazara tərəf getmişdir. Bundan sonra hadisə yerinə Pərvin və polis əməkdaşları gəlmişlər. O, isə oradan uzaqlaşıb işlədiyi marketə getmişdir. ## ##### 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid şahid1 təqsirləndirilən şəxsin üzünə qarşı bildirir ki, Rahim İmanov yalan danışır. O, marketdən siqaret oğurlamışdır. O, Rahimə siqaretləri yerə qoymasını demiş, Rahim İmanov əlindəki siqaretləri yerə qoymuş, amma paltarının altındakı siqaretləri aparmışdır. İş materiallarında olan: Hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən “OBA” marketdir. Marketin daxil olmaq üçün 2 mərtəbəli nərdivan vardır. Marketin önünda yuxarı hissəsində “xxxx” yazılmış reklam lövhəsi vardır. Marketin ön hissəsində marketə daxil olmaq üçün plastik materialdan hazırlanmış qapı, qapının yanında isə pənəcərə vardır. Qapı və pəncərənin şüşələrinin üzərində müxtəlif reklam şəkilləri yapışdırılmışdır. Pəncərənin şüşəsi sındırılmışdır. Baxış iştirakçısı şahid2 naməlum şəxsin həmin pəncərədən daxil olduğunu, həmin pəncərənin üzərində bərkidilmiş vitrindən müxtəlif markalı siqaretlərin və yenə həmin pəncərənin önündə olan kassadan 30 manat nağd pulun oğurlanmasını bildirmişdir. Baxışın davamında müəyyən edilmişdir ki, marketin içərisində olan saxlanc yeri kimi istifadə edilən yerdən naməlum şəxs müxtəlif markalı siqaretləri oğurlamışdır. Baxış zamanı İmişli rayon polis şöbəsinin Kriminalist-tədqiqatlar qrupunun baş inspektoru, R Səməd Möhbalızadə tərəfindən cinayəti törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə əl-barmaq izləri götürülmüşdür. Həmçinin marketə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı, baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək götürülmüş və baxış keçirilməsi haqqında protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd “DVD” diskdə olan “VID-20240307- WA0046” adlı 6 dəqiqə 50 saniyəlik videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, İmanov Rahim Araz oğlu əlləri cibində “xxxx” MMCnin “OBA İMiSHLİ-1-489” saylı marketin qarşısından keçir. Videonun 25-ci saniyəsində Rahim İmanov geri qayıdaraq arxasını marketin pəncərəsinə tərəf çevirərək kürək və sol qolunun dirsək nahiyəsi ilə vuraraq marketin pəncərəsinin şüşəsini sındırıb baş nahiyəsini sınmış şüşədən içəri salır, bədən nahiyəsi isə bayırda qalır. Daha sonra pəncərənin önündə olan kassadan pulu götürür, sonra isə pəncərənin sağ tərəfində olan vitrindən siqaret bloklarını götürür. Rahim İmanov pulu və siqaret bloklarını götürdükdən sonra bayırda siqaret bloklarına baxır. Rahim İmanovun kassadan götürdüyü pul sol əlində olur. Rahim İmanov sonra yenidən baş nahiyəsini və sol qolunu içəri salaraq sınmış pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrindən yenə siqaret blokları götürərək hər iki əli dolu vəziyyətdə oradan uzaqlaşır. 3 dəqiqə sonra Rahim İmanov əli boş geri qayıdır və marketə şüşəsini sındırdığı pəncərədən yenidən içəri daxil olur və pəncərənin önündə olan karton qutunun içərisindəki siqaretləri götürərək əynində olan gödəkçənin sağ və sol ciblərinə yığır. Rahim İmanov siqaretləti götürdükdən sonra kassada olan pul əskinasını götürərək əynində olan gödəkçəsinin sol yan cibinə qoyur. Bundan sonra Rahim İmanov marketin içərisində gəzərək, orada saxlanc yeri kimi istifadə edilən, qapısına qara rəngli parçadan pərdə çəkilmiş yerə daxil olur. Rahim İmanov oraya daxil olduqdan sonra əvvəlcə kassanı yoxlayır, daha sonra orada divara bərkidilmiş taxtanın üzərindəki siqaret bloklarının içərisindən 2 ədəd siqaret blokunu götürərək saxlanc yerindən çıxır və şüşəsini sındırdığı pəncərəyə yaxınlaşır. Bu vaxt əynində yaşıl rəngli kofta və qara rəngli şalvar olan bir nəfər şəxs əlində mobil telefon ilə marketin önünə yaxınlaşır və sonra isə oradan bir qədər uzaqlaşır. Rahim İmanov həmin şəxsin onu görməsini hiss edərək marketin içərəsində gizlənir və bayırı pusmağa başlayır. Bununla da, videgörüntü baxış başa çatır. Həmin “DVD” diskdə olan “VID- 20240307-WA0045” adlı 1 dəqiqə 47 saniyəlik videoyogörüntüyə baxış keçirilən zaman isə müəyyən edilir ki, Rahim İmanov bayırdakı şəxsin, yəni şahid1 oradan uzaqlaşmasını görüb bayıra çıxmaq qərarına gəlir. Bu vaxt şahid1 iti addımlarla marketin qarşısına gəlir və Rahim İmanov ilə şahid1 arasında danışıq olur. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, HŞ**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs İmanov Rahim Araz oğlu “xxxx” MMC-yə vurduğu maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışıq əldə edilmiş və hazırda “xxxx” MMC-nin sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs R.İmanovun əməlinin CM-in 177.2.3-cü maddəsi ilə yanaşı CM-in 180.2.2 və 180.2.3-cü maddələri ilə də düzgün tövsif olunubolunmaması ilə əlaqədar bütün diqqətəlayiq halları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs İmanov Rahim Araz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə gəlinmiş nəticə iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, müəyyən edilmiş faktiki hallardan görünür ki, Rahim İmanov özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə gecə vaxtı market binasına qanunsuz daxil olmuş, pəncərəni sındırmaqla içəri keçmiş və orada olan əmlakı ələ keçirməyə başlamışdır. Bu hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin obyektiv və subyektiv əlamətlərini təşkil etdiyindən həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, eyni faktiki hallara Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələrinin tətbiqi iş üzrə müəyyən edilmiş sübutlarla tam uzlaşmır və hadisənin inkişaf ardıcıllığına hüquqi baxımdan düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarından, o cümlədən videogörüntülərdən görünür ki, Rahim İmanov hadisə yerinə əvvəlcədən məhz özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə gəlmiş, market binasına gizli şəkildə daxil olmuş, orada olan əmlakı mərhələli şəkildə toplamağa başlamışdır. Hadisənin başlanğıc mərhələsində onun hərəkətlərinin hər hansı şəxs tərəfindən müşahidə olunması və ya əmlakın açıq şəkildə talanması niyyəti müəyyən edilməmişdir. Əksinə, cinayət əməli tamamilə gizlilik şəraitində başlamış və təqsirləndirilən şəxsin ilkin niyyəti əvvəldən sonadək özgənin əmlakını gizli yolla ələ keçirməkdən ibarət olmuşdur. Videogörüntülərdən daha sonra görünür ki, Rahim İmanov əmlakı topladığı zaman şahid şahid1 hadisə yerinə gəlmiş, bundan sonra Rahim İmanov onun diqqətini cəlb etməmək məqsədilə gizlənmiş, müəyyən müddət hadisə yerində gözləyərək çölü müşahidə etmiş, yalnız Elmirin hadisə yerindən uzaqlaşdığını düşündükdən sonra oradan çıxmağa cəhd etmişdir. Hökmdə isnad edilmiş videogörüntülərin məzmunundan da görünür ki, təqsirləndirilən şəxs R.İmanov şahid şahid1 gördüyü andan etibarən hərəkətlərini açıq şəkildə davam etdirmək deyil, əksinə, aşkar edilməmək məqsədi ilə gizlənmək yolunu seçmişdir. Bu hal onun cinayət niyyətinin dəyişmədiyini, əvvəldən mövcud olmuş gizli talama niyyətinin sonadək davam etdiyini göstərən mühüm faktiki haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Qərarının 2-ci bəndində izah edilmişdir ki, əgər şəxs özgənin əmlakını gizli taladığını hesab edir və bu niyyətlə hərəkət edirsə, onun hərəkətlərinin başqaları tərəfindən müşahidə olunması həmin əməli özözlüyündə açıq talama kimi qiymətləndirmək üçün əsas yaratmır. Həmin Qərarın 3-cü bəndinə əsasən isə əməl yalnız o halda soyğunçuluq kimi qiymətləndirilə bilər ki, təqsirkar şəxs onun hərəkətlərinin aşkar edildiyini dərk etsin, buna baxmayaraq özgənin əmlakını məhz açıq şəkildə talamaq niyyəti ilə həmin hərəkətləri davam etdirsin. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hadisənin inkişaf mərhələlərini ayrı-ayrılıqda qiymətləndirsə də, həmin hərəkətlərin vahid cinayət niyyəti çərçivəsində həyata keçirilməsini lazımi qaydada nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Rahim İmanov hadisə yerinə gəlməzdən əvvəl özgənin əmlakını gizli talamaq məqsədi ilə qərar qəbul etmiş, həmin məqsədini həyata keçirmək üçün gecə vaxtı market binasına qanunsuz daxil olmuş və əmlakı (xüsusilə də siqaretləri) toplamağa başlamışdır. İş materiallarında onun hadisə yerinə gəlməzdən əvvəl və ya hadisənin sonrakı mərhələsində özgənin əmlakını açıq talamaq niyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilmir. Əksinə, iş üzrə müəyyən edilmiş bütün faktiki hallar onun ilkin niyyətinin gizli talama olduğunu və həmin niyyətin hadisənin sonunadək dəyişmədiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, şahid şahid1 hadisə yerinə gəlməsi R.İmanovun əvvəlcədən formalaşmış cinayət niyyətini dəyişdirən hal kimi qiymətləndirilə bilməz. Çünki videogörüntülərin təsvirindən görünür ki, Rahim İmanov şahidi gördükdən sonra hərəkətlərini nümayişkaranə şəkildə davam etdirməmiş, əksinə, gizlənmiş, müəyyən müddət gözləmiş və yalnız şahidin uzaqlaşdığını düşündükdən sonra hadisə yerini tərk etməyə cəhd etmişdir. Bu davranış forması açıq talamaya xas olan iradənin deyil, əksinə, ifşa olunmamaq istəyinin təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının 5-ci bəndində izah edilmişdir ki, oğurluq törədilən zaman təqsirkarın hərəkətləri aşkar olunduqda, yalnız onun bunu dərk etməsinə baxmayaraq özgənin əmlakını açıq şəkildə ələ keçirmək məqsədilə hərəkətlərini davam etdirməsi halında əməl soyğunçuluq kimi tövsif edilə bilər. Hazırkı cinayət işində isə birinci instansiya məhkəməsinin hökmündə göstərilən faktiki hallar belə nəticəyə gəlməyə əsas vermir ki, Rahim İmanov hərəkətlərinin aşkar olunduğunu dərk etdikdən sonra yeni cinayət niyyəti formalaşdıraraq özgənin əmlakını açıq şəkildə talamaq qərarına gəlmişdir. Əksinə, hökmün özündə göstərilən hallar onun ifşa olunmamaq məqsədilə gizləndiyini, müşahidə apardığını və hadisə yerini tərk etməyə çalışdığını göstərir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar Rahim İmanovun bütün hərəkətlərinin vahid qəsd və vahid cinayət niyyəti ilə əhatə olunduğunu göstərir. Hadisənin başlanğıcından sonunadək onun məqsədi eyni olmuş, yəni marketdə olan özgə əmlakını gizli şəkildə ələ keçirməkdən ibarət olmuşdur. Hadisənin gedişində yalnız xarici şərait dəyişmiş, lakin təqsirləndirilən şəxsin cinayət niyyəti dəyişməmişdir. Qeyd edilməlidir ki, eyni mənbədən, vahid qəsdlə və vahid niyyətlə törədilən, bir-biri ilə fasiləsiz bağlı hərəkətlər davam edən talama kimi qiymətləndirilməlidir. Belə hallarda sonradan baş vermiş epizodların süni surətdə ayrıca cinayət kimi qiymətləndirilməsi və vahid niyyətlə əhatə olunmuş hərəkətlərin müxtəlif cinayət tərkiblərinə bölünməsi düzgün hüquqi yanaşma hesab edilə bilməz. Hazırkı iş üzrə müəyyən edilmiş hallar göstərir ki, Rahim İmanovun bütün hərəkətləri eyni obyektdə, eyni zərərçəkmiş hüquqi şəxsə məxsus əmlak barəsində, qısa zaman kəsiyində (təxminən 3-4 dəqiqə ərzində) və vahid cinayət niyyətinin həyata keçirilməsi məqsədilə törədilmişdir. Buna görə də həmin hərəkətlərin bir hissəsinin oğurluq, digər hissəsinin isə soyğunçuluq kimi qiymətləndirilməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun hesab edilə bilməz. Əksinə, bu hərəkətlər vahid cinayət niyyətinin davamı olmaqla bir tam hadisə kimi qiymətləndirilməlidir. İsnad olunan Plenum Qərarının 5-ci bəndinə görə, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs R.İmanovun davranışları adi və məqsədyönlü hərəkətlərdən fərqlənir. Belə ki, onun yerişinin qeyri-sabit olması, səndələyərək hərəkət etməsi, hərəkətlərində koordinasiya pozuntusunu xatırladan əlamətlərin müşahidə edilməsi, əvvəlcə marketə daxil olmadan vitrindən hər hansı əşyanı götürməyə cəhd göstərməsi, təxminən 3-4 dəqiqə sonra yenidən geri qayıdaraq bu dəfə marketin içərisinə daxil olması, habelə vitrində səliqə ilə düzülmüş siqaret qutularının üst hissəsində olanları götürmək əvəzinə orta hissədən götürməsi və bununla vitrinin düzülüşünü pozması onun davranışlarının ardıcıl və məntiqi olmamasını göstərir. Sadalanan hallar məcmu halında qiymətləndirildikdə, təqsirləndirilən şəxsin hadisə zamanı davranışlarının normal psixofizioloji vəziyyətə uyğun gəlmədiyi, hərəkətlərində koordinasiya və davranış ardıcıllığının pozulduğu müşahidə edilir. Bu xüsusatlar onun hadisə vaxtı alkoqolun təsiri altında olmasını ehtimal etməyə əsas verən davranış əlamətləri kimi qiymətləndirilir. Məhkəmə kollegiyası videogörüntüləri digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları onun həmin an üzərində olan bütün siqaret qutularını dərk edərək saxlamaq niyyətində olmadığını göstərir. Belə ki, videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs R.İmanov marketdən çıxdıqdan dərhal sonra şahid şahid1 ilə üz-üzə gəlmişdir. Şahid şahid1 təqsirləndirilən şəxs R.İmanova yaxınlaşmayaraq müəyyən məsafədə dayanmış, yalnız aralıdan əlində olan siqaretləri yerə qoymasını tələb etmişdir. Videogörüntülərdən görünür ki, həmin vaxt təqsirləndirilən şəxsin hadisə yerini tərk etməsinə fiziki maneə yaradılmamış, şahid onun qarşısını kəsməmiş və əlində olan əşyaları aparmasına imkan verməyən hər hansı təsir göstərməmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs R.İmanov əlində saxladığı siqaret qutularını dərhal yerə qoymuş, lakin geyiminin cibində qalan siqaret qutularını çıxarmamış və onlarla birlikdə hadisə yerindən uzaqlaşmışdır. Kollegiyanın qənaətinə görə, əgər təqsirləndirilən şəxs R.İmanov cibində olan siqaret qutularının fərqində olsaydı və onları özündə saxlamaq məqsədi güdsəydi, eyni məntiqə uyğun olaraq əlindəki siqaret qutularını da saxlamaqda davam etməklə aparmağa çalışardı. Çünki həmin anda onun əlində olan siqaret qutularını aparmasına real maneə mövcud olmamış, şahid şahid1 yalnız müəyyən aralı məsafədən ona müraciət etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin yalnız əlində olan siqaret qutularını yerə qoyaraq cibində olanları götürmədən hadisə yerini tərk etməsi, iş üzrə müəyyən edilmiş digər hallarla birlikdə qiymətləndirildikdə, onun cibində qalan siqaret qutularını həmin an şüurlu şəkildə özündə saxlamaq niyyətində olmaması və onları üzərində olduğunu tam dərk etməməsi ehtimalını gücləndirən davranış kimi qiymətləndirilməlidir. Bu nəticə həmçinin videogörüntülərdə müşahidə olunan qeyri-ardıcıl və koordinasiyası pozulmuş davranış xüsusiyyətləri ilə də uzlaşır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş videogörüntüləri, şahid ifadələrini və digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin hadisə yerində cəmi 3-4 dəqiqə ərzində həyata keçirdiyi bütün hərəkətlər vahid niyyət və məqsəd çərçivəsində baş vermişdir. Belə ki, videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs əvvəlcə marketin qarşısında vitrində olan siqaretlərə maraq göstərmiş, qısa müddət sonra yenidən həmin yerə qayıdaraq marketin içərisinə daxil olmuş və oradakı siqaret qutularını götürmüşdür. Bu hərəkətlər zaman baxımından bir-birindən cüzi fasilə ilə ayrılmış, eyni məkanda, eyni obyektə münasibətdə və eyni məqsədə yönəlmişdir. Təqsirləndirilən şəxsin hərəkətləri arasında cinayətkar niyyətin dəyişdiyini, əvvəlki niyyətdən imtina etdiyini və ya yeni, müstəqil cinayət niyyətinin yarandığını göstərən hər hansı hal iş materialları ilə müəyyən edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin hadisədən dərhal sonra şahidlə qarşılaşarkən nümayiş etdirdiyi davranış – əlində olan siqaret qutularını yerə qoymasına baxmayaraq cibində olan siqaret qutularını çıxarmaması – onun həmin qısa zaman kəsiyində davranışlarının ardıcıl və tam şüurlu şəkildə idarə olunmadığını göstərən hallardan biri kimi qiymətləndirilir. Bu hal da hadisənin ayrı-ayrı, bir-birindən asılı olmayan epizodlardan deyil, qısa zaman ərzində baş vermiş vahid faktiki hadisədən ibarət olduğunu təsdiq edir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs R.İmanovun cəmi 3-4 dəqiqə ərzində eyni obyektə qarşı, eyni məqsədlə və fasiləsiz şəkildə həyata keçirdiyi hərəkətləri vahid cinayət niyyəti ilə törədilmiş davam edən oğurluq əməli (CM-in 177.2.3-cü maddəsi) kimi qiymətləndirir və onların ayrı-ayrı müstəqil cinayət epizodları (oğurluq və soyğunçuluq) kimi hüquqi qiymətləndirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək yekun olaraq belə hesab edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Rahim İmanovun ## ###### 2024-cü il tarixdə saat 01:30 və saat 01:33 radələrində törətdiyi hərəkətlərin müvafiq olaraq ayrıca oğurluq və soyğunçuluq cinayətləri kimi qiymətləndirilməsi işin faktiki hallarına tam uyğun gəlmir. Belə ki, iş materiallarından və videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs əvvəlcədən seçdiyi eyni obyektə – “OBA İmişli-1-489” marketinə daxil olmuş, eyni müdaxilə üsulundan istifadə etməklə pəncərənin şüşəsini sındıraraq obyektə qanunsuz daxil olmuş, qısa müddət ərzində market daxilində olan pul və siqaretləri götürmüşdür. Bundan cəmi üç dəqiqə sonra o, eyni pəncərədən yenidən marketə daxil olaraq həmin marketdə qalmış digər siqaretləri və kassada olan pulu götürmüşdür. Hər iki epizod eyni gecədə, eyni məkanda, eyni zərərçəkmişə qarşı, eyni üsulla və cəmi üç dəqiqəlik zaman fasiləsi ilə həyata keçirilmişdir. İş materiallarında təqsirləndirilən şəxsin birinci hərəkətini başa çatdırdıqdan sonra cinayətkar niyyətindən imtina etməsini, hadisə yerini qəti şəkildə tərk etməsini, sonradan yeni niyyət formalaşdırmasını və ya yeni cinayət qərarı qəbul etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, hadisələrin fasiləsiz inkişafı göstərir ki, təqsirləndirilən şəxs eyni cinayət niyyətini həyata keçirmək məqsədilə marketdə mövcud olan əmlakı ələ keçirmək üçün ardıcıl hərəkətlər etmişdir. Videogörüntülərdən də görünür ki, təqsirləndirilən şəxsin davranışları sistemli və planlı şəkildə ayrı-ayrı cinayət epizodlarının icrasını deyil, eyni cinayət niyyətinin reallaşdırılması prosesini əks etdirir. Onun marketdən çıxması, qısa müddət sonra yenidən daxil olması və həmin vaxt hələ də marketdə qalmış əmlakı götürməsi vahid məqsədə – həmin marketdə olan özgə əmlakını tam və ya mümkün qədər çox hissədə ələ keçirməyə yönəlmiş davranışın davamı olmuşdur. Bundan əlavə, ikinci epizod zamanı şahid şahid1 təqsirləndirilən şəxsi yalnız marketdən çıxdıqdan sonra görməsi, ona fiziki maneə yaratmaması və müəyyən məsafədən əlində olan siqaretləri yerə qoymasını deməsi də göstərir ki, təqsirləndirilən şəxsin əmlakı götürmək istiqamətindəki hərəkətləri artıq başlanmış və davam edən eyni cinayət əməlindən ibarət olmuşdur. Şahidin sonradan hadisəni müşahidə etməsi əvvəldən mövcud olan vahid cinayət niyyətini yeni və müstəqil cinayət niyyətinə çevirmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ## ###### 2024-cü il tarixdə saat 01:30-01:33 radələrində cəmi 3 dəqiqə intervalı ilə eyni obyektə, eyni zərərçəkmişə qarşı, eyni üsulla həyata keçirdiyi hərəkətlər vahid cinayət niyyəti ilə icra olunmuş, eyni cinayət məqsədinin ardıcıl mərhələlərini təşkil etmişdir. Buna görə də həmin hərəkətlərin süni şəkildə müstəqil cinayət epizodlarına bölünməsi işin faktiki hallarına uyğun deyildir və onlar vahid cinayət əməli kimi (CM-in 177.2.3-cü maddəsi ilə) hüquqi qiymətləndirilməlidir. Belə olan halda, R.İmanova CM-in 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə verilmiş ittihamdan CM-in 180.2.2 və 180.2.3-cü maddələri xaric olunmalıdır. Belə ki, CPM-in 318.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməli və R.İmanova CM-in 180.2.2 və 180.2.3-cü maddəsi, eləcə də cinayətlərin məcmusu qaydasında CM-in 66.2-ci maddəsi ilə cəza təyin olunmasına dair müddəalar hökmdən xaris edilməlidir. Təqsirləndirilən şəxs R.İmanova təyin edilmiş cəza məsələsini də müzakirə edərək məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs İmanov Rahim Araz oğluna cəza təyin edilərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəza təyin edilməsinin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3 və 59cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" ## #### 2003-cü il tarixli * nömrəli qərarının izahları nəzərə alınmışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, İmanov Rahim Araz oğlunun əməlinin hüquqi tövsifi dəyişdirildiyindən və CM-in 180.2.2 və 180.2.3-cü maddələri üzrə ittiham hökmdən xaric edildiyindən, ona CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəza da bu hüquqi qiymətləndirməyə uyğun olaraq yenidən müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, İmanov Rahim Araz oğlu əvvəllər bir neçə dəfə talama cinayətlərinə görə məhkum edilmişdir. Sonuncu dəfə İmişli Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in: 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. Göründüyü kimi, R.İmanov ##.##.2023-cü il tarixdə cəzadan azad olunduğu gündən iki il keçməmiş ## ###### 2024-cü il tarixdə yenidən hazırkı iş üzrə CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Belə olan halda, onun əməlində cinayətlərin residivi yaranmışdır. İş materiallarına əsasən vurulmuş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs R.İmanovun məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməklə cinayətlərin residivinin yaranması (CM-in 61.1.1) cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs R.İmanovun məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət əməli törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. AR Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı)”. Apellyasiya məhkəmə kollegiyası qeyd edir ki, R.İmanovun müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Bu baxımdan onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi və ya cəzası müddətinin azaldılmaqla yüngülləşdirilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. CM-in 177.2.3-cü maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərə tutlmuşdur. Məhkəmə kollegiyası sadalananları və CM-in 65.2-ci maddəsinin tələbini nəzərə alaraq R.İmanova CM-in 177.2.3-cü maddəsi ilə daha ciddi cəza növünü nisbətən yuxarı həddə təyin etməyi əsaslı hesab edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs R.İmanov tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü dəyişdirilməli, İmanov Rahim Araz oğlunun CM-in 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinməsinə, həmin maddələrlə cəza təyin edilməsinə, habelə CM-in 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti cəzanın müəyyən edilməsinə dair müddəalar hökmdən xaric edilməli, ona CM-in 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən # #### 2024-cü il tarixdən # #### 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: 405.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir: 405.1.1. cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs İmanov Rahim Araz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. İmanov Rahim Araz oğluna CM-in 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə verilmiş ittihamdam CM-in 180.2.2 və 180.2.3-cü maddələri xaric olunsun. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmündən İmanov Rahim Araz oğlunun CM-in 180.2.2 və 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsinə, habelə CM-in 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin. İmanov Rahim Araz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İmanov Rahim Araz oğlunun # #### 2024-cü il tarixdən # #### 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar