Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-228/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi Zeynallı İbrahim Zeynal oğlunun nümayəndəsi müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə ## ###### 1985-ci ildə Yardımlı rayonu, Honuba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yardımlı rayonu Honuba kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi Zeynallı İbrahim Zeynal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin etməklə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü cəzanın ağırlığına görə dəyişərək, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi İbrahim Zeynallı apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cəzanın yuxarı həddində ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ######## 2025-ci ildə saat təxminən 17:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Land-CruserPrado” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə yeni Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayon ərazisindən keçən 117,5-ci kilometrliyində, Astara rayonu istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə edilməsindən yayındırmamalı, qarşıda sağ zolaqla motosikletin hərəkətdə olmasını nəzərə alaraq vaxtında minik avtomobilin sürətini azaltmalı, hərəkətdə olan motosiklet ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla motosikletin sol tərəfindən ötüb keçməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunmuş tələblərə riayət etməyərək, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan İsmayılov Nizaməddin Saleh oğlunun idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan “Dnepr” markalı MT10-36 modelli motosikletə arxadan çırpılmış, nəticədə ehtiyatsizlıqdan motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs ağciyərlərin, diafraqmanın, dalağın, qaraciyərin, mədənin, nazik bağırsaq müsariqəsinin, sol yumurtalığın cırılması, ikitərəfi pnevmotoraks və sol tərəfli hemotoraks, onurğa sütununun IV döş fəqərəsinin cisminin onurğa kanalına keçən fəsadlaşmış sınığı, soldan IV, VII qabırğaların, sol kürək və çanaq sümüklərinin sınıqları, döş qəfəsinin, qarının və çanağın küt travması, alın, sol almacıq nahiyələrinin və sol əlin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ## ###### 2025-ci ildə saat 01:42-də Bakı şəhərində yerləşən “Medika Hospital”da gövdənin ağır küt travması nəticəsində ağciyərlərin, diafraqmanin, dalağın, qaraciyərin, mədənin, nazik bağırsaq müsariqəsinin, sol yumurtalığın cırılması, ikitərəfi pnevmotoraks və sol tərəfli hemotoraks, onurğa sütununun IV döş fəqərəsinin cisminin onurğa kanalına keçən posttravmatik fəsadlaşmış sınığı ilə əlaqədar postop dövrdə inkişaf edən sepsis, poliorqan çatışmazlığı səbəbindən ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza həddən artıq ağır olmaqla bərabər, onun şəxsiyyətinə, işin hallarına, ailə şəraitinə uyğun olmamış, yüngülləşdirici hallar lazımi qaydada nəzərə alınmamışdır. Bu səbəbdən də Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli hökmü cəzanın ağırılığına görə dəyişdirilməli, işdəki yüngülləşdirici hallar nəzərə alınıb Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş daha aşağı həddə cəza ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf etmiş, əməlinə tənqidi yanaşmış və peşiman olduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışlarına diqqət yetirdikdə məlum olur ki, o, hadisə yerindən qaçmayaraq ətrafdakı şəxslərin köməkliyi ilə zərərçəkmişə tibbi və ya digər yardım göstərmiş, hadisə barədə dərhal polisə və təcili tibbi yardım biriqadasına məlumat vermiş, zərərəçəkmişə dövlət xəstəxanasında, istərsə də özəl xəstəxanada müalicə olunduğu müddətdə 80.000 manata yaxın xərcini qəpiyinə kimi ödəmiş, zərərçəkmiş şəxs rəhmətə getdikdən sonra isə dəfn günü xərcləri qarşılamış, hətta 3-7 mərasiminə də əlindən qələn köməkliyi etmişdir. Qeyd olunan bu xüsusatları zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi də məhkəmədə təsdiq etmişdir. Lakin bütün bunların qarşılığında zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa cəhd olunsa da, 20 000 manat pul istənilmiş, təqsirləndirilən şəxsin onlara təklif etdiyi 5000 manatla qəti razılaşmamışlar. Məhkəmə istintaqı dövründə də dəfələrə barışığa cəhd etsələr də hu zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən rədd edilmiş, yalnız bacısının yoldaşı ilə danışıqlar aparılması bildirilmiş, onunla da dəfələrlə əlaqə saxlanılaraq müəyyən məbləğ təklif olunsa da, yenə də bu və ya digər səbəblərdən razılaşma baş tutmamışdır. Halbuki, qeyd olunan hadisənin baş verməsində bilavasitə mərhum zərərçəkmiş şəxsin həyat yoldaşı olan İsmayılov Nizaməddin Saleh oğlunun da qarşılıqlı təqsiri olmuş, o, Dnepr MT10-36 markalı motosikleti üzərində dövlət qeydiyyat nişanı olmadan və sürücülük vəsiqəsi olmadan magistral yolda idarə etmiş və nəticədə qeyd olunan hadisə baş vermişdir. Məhz elə bu səbəbdən də o, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (“Dnepr MT10-36” markalı motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyi və zərərçəkmiş şəxsə maddi zərər vurmasına görə) Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə verindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdır Imalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxs ailənin yeganə qazanc gətirən şəxsidir və himayəsində 2 azyaşlı övladı vardır. Hal-hazırcla hadisədən sonra zərərçəkmiş şəxsə çəkmiş olduğu 80.000 manata yaxın xərcə görə borc öhdəliyi yaranmış, həmin borcu ödəmək də ona xeyli çətinlik yaratmışdır. Hesab edir ki, bu qədər xərcin çəkilməsi və həmçinin barışıq üçün cəhdin edilməsi də nəzərə alınmaqla daha aşağı cəza təyin etmək olardı. Müdafiə tərəfi olaraq məhkəmədə çıxış edərkən qeyd olunan xüsusatların yüngülləşdirici hal kimi nəzərə alınıb Təqsirləndirilən şəxs sanksiyada nəzərədə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə isə müəyyən edilmiş bu xüsusatları (qeyd etdiyi yüngülləşdirici halları) tam nəzərə almamış, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasına baxmayaraq, məhkəmə hökmündə bir azyaşlı olmasını qeyd etmiş, həmçinin təqsirləndirilən şəxsin qardaşı R.Şükürovun vətən müharibəsi iştirakçısı olmaqla bərabər, C.Prezidentin sərəncamları ilə Cəbrayılın, Qubadlının, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunması barədə sənədləri təqdim etməyinə baxmayaraq onları da yaddan çıxarmış, yüngülləşdirici hal kimi nəzərə almamış və nəticədə hüquqlarını müdafiə etdiyi şəxsə sanksiyada nəzərdə tutulmuş daha yuxarı cəza tətbiq etməklə ədalətlilik prinsipini pozmuşdur. Odur ki, qeyd etdiyi xüsusatlar da CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, ona daha aşağı cəza təyin edilməklə qeyd olunan ədalət bərpa olunmalıdır. Bundan başqa, hesab edir ki, məhkəmə şəxsin hadisədən sonra hadisə yerindən yayınmamasını, dərhal sonra təcili tibbi yardıma zəng etməsi və polisə zəng edib məlumat verməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməli və həmin xüsusat da CM-in 59.1.10-cu maddəsinə əsasən yüngülləçdirici hal kimi nəzərə alınmalıdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi dəlillər əsaslıdır, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən və cəzasını yüngülləşdirən halları tam araşdırmamış, təyin edilmiş cəzanın onun islah olunmasına təsirini və CM-in 59-cu maddəsində göstərilən və göstərilməyən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi İbrahim Zeynallı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ləğv olunmalı və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsi barədə qərar qəbul olunmalıdır. Belə ki, ##.##.2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “X1 Prado” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizaməddin İsmayılovun idarə etdiyi Dnepr markalı motosikletin arxa hissəsinə vurmuş, nəticədə bacısı Zərərçəkmiş şəxs vəfat etmiş, kürəkəni Nizaməddin isə ağır dərəcəli bədən xəsarətləri almış, başı partlamış, 13 ədəd tikiş atılmış, əməliyyat olunmuşdur. Bununla bağlı sənədlər də vardır. Hadisə Təqsirləndirilən şəxs təqsiri ucbatından baş vermişdir və bacısı vəfat etmişdir. O da hüquqi varis qismində tanınmışdır. O, şikayətçidir, bacısını öldürən şəxs hazırda sərbəst şəkildə azadlıqda hərəkət edir, məhkəmələrə sərbəst gəlir, həbs olunmur, ümumiyyətlə onların hüquqları pozulmuş və məhkəmə iclasında iştirakı olmadan hakim hökm qəbul etmişdir. Cəlilabad Məhkəməsində bütün məhkəmə iclaslarında FEMİDA kameraları vasitəsi ilə çəkiliş aparılır və həmin çəkilişlər diskə köçürülür, o, ##.##.2026-cı il tarixdə məhkəmə iclasında iştirak etməmişdir, o və kürəkəni Nizaməddin İsmayılov həmin gün məhkəməyə getmiş, katib onlara bildirmişdir ki, məhkəmə iclası keçirilməyəcəkdir. Onlar da çıxıb evinə getmişdir. Bundan sonra onların iştirakı olmadan məhkəmə iclası keçirilmiş və Təqsirləndirilən şəxs həbs olunmamışdır. Yəqin ki, qərəzli olaraq bizi məhkəmədən uzaqlaşdırmışlar və məhkəməni keçirmişlər və sonda hökm də qəbul olunmuşdur. Hakim hökmdə onun ifadəsində göstərmişdir, halbuki, o, məhkəmə zalında ümumiyyətlə iştirak etməmiş, fadə verməmişdir. Kameralara baxış keçirilsə onun məhkəmədə olmadığı təsdiqini tapacaqdır. Lakin hakim Vüsal Cəbrayılov qanunsuzluq edərək onun adını hökmdə qeyd etmişdir. Hətta hakim göstərir ki, guya bütün xərcləri Təqsirləndirilən şəxs ödəmişdir, halbuki, onlara dəymiş maddi ziyan da ödənilməmişdir və o, şikayətçidir. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə olsun belə barışıq üçün cəhd etməmiş, evə gəlməmiş və barışıq əldə etməmişdir. Yəqin ki, özünə və müəyyən qurumlara arxayın olaraq belə hərəkət etmiş və sonda həbs olunmamışdır. Hakimin etmiş olduğu qanunsuzluq Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəllənin tələblərinə birbaşa ziddir. Cinayət Məcəlləsinin 60-cı maddəsində konkret göstərilir ki, əməldə cəzanı yüngülləşdirən hallar olcuqda və cəzanı ağırlaşdıran hallar olmadıqda nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz və Cinayət Məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallardan biridə cinayətin ağır nəticələrə səbəb olmasıdır. Hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət ağır nəticəyə səbəb olmuş, bacısı vəfat etmişdir. Hakim ağırlaşdıran hal olduqda CM-in 60-cı maddəsinə istinad edə bilməz, lakin hakim Vüsal Cəbrayılov qanunun tələbini kobud şəkildə pozmuşdur. Hakim hökmdə göstərir ki, guya təqsirləndirilən şəxs dəfələrlə barışıq üçün cəhd etmişdir, əgər cəhd etmişdirsə o zaman ən azından Təqsirləndirilən şəxs məhkəmə dövründə bir dəfə onların yanına gələrdi və barışığa cəhd edərdi. Hakim göstərir ki, guya onun əməlində ağırlaşdırıcı hallar yoxdur. Halbuki, CM-in 61.2-ci maddəsinə əsasən törədilmiş cinayət ağır nəticələrə səbəb olduqda ağırlaşdırıcı hallar kmi nəzərə alınır, hazırda bacısı ölmüş və onlara külli miqdarda maddi ziyan dəymişdir. Nəticədə təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar mövcuddur. Lakin hakim həmin halları qanunsuz olaraq nəzərə almamışdır. Ümumi məhkəmə təcrübəsində də barışıq olmadığı halda bütün təqsirləndirilən şəxslər həbs olunmuşdur, lakin hazırkı vəziyyətdə barışıq yoxdur, dəymiş ziyan ödənilməmişdir, ağırlaşdıcı hallar mövcuddur, lakin təqsirləndirilən şəxsə ağır cəza verilməmiş və hakim qəsdən 4 il azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun azadlıqda qalmasına köməklik etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, həmçinin apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən, birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təklif edilən cəza həddində təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi müdafiəçi1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hazırkı apellyasiya baxışının predmetini hər iki şikayətin məzmununa uyğun olaraq əsasən təyin edilmiş cəzanın həddi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün qiymətləndirilməsi, habelə CM-in 60 və 61-ci maddələrinin tətbiqi məsələləri təşkil edir. Bununla yanaşı, məhkəmə kollegiyası CPM-in 397.2-ci maddəsinin tələbinə uyğun olaraq, şikayətlərin dəlillərindən asılı olmayaraq cinayət qanununun və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü də yoxlamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin əsas mahiyyəti təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən cəzanı yüngülləşdirən halların tam nəzərə alınmaması və bu səbəbdən onun barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin tətbiq edilməli olması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cəza təyin edilərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin lehinə olan halları ayrı-ayrılıqda deyil, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, baş vermiş nəticənin ağırlığını, təqsirin formasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini onların məcmusu və qarşılıqlı əlaqəsi daxilində qiymətləndirməlidir. Cəzanın fərdiləşdirilməsi prinsipi məhz hər bir iş üzrə cəzanın konkret hallara uyğun müəyyən edilməsini, cəzanın yalnız formal olaraq sanksiyanın aşağı həddinə yaxınlaşdırılmasını deyil, təyin edilən cəzanın törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmasını tələb edir. Bu prinsip, eyni zamanda, ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olmaqla, apellyasiya instansiyası məhkəməsindən cəzanın həddini yalnız o halda dəyişdirməyi tələb edir ki, birinci instansiya məhkəməsinin qiymətləndirməsi açıq-aşkar əsassız və ya törədilmiş əməlin xarakterinə açıq-aşkar uyğunsuz olsun. Tərəflərdən birinin cəzanın həddi ilə bağlı sadəcə fərqli mövqe bildirməsi, təkbaşına, birinci instansiya məhkəməsinin qanun çərçivəsində həyata keçirdiyi sərbəst qiymətləndirmə səlahiyyətinin əvəz edilməsi üçün kifayət deyildir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin normadan irəli gələn ədalətlilik prinsipi təqsirləndirilən şəxsin yalnız şəxsiyyətini və cəzanı yüngülləşdirən halları deyil, eyni zamanda törədilmiş cinayətin real ictimai təhlükəliliyini və onun nəticələrini də nəzərə almağı tələb edir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin və ya himayəsində olan şəxslərin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hadisələrin təsadüfi axarında cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, hadisədən sonra zərərçəkmişlərə yardım göstərməsini, müalicə və dəfn xərclərini ödəməsini, habelə zərərçəkmiş şəxsin yaxınları ilə barışıq əldə etmək üçün real cəhdlər göstərməsini nəzərə almış və həmin halların bir qismini CM-in 59.1.1, 59.1.4-cü maddələri, digər hissəsini isə 59.2-ci maddəsi əsasında cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Beləliklə, müdafiə tərəfinin “birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları nəzərə almamışdır” barədə dəlili iş materialları ilə təsdiq olunmur. Əksinə, hökmdən görünür ki, məhkəmə cəza təyini zamanı müdafiə tərəfinin istinad etdiyi əhəmiyyətli halları araşdırmış və onların hüquqi qiymətini vermişdir. Həmin halların mövcudluğu isə özlüyündə məhkum edilmiş şəxsə mütləq qaydada sanksiyanın aşağı həddində cəza təyin edilməsini şərtləndirmir. Bu baxımdan müdafiə tərəfinin yüngülləşdirici halların mövcudluğunu əsas gətirməklə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum cəzanın təyin edilməli olması barədə yanaşması qəbul edilə bilməz. Cəzanı yüngülləşdirən halların mövcudluğu məhkəmənin cəza təyin etməkdə olan qiymətləndirmə səlahiyyətini aradan qaldırmır. Məhkəmə həmin halları cinayətin ictimai təhlükəliliyi, nəticənin ağırlığı və digər hallarla müqayisəli şəkildə qiymətləndirərək cəzanın konkret müddətini müəyyən edir. Bununla bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, yüngülləşdirici halların sayının çoxluğu ilə onların hüquqi çəkisi arasında birbaşa mütənasiblik mövcud deyildir. Hər bir belə halın cəzanın həddinə real təsiri məhz konkret işin hallarına, o cümlədən törədilmiş əməlin nəticəsinin ağırlığına nisbətdə qiymətləndirilməlidir. Yalnız formal siyahının genişliyi əsas götürülməklə cəzanın minimum həddə endirilməsi tələbi cəza siyasətinin ardıcıllığı və ədalətliliyi prinsipləri ilə uzlaşmazdı. Hazırkı cinayət işi üzrə isə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində motosikletdə sərnişin qismində olan Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirilmiş, həmin xəsarətlər sonradan onun ölümünə səbəb olmuşdur. Məhkəmə-tibbi ekspertizanın rəyi ilə mərhumun aldığı çoxsaylı və ağır xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində yaranması, həmin xəsarətlərin həyati olması və ölüm ilə bilavasitə səbəbli əlaqədə olması müəyyən edilmişdir. Belə ağır nəticə ilə müşayiət olunan cinayətin ictimai təhlükəlilik dərəcəsi cəza təyin edilərkən nəzərə alınmalı olan əsas hallardan biridir. Eyni zamanda, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışının müsbət xarakter daşıması və zərərçəkmişin müalicə və dəfn xərclərinin ödənilməsi onun əməlini cinayət nəticəsindən azad edən və ya törədilmiş nəticənin hüquqi əhəmiyyətini aradan qaldıran hal hesab edilə bilməz. Bu hallar yalnız cəzanın fərdiləşdirilməsi zamanı təqsirləndirilən şəxsin lehinə nəzərə alınmalı hallardır və birinci instansiya məhkəməsi tərəfindən də məhz belə qiymətləndirilmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması, təcili tibbi yardım çağırması, polisə məlumat verməsi və zərərçəkmişlərə yardım göstərməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını xarakterizə edən müsbət hallar kimi cəza təyin edilərkən nəzərə alınmışdır. Lakin bu xüsusatların Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan “könüllü gəlib təqsirini boynuna alma” halı kimi qiymətləndirilməsi üçün həmin normanın hüquqi məzmununa uyğun faktiki əsaslar mövcud olmalıdır. Könüllü gəlib təqsirini boynuna alma şəxsin cinayətin törədilməsindən sonra onun barəsində cinayət təqibinin başlanmasına qədər və ya cinayəti törətməsi barədə hüquqmühafizə orqanlarına məlumat verilməmişdən əvvəl öz təşəbbüsü ilə müvafiq orqana müraciət etməsi və törətdiyi əməli etiraf etməsi ilə xarakterizə olunan davranışdır. Hadisə yerində qalmaq, zərərçəkmişə yardım göstərmək və hadisə barədə polisə və təcili tibbi yardım xidmətinə məlumat vermək isə ilk növbədə yol-nəqliyyat hadisəsindən sonrakı davranışın xarakterizə edilməsinə aid olub, öz-özlüyündə CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının bütün hüquqi əlamətlərini yaratmır. Həmin hallar isə CM-in 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən digər hallar kimi artıq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin müalicəsi və dəfni ilə bağlı təxminən 80.000 manat məbləğində xərc çəkilməsi barədə dəlili də məhkəmə kollegiyasının qənaətinə təsir göstərmir. İş materiallarında “Medikal Hospital” tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə müalicə xərclərinin 60.098 manat məbləğində ödənilməsi təsdiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Zeynallı İbrahim Zeynal oğlu da məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən xəstəxana və dəfnə qədər olan xərclərin ödənilməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi həmin halı məhz təqsirləndirilən şəxsin xeyrinə olan yüngülləşdirici hal kimi qəbul etmişdir. Bu ödənişlərin həyata keçirilməsi isə zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq əldə etməsi və ya məhkum edilmiş şəxsin cəzasının mütləq minimum həddə endirilməsi üçün hüquqi əsas yaratmır. Həmçinin müdafiə tərəfinin zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq üçün 20.000 manat tələb etməsi və Şükürov tərəfindən 5.000 manat təklif edilməsi barədə dəlilləri də cəzanın minimum həddə endirilməsini şərtləndirən hal hesab edilə bilməz. İş üzrə tərəflər arasında faktiki barışıq əldə olunmamışdır. Birinci instansiya məhkəməsi isə barışığın baş tutmamasına baxmayaraq, barışıq əldə etmək üçün real cəhdlərin göstərilməsini CM-in 59.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin xeyrinə olan hal kimi nəzərə almışdır. Bu isə müdafiə tərəfinin həmin xüsusatının məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmadığı barədə arqumentini təkzib edir. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin həyat yoldaşı İsmayılov Nizaməddin Saleh oğlunun hadisənin baş verməsində qarşılıqlı təqsirinin olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə İsmayılov Nizaməddinin dövlət qeydiyyat nişanı olmayan motosikleti və sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilmiş və bu hərəkətlərinə görə onun barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və o, həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlı olmuşdur. Eyni zamanda, ekspertiza İsmayılov Nizaməddinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqinin xüsusi texniki bilik tələb etmədiyini göstərmiş, onun yalnız dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi olmadan motosiklet idarə etməsi ilə bağlı yol hərəkəti qaydalarının pozuntusunu müəyyən etmişdir. Bu səbəbdən İsmayılov Nizaməddinin inzibati xətaya görə məsuliyyətə cəlb olunması onun hərəkətlərinin konkret yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olması və ya Təqsirləndirilən şəxs təqsirinin dərəcəsini əhəmiyyətli şəkildə azaltması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Qarşılıqlı təqsir məsələsində yalnız yol hərəkəti qaydalarının formal pozulması deyil, həmin pozuntunun hadisənin yaranması ilə səbəbli əlaqəsi və nəticənin baş verməsinə real təsiri müəyyən edilməlidir. Hazırkı iş üzrə belə səbəbli əlaqə ekspert rəyi ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətini gücləndirərək qeyd edir ki, cinayət hüququnda səbəbli əlaqənin müəyyən edilməsi üçün hadisə iştirakçılarından hər hansı birinin hər hansı qaydanı pozması kifayət etmir; məhz həmin pozuntunun zərərli nəticənin yaranmasında zəruri və bilavasitə şərt təşkil etməsi sübuta yetirilməlidir. Ekspertizanın nəticələrinə görə, İsmayılov Nizaməddinin qeydiyyatsız və sürücülük vəsiqəsiz motosiklet idarə etməsi faktı hadisənin baş vermə mexanizminə təsir göstərməmiş, hadisənin bilavasitə səbəbi Şükürovun sürəti azaltmaq və təhlükəsiz manevr etmək öhdəliklərinə əməl etməməsi olmuşdur. Bu səbəbdən qeyd olunan hərəkətlər formal xarakter daşımaqla, təqsirin dərəcəsinə hüquqi əhəmiyyət kəsb edən təsir göstərmir. Bundan başqa, arxadan toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisələrində öndə hərəkət edən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və ya sürücünün vəsiqəsi ilə bağlı pozuntularının mövcudluğu, həmin pozuntular yol şəraitinə və toqquşmanın mexanizminə real təsir etmədikcə, arxadakı sürücünün təhlükəsiz ara məsafəsi saxlamaq, diqqətini idarəetmədən yayındırmamaq və zəruri hallarda sürəti azaltmaq öhdəliyini aradan qaldırmır. İş üzrə müəyyən edilmiş mexanizm də məhz Şükürovun bu öhdəlikləri yerinə yetirmədiyini göstərdiyindən, müdafiə tərəfinin qarşılıqlı təqsir barədə arqumenti cəzanın aşağı həddə endirilməsi üçün həlledici əsas sayıla bilməz. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında onun ## #### 2012ci il təvəllüdlü X3 və ## ####### 2010-cu il təvəllüdlü X4 adlı iki övladının olması müəyyən edilir. Birinci instansiya məhkəməsinin hökmündə uşaqlardan birinin qeyd edilməməsi cəza təyini zamanı həmin halın mahiyyət etibarilə nəzərə alınmadığı qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, hökmün əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağının olması CM-in 59.1.4-cü maddəsi əsasında cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Bununla belə, məhkəmə kollegiyası həmin faktiki halın iki yetkinlik yaşına çatmayan uşağın olması kimi dəqiqləşdirilməsini zəruri hesab edir. Müdafiə tərəfinin Şükürovun qardaşının Vətən müharibəsi iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi barədə sənədlərin də cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin qardaşının hərbi xidmət keçməsi və dövlət təltiflərinə layiq görülməsi Təqsirləndirilən şəxs şəxsiyyətinə birbaşa aid olan və onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hal deyildir. CM-in 59.2-ci maddəsinin tətbiqi məhkəmənin ixtiyarında olan diskresion səlahiyyətdir və qanunda sadalanmayan hər bir halın birbaşa olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini nəzərdə tutmur. Bu səbəbdən həmin xüsusatın ayrıca yüngülləşdirici hal kimi qəbul edilməməsi qanunun tələblərinə zidd hesab edilə bilməz. Müdafiə tərəfinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * nömrəli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 21ci bəndinin məzmunundan da görünür ki, yol hərəkəti qaydalarının pozulmasına dair işlərdə cəza təyin edilərkən hadisənin baş verməsində zərərçəkmişin və ya digər yol hərəkəti iştirakçılarının qarşılıqlı təqsirinin olub-olmaması, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə yardım göstərməsi, maddi və mənəvi zərərin ödənilməsi və digər hallar nəzərə alınmalıdır. Lakin həmin izah yüngülləşdirici halların mövcud olduğu hər bir halda birbaşa olaraq sanksiyanın aşağı həddində cəza təyin edilməsini tələb etmir. Əksinə, həmin hallar cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Bu qənaət iş materiallarına və qanunun tələblərinə uyğundur. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ölümü CM-in 263.2-ci maddəsi ilə təqsirləndirmənin zəruri nəticəsi olduğundan həmin nəticənin CM-in 61.1.2-ci maddəsi baxımından ayrıca ağırlaşdırıcı hal kimi təkrar nəzərə alınması yolverilməzdir. Əks yanaşma eyni nəticənin həm cinayətin hüquqi tövsifində, həm də cəzanın ağırlaşdırılmasında ikiqat nəzərə alınmasına gətirib çıxara bilər. Nəticədə, müdafiə tərəfinin göstərdiyi halların böyük hissəsi birinci instansiya məhkəməsi tərəfindən artıq təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilmişdir. Lakin həmin halların məcmusu cinayətin nəticəsi, ictimai təhlükəlilik dərəcəsi və törədilmə halları ilə müqayisədə cəzanın sanksiyanın aşağı həddinə endirilməsini zəruri etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən yalnız nəticənin ağırlığını deyil, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən peşmanlığını, hadisədən sonra zərərçəkmişlərə yardım göstərməsini, müalicə və dəfn xərclərini ödəməsini və barışıq əldə etməyə cəhd göstərməsini nəzərə almışdır. Bununla yanaşı, məhkəmə cinayətin törədilməsi nəticəsində insan ölümünün baş verməsini və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini də nəzərə almaqla cəzanın müddətini müəyyən etmişdir. Təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 02 ildən 06 ilədək olan azadlıqdan məhrum etmə cəzası həddindədir. Bu hal da təyin edilmiş cəzanın həddən artıq ağır olması barədə müdafiə tərəfinin dəlilinin əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi daha ciddi cəza növünü deyil, məhz CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növünü seçmiş və cəzanı sanksiyanın qanuni hədləri daxilində müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına, baş vermiş nəticənin ağırlığına və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğundur, ədalətlilik və fərdiləşdirmə prinsiplərinə cavab verir və onun islah olunması məqsədinin təmin edilməsi baxımından zəruri və kifayətdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 263.2-ci maddəsinin sanksiyası 02 ildən 06 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Birinci instansiya məhkəməsinin təyin etdiyi 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin sanksiyanın yuxarı həddində deyil, qanunla müəyyən edilmiş orta hədd daxilindədir. Bu səbəbdən cəzanın həm minimum həddə endirilməsi, həm də yuxarı həddə artırılması barədə tərəflərin tələbləri iş üzrə müəyyən edilmiş tarazlaşdırıcı hallar sistemi ilə uzlaşmır. Nəticə etibarilə, müdafiəçi müdafiəçi2 apellyasiya şikayətində göstərilən dəlillər Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın dəyişdirilməsi və onun barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi cəza təyini zamanı qanunla müəyyən edilmiş meyarlara əməl etmiş, təqsirləndirilən şəxsin xeyrinə olan halları nəzərə almış və təyin edilmiş cəzanın fərdiləşdirilməsini təmin etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İbrahim Zeynallının apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin əsas mahiyyəti ondan ibarətdir ki, zərərçəkmiş şəxsin ölümü cinayətin ağır nəticəsi olduğundan bu hal CM-in 61.1.2-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı, belə ağırlaşdırıcı halın mövcudluğu isə Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna etməli və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməlidir. Şikayətçilər, həmçinin zərərçəkmiş şəxslə barışığın əldə olunmamasını, ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsin hadisədən sonra barışıq əldə etmək üçün real cəhdlər göstərmədiyini və birinci instansiya məhkəməsi tərəfindən cəzanın həddən artıq yüngül təyin edildiyini iddia etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlillər bütövlükdə əsassızdır. İlk növbədə cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsində cinayətin ağır nəticələrə səbəb olması cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Lakin həmin normanın tətbiqi Cinayət Məcəlləsinin 61.3-cü maddəsində müəyyən edilmiş əsas prinsip nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normaya əsasən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Bu müddəanın hüquqi mahiyyəti ondan ibarətdir ki, qanunverici müəyyən nəticəni konkret cinayətin tərkibinin məcburi elementi kimi qəbul etmişdirsə, həmin nəticə eyni zamanda cəzanı ağırlaşdıran ayrıca hal kimi ikinci dəfə qiymətləndirilə bilməz. Əks halda eyni faktiki hal həm cinayətin hüquqi tövsifinin müəyyən edilməsində, həm də cəzanın ağırlaşdırılmasında iki dəfə nəzərə alınmış olar ki, bu da cəzanın fərdiləşdirilməsi və ədalətlilik prinsipləri ilə uzlaşmaz. Məhkəmə kollegiyası bunu əlavə edir ki, göstərilən qadağa mahiyyət etibarilə eyni faktiki əlamətin şəxsin əleyhinə iki dəfə – həm əməlin tövsifində, həm də cəzanın ağırlaşdırılmasında – istifadə olunmasının yolverilməzliyini əks etdirən ümumtanınmış hüquqi təminatdır. Bu təminatın pozulması nəticəsində şəxsin məsuliyyəti qanunvericinin konkret tərkib üçün əvvəlcədən müəyyənləşdirdiyi hüdudlardan kənara çıxmış olardı ki, bu da qanunilik və ədalətlilik prinsipləri ilə bir araya sığmazdı. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Həmin maddənin dispozisiyasında yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Deməli, Zərərçəkmiş şəxs ölümü Şükürovun əməlini məhz CM-in 263.2-ci maddəsi ilə tövsif etməyə imkan verən əsas nəticə olmaqla, həmin maddənin dispozisiyasının əhatə etdiyi nəticədir. Bu baxımdan zərərçəkmiş tərəfin “ölüm faktının mövcudluğu CM-in 61.1.2-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır” barədə mövqeyi cinayət qanununun sistemli təfsiri ilə uzlaşmır. Çünki ölüm nəticəsi bir tərəfdən CM-in 263.2-ci maddə üzrə cinayət tərkibinin zəruri əlaməti kimi şəxsin məsuliyyətinin hüdudlarını müəyyən edir, digər tərəfdən isə eyni ölüm nəticəsinin CM-in 61.1.2-ci maddə üzrə ayrıca ağırlaşdırıcı hal kimi qəbul edilməsi eyni nəticənin cəza təyini zamanı təkrar qiymətləndirilməsinə səbəb olardı. Bu mövqeyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013cü il tarixli * nömrəli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 21-ci bəndində birbaşa aydınlıq gətirilmişdir. Plenum həmin bənddə açıq şəkildə izah etmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Beləliklə, zərərçəkmiş tərəfin apellyasiya şikayətində “mərhumun ölümünün ağır nəticə olması” ilə bağlı irəli sürdüyü dəlil qanun və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi baxımından qəbul edilə bilməz. Ölüm faktının özünün ayrıca ağırlaşdırıcı hal kimi nəzərə alınması mümkün olmadığından, həmin hal əsasında birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın artırılması üçün hüquqi əsas yoxdur. Bu nəticə zərərçəkmiş şəxsin ölümünün törədilmiş cinayətin ictimai təhlükəliliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətsiz olması anlamına gəlmir. Əksinə, ölüm nəticəsi CM-in 263.2-ci maddəsinin özündə nəzərdə tutulan və həmin maddənin digər yol-nəqliyyat cinayətlərindən fərqləndirən əsas əlamətlərindən biri olmaqla, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kontekstində nəzərə alınır. Lakin bu nəticə bir dəfə cinayətin tövsifinin müəyyən edilməsində, ikinci dəfə isə eyni məzmunla CM-in 61.1.2-ci maddəsinə əsasən ayrıca ağırlaşdırıcı hal kimi istifadə edilə bilməz. Əks halda CM-in 61.3-cü maddəsinin qadağan etdiyi təkrar nəzərəalma baş vermiş olardı. Zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin CM-in 60-cı maddəsinin tətbiq edilməsinin yolverilməz olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil CM-in 60.1-ci maddəsinin məzmununun düzgün şərh edilməməsinə əsaslanır. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10–59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, qanunverici CM-in 59.1.8, 59.1.10–59.1.13-cü maddələrində nəzərdə tutulmuş halların hamısının eyni vaxtda mövcud olmasını tələb etmir. Əksinə, həmin maddələrdən hər hansı birində nəzərdə tutulmuş bütün halların mövcudluğu və eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması CM-in 60.1-ci maddəsinin tətbiqi üçün kifayətdir. Hazırkı iş üzrə isə məhkəmə kollegiyası hesab edir ki, CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulmuş halın mövcudluğu müəyyən edilmişdir. Belə ki, həmin normaya əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamış, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə yardım göstərmiş, təcili tibbi yardıma məlumat vermiş və zərərçəkmiş şəxslərin tibbi müəssisəyə çatdırılmasına imkan yaradılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən sonra uzun müddət tibbi müalicə almış və yalnız ## ###### 2025-ci il tarixdə, yəni hadisədən təxminən 53 gün sonra vəfat etmişdir. Bu xüsusatlar həmin yardımın zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldiyini və onun nəticəsində zərərçəkmiş şəxsin dərhal deyil, uzun müddət sonra vəfat etdiyini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarının 5-1ci bəndində də izah edilmişdir ki, CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulan yardımın CMin 60.1-ci maddəsinin tətbiqinə əsas verməsi üçün həmin yardımın zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olması kifayətdir. Plenum bu halın yol-nəqliyyat hadisəsi zamanı sürücünün hadisədən dərhal sonra zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırması və həmin şəxsin yalnız müəyyən müddət sonra vəfat etməsi ilə bağlı situasiyada da CM-in 60.1-ci maddəsinin tətbiqinə əsas verə biləcəyini xüsusi olaraq qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə yardım göstərməsini cəzanı yüngülləşdirən hal kimi müəyyən etməsi işin faktiki halları ilə uzlaşır və həmin halın CM-in 59.1.11-ci maddəsinin tələblərinə cavab verməsi nəzərə alınmaqla CM-in 60.1-ci maddəsinin tətbiqi üçün hüquqi əsas mövcuddur. Həmin normanın tətbiq edilməsi üçün CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş barışığın da əldə edilməsi tələb olunmur. Bu baxımdan zərərçəkmiş tərəfin “təqsirləndirilən şəxslə barışıq əldə edilmədiyinə görə CM-in 60-cı maddəsi tətbiq edilə bilməz” məzmunlu dəlili əsassızdır. Çünki barışıq CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş müstəqil cəzanı yüngülləşdirən haldır və CM-in 60.1ci maddəsində sadalanan hallardan yalnız biridir. CM-in 60.1-ci maddəsinin dispozisiyasında həmin hallardan hər hansı birinin mövcudluğu kifayət hesab edildiyindən, konkret iş üzrə CMin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş halın mövcudluğu müəyyən edilirsə, CM-in 59.1.12ci maddəsində nəzərdə tutulmuş barışığın olmaması CM-in 60.1-ci maddəsinin tətbiqinə maneə təşkil etmir. Eyni zamanda, iş üzrə cəzanı ağırlaşdıran halların mövcudluğu da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmadığını əsaslandırmışdır. Zərərçəkmiş tərəfin istinad etdiyi ölüm nəticəsi isə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin məhz məcburi nəticəsidir və həmin nəticənin CM-in 61-ci maddəsi üzrə ayrıca cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alınması yolverilməzdir. Cəzanı ağırlaşdıran halların siyahısı CM-in 61-ci maddəsində müəyyən edilmişdir və həmin hallar geniş təfsir edilə bilməz. Hazırkı işdə CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın mövcudluğu və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi CM-in 60.1-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edir. Bu səbəbdən zərərçəkmiş tərəfin yalnız barışığın əldə edilməməsinə və ölüm nəticəsinin ağırlığına istinad etməklə CM-in 60-cı maddəsinin tətbiqinin qanunsuz olduğunu iddia etməsi əsaslı sayıla bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, CM-in 60.1-ci maddəsinin tətbiqi nəticəsində CM-in 263.2-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəza təyin edilə bilməz. CM-in 263.2-ci maddəsinin azadlıqdan məhrum etmə cəzası üzrə son həddi 06 il olduğundan, CM-in 60.1-ci maddəsi tətbiq edildiyi halda yuxarı hədd 04 il 06 ay təşkil edir. Hazırkı iş üzrə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin məhdudiyyəti aşmadığından, bu baxımdan da birinci instansiya məhkəməsinin cəza təyini cinayət qanununun tələblərinə uyğundur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli * nömrəli qərarı ilə yol hərəkəti cinayətləri üzrə məhkəmə təcrübəsinə dair Plenum qərarının 21-ci bəndinə edilmiş dəyişiklikdə CM-in 59.1.12-ci maddəsi üzrə barışığın yalnız yaxın qohum olan hüquqi varislə əldə edilməsi halında həmin normanın tətbiq oluna biləcəyi xüsusi olaraq göstərilmişdir. Bu izah barışığın CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan müstəqil yüngülləşdirici hal olduğunu təsdiq edir, lakin CM-in 60.1ci maddəsində sadalanan digər hallardan birinin mövcud olduğu vəziyyətdə barışığın ayrıca məcburi şərt olmasını nəzərdə tutmur. Zərərçəkmiş tərəfin “dəymiş ziyanın ödənilməməsi” barədə dəlilinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında mərhum Zərərçəkmiş şəxs müalicəsi və dəfni ilə bağlı xərclərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi həmin ödənişləri təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını və cəzanı yüngülləşdirən halları qiymətləndirərkən nəzərə almışdır. Zərərçəkmiş tərəfin mülki xarakterli digər tələblərinin olması isə öz-özlüyündə təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsinə əsas yaratmır. Cinayət nəticəsində dəymiş ziyanın mövcudluğu ilə onun cəza təyini baxımından hansı hüquqi əhəmiyyət daşıması məsələləri birbirindən fərqləndirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, “barışığın əldə olunmaması” faktı özlüyündə cəzanı ağırlaşdıran hal deyildir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən 61.1.1—61.1.13-cü maddələrdə göstərilməyən hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Beləliklə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaması və ya barışığın baş tutmaması qanunda nəzərdə tutulmuş ağırlaşdırıcı hallardan biri deyildir. Bununla yanaşı, zərərçəkmiş tərəfin “Təqsirləndirilən şəxs hadisədən sonra heç bir dəfə barışıq üçün cəhd etməmişdir” barədə iddiası da iş materiallarının məcmusu ilə təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa dəfələrlə cəhd etdiyini, müalicə və dəfn xərclərini ödədiyini, məhkəmə istintaqı dövründə 5.000 manat təklif etdiyini, lakin hüquqi varisin 20.000 manat tələb etməsi səbəbindən razılığın əldə edilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi də öz ifadəsində xəstəxana və dəfnə qədər olan xərclərin Şükürov tərəfindən ödənildiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi də məhz bu sübutların məcmusuna əsaslanaraq barışıq əldə etməyə real cəhdlərin göstərildiyini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Burada mühüm hüquqi fərq ondan ibarətdir ki, barışıq əldə etmək cəhdinin olması ilə barışığın faktiki əldə edilməsi eyni hüquqi məna daşımır. Birinci hal CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cəzanı yüngülləşdirən digər hal kimi qiymətləndirilə bilər, ikinci hal isə CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş konkret yüngülləşdirici haldır və qanunda nəzərdə tutulmuş digər şərtlərlə birlikdə CM-in 60.1-ci maddəsinin tətbiqinə səbəb ola bilər. Hazırkı işdə birinci hal mövcud olduğu halda ikinci hal mövcud deyildir. Zərərçəkmiş tərəfin “birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin azadlıqda qalmasına şərait yaratmışdır” barədə dəlilinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil cəzanın hüquqi mahiyyəti ilə prosessual qətimkan tədbirinin fərqləndirilməməsindən irəli gəlir. Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu cəzanın özü azadlıqdan məhrum etmə cəzasıdır və onun azadlıqda qalması barədə nəticəyə gəlməyə əsas vermir. Hökmün qanuni qüvvəyə minməsinə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin saxlanılması isə cəzanın ağırlığının deyil, hökmün icrasının təmin edilməsi ilə bağlı prosessual məsələdir. Bu baxımdan zərərçəkmiş tərəfin məhkum edilmiş şəxsin məhkəmə zalında dərhal həbs edilməməsini hökmün qanunsuzluğu kimi qiymətləndirməsi hüquqi əsasdan məhrumdur. Qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi cəzanın növü və müddətindən fərqli prosessual institutdur; bu institutun tətbiqi yalnız şəxsin təqsirli bilinməsi və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi faktı ilə birbaşa müəyyən edilmir. Apellyasiya baxışı zamanı həmin məsələ hökmün ləğvi və ya cəzanın artırılması üçün müstəqil əsas kimi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * nömrəli Qərarının 21-ci bəndində yol-nəqliyyat cinayətləri üzrə daha ciddi cəza növünün və həddinin yalnız az ciddi cəzanın cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda təyin edilməli olduğu izah edilmişdir. Həmin izah məhkəmədən cəza təyin edilərkən işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, zərərçəkmişə yardım göstərməsini, maddi və mənəvi zərərin ödənilməsini, qarşılıqlı təqsirin olub-olmamasını və digər halları araşdırmağı tələb edir. Hazırkı işdə birinci instansiya məhkəməsi məhz bu meyarları rəhbər tutmuş, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, məhkumluğunun olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi əməli etiraf etməsini, səmimi peşmanlığını, hadisədən sonra zərərçəkmişlərə yardım göstərməsini, müalicə və dəfn xərclərini ödəməsini, habelə zərərçəkmiş şəxsin yaxınları ilə barışıq əldə etməyə cəhd göstərməsini nəzərə almışdır. Eyni zamanda, cinayətin nəticəsində insan ölümünün baş verməsi, yol hərəkəti qaydalarının pozulmasının xarakteri və cinayətin ictimai təhlükəlilik dərəcəsi də cəza təyin edilərkən nəzərə alınmışdır. Bu zaman xüsusi olaraq qeyd edilməlidir ki, zərərçəkmiş tərəfin cəzanın artırılması barədə apellyasiya şikayətinin təmin edilməsi üçün yalnız nəticənin ağır olması kifayət etmir. Cəzanın artırılması üçün birinci instansiya məhkəməsinin cəza təyin edərkən qanunla müəyyən edilmiş meyarları pozması, əhəmiyyətli halları nəzərə almaması və ya təyin edilmiş cəzanın törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmaması müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilmir. Əksinə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin həm lehinə, həm də əleyhinə olan halları araşdırmış, cəzanı ağırlaşdıran halın olmadığını əsaslandırmış, cəzanı yüngülləşdirən halları müəyyən etmiş və nəticədə qanuni sanksiya daxilində cəza təyin etmişdir. Zərərçəkmiş tərəfin istinad etdiyi ölüm nəticəsi isə, yuxarıda göstərildiyi kimi, CM-in 263.2-ci maddəsinin cinayət tərkibinin zəruri əlaməti olduğundan ayrıca CM-in 61.1.2-ci maddəsi üzrə ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Bu hüquqi mövqe Ali Məhkəmə Plenumunun 21-ci bəndində birbaşa təsbit edilmişdir. Beləliklə, zərərçəkmiş tərəfin şikayətində göstərilən “ölüm nəticəsi, barışığın olmaması və ziyanın ödənilməməsi nəticəsində daha ağır cəza verilməlidir” formasında yanaşma cinayət qanununun tələblərinə uyğun deyildir. Ölüm nəticəsi CM-in 263.2-ci maddəsinin tərkibində nəzərə alınmışdır, barışığın olmaması qanunda nəzərdə tutulmuş ağırlaşdırıcı hal deyildir, ziyanın ödənilməsi məsələsi isə iş materiallarında birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə qiymətləndirilmiş və təqsirləndirilən şəxsin xeyrinə olan hal kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin bacısının ölümü ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı, habelə hadisənin ailə üçün ağır nəticələri tam başadüşüləndir və bu hallara məhkəmə tərəfindən hörmətlə yanaşılır. Lakin məhkəmə cəza təyin edərkən yalnız zərərçəkmiş tərəfin subyektiv olaraq arzuladığı cəza həddindən deyil, cinayət qanununun müəyyən etdiyi obyektiv meyarlardan çıxış etməlidir. Cəzanın daha ağır təyin edilməsi zərərçəkmiş tərəfin narazılığının mövcudluğu ilə deyil, qanuni əsasların və müvafiq cəza təyini meyarlarının mövcudluğu ilə şərtlənir. Zərərçəkmiş şəxsin hüquqi varisinin birinci instansiya məhkəmə iclasında iştirak etməməsi və hökmdə onun ifadəsinə istinad olunması barədə dəlili də məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin hüdudlarında qiymətləndirilmişdir. Həmin dəlil, iş üzrə təqsirin sübuta yetirilməsini təmin edən ekspert rəyləri, hadisə yerinə baxış materialları, ifadələr və digər sübutların məcmusunu təkzib etmir. Apellyasiya instansiyasında zərərçəkmiş tərəfin nümayəndəsi iştirak etmiş, şikayətin bütün dəlilləri dinlənilmiş və yoxlanılmışdır. Bu səbəbdən göstərilən iddia, ayrıca götürüldükdə, hökmün ləğvi və ya cəzanın ağırlaşdırılması üçün mühüm prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi İbrahim Zeynallının apellyasiya şikayətində göstərilən dəlillər Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın artırılması üçün hüquqi və faktiki əsas yaratmır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun aparılmış sübutların məcmu qiymətləndirilməsini təkzib etmir, hökmün ləğvini və ya dəyişdirilməsini zəruri edən mühüm prosessual pozuntu və ya CPM-in 145.3-cü maddəsi mənasında aradan qaldırılması mümkün olmayan şübhə müəyyən edilmir. Bu sübutlar arasında ziddiyyət mövcud deyil və onlar vahid, məntiqi və ardıcıl sübut sistemini təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hallar iş materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı iş üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Apellyasiya instansiyası tərəfindən iş materialları tam həcmdə araşdırılaraq, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi, əsaslılığı və ədalətliliyi həm maddi, həm də prosessual hüquq normaları baxımından yoxlanılmışdır. Aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının milli qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi aktların tələblərinə riayət etmiş, sübutlara məcmu halda düzgün hüquqi qiymət vermiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmiş və cəzanı fərdiləşdirmə prinsiplərinə uyğun olaraq təyin etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır və şəxsin təqsiri yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər. Eyni zamanda Konstitusiyanın 125 və 127-ci maddələrinə görə ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir və hakimlər işlərə qanun və vicdanla baxırlar. Birinci instansiya məhkəməsi sübutları məhz bu konstitusion prinsiplər əsasında araşdırmış, hər bir sübutu ayrı-ayrılıqda və məcmu halında qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən sübutlar şahid ifadələri, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ola bilər. CPM-in 144–146-cı maddələrinə görə hər bir sübut onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməlidir və heç bir sübut əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi bu tələblərə əməl etmiş, sübutları formal deyil, daxili inam prinsipi əsasında, işin bütün halları ilə əlaqəli şəkildə qiymətləndirmişdir. Cəzanın təyin edilməsi məsələsində məhkəmə CM-in 58-ci maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və digər halları nəzərə almışdır. Təyin edilmiş qəti 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası sanksiya hüdudları daxilində olmaqla proporsionallıq prinsipinə uyğundur və cinayət hüququnun həm milli, həm də beynəlxalq səviyyədə qəbul edilmiş ədalət və fərdiləşdirmə prinsiplərinə cavab verir. Beləliklə, həm Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyinin, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, sübutlar qanuna uyğun qaydada qiymətləndirilmiş, maddi hüquq normaları düzgün tətbiq edilmiş və ədalətli cəza təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ya ona CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının verilməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan dəlillər onun cəzasının dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək bu qənaətə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni və faktiki əsaslar müəyyən edilmir. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası yekun olaraq vurğulayır ki, işin bütün halları məcmu şəkildə qiymətləndirildikdə, nə müdafiə, nə də zərərçəkmiş tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin hökmünün qanuniliyinə, əsaslılığına və ədalətliliyinə xələl gətirən hüquqi və ya faktiki əsas yaratmır. Təyin edilmiş cəza həm törədilmiş əməlin xarakterinə və nəticəsinin ağırlığına, həm də təqsirləndirilən şəxsin şəxsiyyətinə və işdə mövcud olan yüngülləşdirici hallara mütənasib olmaqla, qanunilik, ədalətlilik və fərdiləşdirmə prinsiplərinin tarazlığını təmin edir. Bu baxımdan Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün nə hüquqi, nə də faktiki əsas mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi Zeynallı İbrahim Zeynal oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-228/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-228/2026
07.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver