Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-242/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Xanoğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə ## ####### 1979-cu ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, Saatlı şəhəri, M.Kərimov küçəsi, ev 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvansız evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (Hakimlər X7 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 01 (bir) il 17 (on yeddi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 01 (bir) il 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Şixaliyev Ramin Əhliman oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs kimi tutulduğu vaxtdan, ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun Ərazi Narkoloji Tibbi Müəssisəsində dispanser qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv etməklə, onun barəsində bəraət verilməsinə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə, onun dərhal məhkəmə iclas zalından azad olunmasına dair hökm çıxarılmasını, iş üzrə məhkəmə baxışının apellyasiya şikayəti həcmində məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 735 qram külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və saxlamış, həmin külli miqdarda narkotik vasitə heroini ## #### 2025-ci il tarixdə, saat 12:30 radələrində Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən * saylı Səməd Vurğun adına orta məktəbin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, hava şəraiti ilə əlaqədar həmin yerdə və həmin tarixdə əməliyyat tədbirində iştirak edən polis əməkdaşının avtomobilində saat 12:32-dən saat 12:47-dək olan müddət ərzində üstünün yoxlanılması və baxışı zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən həmin 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 735 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X6 ilkin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir ona görə ki, guya o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 735 qram külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və üstündə saxlamış, həmin külli miqdarda narkotik vasitə heroini ##.##.2025-ci il tarixdə saat 12:30 radələrində Saatlı şəhəri Həsən bəy Zərdabi küçəsində satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən Saatlı RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, hava şəraiti ilə əlaqədar həmin yerdə və həmin tarixdə əməliyyat tədbirində iştirak edən polis əməkdaşının avtomobilində saat 12:32-dən 12:47- dək olan müddət ərzində üstünün yoxlanılması və baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 735 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Lakin, sonradan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Insan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Həmin pozuntulara Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən göz yumulmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, özünə elan olunmuş ittihamda təqsirli bilmir. ## ###### 2025-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhərindən dayısıoğlu şahid3 ilə sonuncunun Saatlı rayonunda yaşadığı evə getmək üçün taksi avtomobili ilə yola düşmüşlər. ## #### 2025-ci il tarixdə gecə saat təxminən 04 radələrində onlar sonuncunun yaşadığı evə çatmışlar. O, Böyükağanın yaşadığı evdə gecələmiş. Həmin vaxtı evdə digər dayısıoğlu Vüqar və dayısı arvadı Gülnaz xanım da olmuşdur. Səhər saat təxminən 10 radələrində o, evdə yatarkən bir neçə nəfər polis əməkdaşı evə daxil olmuş və onu yatdığı çarpayıda təpiklə vuraraq yerə yıxmışlar. Sonra isə onun əllərini bağlamışlar. O, çölə çıxanda dayısı oğlu Böyükağanın polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Sonra onu və dayısı oğlanları Böyükağanı və Vüqarı polis şöbəsinə aparmışlar, orada ona bildirmişlər ki, sənin üzərinə narkotik vasitə qoyulacaq, əgər etiraz etsən dayın arvadını da narkotiklə yükləyəcəyik. Bundan sonra o, məcbur qalaraq polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Ramin Şixəliyev onun qohumudur. Onunla Ramin arasında ədavət və düşmənçilik yoxdur. Hadisə olan günü gecə Ramin və qardaşı Böyükağa onlara gəlmişdir. Ramin onlarda qalmışdır. Səhər polislər evə daxil olub birinci onu, sonra isə Ramini tutmuşlar. Polis əməkdaşları onu və Ramini tutmamışdan əvvəl qardaşı Böyükağanı da tutmuşlar. Polis əməkdaşları qardaşı Böyükağanı da özləri ilə gətirmiş, lakin küçədə saxlamışlar. Təqsirləndirilən şəxs Saatlı Rayon Polis şöbəsində olarkən, şöbənin əməkdaşları ona qarşı olan psixi və fiziki işgəncələrinə dözməyərək həqiqəti əks etdirməyən, yəni onun dilindən yazılmayan izahata imza çəkmişdir. Amma araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclasında artıq polis əməkdaşlarının fiziki və psixi təsirlərindən kənar olduğuna əmin olmuş və buna görə də, həqiqəti söyləmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Apellyasiya şikayətində məhkəmə istintaqının aparılması və əlavə sübutların tələb edilməsi xahiş olunsa da, məhkəmə kollegiyası hesab edir ki, bu xahişin təmin edilməsi üçün cinayət-prosessual əsaslar müəyyən edilməmişdir. Müdafiə tərəfi iş üzrə hansı konkret yeni sübutun əldə edilməli olduğunu, həmin sübutun hansı mühüm halı təsdiq və ya təkzib edəcəyini, yaxud birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların təkrar araşdırılmasını zəruri edən halları inandırıcı şəkildə göstərməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarında olan protokollar, videoçəkilişlər, ekspertiza rəyləri, mobil telefon məlumatları və məhkəmə iclasında verilmiş ifadələr əsasında yoxlanıla bildiyindən, işə məhkəmə istintaqı aparılmadan baxılması müdafiə hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, ittihamın əsassız ağırlaşdırıldığı, ibtidai istintaq zamanı maddi və prosessual hüquq normalarının pozulduğu, məhkumun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq həqiqəti əks etdirməyən izahat verməyə məcbur edildiyi, faktiki saxlanılma şəraitinin ittihamla uyğun gəlmədiyi, müdafiə mövqeyini təsdiq edən şahid ifadələrinin nəzərə alınmadığı və məhkəmənin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə lazımi hüquqi qiymət vermədiyi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillə bağlı aşağıdakıları qeyd edir. Müdafiəçinin məhkum edilmiş şəxs Ramin Şixəliyevə qarşı irəli sürülmüş ittihamın əsassız olaraq ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlili məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, ibtidai istintaq zamanı yeni əhəmiyyətli hallar və əlavə sübutlar əldə edildikdə, istintaq orqanı təqsirləndirilən şəxsə əvvəl elan edilmiş ittihama əlavə və dəyişiklik etmək, habelə əməlin hüquqi tövsifini dəyişdirmək səlahiyyətinə malikdir. Bu halda mühüm şərt ondan ibarətdir ki, ittihamın dəyişdirilməsi istintaq zamanı toplanmış sübutlara əsaslansın və həmin dəyişiklik qanunla müəyyən olunmuş prosessual qaydada həyata keçirilsin. Iş materiallarından görünür ki, Ramin Şixəliyev əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və daşıma əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın davamı zamanı əlavə sübutlar əldə edildikdən sonra ## ######## 2025-ci il tarixli qərarla onun əməlinin hüquqi tövsifi dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, ## ######## 2025-ci il tarixdə isə həmin maddə ilə ona yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından müəyyən edilir ki, ittihamın dəyişdirilməsi ilkin ittihamın əsassız hesab edilməsi ilə deyil, istintaq zamanı toplanmış yeni sübutların məcmusu ilə əlaqədar olmuşdur. Belə ki, təqsirləndirilən şəxsə məxsus "Redmi Note 11" markalı mobil telefona baxış keçirilərkən "WhatsApp Business" tətbiqində "Nicati Kartal" adlı istifadəçi ilə aparılmış yazışmalar və səsli mesajlar aşkar edilmişdir. Həmin yazışmalarda "qara", "10 dənə", "birinci partiya", "50 dənəsini də yığacam", "qiymətin mənə de", "pul atıb götürərəm", "mal özümüzün, pul özümüzün" kimi ifadələr yer almış, bu yazışmalar istintaq orqanı tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilərək narkotik vasitənin satış məqsədilə dövriyyəsi ilə bağlı olduğu qənaətinə gəlinmişdir. Bundan əlavə, mobil telefonun qalereyasında heroinə oxşar maddənin fotoşəklinin aşkar olunması, telefon anten məlumatlarının təhlili, eləcə də Ramin Şixəliyevin üzərindən təmiz çəkisi 735 qram təşkil edən külli miqdarda heroinin aşkar edilərək götürülməsi də istintaq tərəfindən hüquqi qiymətləndirmə zamanı nəzərə alınmışdır. Göründüyü kimi, ittihamın dəyişdirilməsi istintaq orqanının hər hansı ehtimalına və ya fərziyyəsinə deyil, ibtidai istintaqın sonrakı mərhələsində əldə edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş sübutlara əsaslanmışdır. Həmin sübutların nəticəsində istintaq orqanı təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinin dəyişdirilməsini zəruri hesab etmiş, bu barədə ayrıca prosessual qərar qəbul etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə yeni ittiham elan etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.1-1-ci maddəsindən CMin 234.4.3-cü maddəsinə keçid müdafiə hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsə yeni ittiham ayrıca prosessual qərarla elan edilmiş, müdafiəçi həmin ittihamın məzmunu ilə tanış olmuş, istintaq və məhkəmə mərhələlərində ittihamın faktiki əsaslarını mübahisələndirmək imkanı təmin edilmişdir. Bu səbəbdən hüquqi tövsifin dəyişdirilməsi özü-özlüyündə hökmün ləğvini şərtləndirən prosessual pozuntu hesab edilə bilməz. Buna görə də müdafiəçinin ittihamın heç bir əsas olmadan ağırlaşdırılması barədə dəlili iş materialları ilə öz təsdiqini tapmır və həmin dəlil məhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Bundan başqa müdafiə tərəfi apellyasiya şikayətində ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Avropa Konvensiyasının və Ali Məhkəmə Plenumunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair məhkəmə təcrübəsi haqqında qərarının tələblərinin pozulduğunu, məhkəmənin isə həmin pozuntulara hüquqi qiymət vermədiyini qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə prosessual hərəkətlər qanunun tələblərinə uyğun həyata keçirilmiş, əldə edilmiş sübutların yolverilməzliyi üçün əsas yaradan hər hansı hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi, narkotik vasitəyə oxşar kütlənin aşkar edilərək götürülməsi, həmin əşyaların qablaşdırılması və ekspertizaya təqdim edilməsi qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş, bu hərəkətlər müvafiq protokollarla və videoçəkilişlə təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş və tədqiq olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş videoyazı, ekspertiza rəyi və digər sübutlar arasında ziddiyyət müəyyən edilməmişdir. Əksinə, həmin sübutlar bir-birini tamamlamış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin 735 qram çəkidə heroin olması faktını təsdiq etmişdir. Müdafiə tərəfi prosessual pozuntu kimi əsasən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmasını göstərmişdir. Lakin bu hal cinayət işi üzrə aparılmış araşdırmalarla öz təsdiqini tapmamışdır. Belə ki, Şixaliyevin polis əməkdaşları tərəfindən qanunsuz rəftara məruz qalması barədə müraciəti üzrə ayrıca araşdırma aparılmış və həmin iddiaların təsdiqini tapmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, məhkəmə-psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli rəyi ilə də narkotik vasitənin aşkar edilməsi görüntülərini əks etdirən videoçəkilişdə Şixaliyevə qarşı fiziki və psixi təsirin göstərilməsi, eləcə də onun qorxu, təşviş və yüksək psixoloji gərginlik vəziyyətində olması müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hadisə zamanı narkotik vasitəni özü təqdim etmiş, həmin bağlamanın cibində olduğunu etiraf etmiş və onun Iran vətəndaşından əldə edildiyini bildirmişdir. Bu hallar əməliyyat tədbirinin videoyazısı ilə təsdiq olunmuşdur. Sonradan məhkəmə mərhələsində verdiyi ifadədə həmin etirafı təzyiq nəticəsində verdiyini bildirsə də, bu iddiasını təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən sübutlar yalnız ibtidai istintaq orqanının təqdim etdiyi formada deyil, məhkəmə baxışı zamanı bilavasitə tədqiq olunaraq qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, mobil telefon məlumatları, videoçəkilişlər və digər sübutlar məcmu şəkildə araşdırılmış və onların əldə edilməsində qanun pozuntusunun olmadığı müəyyən edilmişdir. Bundan başqa, müdafiə tərəfinin istinad etdiyi Ali Məhkəmə Plenumunun qərarının tələblərinə uyğun olaraq məhkəmə narkotik vasitənin aşkar olunması faktı ilə kifayətlənməmiş, onun satış məqsədi ilə əldə edilməsini təsdiq edən halları da araşdırmışdır. Belə ki, narkotik vasitənin külli miqdarda olması, Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitələrin dövriyyəsinə aid yazışmaların və fotoşəkillərin aşkar edilməsi, digər şəxslərlə narkotik vasitənin əldə edilməsi və qiyməti barədə danışıqlar aparması onun əməlinin satış məqsədi daşıdığını təsdiq edən əlavə sübutlar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, satış məqsədi barədə nəticə yalnız aşkar edilmiş narkotik vasitənin çəkisinə əsaslanmır. Bu nəticə maddənin külli miqdarda olması, onun saxlanılma şəraiti, mobil telefonda aşkar edilmiş yazışma və səsli məlumatların məzmunu, fotoşəkillər, telefon anten məlumatları, habelə saxlanılma və götürülmə prosesinin videoçəkilişlə təsdiq olunması kimi halların məcmusundan çıxarılmışdır. Həmin sübutlar ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirildikdə Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak üçün deyil, satış məqsədi ilə qanunsuz dövriyyəyə daxil etmək niyyətində olması qənaətini əsaslandırır. Həmçinin müdafiə tərəfi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, hadisənin onun tərəfindən törədilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, həmçinin ondan fiziki və psixi təzyiq altında izahat alındığını bildirmiş, lakin məhkəmə onun bu müdafiə mövqeyinə lazımi hüquqi qiymət verməmişdir. Lakin həmin dəlil iş materialları və məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusu ilə təsdiq olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni, onun irəli sürdüyü müdafiə mövqeyini və polis əməkdaşları tərəfindən qanunsuz rəftara məruz qalması barədə iddialarını araşdırmış, lakin həmin ifadələrin digər sübutlarla uzlaşmadığı qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində narkotik vasitənin aşkar olunması faktı yalnız polis əməkdaşlarının ifadələri ilə deyil, eyni zamanda əməliyyat tədbirinin keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, ekspertiza rəyi və digər obyektiv sübutlarla təsdiq edilmişdir. Videoçəkilişdən görünür ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs əvvəlcə üzərində qanunsuz əşyanın olub-olmaması barədə sorğu-sual edilmiş, bundan sonra isə özü gödəkçəsinin sol iç cibindən üzəri yapışqan lentlə bağlanmış polietilen torbanı çıxararaq təqdim etmiş və həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin məhkəmə iclasında irəli sürdüyü “narkotik vasitənin üzərinə qoyulması” barədə iddiası iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, onun mobil telefonuna baxış zamanı narkotik vasitələrin əldə edilməsi və satışı ilə əlaqəli məzmunlu yazışmalar, səsli mesajlar və narkotik vasitəyə oxşar kütlənin fotoşəkilləri aşkar edilmişdir. Həmin yazışmalarda narkotik vasitənin miqdarı, qiyməti, digər şəxslərə təqdim edilməsi və əldə olunması ilə bağlı ifadələrin olması onun müdafiə mövqeyinin həqiqiliyini şübhə altına almışdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qohumları olan şahid şahid1 ifadələrini də qiymətləndirmişdir. Lakin həmin ifadələr hadisənin obyektiv hallarını tam təsdiq edən digər sübutlarla uyğun gəlmədiyindən məhkəmə tərəfindən ittihamı təkzib edən mötəbər sübut kimi qəbul edilməmişdir. Şahidlərin təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətində olmaları da onların ifadələrinin digər sübutlarla birlikdə qiymətləndirilməsini zəruri etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin həm ibtidai istintaq mərhələsində verdiyi izahatlar, həm də məhkəmə iclasında verdiyi ifadə ayrıca deyil, iş üzrə toplanmış bütün sübutlarla qarşılıqlı əlaqədə araşdırılmışdır. Ibtidai istintaq zamanı verdiyi ilkin izahatların məcburiyyət nəticəsində alınması barədə iddialarını təsdiq edən obyektiv məlumatlar müəyyən edilmədiyindən, məhkəmə həmin müdafiə arqumentlərini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin təqsirləndirilən şəxsin müdafiə mövqeyini qəbul etməməsi onun həmin mövqeyə qiymət verməməsi anlamına gəlmir. Məhkəmə bütün müdafiə dəlillərini araşdırmış, lakin onları iş üzrə digər sübutların məcmusu ilə müqayisədə inandırıcı hesab etməmişdir. Sübutların qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiə mövqeyi onun üzərindən aşkar edilmiş külli miqdarda heroin, mobil telefon məlumatları, videoçəkiliş və digər sübutlarla ziddiyyət təşkil edir Müdafiə tərəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs guya evdə yatarkən saxlanılması, bu səbəbdən isə onun üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq və məhkəmə araşdırmalarının nəticələrinin həqiqəti əks etdirməməsi barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusundan, o cümlədən ## #### 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş videoçəkilişdən, eləcə də digər prosessual sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yerində deyil, Saatlı şəhərinin mərkəzi küçələrindən birində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən müəyyən edilmiş və saxlanılmışdır. Belə ki, qeyd olunan videoçəkilişə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, əməliyyat qrupunun əməkdaşları özlərini təqdim etdikdən və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhənin olduğunu bildirdikdən sonra sonuncu əvvəlcə avtomobilə minməkdən yayınmağa çalışmış, lakin daha sonra avtomobilə əyləşdirilmişdir. Videoçəkilişdə onun üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbanı özü çıxararaq təqdim etməsi, həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirməsi, habelə mobil telefon və şəxsiyyət vəsiqəsini könüllü təqdim etməsi əks olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin irəli sürdüyü “Şixaliyev evdə yatarkən saxlanılmışdır” dəlili iş üzrə mötəbər sübutlarla təsdiq olunmur. Əksinə, həmin mövqe cinayət işi materiallarında olan sübutların məcmusu ilə təkzib edilir. Belə ki, şəxsin saxlanıldığı yer və şərait barədə məlumatlar yalnız əməliyyat əməkdaşlarının ifadələri ilə deyil, eyni zamanda prosessual qaydada rəsmiləşdirilmiş protokollar, videoyazı və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin bu arqumenti sübutların ayrı-ayrı hissələrinin seçmə qaydada qiymətləndirilməsinə əsaslanır və iş üzrə sübutların məcmu halında obyektiv təhlilini əks etdirmir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə saxlanılmanın yeri, vaxtı və şəraiti ilə bağlı sübutlar bir-birini tamamlayır və ziddiyyət təşkil etmir. Bu baxımdan, Təqsirləndirilən şəxs ilkin mərhələdə narkotik vasitənin ona məxsus olduğunu bildirməsi, bağlamanı polis əməkdaşlarına özü təqdim etməsi və həmin halların videoçəkilişlə təsdiqlənməsi onun sonrakı müdafiə mövqeyinin inandırıcılığını azaldır. Sonradan məhkəmə mərhələsində özünü təqsirli bilməməsi isə, bu mövqeyi təsdiq edən obyektiv sübutlarla müşayiət olunmadığından, iş üzrə digər sübutların məcmusunu aradan qaldırmır. Eyni zamanda, məhkəmə tərəfindən araşdırılmış videoçəkilişdə onun iradəsinə zidd olaraq narkotik vasitənin yerləşdirilməsi, fiziki və ya psixi təzyiq göstərilməsi barədə hər hansı hal müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiə tərəfinin saxlanılmanın qanunsuz həyata keçirilməsi ilə bağlı iddiaları üzrə aparılmış yoxlama nəticəsində Təqsirləndirilən şəxs Saatlı RPŞ əməkdaşları tərəfindən fiziki zorakılığa, qeyri-insani rəftara və ya digər qanunsuz hərəkətlərə məruz qalması təsdiqini tapmamışdır. Məhkəmə-psixoloji ekspertizasının rəyi ilə də videoçəkiliş zamanı onun psixi-emosional vəziyyətində qorxu, yüksək həyəcan və ya kənar təsir nəticəsində yarana biləcək hallar müşahidə edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs evdə yatarkən saxlanılması barədə dəlilləri iş üzrə araşdırılmış sübutlarla təsdiq olunmadığından, həmin arqument ittihamın əsassızlığına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, sübutların məcmusu onun məhz ictimai yerdə hərəkətdə olarkən saxlanıldığını, narkotik vasitənin onun üzərindən aşkar edilərək götürüldüyünü və bu hərəkətlərin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirildiyini göstərir. Müdafiə tərəfinin “şahid ifadəsi ilə təqsirləndirilən şəxsin evdə yatarkən saxlanılması barədə mövqeyi təsdiq olunur” məzmunlu dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, müdafiə tərəfinin istinad etdiyi şahid ifadəsi digər sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə hər bir sübutu onun mötəbərliyi, aidiyyəti və mümkünlüyü baxımından, digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanılma şəraiti ilə bağlı şahidin göstərdikləri iş üzrə digər mötəbər sübutlarla, xüsusilə ## #### 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokolla, həmin prosessual hərəkətə əlavə edilmiş videoçəkilişlə, eləcə də digər istintaq hərəkətlərinin nəticələri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, şahidin hadisənin baş verdiyi anı bilavasitə müşahidə edib-etməməsi, onun məlumat mənbəyi, hadisənin vaxtı və şəraiti barədə məlumatları hansı qaydada əldə etməsi mühüm əhəmiyyət daşıyır. Iş materiallarından göründüyü kimi, müdafiə tərəfinin istinad etdiyi ifadə Təqsirləndirilən şəxs faktiki saxlanıldığı anı və onun üzərindən narkotik vasitənin aşkar edilməsi prosesini birbaşa əks etdirmir, daha çox sonradan əldə edilmiş məlumatlara və ya təqsirləndirilən şəxsin izahlarına əsaslanan xarakter daşıyır. Bununla yanaşı, həmin şahid ifadəsi ilə cinayət işi üzrə obyektiv sübutlar arasında ziddiyyət yarandığı halda, məhkəmə kollegiyası prosessual qaydada əldə edilmiş, bilavasitə hadisənin gedişini əks etdirən və bir neçə sübut mənbəyi ilə təsdiq olunan sübutlara üstün hüquqi qiymət verir. Belə ki, videoçəkilişdə Təqsirləndirilən şəxs küçədə hərəkətdə olarkən müəyyən edilməsi, polis əməkdaşlarının ona yaxınlaşması, onun avtomobilə dəvət olunması, daha sonra üzərində olan bağlamanı özü təqdim etməsi və həmin bağlamada narkotik vasitənin olduğunu bildirməsi aydın şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təkcə bir şahidin ifadəsinin mövcudluğu, həmin ifadə iş üzrə digər sübutların məcmusu ilə ziddiyyət təşkil etdiyi halda, müdafiə versiyasının təsdiqi kimi qiymətləndirilə bilməz. Əks yanaşma sübutların məcmu halında qiymətləndirilməsi prinsipinə uyğun olmazdı. Həmçinin nəzərə alınmalıdır ki, müdafiə tərəfinin irəli sürdüyü bu mövqe üzrə hər hansı obyektiv sübut, o cümlədən Təqsirləndirilən şəxs saxlanıldığı vaxt evdə olmasını təsdiq edən müstəqil məlumat, video, şahidlərin bir-birini tamamlayan ifadələri və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin istinad etdiyi şahid ifadəsi ittiham üzrə müəyyən edilmiş halları təkzib etmir, iş üzrə toplanmış və məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusunu aradan qaldırmır və bu səbəbdən Təqsirləndirilən şəxs evdə yatarkən saxlanılması barədə müdafiə mövqeyinin təsdiqi kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa, psixi təzyiqə və işgəncəyə məruz qalması nəticəsində narkotik vasitənin ona məxsus olması barədə izahat verməyə məcbur edilməsi barədə dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qeyd olunan iddiaları hərtərəfli yoxlanılmış, lakin həmin halları təsdiq edən hər hansı obyektiv sübut müəyyən edilməmişdir. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsi prosessual qaydada rəsmiləşdirilmiş, həmin prosessual hərəkətə əlavə edilmiş videoyazı məhkəmə istintaqında tədqiq edilmişdir. Həmin videoyazının məzmunundan müəyyən edilir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilməsi, onun iradəsinin sındırılması və ya hər hansı qanunsuz təsir göstərilməsi halları müşahidə olunmur. Əksinə, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bağlamanı özü təqdim etmiş, həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmiş, eləcə də ona məxsus mobil telefon və şəxsiyyət vəsiqəsini könüllü şəkildə polis əməkdaşlarına vermişdir. Onun hərəkətlərində qorxu, məcbur edilmə, fiziki təsirdən yaranan psixi gərginlik və ya kənar müdaxilə nəticəsində iradəsinin məhdudlaşdırılması əlamətləri müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa, qeyriinsani rəftara və ya işgəncəyə məruz qalması barədə müraciəti üzrə aparılmış araşdırmanın nəticələrindən görünür ki, bu hallar öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, şəxsin istintaq hərəkəti zamanı və ya saxlanıldıqdan sonra verdiyi hər hansı ifadənin və ya izahatın sübut kimi qiymətləndirilməsi üçün onun sərbəst iradə ifadəsi əsasında verilib-verilməməsi mühüm əhəmiyyət daşıyır. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs iradəsinin hər hansı qanunsuz üsulla pozulmasını göstərən məlumatlar müəyyən edilməmişdir. Həmçinin məhkəmə-psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, narkotik vasitənin aşkar edilmə görüntülərini əks etdirən videoçəkilişdə Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilməsi müşahidə olunmamış, onun psixiemosional vəziyyətində qorxu, təşviş, yüksək həyəcan və ya kənar təzyiqdən xəbər verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin polis əməkdaşları tərəfindən təzyiq və işgəncə tətbiq edilməsi barədə dəlilləri konkret faktlarla və obyektiv sübutlarla təsdiq olunmur, yalnız təqsirləndirilən şəxsin və müdafiə tərəfinin subyektiv mülahizələrinə əsaslanır. Belə iddialar öz-özlüyündə prosessual qaydada əldə edilmiş və digər sübutlarla təsdiqlənən sübutların hüquqi qüvvəsini aradan qaldıra bilməz. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq, işgəncə və ya digər qanunsuz təsir vasitələrinin tətbiq edilməsi barədə müdafiə tərəfinin arqumentləri iş üzrə araşdırılmış sübutlarla təkzib olunur və həmin dəlillər ittiham hökmünün ləğv edilməsinə və ya sübutların yolverilməz hesab edilməsinə əsas verən hal kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə üstünlük verilməli olması, həmin ifadənin isə ibtidai araşdırma zamanı müəyyən edilmiş halları təkzib etməsi barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxsin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələr əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvəyə malik deyildir. Təqsirləndirilən şəxsin ifadəsi digər sübutlar kimi məhkəmə tərəfindən onun aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə ifadəsində irəli sürdüyü mövqe iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla uzlaşmır. Belə ki, onun saxlanılma şəraiti, üzərindən narkotik vasitənin aşkar edilməsi və götürülməsi halları yalnız polis əməkdaşlarının ifadələri ilə deyil, eyni zamanda prosessual qaydada rəsmiləşdirilmiş sənədlər, maddi sübutlar və həmin prosessual hərəkətə əlavə edilmiş videoçəkilişlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə ifadəsi cinayət hadisəsinin baş verməsindən və iş üzrə əsas sübutların formalaşmasından sonra verilmiş izahat olmaqla, digər obyektiv sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə məhkəmə ifadəsində göstərilən halların bir sıra mühüm məqamları – xüsusilə narkotik vasitənin onun üzərindən aşkar edilməsinin səbəbləri, saxlanılma şəraiti və həmin bağlamanın mənşəyi barədə izahları iş üzrə mövcud sübutlarla təsdiq edilmir. Əksinə, məhkəmə tərəfindən araşdırılmış ## #### 2025-ci il tarixli videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan bağlamanı özü təqdim etmiş, həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin görüntülərdə onun sonradan məhkəmədə irəli sürdüyü müdafiə mövqeyini təsdiq edən hər hansı məcbur etmə, fiziki və ya psixi təsir əlamətləri müəyyən olunmur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, təqsirləndirilən şəxsin sonrakı mərhələdə verdiyi ifadənin əvvəlki sübutlardan fərqli olması onun avtomatik olaraq daha mötəbər hesab edilməsinə əsas vermir. Əks yanaşma sübutların məcmu halında qiymətləndirilməsi prinsipinə zidd olardı və cinayət prosesində hər bir sübutun obyektiv meyarlar əsasında yoxlanılması tələbinə uyğun gəlməzdi. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə ifadəsində göstərdiyi hallar üzrə irəli sürdüyü versiya müstəqil və obyektiv sübutlarla təsdiq edilmədiyi halda, həmin ifadə ittihamın əsasını təşkil edən sübutları aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə ifadəsinə digər sübutlardan üstün hüquqi qiymət verilməsi üçün əsaslar mövcud deyil. Həmin ifadə iş üzrə araşdırılmış sübutların məcmusu ilə müqayisədə qiymətləndirilmiş və onun yalnız müdafiə xarakterli mövqe olduğu müəyyən edilmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin “X2rşı” işi üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, milli məhkəmələr təqsirləndirilən şəxsin ifadəsinə sübut əhəmiyyəti verərkən həmin ifadənin sərbəst iradə əsasında verilib-verilmədiyini, şəxsin susmaq və özünə qarşı ifadə verməmək hüququna müdaxilə olunub-olunmadığını nəzərə almalıdırlar. Hazırkı iş üzrə Şixaliyevin izahatının qanunsuz məcburetmə nəticəsində verilməsi təsdiqlənmədiyindən, həmin məlumatların digər sübutlarla birlikdə qiymətləndirilməsi prosessual baxımdan yolveriləndir. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs istinad edilən və hazırkı qərarın “Işin halları” bölməsində təsvir olunan cinayətkar hərəkətləri — satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması — Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə müvafiq qiymətləndirilmiş və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə əsaslı nəticəyə gəlinmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün əsaslar müəyyən etmir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza şəxsin hüquq və azadlıqlarını qanunla müəyyən edilmiş həddə məhdudlaşdıran cinayət-hüquqi xarakterli məcburiyyət tədbiridir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Bu baxımdan cəza təyin edilərkən təkcə sanksiyanın hədləri deyil, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, əvvəlki məhkumluğu, cəzanın məqsədləri və ədalət prinsipi də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını (əməlində cinayətin təhlükəli residivi), habelə onun əvvəlki məhkumluğu üzrə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi zərurətini nəzərə almaqla, CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun qəti cəza təyin etmişdir. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə nəticə də hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən faktiki və hüquqi əsaslara uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilən bütün halların məcmusunu nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsinin hökmündə göstərilən faktiki hallar və hüquqi qiymətləndirmə iş materialları ilə uzlaşır, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və ya iş üçün əhəmiyyətli halların sübuta yetirilməməsi müəyyən edilmir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, apellyasiya baxışında isə həmin dəlillər sübutların məcmusu ilə yenidən qiymətləndirilmişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını, dövlət ittihamçısının hökmün dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyib belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-242/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-242/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver