Məhkəmə qərarları › İş №1(3-9)-257/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-257/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-257/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mübahisələndirilən hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən iş üzrə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün surəti ona verilməmişdir. Iş materiallarında olan qəbzə imza atmamışdır. Həmin imzalar ona məxsus deyildir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi müddətin bərpasına dair vəsatətində isə məhkum edilmiş şəxs müddətin buraxılmasının səbəbi kimi azyaşlı və savadsız olmasını göstərmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Ilqar Əsədov apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilməsi barədə gəlinmiş nəticə işin faktiki hallarına və cinayət-prosessual qanunun tələblərinə uyğundur, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinə görə, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin normanın məqsədi məhkumun hökmün məzmunu ilə faktiki tanış olduğu andan etibarən şikayət hüququndan real istifadə imkanını təmin etməkdir. CPM-nin 386-cı maddəsinin məzmununa görə, buraxılmış prosessual müddətin bərpası birmənalı xarakter daşımır; belə bərpa yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və sübut olunmuş üzrlü səbəblərlə bağlı olduğu hallarda mümkündür. Buna görə də müddətin bərpasını tələb edən şəxs sadəcə müddəti buraxdığını göstərməklə kifayətlənməməli, həmin müddətdə şikayət verməsinə real maneə yaradan halları konkret sübutlarla əsaslandırmalıdır. Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən edildi ki, sözügedən hökmün surəti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqdim edilməsindən ötrü məhkəmə tərəfindən ##.##.2025-ci ildə saxlanıldığı istintaq təcridxanasına göndərilmiş, hökmün surəti isə Təqsirləndirilən şəxs ##.##.2025-ci ildə çatdırılmışdır (bax: iş vərəqi, III cild, vərəq 70). Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük müddət ən geci ##.##.2026-cı il tarixdə başa çatmışdır. Buna baxmayaraq, məhkum edilmiş şəxs mübahisələndirilən hökmdən apellyasiya şikayətini yalnız ##.##.2026-cı ildə imzalamış, həmin şikayət yalnız ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə, şikayət qanunla müəyyən edilmiş müddətin başa çatmasından sonra təqdim edilmişdir ki, bu da müddətin bərpası məsələsinin xüsusilə ciddi və sübuta əsaslanan yanaşma ilə qiymətləndirilməsini tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, CPM apellyasiya şikayətinin verilməsi üçün 20 günlük müddət müəyyən etməklə prosessual intizamı qorumağı, həmçinin işin səmərəli icraatını təmin etməyi hədəfləyir. Lakin bu müddət formal xarakter daşımır və şəxsin müdafiə və şikayət hüququnun reallaşdırılmasını məhdudlaşdırmaq üçün tətbiq oluna bilməz. Bu müddətin tətbiqində əsas prinsip ondan ibarətdir ki, tərəf öz şikayət hüququndan real və effektiv istifadə imkanı əldə etməlidir. Prosessual müddətlər məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla yanaşı, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Prosessual qanunvericilikdə şikayət vermə müddətlərinin müəyyən edilməsində məqsəd məhkəmə aktlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinin qarşısını almaq, hüquq münasibətlərində sabitliyi təmin etmək və məhkəmə qərarlarının yekunluğunu qorumaqdan ibarətdir. Buna görə də ötürülmüş prosessual müddətin bərpası yalnız obyektiv, qarşısıalınmaz və şəxsin iradəsindən asılı olmayan səbəblər mövcud olduqda mümkün hesab edilə bilər. Hazırkı işdə isə hökmün surəti məhkuma rəsmi qaydada vaxtında çatdırılmış, onun həmin vaxtdan etibarən apellyasiya hüququnun mövcud olduğu aydın olmuşdur. Şikayətçi bu hüququn həyata keçirilməsinə mane olan konkret və davamlı halı sübut edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Bu nöqteyi-nəzərdən hazırkı işdə məhkum edilmiş şəxs hökmdən əldə etmədiyinə görə şikayət verməməsini əsas gətirsə də, onun şikayət vermək hüququndan istifadə etməsinə obyektiv maneə yaranması təsdiq olunmur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının səbəbi kimi əsasən azyaşlı və savadsız olmasını göstərmiş, lakin həmin vəsatət təmin edilmədikdən sonra verdiyi apellyasiya şikayətində artıq fərqli mövqe bildirərək hökmün surətini almadığını qeyd etmişdir. Bu hallar onun dəlillərinin ardıcıl və inandırıcı olmadığını göstərir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2000-ci il təvəllüdlüdür və hökm elan edildiyi, eləcə də apellyasiya şikayəti vermə müddətinin keçdiyi dövrdə yetkinlik yaşına çatmış şəxs olmuşdur. Buna görə də onun “azyaşlı olması” barədə dəlili faktiki hallara uyğun deyildir və prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Savadsız olması barədə dəlil isə CPM-in 386-cı maddəsinin mənasına görə müddətin buraxılmasını obyektiv və şəxsin iradəsindən asılı olmayan səbəb kimi əsaslandırmır. Apellyasiya şikayətində hökmün surətinin ona verilmədiyi və iş materiallarında olan qəbzdəki imzanın ona məxsus olmadığı iddia edilmişdir. Lakin bu iddia yalnız mülahizə xarakteri daşıyır. Cinayət prosesində sübutetmə yükü müəyyən hallarda həmin iddianı irəli sürən şəxsin üzərinə düşür. Məhkumun sadəcə imzanı inkar etməsi, iş materiallarında mövcud olan rəsmi sənədin etibarlılığını birmənalı olaraq aradan qaldırmır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, hökmün surəti məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə göndərilmiş və ## ###### 2025-ci il tarixdə məhkumun istifadəsinə verilmişdir. Rəsmi sənədlərin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, onların saxtalığı və ya etibarsızlığı sübuta yetirilmədiyi halda məhkəmə həmin sənədlərə etibar etməlidir. Belə olan halda, məhkumun apellyasiya şikayətinin müəyyən edilmiş müddətdə verilməsinə mane olan obyektiv və aradan qaldırılması mümkün olmayan hallar müəyyən edilməmişdir. Buna görə də CPM-nin 386-cı maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəməyə çıxış hüququ mütləq hüquq deyildir və bu hüquq prosessual qaydalarla tənzimlənə bilər. Prosessual müddətlərin müəyyən edilməsi və həmin müddətlərə riayət olunmasının tələb edilməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədinə xidmət edir. Prosessual müddətlərin tətbiqi o halda hüquqa uyğun sayılır ki, şəxs şikayət hüququndan istifadə etmək üçün real imkana malik olsun və müddətin ötürülməsi onun iradəsindən kənar, qarşısıalınmaz maneə ilə bağlı olmasın. Şəxsin prosessual hüquqlarını həyata keçirmək üçün kifayət qədər imkanı olduğu halda həmin hüquqlardan vaxtında istifadə etməməsi sonradan müddətin bərpası üçün əsas hesab oluna bilməz. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə də hüquqi müəyyənlik prinsipi məhkəmə qərarlarının yekunluğuna hörmət edilməsini tələb edir və tərəflər yalnız müstəsna hallarda prosessual müddətlərin bərpasını tələb edə bilərlər. Müddətin bərpası institutunun tətbiqi adi qaydaya çevrilməməli, yalnız həqiqətən üzrlü və sübut olunmuş hallar mövcud olduqda istifadə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxılmaqla verilmişdir. Iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə görə, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Hazırkı halda birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina barədə qərarı faktiki hallara uyğun olduğundan, həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar