Məhkəmə qərarları › İş №1(3-9)-261/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-261/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-261/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim Süleymanov Kamran Şakir oğlunun sədrliyi) ilə ##.##.1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun ##.##.2025-ci il tarixdə saat 02:00-dan ##.##.2025-ci il tarixdə saat 18:10-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddətin ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yaşadığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, onun üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2025ci il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xeyli miqdar hesab edilən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1.009 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 23:35-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhərinin Mirmustafaxan küçəsində yerləşən “Qala” şadlıq sarayının yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə və qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanın məqsədlərini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası. məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət-Prossesual Məcəlləsinin 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar hökmdə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cu il tarixli * saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə. təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu. vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından da görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. O, tiryəkdən kustar üsulla hazırlanmış 1.009 qram olan çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İşin hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayət əməlini törətməsinə görə məhkəmə tərəfindən azadlıqdan məhrum etməyə nisbətən yüngül cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, həmin cəza onun islah olunması üçün yetərli olmamış və qeyd olunan iş üzrə məhkumluğu ödənilmədən yenidən eyni növ cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, bu halın öz-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla həmçinin, əvvəllər də CM-nin 234.1-ci maddəsi məhkum edilməsinin onun şəxsiyyətini xarakterizə etməsini, onun tərəfindən törədilən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasından ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, həmçinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmamasını, sadalanan bütün bu halların məcmusunun ona təqsirli bilindiyi maddə ilə məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmiş və belə yüngül cəza təyin etməsininin səbəblərini hökmdə əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs açıq-aşkar yüngül cəza təyin edərkən onun polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etməsini və narkotik vasitəni əldə etdiyinə, saxladığına. üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirməsini, beləliklə də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşməsini və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışmasını, həmin əsaslara görə də əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşmanlıq hissləri keçirməsini onun artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışması kimi qiymətləndirərək, bu əsaslara görə də əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, lakin bu halın nə ilə təsdiq olunmasını və belə bir nəticəyə gəlməyinin motivlərini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hazırki iş üzrə cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs bundan əvvəl CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə məhkumluğu CM-nin 83-cü maddəsinin tələblərinə əsasən ödənilməmişdir, belə ki, o, əvvəllər törətmiş olduğu cinayət əməllərindən nəticə çıxarmamış, yəni islah olunmamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış. əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, bununla da həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq, göstərdi ki, sağlamlıq vəziyyəti cəzaçəkmə müəssəsində özünü tək idarə etməsinə imkan vermir. 11 aya yaxındır ki, yaşadığı əraziyə yaxın yerdə yıxılmış və sol ayaq sümüyü sındığı üçün əməliyyat keçirmişdir və hal-hazırda sol bud nahiyəsində 30 sm uzunluğunda platin yerləşdirilmişdir. Hazırkı məhkəmə iclasına sərbəst halda yeriyə bilmədiyi üçün arvadının köməyi vasitəsilə gəlmişdir. Gündəlik yaşam həyatında da yerimək üçün dəyənəklərdən istifadə edir, sərbəst şəkildə hərəkət edə bilmir, keçirdiyi əməliyyatla bağlı sənədlər də iş materiallarında var. Müxtəlif narkotik vasitələrdən istifadə etmiş, lakin satış məqsədi olmamışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, müdafiə etdiyi şəxsin göstərdiyi halların da nəzərə alınaraq, apellyasiya protestinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində yalnız təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər şahid4, şahid3, şahid2 və şahid1 İldırım oğlunun ifadələri, ##.##.2025ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD-R disk, “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” ##.##.2025ci il tarixli protokol və ona əlavə edilmiş DVD-R disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli *** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyi, habelə işdə оlаn digər sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmündən, Lənkəran rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ixtisaslı həkim tərəfindən müayinə olunduqda ona “S72 Sol bud sümüyünün sınığı” diaqnozu qoyulmaqla yataq şəraitində müalicə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncuya CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddətin CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması ilə bağlı yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olduğunu göstərmişdir. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən səmimi peşmançılığın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması CM-in 59-cu maddəsinə zidd olmamışdır. Eyni zamanda, apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfinin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsassızlığı və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olması ilə bağlı istinad etdiyi əsas məqam Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət əməlini törətməsi olmuşdur. Məhkəmə kollegiyası ittiham tərəfinin qeyd olunan dəlilini işin faktiki halları, məhkumun şəxsiyyəti və cəzanın fərdiləşdirilməsi prinsipi baxımından təhlil edərək həmin mövqe ilə razılaşmır. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən cəzanın təyin edilməsi zamanı məhkəmə yalnız törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini deyil, eyni zamanda təqsirkarın şəxsiyyətini, onun həyat şəraitini, sağlamlıq vəziyyətini, davranışını və cəzanın həmin şəxsə, eləcə də onun islah olunması imkanlarına təsir göstərə biləcək bütün mühüm halları məcmu şəkildə nəzərə almalıdır. Bu baxımdan, məhkumun əvvəlki məhkumluğunun mövcudluğu və məhkumluğu ödənilmədən yenidən analoji cinayət törətməsi özü-özlüyündə ona mütləq qaydada azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma cəzanın fərdiləşdirilməsi prinsipinin mahiyyətinə zidd olmaqla, iş üzrə mövcud olan digər mühüm xüsusatların nəzərə alınmaması ilə nəticələnərdi. İş materiallarında olan “xxxx” PHŞ-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “sol bud sümüyünün sınığı (S72)” diaqnozu qoyulmuş, bununla əlaqədar ona yataq şəraitində müalicə təyin edilmişdir. Bundan əlavə, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən məhkumun fiziki vəziyyəti bilavasitə müşahidə edilmiş, onun məhkəmə iclasına sərbəst şəkildə gəlmək və hərəkət etmək imkanının əhəmiyyətli dərəcədə məhdud olduğu müəyyən olunmuşdur. Belə ki, məhkum məhkəmə iclasına arvadının köməyi ilə gəlmiş, hərəkət edərkən dayaq vasitəsi kimi qoltuqaltı dəyənəklərdən istifadə etmiş, sərbəst və maneəsiz hərəkət edə bilmədiyi aşkar müşahidə olunmuşdur. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs özü də izahatında bildirmişdir ki, 11 aya yaxındır ki, yaşadığı əraziyə yaxın yerdə yıxılmış və sol bud nahiyəsindən cərrahi əməliyyat olunmuş, həmin nahiyəyə təxminən 30 santimetr uzunluğunda metal implant (platin) yerləşdirilmişdir. O, hazırkı məhkəmə iclasına sərbəst halda yeriyə bilmədiyi üçün arvadının köməyi vasitəsilə gəlmişdir. Gündəlik yaşam həyatında da yerimək üçün dəyənəklərdən istifadə edir, sərbəst şəkildə hərəkət edə bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd olunan izahatının iş materiallarında olan tibbi sənədlərlə uyğunluq təşkil etdiyini və məhkəmə baxışı zamanı bilavasitə müşahidə olunan vəziyyətlə təsdiq edildiyini nəzərə alaraq, hesab edir ki, hazırkı mərhələdə Təqsirləndirilən şəxs fiziki sağlamlıq vəziyyəti onun müstəqil şəkildə hərəkət etmə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış, gündəlik həyat fəaliyyətinin kənar şəxslərin köməyi olmadan həyata keçirilməsini çətinləşdirmiş və faktiki olaraq onu yaxınlarının daimi dəstək və qayğısından asılı vəziyyətə salmışdır. Onun normal məişət ehtiyaclarını ödəməsi, yaşayış yerindən kənara çıxması və zəruri hərəkətləri yerinə yetirməsi belə xüsusi çətinliklərlə müşayiət olunur. Belə bir şəraitdə məhkumun sağlamlıq vəziyyəti cəzanın növü müəyyən edilərkən nəzərə alınmalı olan mühüm fərdiləşdirici amil kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki məhkumluq faktı iş üzrə mövcud olan digər mühüm hallardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Əksinə, məhkumun hazırkı ağır fiziki vəziyyəti, keçirdiyi cərrahi müdaxilə, hərəkət qabiliyyətinin ciddi məhdudlaşması, gündəlik həyatında başqalarının köməyinə ehtiyac duyması, yerimək üçün daimi olaraq dayaq vasitələrindən istifadə etməsi, tibbi sənədlərlə təsdiq olunan xəsarətlərinin xarakteri və bu halların məhkəmə iclasında bilavasitə müşahidə edilməsi göstərir ki, onun barəsində azadlıqdan məhrum etmə növündə cəzanın tətbiqi cəzanın məqsədlərinə nail olunması baxımından zəruri və mütənasib hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası nəzərə alır ki, məhkumun hazırkı fiziki vəziyyətinin onun gündəlik həyat və hərəkət fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı bir şəraitdə onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunaraq penitensiar müəssisəyə göndərilməsi mövcud sağlamlıq problemlərinin daha da ağırlaşmasına, sağlamlığının bərpa prosesinin ləngiməsinə və mütəmadi nəzarətə olan ehtiyacının lazımi səviyyədə təmin edilməsində əlavə çətinliklərin yaranmasına səbəb ola bilər. Kollegiya hesab edir ki, məhkumun sərbəst hərəkət edə bilməməsi, yerimək üçün daimi olaraq qoltuqaltı dəyənəklərdən istifadə etməsi, kənar şəxsin köməyi olmadan məhkəmə iclasına belə gələ bilməməsi və bədənində cərrahi əməliyyat nəticəsində metal implantın yerləşdirilməsi onun xüsusi qayğı və diqqət tələb edən fiziki vəziyyətdə olduğunu təsdiq edir. Belə bir şəxs barəsində daha ağır cəza növünün seçilməsi cəzanın sərtləşdirilməsinə formal yanaşma olmaqla yanaşı, onun sağlamlıq vəziyyətindən irəli gələn obyektiv çətinlikləri də nəzərə almayan nəticəyə gətirib çıxarardı. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə, qanuni və əsaslı nəticəyə gəlmiş, sonuncuya ədalətli cəza təyin edilməsinə nail olmuşdur. Kollegiyanın qənaətinə görə, hazırkı iş üzrə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs mütləq qaydada cəmiyyətdən təcrid edilməsi zəruri deyildir və sonuncunun barəsində məhkəmə baxışı zamanı müəyyən olunmuş hallar onun cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Eyni zamanda, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etsə də, həmin cəzanın həddini müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Apellyasiya protestinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun barəsində həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış halları, həm də apellyasiya baxışı zamanı bilavasitə tədqiq edilmiş və müəyyən olunmuş xüsusatları, o cümlədən səhhətində yaranmış ciddi problemləri, keçirdiyi cərrahi əməliyyatı, hərəkət qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını, gündəlik həyat fəaliyyətində kənar şəxslərin köməyinə ehtiyac duymasını, habelə təyin edilmiş cəzanın onun islah olunmasına, müalicə prosesinin davam etdirilməsinə, eləcə də ailə və sosial vəziyyətinə göstərə biləcəyi təsiri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, hazırkı halda azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması cəzanın məqsədlərinə nail olunması üçün zəruri və mütənasib deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü isə apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar