Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-263/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ##.##.1968-ci il ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (bundan sonra – dövlət ittihamçısı) Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Vüqar Qasımov) Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün ona həmin maddə ilə daha ağır - təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 7,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Saatlı şəhəri, O. Rzayev küçəsində hərəkətdə olan zaman həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada, həmin tarixdə saat 12.38-dən 12:45-dək olan müddətdə üstü yoxlanılarkən əynindəki cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə həmin 7,71 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmasını təklif etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Saatlı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona həmin maddə ilə daha ağır- təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə cəza təyin edərkən yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almışdır ki, həmin hal icra nümayəndəliyi tərəfindən verilən formal arayışa əsaslanır. Təqsirləndirilən şəxsin məhz hansı xüsusiyyətinə görə müsbət xarakterizə olunması məhkəmə tərəfindən araşdırılmamışdır. Ona görə də hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici hal CM-in tələblərinə zidd olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Xalq Məhkəməsinin ##.##.1992-ci il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 4-cü bəndinə əsasən təqsirli bilinib, 03 il müddətə əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. Bundan başqa, Saatlı rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayət əməlini törətməsini, həmin əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, əməlindən islah olmayaraq yenidən eyni xarakterli cinayət əməlini törətməsini cəza təyini zamanı nəzərə almamışdır. Yuxarıda qeyd olunan xüsusat onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş zərərin həcminə, baş vermiş nəticələrin ağırlığına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs təyin edilən cəza CM-in 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə, yəni həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədinə ziddir. Apellyasiya protestinə qarşı yazılı etiraz, həmçinin hökmdən apellyasiya şikayəti verilməmişdir . PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edib, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ona həmin maddə ilə daha ağır – birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda hökmün qanuni və əsaslı olduğunu bildirib, apellyasiya protestinin təmin edilməməsini, ədalətli qərar kimi isə hökmün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestini müzakirə edərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməlidir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Apellyasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda müəyyən olunur ki, qeyd olunan dəlillər təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Belə ki, apellyasiya protestində qeyd olunduğu kimi Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli –həmin Məcəllənin 15-ci maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə CM-in 234.1-cü maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi halın əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması mübahisələndirilmişdir. Bununla bağlı ilk olaraq o qeyd edilməlidir ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin məhkumun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi nəzərə almasını qanunsuz hesab etsə də, həmin dəlil əsaslı sayıla bilməz. CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların dairəsi məhdud xarakter daşımır və qanunverici məhkəməyə konkret işin xüsusiyyətlərindən çıxış edərək həmin maddədə birbaşa nəzərdə tutulmayan halları da yüngülləşdirici hal kimi qiymətləndirmək imkanı vermişdir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * nömrəli qərarında da təsbit edilmişdir. Müsbət xarakterizə olunma faktının hansı mənbədən əldə edilməsindən asılı olmayaraq həmin məlumat sübutlar sistemi daxilində qiymətləndirilir və onun mötəbərliyinin qiymətləndirilməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə daxildir. Qanunvericilikdə yaşayış yeri üzrə verilmiş xasiyyətnamənin yalnız müəyyən məzmunda və ya əlavə sübutlarla təsdiq edildiyi halda nəzərə alına bilməsinə dair hər hansı tələb müəyyən edilməmişdir. Buna görə də protestdə göstərilən dəlil əslində sübutların qiymətləndirilməsinə dair birinci instansiya məhkəməsinin daxili inamının dövlət ittihamçısının subyektiv mövqeyi ilə əvəz edilməsinə yönəlmişdir ki, bu da apellyasiya müdaxiləsi üçün yetərli əsas hesab oluna bilməz. Kollegiya həmçinin dövlət ittihamçısının məhkumun əvvəllər məhkum olunması ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, protestdə istinad edilən 1992-ci il məhkumluğu hüquqi nəticələrini itirmiş, 2017-ci il tarixli məhkumluq isə hazırkı iş üzrə nə cinayətlərin residivini yaradan hal kimi irəli sürülmüş, nə də CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar sırasında göstərilmişdir. Qanunvericilik təqsirləndirilən şəxsin keçmişdə məhkum olunması faktını birbaşa olaraq daha ağır cəza təyin edilməsinin müstəqil əsası kimi nəzərdə tutmur. Əks yanaşma şəxsin əvvəlki məhkumluğuna görə faktiki olaraq təkrar cəzalandırılması ilə nəticələnər və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd olardı. Məhkəmə təqsirkarın şəxsiyyətini qiymətləndirərkən onun keçmiş davranışını nəzərə ala bilər, lakin həmin hal özlüyündə azadlıqdan məhrum etmə növündə cəzanın zəruri olması barədə nəticəyə gətirmir. Bundan əlavə, dövlət ittihamçısının protestində göstərilən dəlillərdən görünür ki, o, əsasən özünün məhkəmə çıxışında təklif etdiyi cəza növü və müddətinin qəbul edilməməsini hökmün dəyişdirilməsi üçün əsas kimi qiymətləndirir. Halbuki cinayət-prosessual qanunvericilik dövlət ittihamçısının təklif etdiyi cəzanı məhkəmə üçün məcburi hesab etmir. Məhkəmə cəzanı ittiham tərəfinin mövqeyinə deyil, iş üzrə müəyyən edilmiş faktiki hallara və qanunun tələblərinə əsaslanaraq müəyyən edir. Təkcə dövlət ittihamçısının daha ağır cəzanı məqsədəuyğun hesab etməsi təyin olunmuş cəzanın açıq-aşkar ədalətsiz olması barədə nəticəyə gəlməyə imkan vermir. Işin hallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamış və daşımışdır. Ona qarşı ittiham yalnız CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş, narkotik vasitələrin satışı, satış məqsədi ilə saxlanılması, mütəşəkkil fəaliyyət, yaxud digər ağırlaşdırıcı xarakterli hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu xüsusatı, məhkumun şəxsiyyətini, iş üzrə mövcud məlumatları və cəzanın məqsədlərini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün kifayət edəcəyi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, həmin nəticə işin faktiki hallarına uyğun olmaqla ağlabatan və əsaslandırılmışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin həqiqi, diqqətəlayiq xüsusiyyətləridir. Qeyd olunan hallar müvafiq sübutlara, o cümlədən məhkum edilmiş şəxsin ifadəsi, tələbnamə və Saatlı Rayon Icra Hakimiyyəti başçısının Mollavaizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməyə əsaslanır. Bu səbəblərdən birinci instansiya məhkəməsi sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin baxılan işdə cəzanı ağırlaşdıran halın olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə CM-in 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Apellyasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının müddəaları ilə də tam uzlaşır. Həmin qərarın 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, CM-in 2 və 41-ci maddələrində təsbit olunmuş cinayət qanununun vəzifələri və cəzanın məqsədləri, eləcə də CM-in 8-ci maddəsində nəzərdə tutulmuş ədalət prinsipi sözsüz təmin edilməlidir; cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi isə əməlin CM-in 15-ci maddəsi üzrə aid olduğu kateqoriyaya, törədilmə hallarına, vurulmuş zərərin həcminə və nəticələrin ağırlığına görə müəyyən edilir. Qərarın 2-ci bəndində göstərildiyi kimi, cəza ilk növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 3-cü bəndi isə birbaşa olaraq məhkəmələrə tövsiyə edir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları və şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilsin. Baxılan işdə Təqsirləndirilən şəxs az ağır cinayət törətmiş, müsbət xarakterizə olunan və cəmiyyətdən təcrid edilməsinə ehtiyac görülməyən şəxs olduğundan, birinci instansiya məhkəməsinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsi məhz Plenumun qeyd olunan hüquqi mövqeyinə uyğundur. Bundan əlavə, cəzanın növünün və həddinin müəyyən edilməsi məhkəmənin müstəsna səlahiyyətinə aid olub, dövlət ittihamçısının təklif etdiyi cəza məhkəmə üçün məcburi xarakter daşımır; CM-in 58.1-ci maddəsinə əsasən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu səbəbdən sanksiya hüdudlarında və cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun təyin edilmiş cəza yalnız ittiham tərəfinin daha sərt cəzanı məqsədəuyğun sayması əsasında açıq-aydın ədalətsiz (yüngül) cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-263/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-263/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver