Məhkəmə qərarları › İş №1(3-9)-265/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-265/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-265/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə mssssüşaviri X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Quliyev Samir İdris oğlunun sədrliyi) ilə ## #### 2009-cu ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin noyabr ayının əvvəllərində, saat 15 radələrində Neftçala rayonu, Dördlər kəndində yerləşən Zərərçəkmiş şəxs İlqar oğluna məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, oradan hər biri 30 manat dəyərində olan 2 ədəd 12 metr uzunluğunda metal turba (boru), daha sonra fərdi yaşayış evinə daxil olaraq oradan bir ədəd 60 manat dəyərində qaz sobası, bir ədəd 35 manat dəyərində sərinkeş (ventilyator), bir ədəd 15 manat dəyərində divar saatı, bir ədəd 25 manat dəyərində çaydan dəsti, hər biri 25 manat olan 3 ədəd tilov, hər biri 80 manat olan 2 ədəd su motoru (mühərriki), 20 manat dəyərində qaynaq avadanlıqları, bir ədəd 15 manat dəyərində ütü, hər biri 5 manat dəyərində olan 2 ədəd balıq tutmaq üçün tor, 5 manat dəyərində aliminium kabel və 5 manat dəyərində mis kabelləri gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 485 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və dəymiş zərərin əvəzinin ödənilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin böyük qisminin ödənildiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Həmçinin eyni hökmün 5-ci vərəqində iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sərinkeşin dayaq və tor hissəsi, 01 ədəd qaz sobası, 01 ədəd divar saatı, 03 ədəd tilov, 02 ədəd yığılmış halda balıq tutmaq üçün istifadə olunan tor, 02 ədəd su motoru (mühərriki), 01 ədəd ütü, qaynaq aparatının avadanlıqları və dəmir borunun hissələrinin zərərçəkmiş Zərərçəkmiş şəxs İlqar oğluna qaytarılmasının nəzərə alınmalı olduğu qeyd olunmuşdur. Halbuki, cinayət əməli nəticəsində ona dəymiş zərəin əvəzi bir manat belə olsun ödənilməmişdir. Cinayət işi çərçivəsində qaldırılmış mülki iddiası isə nə qərarda, nə də hökmdə göstərilmədən geri qaytarılmışdır. Həmin mülki iddia tərəfindən prosessual qaydalara riayət olunmaqla tərtib olunmuş və tərəfindən mülki iddiaya dair sübutlar əlavə olunmuşdur. Belə ki, evindən oğurlanmış, daha sonra ona qaytarılmış bütün əşyalar içərisindən mis və digər metallar çıxarılması məqsədilə qırılmış, ona isə bütün əşyaların qırıntıları qaytarılmışdır. Məhkəmə isə buna baxmayaraq, vurulmuş zərərin böyük qisminin ödənildiyini hesab etmişdir. Beləliklə, məhkəmə cəza təyin edərkən zərərin böyük qisminin ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alarkən yanlışlığa yol vermişdir. AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında alternativ cəza kimi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin həyat tərzinin ictimai təhlükəliliyini nəzərə almamışdır. Belə ki, təqsirləndirilən şəxs mütəmadi şəkildə qanunsuz metal alveri ilə məşğul olduğu üçün onun azadlıqdan məhrum edilməməsi yaşadığı kəndin sakinlərinin əmlak təhlükəsizliyinin hədə altında qalmasına səbəb olur. Bu isə cəzanın ilkin sosial ədalətin bərpası məqsədilə uzlaşmır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Neftçala Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 birinci instansiya məhkəməsinin cəzanın növü ilə bağlı düzgün nəticəyə gəlsə də, cəzanın müddətini az təyin etməsini göstərib, apellyasiya şikayətinin qismən təmin olunmasını, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Zərərəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar oğlu məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində yalnız təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar oğlunun, şahidlər Qanuni nümayəndə, X2 ifadələri, şahid1 Xudaverd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi, habelə işdə оlаn digər sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası inayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yetkinlik yaşına çatmamasını, öz cinayət əməlini səmimi etiraf etməsini və peşman olmasını, cinayət nəticəsində vurulmuş zərərin böyük qisminin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncuya CM-nin 177.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olduğunu göstərmişdir. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması CM-in 59-cu maddəsinə zidd olmamışdır. Belə ki, CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə CM-in 59.1-ci maddəsində göstərilməyən ayrı-ayrı halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə ala bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına əsas verir və məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə, qanuni və əsaslı nəticəyə gəlmiş, sonuncuya ədalətli cəza təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Bununla yanaşı, zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkumun mütəmadi olaraq qanunsuz metal alveri ilə məşğul olması, azadlıqdan məhrum edilmədiyi halda yaşadığı ərazidə digər şəxslərin əmlak təhlükəsizliyi üçün təhlükə yaratması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs sistemli şəkildə cinayət törətməyə və ya kriminal həyat tərzinə meyilli şəxs olmasını təsdiq etmir. Əksinə, iş materiallarında olan məlumatlardan onun əvvəllər məhkum olunmadığı, təqsirini etiraf etdiyi və törətdiyi əməldən peşman olduğu müəyyən edilir. Bu baxımdan, zərərçəkmiş şəxsin məhkumun gələcəkdə digər cinayət əməlləri törədə biləcəyi barədə mülahizələri ehtimal xarakterli olmaqla, hazırkı cinayət işi üzrə onun şəxsiyyətini mənfi xarakterizə edən və cəzanın daha ağır növünün tətbiqini zəruri edən kifayət qədər əsas kimi qəbul edilə bilməz. Həmçinin, zərərçəkmiş şəxsin cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilmədiyi, buna baxmayaraq məhkəmənin zərərin böyük qisminin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı barədə dəlili də cəzanın ağırlaşdırılması üçün özlüyündə əsas yaratmır. Belə ki, cəza təyin edilərkən nəzərə alınan bütün hallar qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iş üzrə maddi sübut kimi tanınmış əmlakların zərərçəkmiş şəxsə qaytarılması, məhkumun yetkinlik yaşına çatmaması, əvvəllər məhkum olunmaması, təqsirini etiraf etməsi və əməlindən peşman olması məhkumun şəxsiyyətinə dair müsbət əhəmiyyət kəsb edən hallardır. Zərərin tam şəkildə ödənilməməsi və ya qaytarılmış əmlakın vəziyyəti ilə bağlı zərərçəkmiş şəxsin mülahizələri isə məhkumun barəsində mütləq olaraq daha ağır cəza növünün seçilməsini şərtləndirmir. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar